Milli mədəniyyətimizin inkişafında Heydər Əliyev mərhələsi

 

Böyük iftixar hissi ilə deyə bilərəm ki, XX əsrdə Azərbaycan rəssamlıq məktəbi, Azərbaycan rəssamları dünya miqyasında görkəmli yer tutmuşlar. Bunu bütün dünya rəssamlarının işləri ilə tanış olan bir adam kimi, onlarla müqayisə edərək tam əsaslı deyə bilərəm. Biz bununla fəxr edirik. Bütün rəssamlarımızın əsərlərinə qayğı ilə yanaşmalıyıq və gözəl əsərlər yaratmalarına şərait təmin etməliyik.

 

 

Heydər ƏLIYEVÜmummilli lider

 

 

Xalqımız öz mədəniyyəti, incəsənəti, milli-mənəvi dəyərləri ilə dünyada tanınmışdır. Milli-mənəvi dəyərlərimizin kökləri çox-çox qədim zamanlara gedib çıxır. XX əsrdə isə xalqımızın mədəni həyatında yeni dövr başlanmışdır. Bu, ulu öndər Heydər Əliyevin adı ilə bağlı olan bir dövrdür. Ulu öndər deyirdi: “Xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir”. Ona görə də ulu öndər hakimiyyətdə olduğu bütün dövrlərdə xalqın mədəniyyətinin inkişafını diqqət mərkəzində saxlamışdır.

 

 

 

Ulu öndər yaxşı bilirdi ki, milli dövlətçilik dəyərlərinin əsasını sağlam düşüncəli mədəniyyət təşkil edir. Sabahkı uğurlara yeganə təminat isə sağlam cəmiyyət quruculuğuna diqqət artırmaq, köklü mənəvi dəyərləri yeni nəslə və bütün cəmiyyətə daha dərindən və əzmlə aşıla­maqdır.

 

Heydər Əliyev mədəniyyəti xalqın böyük sərvəti hesab edirdi. Elə ona görə də mədəni-mənəvi dəyərlərin qorunması, təbliği və yeni estetik düşüncəyə məxsus əsərlərin yaradılması üçün mümkün olan hər şeyi edirdi. Biz xoşbəxt nəsilik ki, Heydər Əliyevlə bir epoxada yaşamaq bizə nəsib olduulu öndərin mədəniyyətimizə, incəsənətimizə göstərdiyi böyük qayğıya şahidlik etdik.

 

Açığını deyim ki, Azərbaycan mədəniyyətinin görkəmli xadimləri heç zaman Heydər Əliyev dövründə olduğu qədər tanınmamışlar. Heydər Əliyev mədəniyyətimizi yaradan, onu inkişaf etdirən insanların əməyini yüksək qiymətləndirir, onların daim qayğısını çəkirdi. Belə sənətkarları sadalamaqla qurta­ran deyil. Azərbaycanın müqtədir sənətkarları sovet dövründə məhz Heydər Əliyevin qayğısı sayəsində SSRİ-nin Sosialist Əməyi Qəhrəmanı kimi yüksək fəxri ad almışlar. Heydər Əliyev bəstəkarların, kinematoqrafçıların, teatr xadimlərinin, rəssamların qurultaylarında, konfranslarında iştirak edir, dərin, məzmunlu nitqi iştirakçıların alqışları ilə qarşılanır­dı. Onun hər çıxışı mədəniyyətin bir sahəsinin gələcək inkişaf proq­ramına çevrilirdi.

 

Mən rəssamam və bu sənət sahiblərinə ulu öndərin göstərdiyi qayğının canlı şahidiyəm. Rəssamlar ümummilli liderimiz Heydər Əliyevi özlərinə daha yaxın hesab edirdilər. Görünür, Heydər Əliyevin Azərbaycan Sənaye İnstitutunun memarlıq fakültəsində təhsil alması (1939-1941) bunu deməyə əsas verir.

 

Ulu öndər rəssamların yara­dıcılıq şəraitinin yaxşılaşdırılması barədə düşünürdü. Müdrik dövlət rəhbəri əllinci illərin sonlarında paytaxtın İnşaatçılar prospektində tikilən “Rəssamlar evi”ndəki emalatxanaların yaradıcılara azlıq etməsindən də yaxşı xəbərdar idi. Odur ki, bu işi genişləndirməyə qərar verdi. Bundan sonra Əhmədli yaşayış massivində, 4-cü mikrorayonda emalarxana­lar üçün iki beşmərtəbəli dörd bloklu xüsusi bina inşa olunub rəssamların ixtiyarına verildi. İndi bu binalarda 300-dək rəssam və heykəltəraş yaradıcılıqla məşğuldur. Müstəqillik illərində isə Prezident Heydər Əliyev həmin emalatxanaların pulsuz olaraq rəssamların mülkiyyətinə verilməsi üçün sərəncam imzaladı. Bu, heç şübhəsiz, ölkə başçısının yara­dıcı insanlara böyük qayğısının təzahürü idi.

 

Rəssamların yeni nəslinin yetişdirilməsi ulu öndərin diqqət mərkəzində olan məsələlərdən idi. Bakıda Rəssamlıq Kolleci və Mədəniyyət və İncəsənət Univer­siteti mövcud olsa da, o, uzun illər idi ki, paytaxtda gənclərə akade­mik vərdişləri aşılayan ali təhsil ocağının açılmasını arzulayırdı. Nəhayət, bu istəyini 2000-ci ildə gerçəkləşdirə bildi. Həmin ildən fəaliyyətə başlayan Azərbaycan Dövlət Rəssamlıq Akademiyası ötən bu müddətdə yetişdirdiyi istedadlı tələbələrlə yaradıcı nəsillər arasında mənəvi körpü­nün artıq arzulanan səviyyədə möhkəmləndirildiyini nümayiş etdirməkdədir.

 

Azərbaycan müstəqillik qazan­dıqdan sonra mədəniyyətimiz bir müddət böyük çətinliklər qarşı­sında qalsa da, Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı sanki Azərbaycan mədəniyyətinin də tərəqqisinə yeni təkan verdi. So­sial problemlər ucbatından xarici ölkələrə üz tutan sənət adamları Vətənə döndülər, onlara xüsusi qayğı göstərilməyə başlandı. Bağlanmış teatrlar, kitabxanalar, muzeylər öz qapılarını yenidən tamaşaçıların üzünə açdı.

 

Sənətkarların mil­li mədəniyyətimizin inkişafı naminə göstərdiyi xidmətlər də Heydər Əliyevin nəzərindən qaçmamış və onların xatirəsi layiqincə əbədiləşdirilmişdir. Bu gün Bakının və digər yaşayış məntəqələrinin küçələri Sul­tan Məhəmməd, Ə.Əzimzadə, S.Bəhlulzadə, K.Kazımzadə,T.Şıxəliyev, S.Salamzadə və digər sənətkarların adını daşıyır.

 

Sovet dönəmində Bakı kimi böyük bir şəhərdə bir dənə də müasir tələblərə cavab verən sərgi salonunun yoxluğunu qəbul edə bilməyən Heydər Əliyev, ilk növbədə, belə bir mədəniyyət mərkəzinin yaradılmasına qərar verdi. Yeni sərgi salonları, muzeylər yaradıldı.

 

Ulu öndər təkcə rəssamlıq sənətinin deyil, diğər incəsənət sahələrinin də inkişafının böyük himayədarı olmuşdur. Musiqi sənətimizin inkişafına xüsusi qayğı ilə yanaşan ulu öndərin sərəncamı ilə 24 bəstəkar və musiqişünasa Prezident təqaüdü verildi. Onların bir çoxu “Şöhrət” ordeninə layiq görüldü. Arif Məlikov, Müslüm Maqomayev, Zeynəb Xanlarova, Habil Əliyev, Arif Babayev kimi musiqi xadimləri “İstiqlalordeni ilə təltif olundular.

 

Azərbaycan kinosunun böyük bir inkişaf dövrü Heydər Əliyevin adı ilə bağlıdır. Bizə yaxşı məlumdur ki, bir sıra filmlərimizin yaranmasında ulu öndərin şəxsi təşəbbüsü olmuşdur. “Uzaq sahillərdə”, “İstintaq”, “Bir cənub şəhərində”, “Nəsimi”, “Babək” filmlərinin yaranmasında, so­vet senzurasından keçməsində Heydər Əliyevin səyləri danılmaz­dır.

 

Heydər Əliyevin hakimiyyətə gəlişi ilə dondurulmuş kino istehsalı bərpa edildi, “Azərbaycanfilm”in fəaliyyətində canlanma hiss edilməyə başlandı. Dövlət sifarişi ilə filmlərin istehsalı kino xadimlərini yenidən fəaliyyətə qaytardı.

 

Teatrlarımız öz fəaliyyətlərini genişləndirdi. Heydər Əliyev teatrı çox sevirdi. O, həmişə tamaşadan sonra yaradıcı kollektivlə görüşür, onlara öz tövsiyə və tapşırıqlarını verirdi. Bu görüşlər sənət adam­larının məsuliyyətini artırır, onları öz qüvvələrini səfərbər etməyə istiqamətləndirirdi.

 

Azərbaycanın qədim şəhərsalma ənənələrini özündə ehtiva edən İçərişəhərin Şirvan­şahlar Saray Kompleksi ilə birgə UNESCO-nun Maddi İrs Siyahı­sına daxil edilməsi böyük tarixi hadisə idi.

 

Azərbaycan mədəniyyətinin təbliğini həmişə diqqət mərkəzində saxlayan ulu öndərin hakimiyyəti illərində çox səmərəli tədbirlər reallaşdırılıb. Ümummilli lider Azərbaycanın sivil dünya ilə inteqrasiyasına, xalqların iqtisadi-siyasi, humanitar yaxınlaşmasına dövlətçiliyi möhkəmləndirən, xalqı inkişaf etdirən ən vacib vasitələrdən biri kimi baxırdı. Və bu zaman dünya ilə dil tapmağın ən sınanmış və optimal yolların­dan biri olaraq, mədəni dəyərlərin qarşılıqlı dərkini və təbliğini əsas götürürdü. Bu mənada, xarici ölkələrdə keçirilən Azərbaycan mədəniyyət və incəsənət günləri, eyni zamanda, Azərbaycanda keçirilən belə tədbirlər mədəniyyətlərarası dialoqun inki­şafına çox gözəl yol açırdı.

 

Ulu öndərin fəaliyyəti incəsənətimizin bu gün ən dəyərli mövzusudur. Bu böyük siya­si xadımə neçə-neçə əzəmətli heykəllər ucaldılmış, bir-birindən dəyərli portretləri yaradılmışdır. Ulu öndər haqqında 12 seriyalı sənədli film çəkilmişdir. “General”, “Birinci”, “Moskva, Kreml”, “Əsl məhəbbət haqqında”, “Lider”, “Tale”, “Bir həsədin tarixi”, “Profes­sional”, “Patriot”, “Xüsusi təyinat” kimi digər filmlər də bu böyük şəxsiyyətin həyat və fəaliyyətinin çox uğurlu ekran versiyasıdır.

 

Heydər Əliyevin mədəniyyət siyasəti bu gün hörmətli Preziden­timiz İlham Əliyev tərəfindən çox ləyaqətlə davam etdirilir. 2003-cü ildən sonra Azərbaycanda Heydər Əliyevin mədəniyyətimizin inkişafı ilə bağlı ideyaları davamlı olaraq həyata keçirilir. Azərbaycanda mədəniyyətin müxtəlif sahələri – teatr, kino, kitabxanamuzey işinin inkişafı ilə bağlı qəbul olu­nan dövlət proqramları ölkəmizdə mədəniyyətin tərəqqisinə yeni stimul yaratmışdır.

 

Azərbaycanın Birinci vitse-pre­zidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanm Əliyevanın da milli mədəniyyətimizin inkişa­fında müstəsna xidmətləri var. Yeni mədəniyyət obyektlərinin tikintisi, mövcud mədəniyyət müəssisələrinin əsaslı təmiri istiqamətində işlər uğurla davam etdirilir. Bakıda müasir üslubda tikilən Muğam Mərkəzi neçə illərdir qapılarını muğamsevərlərin üzünə açmışdır. Xalça Muzeyinin binası analoqu olmayan arxitek­tura nümunəsidir. Bu siyahını uzatmaq olar. Əsas olan budur ki, ölkəmizdə mədəniyyətin tərəqqisi davamlı xarakter almışdır.

 

Ulu öndərin belə bir fikri ilə bu yazını tamamlayıram: “Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir”.

 

Cəlil HÜSEYNOV, Xalq rəssamı, professor

 

Xalq qəzeti  2021.- 6 may.- S.5.