Mütərəqqi islahatların banisi
Hər bir insanın tarixi dəyəri onun öz ölkəsi, Vətəni, milləti qarşısındakı xidmətləri ilə ölçülür. Zaman şəxsiyyəti yetişdirdiyi kimi, dahi insanlar da tarixin gedişinə təsir edərək dövrün və zamanın baş qəhrəmanına çevrilirlər. Ulu öndər Heydər Əliyev də Azərbaycanın XX əsr tarixində dünyaya bəxş etdiyi əvəzolunmaz lider, böyük azərbaycanlı idi.
Ümummilli lider Azərbaycana rəhbərliyinin bütün mərhələlərində dövlət–vətəndaş münasibətlərinin hüquq müstəvisində tənzimləndiyi, humanizm ideyalarının möhkəm təmələ çevrildiyi ədalətli cəmiyyətin formalaşdırılması, idarəçilikdə demokratik ənənələrin bərqərar olması naminə misilsiz xidmətlər göstərmiş və cəmiyyət həyatının müxtəlif sahələrində haqq-ədalət prinsipinin qorunmasına çalışmışdır. Ulu öndər yalnız bu yolla dövlətlə xalq arasında möhkəm mənəvi, siyasi və hüquqi bağlantıya, qarşılıqlı etimada nail olmağı mümkün hesab etmişdir.
Müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ölkəmizin hər yerində, eləcə də onun hüdudlarından kənarda hər bir azərbaycanlının yüksək ehtiram və dərin məhəbbət hissi ilə geniş qeyd olunur.
Ulu öndər Heydər Əliyev Azərbaycan xalqının qəlbində zamanla ölçülə bilməyəcək bir ömür əbədiliyi qazanmışdır. Bu, onun, bütövlükdə, ölkə üçün gördüyü işlərin təcəssümüdür. Hakimiyyətdə olduğu zaman çərçivəsində adını Vətənlə bərabərləşdirməyi bacaran bir şəxsiyyət olduğunu sübuta yetirmişdir. Azərbaycanın yaradıcısı, qurucusu kimi məfhumların isminin yanında ifadə olunması Heydər Əliyev dahiliyinin bariz nümunəsidir. Belə bir tarixi sima tutduğu mövqedən asılı olmayaraq, insanların qəlbində öz abidəsini yaratmışdır. Xalqını sonsuz məhəbbətlə sevən, azərbaycanlı olmağı ilə həmişə qürur duyan Heydər Əliyev bütün zamanların ən böyük azərbaycanlısı olmuşdur.
Müstəsna xidmətləri ilə əbədilik qazanan ümummilli lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz ibrət məktəbidir. Ötən illərə nəzər salarkən Azərbaycan xalqının öz müdrik liderinin rəhbərliyi ilə qazanmış olduğu mühüm tarixi nailiyyətlərin bir daha şahidi oluruq. İntibah və milli şüurun oyanışı Heydər Əliyevin hakimiyyətə gəlişi ilə başlamış, müstəqilliyimiz məhz onun sayəsində əbədi və dönməz xarakter almışdır.
Ölkəmiz dünyada layiq olduğu mərtəbəyə ulu öndərin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilmişdir. Müasir Azərbaycan tarixinin bütöv bir epoxası, önəmli bir mərhələsi ümummilli liderimiz Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. Onun 34 illik rəhbərliyi dövrü Azərbaycan tarixinin ən yüksək inkişaf mərhələsi olmuşdur. Müstəqil ölkəmizin bugünkü uğurları Heydər Əliyev strategiyasının təntənəsidir. Azərbaycan hazırda hərtərəfli və dinamik inkişaf yolundadır, həyatımızın bütün sahələrində yüksəliş, tərəqqi var. İqtisadi artım tempinə görə, respublikamız son illər bütün dünyada lider mövqeyə yüksəlib.
Bu gün ölkəmizdə davam edən geniş quruculuq işləri Heydər Əliyev zəkasının bəhrəsidir. Azərbaycanın tarixinə qurucu və xilaskar kimi daxil olmuş ulu öndərimiz xalqımızın taleyində, mənəvi, siyasi və ictimai həyatında misilsiz xidmətlər göstərmişdir. Azərbaycan tarixinin görkəmli siması olan Heydər Əliyev xalqımızın qəlbində özünə abidə qurmuş şəxsiyyətdir. Azərbaycanın yeni tarixi məhz ulu öndərin liderliyi və müəllifliyi ilə yaranmışdır. Bu dahi insan dövlət idarəçiliyinin hər bir mərhələsində Vətəninə, xalqına sonsuz məhəbbət və sədaqət hissi ilə yanaşmış, milli ideallara daxilən bağlı olmuşdur. Azərbaycanın məşhur isimlərinin malik olduğu ali keyfiyyətlər küll halında Heydər Əliyev şəxsiyyətində təcəssümünü tapmışdır. Ümummilli lider unikal bir siyasi məktəbin, mükəmməl dövlətçilik və idarəçilik sisteminin banisi, milli inkişafı şərtləndirən ideoloji-siyasi irsin müəllifi kimi əbədiyaşarlıq qazanmışdır.
Müasir Azərbaycan dövlətinin qurulması prosesi, onun uğurlu inkişafı konsepsiyası kimi respublikamızda həyata keçirilən məhkəmə-hüquq islahatları məhz xalqımızın dahi oğlu Heydər Əliyevin adı ilə bağlıdır. Müasir Azərbaycan dövlətinin banisi Heydər Əliyevin misilsiz idarəçilik qabiliyyəti, gərgin əməyi nəticəsində əldə olunmuş nailiyyətlər sonrakı illərdə respublika iqtisadiyyatının davamlı və dinamik inkişafı üçün möhkəm zəmin yaratmışdır.
Ölkəmizin ötən illərdə iqtisadi və demokratik inkişaf, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu istiqamətində qazandığı böyük nailiyyətlər də məhz ümummilli lider tərəfindən formalaşdırılmış möhkəm təmələ əsaslanır.
Azərbaycanın müàsir tarixini ulu öndərin fəaliyyətindən kənar təsəvvür etməyin mümkünsüzlüyü ictimai fikirdə birmənalı şəkildə qəbul edilən real həyat həqiqətidir. Bu həqiqət nəinki Azərbaycanın müasir mövcudluğunda, həm də ona aparan yollarda qarşıya çıxan saysız-hesabsız maneələrin aradan qaldırılmasında ulu öndər Heydər Əliyevin nümayiş etdirdiyi uzaqgörənlikdə, iradə və qətiyyətdə, müdriklik və dərin zəkada təzahür edir.
Ümummilli lider Håydər Əliyåvin rəhbərliyi ilə həyàtà kåçirilən müdrik dövlətçilik siyàsəti nəticəsində bu gün Àzərbàycàn Råspublikàsındà mütərəqqi və dünyəvi dəyərlərə uyğun islàhàtlàr àpàrılmàqlà dåmîkràtik, hüquqi və sivil dövlət qurulmuş, dönməz və dàyànıqlı ictimài-siyàsi sàbitlik əldə ådilməklə qànunun àliliyinə, insàn hüquq və àzàdlıqlàrınà råal təminàt vårən vətəndàş cəmiyyəti fîrmàlàşmışdır.
Ölkəmizdə hüquq sisteminin və ədalət mühakiməsinin səmərəliliyinin artırılması məqsədilə qanunvercilik və institusional islahatlar daha da genişləndirilməkdədir. Demokratik və hüquqi dövlət quruculuğu prosesi hazırda ulu öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Azərbaycan tarixinin görkəmli siması, milli inkişafımızın memarı, ölkəmizdə hüquqi dövlət quruculuğunun banisi Heydər Əliyevin bənzərsiz ömür yolu, zəngin dövlətçilik mədəniyyəti, siyasi irsi minilliyin ən mühüm və şərəfli bir səhifəsini təşkil edir. Məhz tarixin bu dövründə respublikamızın bütün sahələrdə yüksəlişi, insan hüquq və azadlıqlarının təminatı vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğuna hesablanmış Azərbaycanın ədliyyəsi və məhkəmə-hüquq sistemində həyata keçirilən islahatlarının sosial-iqtisadi inkişaf dinamikası ilə uzlaşdırılması nəticəsində mümkün olmuşdur.
Müxtəlif dövrlərdə ədalətsizlikdən əziyyət çəkən bir dövlətin və xalqın ədliyyə sistemini sarsıtmaq əleyhimizə aparılan haqsız siyasətin tərkib hissəsi olmuşdur. Xalqımız belə ədalətsizliklərə hökm oxuyan Heydər Əliyev kimi şəxsiyyət yetişdirməklə təməli hələ ötən əsrin 70-ci illərində qoyulan milli dövlətçilik ənənələri sırasında özünəməxsus yeri və rolu olan ədliyyə sisteminin müasir, davamlı inkişafına nail olmuşdur. Məlumdur ki, Ədliyyə Nazirliyi Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin elan edildiyi gün – 1918-ci il mayın 28-də formalaşdırılmış, noyabr ayının 22-də isə nazirliyin əsasnaməsi təsdiqlənmiş, sovetlər dövründə repressiyalara məruz qalmış, nazirlik dəfələrlə ləğv edilərək yenidən yaradılmış, ədliyyə sisteminin inkişafına ciddi əngəllər törədilmişdir.
Qeyd olunmalıdır ki, Ədliyyə Nazirliyinin yenidən dövlət strukturu kimi təşəkkül tapması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Sovetlər birliyində Heydər Əliyevin Azərbaycan rəhbərliyinə gəlişi ilə ədliyyə sistemində, ilk növbədə, milli kadr hazırlığına xüsusi diqqət yetirilmiş, ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə ardıcıl tədbirlər görülmüşdür. 1970-ci il oktyabrın 27-də Azərbaycan SSR Ali Sovetinin qərarı ilə Ədliyyə Nazirliyi təsis olunmuş, 1972-ci ildə Nazirliyin əsasnaməsi təsdiq edilmiş, ədliyyə sisteminin fəaliyyətini tənzimləyən mühüm normativ sənədlər qəbul olunmuş, bu sahənin gələcək inkişafı üçün hərtərəfli zəmin yaranmışdır.
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra da ulu öndər Heydər Əliyev tərəfindən Ədliyyə Nazirliyinin inkişafı, hüquqi dövlətdə onun layiq olduğu yeri tutması üçün mühüm addımlar atılmış, funksiyaları genişləndirilmişdir. Azərbaycan üçün demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yolunu seçmiş ümummilli lider ölkəmizdə müstəqil məhkəmə hakimiyyətinin formalaşmasına xüsusi diqqət yetirmiş, onun müəllifliyi ilə hazırlanmış ilk milli Konstitusiyamız isə yeni məhkəmə sisteminin yaradılmasına və məhkəmə islahatlarının başlanılmasına təkan vermişdir.
İslahatların mütəşəkkil həyata keçirilməsi məqsədilə Heydər Əliyev tərəfindən 1996-cı ildə Hüquqi İslahatlar Komissiyası yaradılmış və bu işə xüsusi əhəmiyyət verən dahi öndər həmin komissiyaya rəhbərliyi məhz öz üzərinə götürmüşdür. Qısa müddət ərzində sovetlər birliyindən miras qalmış məhkəmə və hüquq sistemi demokratik prinsiplər əsasında tamamilə yenidən qurulmuş, beynəlxalq hüquq normalarının tələblərinə uyğun olan qanun və məcəllələr qəbul edilmişdir.
Ümummilli lider Heydər Əliyevin dövlət başçısı imicini şərtləndirən ən başlıca amillərdən biri də bağışlamağı bacaran, böyük qəlbə malik, humanist və nəcib şəxsiyyət olması idi. Ulu öndər respublika rəhbərliyinə qayıtdıqdan çox az sonra əfvetmə institutunu bərpa etməklə vətəndaşların dövlətə, onun rəhbərinə güvənini, ümid və etimadını artırdı. 1993-2003-cü illərdə 32 əfv, 8 amnistiya aktı imzalamaqla cəzanın adekvatlığı və humanistliyi məsələlərinə xüsusi diqqətlə yanaşdığını sübuta yetirdi. Bu məqsədlə, eyni zamanda, məhkəmə-hüquq sistemində işlək və çevik mexanizmlərin tədbiqini, habelə ədalət mühakiməsinin səmərəliliyini təmin etdi. Ölkəmizdə insan haqlarının müdafiəsinə dair mühüm normativ aktlar qəbul olundu. İnsan hüquqları üzrə müvəkkil (Ombudsman) institutu yaradıldı. Hüquqi dövlət quruculuğu prosesi çərçivəsində ədliyyə orqanlarında əsaslı islahatlar aparıldı. Azərbaycanda köklü məhkəmə-hüquq islahatlarının reallaşdırılmasının zəruriliyini nəzərə alan ümummilli liderin təşəbbüsü ilə 1997-ci ildə zəngin demokratik ənənələri olan ölkələrin təcrübəsinə əsaslanan “Məhkəmələr və hakimlər haqqında” yeni qanun qəbul olundu və məhkəmə islahatlarına dair proqram xarakterli fərman imzalandı. Ümummilli liderin rəhbərliyi ilə aparılan məhkəmə-hüquq islahatı nəticəsində keçmiş sovet məhkəmə sistemi ləğv edilərək 2000-ci ildən yeni, insan haqlarının müdafiəsinə daha etibarlı təminat verən üçpilləli müstəqil məhkəmə sistemi fəaliyyətə başladı.
Dahi liderimiz Heydər Əliyevin həyata keçirdiyi təməl prinsiplərin nəticəsidir ki, hüquqi dövlət quruculuğu yolunda inamlı addımlar atan Azərbaycan Respublikasında cəmiyyətin təkamül sistemini, dövlət idarəçilik mexanizmlərinin səmərəli fəaliyyətini tənzimləyən qanunların müasirləşdirilməsi və təkmilləşdirilməsi davamlı prosesə çevrilib.
Bu gün tarix Heydər Əliyevin dövlətçilik strategiyasının nə qədər effektiv və uzaqgörən olmasını bir daha sübut edir. Əminliklə deyə bilərik ki, biz hələ uzun bir tarixi dövr ərzində Heydər Əliyev kursunun dəyərini, davamlılığını, onun xalqımızın və milli dövlətçiliyimizin taleyində oynayacağı əvəzsiz rolun şahidi olacağıq.
Dahi şəxsiyət Heydər Əliyevin müəyyən etdiyi inkişaf kursunu daha da zənginləşdirən Prezident İlham Əliyevin siyasi iradəsi, zəngin dövlətçilik təcrübəsi, titanik işgüzar keyfiyyətləri, ən əsası isə xalqa olan dərin məhəbbəti, vətənpərvərliyi müstəqil Azərbaycan dövlətinin gələcək inkişafına təminat verən yeganə amildir. Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan dövləti bundan sonra da böyük inkişaf yolu keçəcək, ulu öndər Heydər Əliyevin bütün arzularını gerçəyə çevirəcəkdir.
Biz bu gün ulu öndərimizi xatırlayır, iftixarla deyirik ki, bəli, Azərbaycanın ümummilli lideri, Azərbaycan dövlətinin xilaskarı, yeni Azərbaycanın memarı Heydər Əliyev bizim qəlbimizdə daim yaşayır və yaşayacaq, gələcək nəsillər onun həyat yolunu araşdıracaq və öyrənəcəklər. Ən sevindirici hal isə odur ki, indi ulu öndərimizin ölməz ideyaları möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Ümummilli liderimizin istək və arzularını gerçəkləşdirmək üçün dövlət başçımız möhtəşəm quruculuq tədbirləri, islahatlar həyata keçirir. Ötən müddət ərzində ölkə Prezidentinin yorulmaz fəaliyyəti nəticəsində Azərbaycan dünyanın ən dinamik inkişaf edən ölkəsinə çevrilib. Bu, hər birimizi fərəhləndirir, daha yaxşı çalışmağa ruhlandırır. Davamlı inkişaf həm də onu göstərir ki, Heydər Əliyevin dövlətçilik ideyaları yaşayır və ulu öndərimizin yolu xalqımızı yeni-yeni uğurlara, zəfərlərə aparır.
İslam ƏLİYEV,
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin sədri
Xalq qəzeti
2021.- 8 may.- S.10.