Azərbaycançılıq məfkurəsinin
təntənəsi
Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra azərbaycançılıq aparıcı ideya kimi həm Azərbaycanda, həm də bütün dünyada yaşayan azərbaycanlılar üçün əsas ideya olubdur. Biz həmişə bu ideya ətrafında birləşməliyik. Azərbaycançılıq öz milli mənsubiyyətini qoruyub saxlamaq, milli-mənəvi dəyərlərini qoruyub saxlamaq, eyni zamanda, onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək və hər bir insanın inkişafının təmin olunması deməkdir.
Heydər ƏLIYEV
Ümummilli lider
Dünya təcrübəsi də təsdiqləyir ki, böyük şəxsiyyətlər təkcə tarix yaratmır, onun istiqamətini öz xalqlarının mənafeyinə uyğunlaşdırmağı da bacarırlar. İyirminci əsrin siyasət fenomeni Heydər Əlirza oğlu Əliyev belə tarixi şəxsiyyətlərdəndir. Bəşəriyyət duyurdu, görürdü, bilirdi və inanırdı ki, bu dahi şəxsiyyət ömrünü milli-xəlqi ruhun yaşadılmasına həsr edir.
Azərbaycançılıq ideologiyasının yaradıcısı olan Heydər Əliyev sovet dönəmində də, respublikamız dövlət müstəqilliyini bərpa etdikdən sonra da öz xalqının və milli dövlətçiliyin mənafeyi naminə misilsiz xidmətlər göstərmişdir.
Xüsusi xidmət orqanları əməkdaşının geniş dünyagörüşə, yüksək təfəkkürə, analitik təhlil qabiliyyətinə, möhkəm iradəyə, qətiyyətə, gözəl, səlis nitqə malik olması başlıca şərtlərdən hesab edilirdi. Həm də Sovet İttifaqı kimi geniş ideoloji şəbəkəsi olan dövlətdə bu tələblər kəskin şəkildə qoyulmuşdu. Heydər Əliyev 1941-ci ildə Naxçıvan Muxtar Respublikası Xalq Daxili İşlər Komissarlığında, Xalq Komissarları Sovetində işləyib, 1944-cü ildə dövlət təhlükəsizlik orqanlarına göndərilib. 1969-cu ilə kimi Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsində işləyib. DTK sədrinin müavini və sədri olub. 1969-cu ildən 1982-ci ilə qədər Azərbaycan KP MK-nın birinci katibi vəzifəsində işləyib.
Yaşanılmış illərə nəzər salanda aydınlığı ilə görünür ki, bu cür mühüm vəzifələrdə işləyən böyük tarixi şəxsiyyət bu illəri belə bir amalla ömürləşdirib: “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam”. Bu kəlam böyük tarixi şəxsiyyətin özünün də, dövlətçiliyə söykənən ideologiyasının da manifesti olub.
Sovetlər dönəmində müttəfiq respublikada İttifaq miqyaslı sənaye müəssisəsi yaratmaq imperiyanın siyasətinə uyğun gəlmirdi. Belə müəssisəni yaratmaq üçün müttəfiq respublikanın rəhbərinin kifayət qədər böyük nüfuzu, eyni zamanda, dönməz iradəsi və güclü məntiqi olmalı idi. Bakıda Elektron Hesablama Maşınları zavodu, Radiozavod, Ozon zavodu, Məişət Kondisionerləri zavodu... yaradıldı. Bu müəssisələr gənclərin şəhərə axınında, deməli, təhsil almasında, işləyə-işləyə ali, orta ixtisas məktəblərində oxumasında, formalaşmasında, daha geniş dünyagörüşünə malik olmasında kifayət qədər əhəmiyyətli idi. Həm də iqtisadiyyat, müəyyən mənada, maarifçilyi də sürətləndirdi.
Böyük dövlət xadimi Heydər Əliyevin Azərbaycanda hakimiyyətdə olduğu dövrü azərbaycançılıq ideologiyasının yaşadılmasında mühüm bir mərhələ adlandırmaq olar: Azərbaycanlı gənclərin İttifaqın nüfuzlu universitetlərində təhsil almasını təmin etdi. Bu, həm Azərbaycan üçün yüksək elmi qabiliyyətli kadrların hazırlanmasına göstərilən qayğı, həm də dünya elminə, mədəniyyətinə, incəsənətinə inteqrasiya kimi dəyərləndirilməlidir. Bu məzunların sonralar Azərbaycan elm və mədəniyyətinin inkişafında böyük xidmətləri oldu.
O illərdə sovet ideologiyasının gizlin şaxələrinin hara apardığını duymaq, təxmin etmək çətin olsa da mümkünsüz deyildi. Bu gizlinlərdən incəliyə qədər halı olan böyük tarixi şəxsiyyət Heydər Əliyev doğma Azərbaycanın sabahını düşünməyə bilməzdi. Bu mənada, o, xalqımızın müstəqillik dönəmi üçün ehtiyac duyulacaq sahələr üzrə kadr hazırlığına diqqəti yönəltdi. Bunların biri də Azərbaycanda ixtisaslaşmış hərbi məktəbin yaradılması idi. SSRİ hökuməti əyalətdə (müttəfiq respublikalar imperiya üçün əyalət idi) belə bir məktəbin yaradılmasının qarşısını ala bilmədi. “Naxımov, Suvorov adına ibtidai hərbi məktəblər varsa, buna ehtiyac yoxdur” məntiqi də dahi rəhbərin qətiyyət yüksəkliyini aşa bilmədi. Bu məktəbin Azərbaycanın sonrakı taleyində – müstəqilliyi bərpa olunduqdan sonra, istər hərbçi kadrların hazırlanması baxımından, istərsə də Qarabağda gedən döyüşlərdə nə kimi əhəmiyyətə malik olduğunu xatırlatmağa ehtiyac yoxdur. Bu məktəb həm də yeniyetmələrin hərbi vətənpərvərlik tərbiyəsində müstəsna əhəmiyyətə malik olub, indi də belədir.
O vaxt Azərbaycan ədəbiyyatının, incəsənətinin istər İttifaq, istərsə də dünya mədəniyyətinə inteqrasiyası yüksək səviyyədə təmin edilirdi. Böyük ədiblərin, mədəniyyət, incəsənət xadimlərinin adının əbədiləşdirilməsi də azərbaycançılıq ideologiyasının yaşarlılığının təntənəsi idi. Bu təntənə azərbaycanlıların bəşəri xalq, Azərbaycan Respublikasının bəşəri dövlət olduğunu təsdiqləyirdi.
Ulu öndərin xalqımız qarşısındakı xidmətlərindən danışarkən, ilk növbədə, ötən əsrin doxsanıncı illərinin əvvəllərində – Azərbaycanın bir dövlət kimi məhv olmaq təhlükəsi ilə üz-üzə qaldığı zamanda Heydər Əliyevin xilaskarlıq missiyası göz önünə gəlir. Məhz belə bir zamanda dahi şəxsiyyət xalqın təkidi ilə siyasi hakimiyyətə qayıdaraq Azərbaycanı düşdüyü ağır durumdan xilas edə bildi. Bu qayıdış Azərbaycanın müasir tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu. Böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik 1993-cü ilin 15 iyun – Milli Qurtuluş Günü Azərbaycanın siyasi tarixində keyfiyyətcə yeni bir mərhələnin başlanğıcını qoydu.
Məlum olduğu kimi, 1991-ci ilin oktyabrında dövlət müstəqilliyini bərpa edən Azərbaycanda bir-birini əvəz edən səriştəsiz rəhbərlərin şəxsi maraqlarını dövlət mənafeyindən üstün tutmaları cəmiyyətdə xaosun yaranmasına, özbaşınalığın hökm sürməsinə, real vətəndaş qarşıdurmasının alovlanmasına səbəb olmuşdu. Hakimiyyətin səriştəsizliyi, dövlət idarəçiliyi sisteminin böhranı, 1993-cü ilin əvvəllərindən ölkədə fəaliyyət göstərən silahlı dəstələrin yol verdikləri başıpozuq fəaliyyət, respublikada qardaş qırğını və vətəndaş müharibəsinə zəmin yaranması, ayrı-ayrı bölgələrdə isə separatçılıq və parçalanma meyillərinin baş qaldırması Azərbaycanın bir dövlət kimi varlığına son qoya bilərdi. Ölkədə səriştəsiz idarəermə nəticəsində bütün sahələri böhran bürümüşdü. Bir sözlə, ölkənin taleyi, xaosdan xilası möcüzədən asılı vəziyyətdə qalmışdı.
Belə bir vaxtda – 1993-cü ilin iyununda xalqın təkidi ilə ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı Azərbaycanın müstəqilliyini itirmək təhlükəsinin qarşısını aldı. Ulu öndərin Naxçıvandan Bakıya, böyük siyasətə qayıdışı şərəfli xilaskarlıq missiyasını yerinə yetirməsi parçalanmaq, dağılmaq təhlükəsi ilə üzləşmiş Azərbaycanı xilas etdi. Azərbaycanın inkişafı, müstəqilliyi və gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan, ona arxa və dayaq olan Heydər Əliyevin uzaqgörən, praqmatik siyasəti nəticəsində ölkəmizin dövlətçilik tarixinə şanlı səhifələr yazıldı.
Dünya dövlətləri Azərbaycanla ikitərəfli, çoxtərəfli iqtisadi əlaqələr saxlamağa başladı, neçə-neçə beynəlxalq kontrakt, o cümlədən “Əsrin müqaviləsi” imzalandı. Respublikada bütün sahələr üzrə dinamik inkişafın əsası qoyuldu, bununla da Azərbaycanın iqtisadi inkişafına əsaslı zəmin yaranmaqla ölkəmizin beynəlxalq nüfuzu da yüksəldi.
Dövlətçilik siyasətinin başlıca mahiyyəti azərbaycançılıq məfkurəsi olan ulu öndər Heydər Əliyev müxtəlif dövlət strukturlarında işləyən vəzifəli şəxslərə rəsmi çıxışlarında da, müsahibələrində də bu məfkurənin tərkib hissələri kimi, milli mədəniyyəti, incəsənəti, rəngkarlığı, ədəbiyyatı xalqın, dövlətçiliyə ehtiramı səviyyəsində inkişaf etdirilməsini tövsiyə edirdi. Böyük tarixi şəxsiyyətin ömür yolu ədəbiyyat, incəsənət, mədəniyyət xadimlərinə qayğısı bütün məmurlara, ictimaiyyətə, o cümlədən gənclərə ən gözəl örnək idi.
“Bizim bugünkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir. Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir” – Ümummilli liderimiz Heydər Əliyev belə deyir və ölkədə gedən demokratik islahatlara, insan hüquqlarının qorunmasına həmişə diqqət yetirirdi. İctimai-siyasi, mədəni həyatımızın müxtəlif sahələrində sistemli islahatlar aparan böyük öndərimiz bütün bu proseslərdə gənclərin roluna həmişə xüsusi fikir verirdi. Müxtəlif qurumlarda, dövlət idarələrində, siyasi və iqtisadi arenalarda gənclərin fəal iştirakını təmin edirdi.
Azərbaycan gənclərinin birinci forumunda bu barədə danışan ulu öndər demişdi: “Bütün bunların hamısı o vaxtlar Azərbaycanın gələcəyi üçün yeni-yeni mütəxəssislər hazırlamaq məqsədi daşımışdır. Bu işə biz hələ 70-ci ildən başlamışdıq. Mən bu gün çox məmnuniyyət hissi ilə qeyd edirəm ki, bu, şəxsən mənim təşəbbüsümlə olmuşdur. Mən hələ o vaxtdan ölkəmizin gələcəyini düşünürdüm”.
Ümummilli lider müstəqillik dövründə hakimiyyətə qayıtdıqdan sonra da gənclər siyasətini diqqətdə saxladı. Bununla bağlı neçə-neçə sərəncam imzaladı.
Ulu öndərin Azərbaycanda digər sahələrdə də başladığı işlər dövlət müstəqilliyinin bərpasından sonra da davam edirdi. Azərbaycanın ədəbiyyat, incəsənət, mədəniyyət tarixində misilsiz xidmətləri olmuş tarixi şəxsiyyətlərin adının əbədiləşdirilməsi milli mentalitet səviyyəsinə yüksəldildi. Beynəlxalq ictimaiyyət “Kitabi-Dədə Qorqud” dastanının 1300 illiyinin təntənəli şəkildə qeyd olunmasını tarixə böyük ehtiramın nəticəsi kimi dəyərləndirdi.
Böyük tarixi şəxsiyyət Heydər Əliyev xalqın təkidi ilə hakimiyyətə qayıtdıqdan sonra özünümüdafiə batalyonlarının buraxılması, orduda vahid komandanlığın təmin edilməsi nəticəsində Silahlı Qüvvələrimizin nizami ordu kimi formalaşmasının başlanğıcı oldu. Heydər Əliyev irsinə sədaqət kimi ordu quruculuğu dövlət üçün prioritet məsələlərdən biri olaraq, həmişə diqqətdə saxlanılır. Ordunun maddi-texniki bazası genişləndirilir, silah-sursat arsenalı artırılırdı ki, bunlar da şəxsi heyətin mənəvi-psixoloji hazırlığının yüksəldilməsini təmin edirdi.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı Heydər Əliyev şəxsi heyətin mənəvi-psixoloji hazırlığının daim yüksək səviyyədə saxlanılması üçün tez-tez ön xətdə, səngərlərdə zabit və əsgərlərlə söhbət edir, onlara vacib tövsiyələrini verirdi ki, bunlar da öz təsirini göstərirdi. Ordu quruculuğunda Heydər Əliyev mərhələsi şəxsi heyətin döyüş qabiliyyətinin mənəvi-psixoloji hazırlıqla üzvi şəkildə tamamlanması kimi tarixləşdi.
Digər sahələrdə olduğu kimi, ordu quruculuğunda da qlobal islahatlara başlanıldı. Yerli müdafiə batalyonları buraxıldı, orduda vahid komandanlıq yaradıldı. Az vaxt ərzində Azərbaycan Ordusu nizami ordu kimi formalaşmağa başladı. 1994-cü ilin yanvarında ulu öndərin sərkərdəliyi ilə uğurlu Horadiz əməliyyatı keçirildi. Horadiz qəsəbəsi, Füzuli rayonunun 20 kəndi, Cəbrayıl rayonunu Cocuq Mərcanlı kəndi işğaldan azad edildi. Bu əməliyyatla qazanılan qələbə ordumuzun döyüş əzmini artırdı, qələbə ruhunu yüksəltdi. Bunlar Azərbaycanda ordu quruculuğunda nizami ordunun formalaşması mərhələsi oldu.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev ulu öndərin siyasi kursunu ordu quruculuğunda da uğurla davam etdirməklə Azərbaycan Ordusunu dünyanın ən güclü orduları sırasına çatdırdı. Ölkə Prezidentinin dediyi kimi, indi “Azərbaycan Ordusu nəinki bölgədə, dünya miqyasında ən güclü ordular sırasındadır.”
Prezident İlham Əliyev ulu öndərin siyasi kursunu uğurla davam etdirir. Bu uğurlu, qətiyyətli siyasətin nəticəsidir ki, Prezident, Ali Baş Komandan cənab İlham Əliyev qüdrətli sərkərdəliyi ilə Azərbaycan Ordusu Ermənistan qoşunlarını darmadağın edərək torpaqlarımızı işğaldan azad etdi. Bu Qələbə ulu ödərin ideyalarının, onun azərbaycançılıq məfkurəsinin təntənəsi oldu.
Səbinə XASAYEVA,
Milli Məclisin deputatı
Xalq qəzeti
2021.- 7 may.- S.5.