Azərbaycan qalib sərkərdəsi
və güclü ordusu
ilə hədəflərinə çatır
Müsahibimiz Milli Məclisin
Ailə, qadın, uşaq məsələləri
komitəsi sədrinin müavini, filologiya elmləri doktoru, professor Jalə ƏLİYEVADIR.
– Dövlət
başçımızın “Asiya və Sakit okean hövzəsində
regional əməkdaşlıq vasitəsilə böhranlardan
sonra daha güclü inkişafın təmin olunması”
mövzusuna həsr edilən 77-ci sessiyada videoformat şəklində
çıxışı həftənin yaddaqalan hadisələrindəndir...
– Məlum olduğu kimi, bazar ertəsi BMT-nin qərargahı Tailandda yerləşən Asiya və Sakit okean üçün İqtisadi və Sosial Komissiyasının “Asiya və Sakit okean hövzəsində regional əməkdaşlıq vasitəsilə böhranlardan sonra daha güclü inkişafın təmin olunması” mövzusuna həsr edilən 77-ci sessiyası öz işinə başladı. Sessiyanın Asiya və Sakit okean regionu ölkələrinin dövlət və hökumət başçılarının çıxışları seqmentində də Azərbaycan Prezidenti İlham Əliyevin videoformatda çıxışı təqdim olundu. Bu çıxışda dövlət başçımız, bütövlükdə dünyamızı maraqlandıran, narahat edən məsələlərlə bağlı bir daha həm özünün, həm də Azərbaycanın birmənalı mövqeyini müfəssəl şəkildə ortaya qoydu. Çıxışında istər bir ildən çoxdur dünyanı ağuşuna alan koronavirus pandemiyasına, istərsə də 30 illik qanlı Qarabağ münaqişəsinə toxunan ölkə rəhbəri növbəti dəfə açıq--aydın mesajlarını, xəbərdarlıqlarını ifadə etdi. Bildirdi ki, Azərbaycan pandemiyaya qarşı qlobal fəaliyyətin səfərbər edilməsi səylərinin önündə gedir. Ölkəmiz Qoşulmama Hərəkatının sədri kimi 2020-ci ilin may ayında bu təşkilatın koronavirusla mübarizəyə həsr edilmiş Zirvə toplantısının təşəbbüskarı olmuş və onu uğurla həyata keçirmişdir.
Dövlət başçımızın təşəbbüsü ilə ötən ilin dekabr ayında BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyası keçirilmişdir. Həmçinin, “vaksin millətçiliyi”, ədalətsiz bölgüsü bizi dərindən narahat edir. Çünki dünyada mövcud vaksinlərin 53 faizi 30-dan çox zəngin dövlət tərəfindən sifariş edilmişdir. Azərbaycan isə həm Qoşulmama Hərəkatının sədri kimi, həm də milli səviyyədə dünyada vaksinlərin ədalətli bölgüsü və əlçatanlığının təminatı istiqamətində mübarizəsini davam etdirir.
Eyni zamanda, diqqətə çatdırıldı ki, 2020-ci il sentyabrın 27-də işğalçı Ermənistan ordusu Silahlı Qüvvələrimizi və dinc sakinlərimizi ağır artilleriya atəşinə tutaraq Azərbaycana qarşı irimiqyaslı hərbi təcavüzə başladı. Azərbaycan isə öz vətəndaşlarını qorumaq üçün əks-hücum əməliyyatına başlamaq məcburiyyətində qadı. Nəticədə Azərbaycan özü BMT Təhlükəsizlik Şurasının qətnamələrini və beynəlxalq hüququn norma və prinsiplərini icra , tarixi ədaləti və ərazi bütövlüyünü bərpa etdi. Beləliklə, 44 günlük Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələri tamamilə darmadağın edildi. Ermənistan 2020-ci il noyabrın 10-da kapitulyasiya aktını imzalamağa məcbur oldu. Artıq qanlı münaqişə tarixdə qalmışdır. Hazırda isə qalib ölkə olaraq, qarşımızda işğaldan azad olunmuş ərazilərdə tamamilə dağıdılmış şəhər və kəndlərin, bütün mədəni və dini abidələrin bərpası kimi nəhəng vəzifələr dayanır.
Yenidənqurma prosesi çərçivəsində “ağıllı şəhər”, “ağıllı kənd” və “yaşıl enerji” konsepsiyalarından istifadə olunacaq. “Mən dost ölkələrdən olan şirkətləri işğaldan azad olunmuş, Lüksemburqdan dörd dəfə böyük olan ərazidə irimiqyaslı yenidənqurma işlərinə dəvət edirəm”-- deyən Ali Baş Komandan onu da bildirmişdir ki, dövlət rəhbəri olaraq, bu yaxınlarda növbəti on il üçün sosial-iqtisadi inkişafla bağlı milli prioritet müəyyən edib və buraya rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı, işğaldan azad olunmuş ərazilərə böyük qayıdış, təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi də daxildir. Çünki Azərbaycan regionda dayanıqlı sülh və təhlükəsizliyi təmin etmək arzusundadır.
Dövlətimizin başçısı bildirdi ki, Azərbaycan Şərq – Qərb, Şimal – Cənub, Şimal – Qərb nəqliyyat dəhlizləri kimi regional bağlantı layihələrinin icrasına mühüm töhfə vermişdir: “Hazırda biz Azərbaycan ərazisindən Asiyanı Avropa ilə birləşdirən Şərq-- Qərb dəhlizinin tərkib hissəsi olacaq Zəngəzur nəqliyyat dəhlizi üzərində çalışırıq. Bu dəhliz Azərbaycana Avrasiyanın nəqliyyat və logistika mərkəzi kimi mövqeyini gücləndirməyə imkan verəcək. Asiya və Sakit okean hövzəsindən olan tərəfdaş ölkələr də bu regional layihənin potensialını nəzərdən keçirə bilərlər. Biz sözümüzü dedik, öz səmimi mövqeyimizi ortaya qoyduq, indi seçim, qərar onlarındır”!
– Möhtərəm Prezidentimizin öz ailə üzvləri ilə birlikdə növbəti dəfə işğaldan azad olunmuş bölgələrimizə -- Cəbrayıl və Zəngilana səfərləri düşmənə göz dağı oldu...
– Bu səfərdə yenə də onun yol yoldaşı ən yaxın və ən sadiq silahdaşı, Birinci vitse-prezident Mehriban xanım Əliyeva oldu. Ali Baş Komandanla ölkənin birinci xanımı 6-cı dəfə Qarabağımıza səfərlərini gerçəkləşdirdilər. Bu səfər də Ali Baş Komandanın tarixi mesaj və bəyanatları ilə yadda qaldı. Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Cəbrayıl rayonunda Dövlət Sərhəd Xidmətinin hərbi hissəsinin açılışında iştirak etdilər. Eyni zamanda, dövlət başçımız Zəngilanın 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə edən birinci “Ağıllı kənd” layihəsinin, Zəngilan Beynəlxalq Hava Limanının, Zəngilan-Horadiz avtomobil yolunun təməlini qoydu. Səfər zamanı dövlət başçımızın Zəngilan sakinləri ilə görüşü də yaddaqalan məqamlardandır.
Ölkə rəhbəri Dövlət Sərhəd Xidmətinin hərbi hissəsinin açılışında çıxışı zamanı bir daha məğlubiyyətə uğradılmış qüvvələrə, Ermənistana və onun havadarlarına xəbərdarlıq etdi. Bildirdi ki, Ermənistanda baş qaldıran revanşist qüvvələr yenə də bizə qarşı ittihamlarla çıxış edərək, növbəti dəfə ərazi iddiası irəli sürürlər. “Onlara, bax, buradan xəbərdarlıq etmək istəyirəm ki, bu çirkin əməllərdən əl çəksinlər, yoxsa onların axırı pis olacaq. Biz Vətən müharibəsi dövründə kimin kim olduğunu göstərdik. Dəmir yumruq düşmənin başını əzdi. Bu yaxınlarda Azərbaycan-Ermənistan sərhədinin Zəngilan istiqamətində bizim sərhədçilərimizə qarşı edilən hərbi təxribat sonuncu belə cəhd olmalıdır. Biz təmkin göstərərək bu təxribata cavab vermədik” – deyən Ali Baş Komandan bir daha qətiyyətli şəkildə bildirdi ki, bu, sonuncu xəbərdarlıqdır. Əgər bir daha buna oxşar cəhd göstərilərsə, düşmən yerindəcə məhv ediləcək.
Möhtərəm Prezidentimiz bildirdi ki, biz öz sərhədimizi qoruyuruq və bundan sonra da qoruyacağıq. Hər bir ölkənin sərhədi onun dövlət rəmzlərindən biridir. Azərbaycan öz sərhədlərini, ərazi bütövlüyünü tam bərpa edib və heç kim, heç bir qüvvə onun sərhədlərini, ərazi bütövlüyünü bundan sonra poza bilməz. Bu, mümkün deyil və mümkün olmayacaq!
Zəngilan Şərqi Zəngəzurda yerləşir. Qərbi Zəngəzur da bizim tarixi torpaqlarımızdır və o torpaqlardan Zəngəzur dəhlizi keçəcək. Beləliklə, Azərbaycanın əsas hissəsi Naxçıvan Muxtar Respublikası ilə dəmir yolu vasitəsilə birləşəcək. Bəli, bunlar bizim növbəti- böyük hədəflərimizin tərkib hissəsidır. İndiyə qədər olduğu kimi, bundan sonra da qalib Azərbaycanla və qalib sərkərdə ilə bir-bir hədəflərimizə çatacağıq.
Müsahibəni qələmə aldı: Əliqismət
BƏDƏLOV
Xalq qəzeti
2021.- 1 may.- S.6.