YAP – AKP əməkdaşlığı ölkələrimizin daha da yaxınlaşmasına xidmət edir

 

Türkiyə və Azərbaycan dünya miqyasında bir-birinə ən yaxın olan ölkələrdir. Dünya miqyasında Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın ikinci ölkə tapmaq mümkün deyil. Hər zaman bir-birimizin yanındayıq. Bundan sonra da belə olacaq.

 

 

İlham ƏLİYEV

 

Azərbaycan Respublikasının Prezidenti

 

 

 

Türkiyə–Azərbaycan dostluğu, qardaşlığı sarsılmazdır və bu gün dünyaya nümunədir. Ulu öndər Heydər Əliyev tərəfindən möhkəm özüllər üzərində qoyulmuş dostluq münasibətləri Prezident İlham Əliyev tərəfindən həyata keçirilən strategiyanın prioritetini təşkil edir. İki qardaş ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin yüksək səviyyədə olması dünyaya örnəkdir. Hər iki ölkənin dövlət və hökumət başçılarının, eləcə də siyasi, iqtisadi, ticarət, elm, təhsil, mədəniyyət və digər sahələr üzrə müvafiq qurum rəhbərlərinin qarşılıqlı səfərləri ikitərəfli əməkdaşlığın inkişafında mühüm rol oynayır.

 

 

Bir vaxtlar xalqımız üçün ən ağ­rılı problemə çevrilmiş Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Türkiyə üçün də eyni mənanı daşıyırdı. Qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Azərbaycan kədərlənərsə, biz də kədərlənərik, Azərbaycan sevinərsə, biz də sevinərik” – deyi­mi də bunu təsdiqləyir.

 

Dövlətimizin başçısının “ Bu, həqiqətdir. Bu, həm tarixi və etnik köklərə əsaslanan həqiqətdir, eyni zamanda, biz – iki qardaş ölkə öz siyasətimizlə bu birliyi möhkəmləndiririk” fikirləri bir daha təsdiqləyir ki, “bir millət, iki dövlət” vəhdətinə heç bir kənar qüvvə müdaxilə edə bilməz. Türkiyənin Ədalət və İnkişaf Partiyası – Yeni Azərbaycan Partiyası əməkdaşlığı çərçivəsində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş “Azərbaycan – Türkiyə, bir millət, iki dövlət: Qarabağ zəfəri sonrası reallıqlar və uydurma erməni soyqırımı açıqla­masının regionda sülhə və stabilliyə təsirləri” mövzusunda keçirilən videokonfransda bu barədə geniş söhbət açılıb.

 

Onu da qeyd edək ki, belə bir konfrans partiyalar arasında ikinci dəfədir keçirilir. Bu barədə məlumat verən Ədalət və İnkişaf Partiyası sədrinin birinci müavini, Türkiyə Böyük Millət Məclisinin üzvü Numan Kurtulmuş tədbirin nəticələrinin hər iki partiya və ölkə üçün xeyirli, uğurlu olmasını arzuladı. İki ölkə arasındakı məsafə uzaq olsa da, belə tədbirlərin ortaq məsələlərdə könül və fikir birliyinin daha da möhkəmləndirilməsində əhəmiyyətini vurğulayan N. Kur­tulmuş Azərbaycanın qurucu lideri Heydər Əliyevin anadan olması­nın 98-ci ildönümündə rəhmətlə andığını vurğuladı. Dedi ki, adətən, insanları ölümün ildönümlərində anırıq. Halbuki, doğum günlərində anılmağın onların ölümsüzlüyü­nü ifadə etmək, gördüyü işlərin bərəkətini ifadə etmək baxımından önəmli olduğunu düşünürəm.

 

Türkiyə Böyük Millət Məclisinin üzvü dünyada erməni lobbilərinin həm müharibə zamanı, həm də Qa­rabağ Zəfərindən sonra fəallaşması ilə ortaya çıxan yeni bir dönəmlə qarşı-qarşıya olduğumuzu xatırlat­dı. O, Ermənistan üzərindəki tarixi qələbənin qazanılmasında Prezi­dent İlham Əliyevi, qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğanı, bütün qəhrəmanları ürəkdən təbrik etdi. Natiq bu konfransın həm vəziyyəti dəyərləndirmək, həm də yeni perspektivlərlə gələcəyə istiqamətlənən rəylərimizi sağ­lamlaşdırmaq baxımından önəmli olduğunu vurğuladı. Qeyd etdi ki, belə tədbirlərlə tək millət, iki dövlət olaraq xalqımız gələcək perspek­tivimizi sağlamlaşdırmış olur. Qa­rabağ Zəfəri içərisində olduğumuz üçün bəlkə hiss etmədik, amma bu, tarixi bir uğurdur. Millətimiz üçün böyük bir uğurdur. Qarabağ hər şeydən öncə Vətəndir.

 

Ədalət və İnkişaf Partiyası sədrinin birinci müavini Qarabağ Zəfərinin əhəmiyyətindən danışa­raq, azadlığın millətimiz üçün nə qədər önəmli, Vətənin və Vətən uğrunda şəhadətin nə qədər müqəddəs dəyər olduğunu, eləcə də, gənclərimizin bu tarixi qələbədə bunu açıq şəkildə gördüyünü diqqətə çatdırdı: “Bu mənada, Qa­rabağ Zəfəri siyasi, hərbi, geopolitik, iqtisadi nəticələri qədər toplum­sal möhkəmlənmə baxımından fövqəladə dəyər ortaya qoyub”.

 

O, müharibədən sonra ortaya çıxan yeni reallıqları 5 istiqamət üzrə diqqətə çatdırdı. Qarabağ Zəfərinin həm regional tarazlığa, həm regional sülhə fövqəladə təsiri olacağına şübhə olmadığını bildirən Numan Kurtulmuş bu zəfərin ən böyük təsirinin öz toplumlarımız üzərində olduğunu ifadə etdi. Dedi ki, həm Azərbaycanın, həm də Türkiyənin Qarabağ Zəfərinin böyük bir milli coşqu yaratdığına və bu zəfər ilə hər iki toplumda ortaq milli və dini dəyərlərin bir daha qa­bardığına və bu dəyərlər üzərində toplumun daha möhkəm hala gəldiyinə birlikdə şahid olduq.

 

Qeyd edildi ki, Dağlıq Qa­rabağın işğaldan azad edilməsi ilə “Ermənistan” adlandırılan ölkənin sərhədləri hansıdır” sualı dünya ictimaiyyətinə ünvanladı. Ermənistanın sərhədləri nə üçün bəlli deyil? Ermənistan sərhədlərini nə üçün daim genişləndirmək istəyir? Bu suallar Qarabağın azadlığının təmin olunması ilə bir daha dünya gündəminə gəlmiş oldu. Qarabağın işğalı məsələsinə toxunan AKP sədrinin birinci müavini bir sıra tarixi faktları, ermənilərin 1988-ci ildən etibarən azərbaycanlıların sıx yaşadığı kənd və qəsəbələrə hücumları davam etdirdiyini, erməni diasporu başda olmaqla, Ermənistandakı “önəmli” siyasətçilərin bir qisminin zehnində “böyük Ermənistan” qurmaq ide­yasının olduğunu diqqətə çatdırdı. Vurğuladı ki, Azərbaycan Qarabağı işğaldan azad etməklə çox önəmli siyasi sualı dünya ictimaiyyətinin diqqətinə çatdırdı. Yəni, bu Ermənistanın sərhədləri hansıdır və nə üçün Ermənistan bu qədər çox genişlənmək, böyümək istəyir?

 

N.Kurtulmuş Ermənitanın işğalçı siyasətini dəstəkləyən dövlətləri və təşkilatları kəskin pisləyərək, bu yaxınlarda ortalığıa atılmış saxta “erməni soyqırımı”nın da bu məqsədə xidmət etdiyini vurğuladı. Qarabağın işğaldan azad olunma­sı ilə Azərbaycan və Türkiyənin dünyanın qlobal strukturlarına qarşı tənqidlərində nə qədər haqlı olduğunu bir daha xatırlatdı: “Biz iki dövlət, tək millət -- Azərbaycan və Türkiyə Qafqazın önəmli iki ölkəsi olaraq xalqlarımızla birlikdə Qara­bağ Zəfərindən sonra daha ayıq bir şəkildə yolumuza davam edəcəyik. Qardaşlığımızı, əməkdaşlığımızı, həmrəyliyimizi hər sahədə irəli aparacağıq. Bu məqsədlə Yeni Azərbaycan Partiyası və Ədalət və İnkişaf Partiyası bu böyük gələcək mübarizəsində iki önəmli güc ola­raq ölkələrimizi irəli aparmaq üçün mübarizə aparacaq”.

 

YAP sədrinin müavini --Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Türkiyənin Ədalət və İnkişaf Parti­yası və Yeni Azərbaycan Partiyası­nın birgə təşkilatçılığı ilə keçirilən videokonfransın tarixi və onun mövzusunun heç də təsadüfən seçilmədiyini diqqətə çatdırdı. O, ümummilli liderimiz Heydər Əliyevin “Azərbaycan – Türkiyə, bir millət, iki dövlət” kəlamının tarixiliyi özünün siyasi, iqtisadi, mənəvi, eləcə də geostrateji mahiyyətini ötən dövr ərzində sübuta yetirildiyini xatırlat­dı . Qırx dörd günlük şanlı Vətən müharibəsi və xalqımızın böyük zəfərinin ulu öndərin bu kəlamının təntənəsi olduğunu bildirən T.Budaqov son günlərdə qardaş Türkiyənin uydurma soyqırımı ittihamı ilə üzləşdiyi bir zamanda xalqlarımızın nümayiş etdirdiyi va­hid mövqe və sarsılmaz birliyimizin bariz nümunəsi olduğunu söylədi.

 

Tahir Budaqov bildirdi ki, Azərbaycan 44 günlük müharibədə təcavüzkar Ermənistanı ağır məğlubiyyətə uğratdı, parlaq Qələbə qazanaraq tarixi ədaləti, ərazi bütövlüyünü bərpa etdi. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Azərbaycan Ordusu şanlı Zəfər yürüşü edərək təcavüzkar erməni silahlı qüvvələrini əzəli torpaqları­mızdan qovdu. Beləliklə, 30 ilə ya­xın müddət ərzində regionda sülhə, sabitliyə və təhlükəsizliyə ciddi təhdidlər yaradan, separatizmə rəvac verən işğal faktına son qo­yuldu, Azərbaycan Dağlıq Qarabağ münaqişəsini hərbi-siyasi yolla həll etdi. Bununla Azərbaycan dövləti həm də Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının uzun müddət kağız üzərində qalmış 4 qətnaməsinin icrasına nail oldu. Azərbaycanın bu möhtəşəm tarixi qələbəsi təkcə ölkəmizin ərazi bütövlüyünün təmin olunması deyil, eyni zamanda, regionda yeni geostrateji reallıqların yaradılması baxımından da mühüm əhəmiyyətə malikdir. Ölkəmiz yeni reallıqlar ya­ratmaqla , bölgədə dayanıqlı sülh, etibarlı sabitlik və təhlükəsizlik, o cümlədən çoxşaxəli əməkdaşlıq mühiti formalaşdırdı. Regionda kommunikasiya xətlərinin bərpa olunması, o cümlədən Zəngəzur nəqliyyat dəhlizinin açılması təkcə bölgə xalqları və dövlətlərinin rifa­hına, inkişafına xidmət etməyəcək. Bu, eyni zamanda, regionda yeni, çoxtərəfli əməkdaşlıq platforması­nın yaranmasını şərtləndirəcək.

 

YAP sədrinin müavini istər 30 ilə yaxın müddət ərzində davam edən münaqişə dövründə, istər 44 günlük Vətən müharibəsi zamanı, istərsə də postmüharibə mərhələsində qardaş Türkiyənin Azərbaycana birmənalı mənəvi-siyasi dəstək göstərməsindən söhbət açdı. Dünya birliyi bir daha şahid oldu ki, dostluq, qardaşlıq və strateji tərəfdaşlıq prinsiplərinə əsaslanan Azərbaycan–Türkiyə münasibətləri yeni dünya düzəni üçün parlaq nümunədir.

 

YAP Mərkəzi Aparatının rəhbəri dedi ki, yeni mərhələdə də Azərbaycan və Türkiyənin birgə təşəbbüsləri bölgədə sülh və təhlükəsizlik mühitinin möhkəmlənməsinə, çoxtərəfli qarşılıqlı faydalı əməkdaşlığın dərinləşməsinə öz töhfəsini verəcək.

 

Çıxış edənlər Azərbaycan Ordusunun Ermənistan silah­lı qüvvələri üzərindəki parlaq qələbəsini yüksək qiymətləndirib və ermənilərin bu ərazilərə köçürülməsini, onların işğalçı olduqlarını diqqətə çatdıraraq, bu qələbənin Ermənistanda on illərlə davam edəcək psixoloji travma yaratdığını qeyd etdilər.

 

Sonda YAP sədrinin müavini YAP ilə AKP arasında əməkdaşlığın daha da güclənəcəyinə əminliyini ifadə edib. O, diqqətə çatdırıb ki, partiyalararası münasibətlər, bütövlükdə, hər iki ölkənin bir-birinə daha çox yaxınlaşmasına xidmət edir.

 

Əliqismət BƏDƏLOV

 

Xalq qəzeti  2021.- 6 may.- S.9.