“Xarıbülbül” – Qarabağın zəfər
simfoniyası
...Şuşada
“Xarıbülbül” musiqi festivalı
çərçivəsində keçirilən möhtəşəm
atəşfəşanlığın Qarabağ
səmasını boyayan al-əlvan rəngləri
hələ də gözlərimiz önündə cilvələnir.
Yenidən doğmalarını, əziz qonaqlarını
qarşılayan mədəniyyət paytaxtımızın bir özgə hüsnü
vardı o gün.
Möcüzəli işıqların əzəmətli qala divarlarında proyeksiya
olunan Azərbaycan bayrağı ilə həmahəng
görüntüləri bayram
ovqatımıza ilahi bir
şükranlıq duyğuları qatır, könüllərimizi
qanadlandırırdı.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin Şuşanı Azərbaycanın
mədəniyyət paytaxtı elan etməsi
dostlarımızı sevindirib, bədxahlarımızı
isə qəm-qüssəyə qərq edib.
Bu, həm
də yenidən bizim olan
bu sərvətin qədrini necə bildiyimizi bir daha bütün dünyaya göstərdi. Şuşa
erməni işğalından azad edildikdən
cəmi yarım il sonra
ölkə rəhbərinin tapşırığı və
Heydər Əliyev Fondunun təşkilatçılığı
ilə burada möhtəşəm musiqi festivalının keçirilməsi isə
dövlətimizin düşmənin viran etdiyi ərazilərdə maddi
və mənəvi dəyərlərimizin bərpasına böyük qayğı göstərməsi
baxımından diqqətəlayiqdir.
Mayın 12-sini – festivalın başlandığı günü Şuşanın son 30 illik həyatında ən işıqlı gün də adlandırmaq olar. Çünki həmin gün Azərbaycanın mədəniyyət paytaxtına səfərə gəlmiş Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla və Arzu Əliyevalar əvvəlcə 110/35/10 kilovoltluq “Şuşa” yarımstansiyasının açılışında iştirak ediblər. Şuşaya gur işıq xətlərinin çəkilişi qısa müddətə – cəmi 73 günə yekunlaşıb ki, bu da regionun energetika tarixində rekorddur. Prezident İlham Əliyev idarəetmə pultunun düyməsini basaraq yeni enerji gücünü işə salıb. Beləcə, Prezidentin işğaldan azad olunmuş ərazilərin “Yaşıl enerji” zonasına çevrilməsi ilə bağlı tapşırıqları ardıcıl yerinə yetirilir. Şübhə yoxdur ki, tezliklə doğma Qarabağımız başdan-başa nura boyanacaq.
Həmin gün axşam Şuşada işıqlı günlərin rəmzi olan möhtəşəm bayram atəşfəşanlığı keçirilib. Gün ərzində reallaşan tədbirlər də öz parlaqlığı ilə yadda qalıb. Festivaldan öncə Prezident İlham Əliyev və ailəsinin üzvləri Şuşada “Xarıbülbül” otelinin yenidənqurmadan sonra açılışında iştirak ediblər. Bu otel Şuşanın turizm potensialının möhkəmləndirilməsində mühüm rol oynayacaq. Dövlət başçısının Şuşada yeni məscidin təməlini qoyması isə mənəviyyat və iman işığının qorunmasına xidmət edirdi. İki minarəli, mozaika ilə bəzədiləcək gümbəzi olan məscid dini ocaq və modern memarlıq nümunəsi kimi göz oxşayacaq. Bu ecazkar bina keçmişlə bu gün arasındakı əlaqəni, Şuşanın firavan və uğurlu gələcəyinə əminliyi təcəssüm etdirəcək.
Bildiyimiz kimi, vaxtilə Şuşada 17 məscid olub və mənfur düşmən onların hamısını dağıdıb. Üç məscid yarıdağıdılmış vəziyyətdə idi – Yuxarı və Aşağı Gövhər ağa və Saatlı məscidləri. Onların da təmiri ilə bağlı göstəriş verilib. Yuxarı Gövhər ağa məscidi artıq təmirdən çıxıb. Yeni məscidin memarlıq xüsusiyyətlərinə diqqət çəkən Prezident İlham Əliyev bunun bir çox cəhətdən rəmzi xarakter daşıdığını vurğulayıb: “Təklif etdim ki, məscidin forması 8 rəqəmini əks etdirməlidir. Çünki noyabrın 8-də biz Şuşanı işğalçılardan azad etdik və 8 noyabr Azərbaycanda artıq rəsmi olaraq Zəfər Günüdür. Məscidin iki minarəsi 11 rəqəmini əks etdirməlidir. Onbirinci ayda Şuşa və Qarabağ tam işğaldan azad edildi. Bu fikirlər əsasında memarlar işləməyə başlamışlar və burada göstərilən təqdimatda məscidin görkəmi öz əksini tapır. Bu, ilkin versiyadır, bunun üzərində hələ iş aparılacaq, müəyyən dəyişikliklər ola bilər”.
Yeni məscidin yeri də təsadüfi seçilməyib. Bura şəhərin yuxarı hissəsidir və burada ucaldılacaq məscid şəhərə bir dominant kimi hakim olacaq. Belə də olmalıdır. Çünki Şuşa bizim qədim şəhərimizdir, Azərbaycan şəhəridir, azərbaycanlılar həmişə burada yaşayıblar. Sadəcə olaraq, işğal dövründə Azərbaycan əhalisi buradan zorla çıxarılmışdı. Şuşaya yenidən və həmişəlik sahiblənmək, onu dirçəltmək və daha da gözəlləşdirmək bizim halal haqqımızdır. Məscidin təməlqoyma günü də məhz müqəddəs Ramazan bayramı ərəfəsinə düşüb ki, bu da böyük tarixi və rəmzi xarakter daşıyır – qoy, hamı bizim öz dini, milli, mənəvi köklərimizə sıx bağlı xalq olduğumuzu bir daha görsün.
Festivaldan öncə Prezident İlham Əliyev,
birinci xanım Mehriban
Əliyeva və qızları Şuşada
Xüsusi nümayəndəliyin yerləşəcəyi
inzibati binada olub, Xan qızı Natəvanın
sarayının qarşısındakı əraziyə
baxış keçiriblər. Şuşada
Xan qızı Natəvanın evi də işğal
dövründə dağıdılıb. Azərbaycanda yaradılan ilk uşaq musiqi təhsili
ocağı – Şuşa Musiqi
Məktəbi Xan qızı Natəvanın
evində fəaliyyətə başlamışdı. XVIII əsrə
aid tarix-memarlıq abidəsi erməni vəhşiliyinin, vandalizminin
qurbanı olub. İşğal zamanı binaya dəyən ziyanın qiymətləndirilməsinə
artıq başlanılıb. Prezident və ailə
üzvləri sonra mənfur düşmənin
qurutduğu və yenicə bərpa olunan “Xan qızı”
bulağının suyundan
içiblər. Cənab İlham
Əliyev yanvar ayında burada olarkən söz vermişdi ki, tezliklə bərpa olunacaq. Budur, Şuşanın rəmzlərindən biri olan “Xan qızı”
bulağında artıq
saf sular çağlayır.
Şuşa böyük istedadlar diyarıdır. Bu şəhərdən
çoxsaylı tanınmış
sənət adamları
çıxıb. Prezidentin
Şuşa Yaradıcılıq Mərkəzinin
yerləşəcəyi qədim
karvansara binası və Şuşa Rəsm Qalereyasında görülən işlərlə
tanış olması
isə burada bundan sonra yetişəcək
istedadların sənət
aləminə uğurla
pərvazlanması məramına
xidmət edir. Şuşa səfəri zamanı dövlət başçısı
1 saylı ümumtəhsil
məktəbinin də
təməlini qoyub.
Xatırlayırıq ki, 1980-ci ildə
ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə
bu məktəbin 150 illik yubileyi qeyd edilmişdi. İşğal zamanı bu
təhsil ocağını
da erməni vandalları tamamilə dağıdıblar. Burada yeni,
960 şagird yerlik tam orta məktəbin layihələndirilməsi və
tikintisi məqsədilə
Prezidentin ehtiyat fondundan Təhsil Nazirliyinə ilkin olaraq 3 milyon manat vəsait ayrılıb.
Cənab İlham Əliyevin “Xarıbülbül” festivalının
açılışındakı çıxışı hər
kəsə unudulmaz təsir bağışlayıb. Həmin
anlarda Şuşa
dünyanın ən xoşbəxt şəhəri
idi. Çünki Cıdır düzünün
gözü yollardan yığılmışdı. Dünyanınsa gözü bura
dikilmişdi. Azərbaycanın
mədəniyyət paytaxtı
“Xarıbülbül” musiqi
festivalına yenidən
ev sahibliyi
edirdi. Yenə doğmalarını, qonaqlarını qoynuna yığmışdı. Dövlətimizin başçısının
dediyi kimi, bu, ölkəmizin tarixində çox əlamətdar bir gün idi: “Biz bu günü 30 il səbirsizliklə gözləmişik, 30 il Vətən həsrəti
ilə yaşamışıq.
30 il ədalətsizliklə
barışmalı olurduq,
amma barışmırdıq
və hər dəfə deyirdik ki, bu vəziyyətlə
biz heç vaxt barışmayacağıq, nəyin
bahasına olursa-olsun öz doğma torpaqlarımızı işğalçılardan
azad edəcəyik və bunu etdik.
Uzun fasilədən sonra bu il birinci dəfə keçirilən
“Xarıbülbül” musiqi
festivalı şəhidlərimizin
əziz xatirəsinə
həsr olunub. Biz bu günü
bizim qəhrəman hərbçilərimizə borcluyuq,
Azərbaycan xalqına
borcluyuq. Xalq birləşdi, xalq həmrəylik göstərdi,
bir yumruq kimi birləşdi və bu Qələbəni
Azərbaycan xalqı qazandı... Biz bu gözəl ənənəni
bərpa etdik və bundan sonra “Xarıbülbül”
festivalı Şuşada
hər il
keçiriləcək. Builki festival Azərbaycanda
yaşayan xalqların
nümayəndələrini əhatə edir. Bugünkü festivalda ölkəmizdə
yaşayan müxtəlif
xalqların nümayəndələri
çıxış edəcəklər”.
Festivalın bu formatda təşkilnin
özü də Şuşadan dünyaya verilən məxsusi mesaj idi. Yəni,
baxın: ölkələr
məhz belə inkişaf etməlidir. Yalnız çoxkonfessiyalı, çoxmillətli
ölkələrdə, cəmiyyətlərdə
inkişaf, birlik, milli həmrəylik və sülh olur.
Azad Şuşaya
bununla artıq
3-cü dəfə səfər
edən Prezident İlham Əliyev çıxışında mədəniyyət
beşiyi olan şəhərin işğaldan
qurtarıldığı günlərdən
bir daha iftixarla danışdı:
“300-dən çox şəhər
və kənd döyüş meydanında
işğalçılardan azad edildi və
Şuşanın – alınmaz
qalanın alınması
ayrıca bir qəhrəmanlıq dastanıdır.
Şuşada olan hər bir insan və
artıq Şuşaya
gələn Azərbaycan
vətəndaşları görürlər
ki, Şuşanı götürmək, işğaldan
azad etmək böyük qəhrəmanlıq,
şücaət, fədakarlıq
tələb edirdi.
Bizim qəhrəman hərbçilərimiz
bu sıldırım qayalara dırmaşaraq əlbəyaxa döyüşdə
Şuşanı işğalçılardan
azad etdi. Baxmayaraq ki, işğalçılar
bizə qarşı tanklardan, toplardan atəş açırdılar.
Biz Şuşa uğrunda gedən döyüşlərdə şəhidlər
verdik. Ancaq bizi irəliyə
aparan milli ruh bu qələbəni
təmin etdi. Şuşanın azad edilməsi
faktiki olaraq Ermənistan ordusunun və Ermənistan dövlətinin çökməsi
demək idi. Çünki ondan bir gün sonra Ermənistan məcbur olub bizim şərtlərimizə
əsasən formalaşmış
kapitulyasiya aktına imza atıb və biz bir güllə atmadan Laçın, Kəlbəcər
və Ağdam rayonlarını geri qaytardıq. Təsadüfi deyil ki, Şuşanın
azad edilməsi günü – 8 Noyabr günü Azərbaycanda rəsmi dövlət bayramı elan edildi, Zəfər bayramı elan edildi və biz bu bayramı hər il qeyd
edəcəyik”.
Çox zəngin proqramla təqdim olunan “Xarıbülbül” festivalı
Azərbaycan mədəniyyəti
tarixində qızılı
hərflərlə yazılan
yeni bir səhifə oldu. Konsertdə Azərbaycanın
tanınmış ifaçıları
və xanəndələri
öz ifaları ilə dinləyənlərin
ruhunu oxşadılar.
Ölkəmizdə yaşayan etnik
xalqların təmsilçiləri
də öz musiqi töhfələri ilə festivalın proqramına rəng qatdılar. Onların musiqi yaradıcılığı
“Azərbaycan musiqisində
multikulturalizm” mövzusunda
təqdim edildi.
Prezident İlham Əliyevin konsertdən sonra jurnalistlərlə görüşüb söhbət etməsi, onlarla xatirə şəkli çəkdirməsi də diqqətəlayiq məqamdır. Ölkə rəhbəri bununla dövlət siyasətinin təbliğində, informasiya savaşında jurnalistlərin rolunu yüksək qiymətləndirdiyini, onları daim dəstəklədiyini nümayiş etdirib və onlara razılığını bildirib: “Sizə təşəkkür edirəm ki, belə çox aktual mövzuları qabardırsınız. Bir çox hallarda ölkədə gedən prosesləri mən sizdən eşidirəm, sizdən görürəm. Bu, özlüyündə artıq icra orqanlarını daha da məsuliyyətli olmağa sövq edir”.
Jurnalistlər isə Vətən müharibəsində, 44 günlük zəfər yürüşü zamanı Azərbaycan Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin misilsiz fədakar fəaliyyət göstərdiyini xüsusi vurğulayıblar. Onun həm siyasi-diplomatik, həm hərbi, həm də informasiya yönümündə çox inamlı və məhsuldar iş apardığını qeyd ediblər.
Ertəsi gün Prezident İlham Əliyev və ailə üzvləri Şuşada 250 yaşlı Yuxarı Gövhər ağa məscidində olub, Heydər Əliyev Fondu tərəfindən orada aparılan bərpa işləri ilə maraqlanıblar. Sonra qala-konsertlə başa çatan festivalı izləyiblər. Ünlü bəstəkarların əsərləri səsləndirilib, tanınmış müğənni və xanəndələr çıxış ediblər. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vaxtı ilə işğal altında olan ərazilərimiz haqqında söylədiyi “Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik, inanın ki, gedəcəyik. Şuşa Azərbaycanın gözüdür, hər bir azərbaycanlı üçün bu, iftixar mənbəyidir...” – fikirlərini və cənab İlham Əliyevin Şuşa şəhərinin 2020-ci il noyabrın 8-də işğaldan azad edildiyi gün xalqımıza müraciətində dediyi “Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük qələbədir! Şəhidlərimizin, ulu öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları! Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!” – sözlərini əks etdirən videoçarx təqdim edilib.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun torpaqlarımızı işğaldan azad etməsindən sonra ilk dəfə keçirilən “Xarıbülbül” musiqi festivalı incəsənət xadimlərinin “Azərbaycan” mahnısının birgə ifası ilə yekunlaşıb.
Hazırda isə Azərbaycanın işğaldan azad olunan ərazilərində böyük quruculuq layihələri həyata keçirilir. Əsas vəzifə bu yerləri bərpa edib əvvəlkindən də yüksək səviyyəyə çatdırmaqdır. Dövlət başçısı çıxışlarında dəfələrlə bəyan edib ki, düşmənin dağıdıb viran qoyduğu torpaqları yenidən dirçəldib gözəl Qarabağımızı cənnətə çevirəcəyik.
Davamlı şəkildə gerçəkləşən layihələr ərazilərin, inzibati, tarixi və mədəni abidələrin bərpası ilə yanaşı, əzəli torpaqlarımızda illərdir keçirilməyən mədəni tədbirlərin, ənənələrin bərpasını da əhatə edir. Beləliklə, işğaldan qurtulub azad nəfəs alan torpaqlarımız indi həm də mənəvi cəhətdən dirçəlir. Bir qərinəlik dövrdən sonra Qarabağın tacı Şuşada, Cıdır düzündə keçirilmiş “Xarıbülbül” musiqi festivalı bunun əyani təsdiqidir.
Əli NƏCƏFXANLI
Xalq qəzeti
2021.- 20 may.- S.3.