Böyük siyasətin Heydər Əliyev
zirvəsi
Ulu öndərin titanik
fəaliyyəti Azərbaycanı bütün
dünyaya tanıtdı
“Azərbaycan tarixi bir çox dahi şəxsiyyətlər yetirib. Onların hər biri hansısa yüksək keyfiyyəti ilə tarixdə qalıb. Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin dahiliyi isə çoxcəhətliyi və mükəmməlliyi ilə seçilir. Ulu öndər Heydər Əliyev Azərbaycanda tarixi şəxsiyyətlərin təkamülü prosesinin zirvəsi sayılan ilk ümummilli lider statusuna, elə bil ki, bütün dahilərimizin ən yaxşı cəhətlərini öz varlığında, fəaliyyətində üzvi surətdə qovuşdurmaqla çatmışdır. Azərbaycanın əbədi liderinin müstəsna zənginliyi ilə seçilən həyatı və misilsiz fəaliyyəti də ən mükəmməl tarixi şəxsiyyətin ömür yolu olaraq çağdaş siyasi tariximizin zirvəsini təşkil edir”.
Müsahibim – qocaman ziyalı, Prezidentin fərdi təqüdçüsü Musa Bağırovla ümummilli lider Heydər Əliyevin bioqrafiyasının dünya miqyasında boy verən nadir fakt və hadisələri ilə bağlı ötən illərdə silsilə yazılar hazırlayıb çap etdirmişik. Geniş oxucu auditoriyasının böyük maraqla qarşıladığı, bir çox həmkarlarımızın dönə-dönə istinad etdiyi həmin materialların özəlliyi ondadır ki, Musa müəllim Heydər Əliyev şəxsiyyətinə onun böyük xidmətlərinin obyektiv təhlili prizmasından və xarici aləmdə doğurduğu xüsusi maraq sferasından yanaşır. O, həm də ulu öndərlə bağlı nadir fakt və sənədləri beynəlxalq aləmdə milli tariximiz üçün kəsb etdiyi önəminə görə toplayır və təqdim edir.
Bu fərqli baxış və ifadə tərzi Heydər Əliyev şəxsiyyətinin dünya miqyasında əks-sədasının genişliyi ilə yanaşı, müsahibimin özünün də fəaliyyət sahələrinin universallığı, maraq dairəsinin əhatəliliyi, axtarış-yaradıcılıq əlaqələrinin ölkəmizin hüdudlarını aşmasından qaynaqlanır. Azərbaycanın Əməkdar incəsənət xadimi, keçmiş sovet ittifaqı miqyasında tanınmış kinematoqrafçı və jurnalist, kino və televiziya sənəti üzrə professor, hərbi-siyasi mövzular üzrə nadir tədqiqatçı, II Dünya müharibəsi veteranları hərəkatının fəalı olaraq Musa Bağırovun çoxillik fəaliyyəti təkcə respublikamızla məhdudlaşmayıb.
Yorulmaz yaradıcı ziyalılarımızdan olan 88 yaşlı tədqiqatçı-publisist ötən əsrin 60–90-cı illərində sənədli kino yaradıcılığı və hərbi mövzuda tədqiqatları zamanı keçmiş SSRİ-nin bir sıra rəhbər və əksər yaradıcılıq qurumları, elmi mərkəzləri, arxivləri ilə ardıcıl əlaqədə olmuş, görkəmli dövlət xadimləri və ziyalılarla sıx təmas yarada bilmişdir. Görkəmli siyasət və dövlət xadimi Nəriman Nərimanov, Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov və sovet milisi barədə sənədli filmlər çəkərkən o bir çox yüksək çinli dövlət xadimi və hərbçilərlə, hətta Stalin dövrü sovet rəhbərlərindən olmuş Lazar Kaqanoviçlə, SSRİ-nin sabiq müdafiə nazirləri, marşallar Georgi Jukov və Dmitri Yazovla, SSRİ daxili işlər naziri Nikolay Şelokovla müxtəlif illərdə müsahib olmuş, onlardan Azərbaycan və Heydər Əliyev barədə nadir tarixi əhəmiyyətli məlumatlar əldə etmişdir.
SSRİ-nin baş naziri olmuş Valentin Pavlovla isə Musa Bağırov o, hələ SSRİ Qiymət Komitəsinin sədri olanda ailəvi dostluq etmişdir. Pavlovun məxfi istifadə üçün Musa müəllimə bağışladığı, vaxtilə Nyu-Yorkda çap olunmuş məşhur “Kremldə mübarizə” kitabı onun zəngin arxivindəki nadir qaynaqlardan biridir. O zaman SSRİ-də tərcüməsi gizli yolla, məhdud dairədə yayılmış bu nəşrdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Kreml dövrü fəaliyyəti çox qiymətli fakt və mülahizələrlə əksini tapıb.
Musa müəllim bildirir ki, onun çoxsaylı görüş və söhbətlərində iki mövzu həmişə üstünlük təşkil edib: ümummilli lider Heydər Əliyevin nadir xarizmasının parlaqlığı, nadir şəxsiyyətinin Azərbaycan sərhədlərini aşan hüdudsuz məşhurluğu və bir də hər yerdə erməni millətçilərinin ulu öndərin dünya miqyaslı şöhrətinə və xalqımızın üstün dəyərlərinə xain münasibəti.
Heydər Əliyevin SSRİ miqyasında nüfuzu və şəxsiyyətinə olan xüsusi sevgi, hörmət isə bir çox bağlı qapıların Musa müəllimin üzünə açılmasında təsirli rol oynayıb. O, rastlaşdığı erməni xəyanətkarlıqlarını da xalqımızın böyük oğlunun adının və nüfuzunun işığında dəf edib. Müsahibim yeri düşdükcə neçə-neçə belə hadisədən söz açıb.
Dünyada məşhur olan “Stalinqrad panoraması” xatirə kompleksinin açılışına Stalinqrad qəhrəmanı Həzi Aslanovun tədqiqatçısı kimi dəvət olunan Musa Bağırov təntənəli mərasimdən əvvəl müttəfiq respublikaların cəbhəyə köməyini əks etdirən pannolarla tanış olarkən görür ki, Ermənistana aid guşədə yazılıb: sovet hərbi texnikası ermənilərin verdiyi benzinlə vuruşub. Məlum olur ki, kompleksin təşkilində 2 məsləhətçi marşaldan biri Baqramyandır. Musa müəllim bildirir ki, həmin lövhə dərhal götürülməsə, Azərbaycan rəhbəri Heydər Əliyevə məlumat verəcək. Beləliklə, İvan Baqramyanın erməni xəyanətkarlığı baş tutmur. Başqa bir halda isə Musa Bağırov Hindistanda keçirilən sovet mədəniyyəti günlərində İrəvanda çəkilmiş, türkləri və azərbaycanlıları düşmən kimi təqdim edən filmin nümayişinin qarşısını o vaxt Kremldə çalışan Heydər Əliyevin adını xatırlatmaqla alıb.
Ümummilli lider Heydər Əliyevin doğum gününün növbəti ildönümü ərəfəsində Musa Bağırov dəfələrlə redaksiyamıza gəldi, çoxsaylı materiallarla tanış olduq. Müsahibimiz beynəlxalq miqyaslı siyasət və dövlət xadimi Heydər Əliyevin həyat və fəaliyyətinin Moskva dövrü haqqında bəzi faktları ilk dəfə qəzetimizin oxucularına təqdim etdi. Bu materialların aparıcı xəttini beynəlxalq aləmdə hakim olmuş belə bir mülahizə təşkil edir: türk-islam mənşəli Heydər Əliyev hələ Azərbaycan rəhbəri olarkən SSRİ-nin Şərq siyasətini müəyyən edən, bəzi strateji məsələlərin həllinə cəlb edilən parlaq bir lider idi; Yuri Andropov 1982-ci ildə sovet rəhbərliyinə gələrkən ilk addımlardan biri Azərbaycan rəhbərinin Sov. İKP MK Siyasi Bürosuna üzv seçməsi və SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini təyin edilməklə Moskvaya çox məsul işə aparılması olmuşdu.
Beləliklə, Musa Bağırov əvvəlcə bizi müəllifləri Vladimir Solovyov və Yelena Klepikova olan və sovet epoxasının sonlarında ABŞ-da nəşr olunmuş “Kremldə mübarizə” kitabında sonuncu dövr sovet rəhbərlərindən biri kimi Heydər Əliyev barədə söylənmiş qiymətli fikirlərlə tanış etdi:
– Bu kitab sovet kommunist piramidasının zirvəsi olan Kremldə hakimiyyət uğrunda gedən – Vladimir Lenindən başlayıb Mixail Qorbaçovla bitən mübarizədən bəhs edir. Kitabda ən yüksək qiymət Yuri Andropova və Heydər Əliyevə verilib. Digər sovet rəhbərlərinin hamısından mənfi planda bəhs olunub.
Bildirilir ki, çökməkdə olan sovet sistemini xilas etmək üçün Yuri Andropov Heydər Əliyevi əyalətdən Kremlə yüksək posta gətirdi və ona 19 ən ağır sahənin rəhbərliyini həvalə edərək böyük səlahiyyət verdi. Heydər Əliyev tezliklə bürokratiya və durğunluq girdabında çapalayan icra sahələrinin təşəbbüskarlıqla idarə edilməsini nizama saldı. Lakin nazirlər və komitə sədrləri Kremldə hökumət müşavirəsində Yuri Andropova şikayət edərək bildirirlər ki, Heydər Əliyev onları axşamlar da, şənbə günləri də işlədir. Andropov yüngülcə gülümsəyərək barmaqları ilə stolu döyəcləyib deyir ki, Əliyev onun özünü də belə işlədir. Görünür, belə də lazımdır. Müəlliflər qeyd edirlər ki, Kremldə qoca, ölgün sovet rəhbərləri arasında yeganə enerjili, işıq saçan kadr Heydər Əliyev idi. O hökumət rəhbərinin birinci müavini olsa da, SSRİ Nazirlər Sovetinin sədri olmağa ən layiqli namizəd idi. Bunu hökumət sədri, ayaq üstdə zorla dayanan Nikolay Tixonov da duyur və Heydər Əliyevə gizli bir həsədlə baxırdı.
Baş katib Andropov vəfat edəndən sonra Heydər Əliyevə qarşı qərəzli münasibət üzə çıxıb artmağa başladı. Sovet rəhbərlərindən xarici işlər naziri Andrey Qromıko Heydər Əliyevə dərin rəğbət bəsləyirdi. O, Yuri Andropovu əvəz edən xəstə Konstantin Çernenkodan sonra baş katibliyə əsas namizəd Heydər Əliyevi görürdü. Sov. İKP MK katibi Mixail Qorbaçov və paytaxt metrosu ilə bağlı bir məsələdə Heydər Əliyevin prinsipial mövqeyindən incik qalan Moskva şəhərinin rəhbəri Viktor Qrişin bu rəğbətdən narahat olaraq Andrey Qromıkonu neytrallaşdırmağa çalışırdılar.
Heydər Əliyev isə bu intriqalara qoşulmadan öz işində idi və bu uğurlu fəaliyyət partiyada, hökumətdə və cəmiyyətdə onun nüfuzunu durmadan yüksəldirdi. Kitabda qeyd edilir ki, o zaman xaricdə və ölkədə bir çox ağıllı adamlar Çernenkodan sonra baş katibin Heydər Əliyev olacağını düşünürdülər. Lakin İosif Stalindən sonra qeyri-slavyan mənşəli kadrın sovet lideri olmasına sərt qadağa qoymuş Kreml elitası Heydər Əliyevin də türk-müsəlman mənşəyini onun qarşısında maneəyə çevirdilər. Yeri gəlmişkən, xatırladım ki, Kremldəki oyunlara qoşulmayan Nəriman Nərimanovu Lenindən sonra Stalin–Orceonikidze–Mikoyan üçlüyü aradan götürə bilsə də, bu dəfə Qorbaçovun ermənipərəst dəstəsi Heydər Əliyevi siyasi olimpdən uzaqlaşdırsa da, cismən məhv edə bilmədi. Ulu öndərin sonradan böyük siyasətə qayıdışı isə onlarda yalnız həsəd hissləri oyatdı.
Bu yerdə Musa Bağırov London nəşrlərinə istinad edən Rusiya qəzetlərinin yazılarından söz açdı:
– Bu qəzet yazılarında isə bildirilir ki, Çernenkodan sonra baş katib olmaq istəyən Qorbaçov bir vaxtlar onunla Moskva Dövlət Universitetində bir yerdə oxumuş və sonradan İngiltərəyə mühacirət etmiş, əlləri Londonun siyasi olimpinə çatan Zdenik Melinarj, Fridrix Yudoviç və Aleksandr Nekriç kimi siyasətçilər vasitəsilə xanım Tetçerlə əlaqə yaradır və ondan xarici dəstək istəyir. Tezliklə Qorbaçov bu ölkəyə dəvət olunur və onun baş katibliyinə dəstək yolları gizli müzakirə edilir.
Mixail Qorbaçov geri qayıdandan sonra bütün diqqətini Heydər Əliyevin üzərində cəmləmiş Siyasi Büro ağsaqqalı, Kremldə əsas söz sahiblərinidən biri olan Andrey Qromıkonu SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri kimi hakimiyyətin ikinci adamı olmağa razı salmaqla, onun baş katibliyə namizədliyindən daşındırmağa nail oldu. Qorbaçov 1986-cı ilin martında Çernenkonun vəfatından sonra baş katib olan kimi əvvəlcə əsas rəqibləri Qriqori Romanovu və Viktor Qrişini, ilyarım sonra isə Heydər Əliyevi istefaya göndərməyə nail oldu. Beləliklə, çox keçmədən kapitan kayutunda daim hakimiyyət davası getmiş sovet imperiya gəmisi sulara qərq edildi.
Sonra Musa müəllim Stalinin əsas silahdaşlarından olmuş Lazar Kaqanoviç, sovet marşalları Georgi Jukov və Dmitri Yazovla görüşlərindən, sovet daxili işlər naziri Nikolay Şelokov və digər yüksək çinlilərin, tanınmışların Heydər Əliyev barədə yüksək fikirlərindən də söhbət açdı:
– Lazar Kaqanoviçlə bir təsadüf nəticəsində tanış oldum. Nəriman Nərimanov haqqında filmi çəkərkən bədnam 26-lardan olmuş Prokofi Caparidzenin qızları Yelena və Lyutsiya ilə onların mənzilində söhbət edərkən bacılardan biri pəncərədən baxıb dedi ki, Lazar Kaqanoviç də onlarla bir binada yaşayır və indi həyətdə nəvəsini gəzdirir. Tez aşağı düşüb onunla söhbət etmək istədim. Əvvəlcə sərt dönüşlə mənə məhəl qoymadı. Sonra nəvəsi ilə top-top oynamağa başlamağı onun qırışığını açdı. Biləndə ki, Bakıdanam həvəslə söhbətə başladı.
Kaqanoviçin söylədilkərindən ikisini oxuculara çatdırıram. O əvvəlcə dedi ki, 1941-ci ildə müharibə başlayanda Anastas Mikoyanın planı ilə Azərbaycan köçürülməyə hazırlanmışdı. Bu planı Lavrenti Beriya ilə Mircəfər Bağırovun möhkəm dostluğu pozdu. Beriya Siyasi Büroda müzakirədə dedi ki, Azərbaycan cəbhəyə neft verir, yaxşı da döyüşür. Bəs bundan sonra nefti kim çıxaracaq, Azərbaycan döyüşçüsünü də narazı salmaq olmaz.
İkincisi, Kaqanoviç o vaxt Azərbaycana rəhbərlik edən Heydər Əliyevin yüksək rəhbər keyfiyyətlərindən şövqlə danışdı və uzaqgörənliklə dedi ki, belə kadrlar SSRİ rəhbərliyinə gətirilməlidir. Həzi Aslanov haqqında filmi çəkəndə isə Moskvada Georgi Jukovla görüşdüm. O da dedi ki, Azərbaycan nefti olmasa idi SSRİ qalib gələ bilməzdi, hətta Avropanı da Bakı nefti xilas etdi. Marşal Jukov Heydər Əliyevin Azərbaycana uğurlar qazandırmaqla onu ittifaqda və dünyada məşhurlaşdırdığını da vurğuladı.
Marşal Yazovla isə SSRİ dağılandan sonra görüşdük. O dedi ki, Mixail Qorbaçov Qarabağı Ermənistana vermək məqsədilə 1990-cı ilin yanvarında Bakıda daha böyük cinayətlər törətməyi planlaşdırmışdı. Baş katib bunu mənim əlimlə etmək istəyirdi. Mən qoşunlara Bakıya girmək əmri verməklə bağlı tərəddüd edəndə bu əmri ölkə rəhbəri kimi o özü imzaladı. Qorbaçovun Bakının altını-üstünə çevirmək planını o vaxt Heydər Əliyev pozdu. Lakin Yazov Heydər Əliyevin buna necə nail olduğunu açıqlamadı.
Nəhayət, bir hadisəni də söyləyim. SSRİ dağılandan
sonrakı illərdə
Moskvada Lefortovo metrostansiyasının qarşısındakı
bağda özünü
Nikolay Nikolayeviç
kimi təqdim edən bir nəfərlə
tanış oldum. O da biləndə
ki, azərbaycanlıyam
dərhal Heydər Əliyevdən danışdı
və dedi ki, Kremldə bilavasitə Heydər Əliyevin rəhbərliyi
altında yüksək
vəzifədə çalışıb.
O, keçmiş rəhbəri
barədə çox
yüksək fikirlər
söylədi. Axırda
dedi ki, siz niyə onun
qədrini bilmirsiniz? Eşitmişəm ki, Bakıya
qayıdandan sonra yerli rəhbərliyin qısqanclığı üzündən
gedib doğulduğu torpağa.
Sonda Nikolay Nikolayeviç dedi ki, Heydər Əliyev Moskvada olanda Qorbaçovun ətrafını bürümüş
ermənilər səslərini
çıxara bilmirdilər.
O, istefaya gedən kimi gördünüz, başınıza nə oyun gətirdilər. Heydər Əliyev Kremldə olanda Azərbaycan üçün
çox iş
gördü. 20 Yanvardan sonra isə o, mənimlə məxfi görüşüb
SSRİ DTK-nın rəhbərinə
bir məktub göndərdi. Mən bilən,
o məktubdan sonra Qorbaçov Bakıda qırğını və
cəzaları dayandırdı.
Musa Bağırov
bu yaxınlarda Tiflisdə ziyalı dostları ilə olan bir görüş
barədə də danışdı:
– Bilirsiniz ki, Gürcüstanın ərazi bütövlüyü də 30 ildir ki, pozulub. Onlar Azərbaycanın Vətən müharibəsindəki qələbəsini Heydər Əliyev siyasətinin nəticəsi olduğunu söylədilər. Bildirdilər ki, Azərbaycan xalqı Heydər Əliyev kimi ümummilli lideri, onun oğlu, yetirməsi İlham Əliyev kimi Prezidenti və qəhrəman sərkərdəsi olduğuna görə xoşbəxtdir. Azərbaycanın bu qələbəsi Gürcüstan üçün bir nümunədir.
Sonda bir daha bildirim ki, ulu öndər Heydər Əliyev elə bir qüdrətli şəxsiyyətdir ki, onun əzəmətli fiquru dünyanın hər yerindən görünür və Azərbaycanı nişan verir. Heydər Əliyevin böyüklüyü onu yetirən xalqın böyüklüyü üzərində ucalıb. Ulu öndər öz ölkəsinə, xalqına sevgisinin böyüklüyü ilə ucalıb və Azərbaycanı da daim zirvələrə qanadlandırıb. Dünyanı dolaşan Heydər Əliyev fenomeni və ulu öndərin parlaq xarizması həmişə Azərbaycanın üstünə gur işıq saçıb. Onun bu missiyasını indi ən layiqli davamçısı Prezident İlham Əliyev uğurla davam etdirir.
Onu da deyim ki, dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şəxsiyyəti və Azərbaycan üçün gördüyü işlər barədə də xaricdə səslənən və yazılan xeyli mötəbər material toplamışam. Onları da yaxın vaxtlarda sizin oxuculara çatdırmaq istəyirəm. Ümumiyyətlə, ulu öndər Heydər Əliyevin əfsanəvi şəxsiyyəti və onun Azərbaycana qələbələr qazandıran böyük siyasətinin davam etdirilməsi barədə xarici mənbələrdəki materialları xalqımıza çatdırmaq üçün hələ çox iş görülməlidir.
– Musa müəllim, maraqlı söhbətə, açıqladığınız qiymətli materiallara görə sağ olun.
Söhbəti qələmə aldı: Tahir
AYDINOĞLU,
Xalq qəzeti
2021.- 6 may.- S.4.