Azərbaycandakı Alban kilsələri necə “erməni kilsələri”nə çevrilmişdir?

 

Azərbaycan xalqı və onun yenilməz ordusu Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında apardığı 44 günlük Vətən müharibəsi ilə təcavüzkar Ermənistanın işğal etdiyi torpaqlarımızı geri qaytarıb, müstəqil dövlətimizin ərazi bütövlüyünü bərpa etdikdən sonra məğlub ölkədə və ona havadarlıq edən siyasi dairələrdə yeni qızışdırıcı şüarlar səslənir, saxta böhtan kampaniyaları təşkil edilir. Belə yalan və qərəzli iddialardan biri, guya, Azərbaycanın işğaldan azad edil­miş ərazilərdəki “erməni dini abidələri”ni dağıtması və onların ziyarət edilməsini əngəlləməsidir.

 

Bu iddianın əsassızlığını tarixi faktlar və bölgədə çağdaş durumun gerçəkləri sübuta yetirir. Tarixi həqiqət ondan ibarətdir ki, Qarabağın dağlıq hissəsindəki dini abidələrin əksəriyyəti buraya son 2 əsrdə köçürülmüş ermənilərə deyil, Azərbaycan xalqının əcdadları olmuş Qafqaz albanlarına məxsusdur. İndiki gerçəklik isə göstərir ki, Azərbaycan dövləti həmin ərazilərdəki bütün tarixi irs nümunələri kimi dini abidələri də himayəyə götürüb-qoruyur, hətta ermənilərin özlərinin dağıtdıqları məbədləri də təmir edib ziyarətçilərin üzünə açır.

 

Azərbaycan Prezidenti İlham Əliyev son 6 ayda işğaldan azad edilmiş ra­yon və şəhərlərə səfərlərdə olarkən, ilk növbədə, ermənilərin dağıtdıqları dini abidələrə baş çəkmiş, onların hamısının təmir və bərpa ediləcəyini bildirmişdir. Dövlət başçısı Hadrut və Xocavənd rayonlarında olarkən ən qədim yaşayış məskəni Azıx mağarasını ziyarət etmiş, erməni işğalçılarının dağıtdıqları alban və rus kilsələrinə də baxmış, işğalçıların bu məbədləri özlərininki saymadıqlarına görə dağıtdıqlarını və orada heyvan saxladıq­larını dünyaya bəyan etmişdir. Bəs onda hansı əsasla revanşist xülyalı ermənilər və onların dəmtutanları əksəriyyəti albanlara məxsus olan bu kilsələrə görə Azərbaycan dövlətinə qara yaxırlar?

 

Prezident İlham Əliyev bu günlərdə Qəbələ rayonunun Nic kəndində olarkən Qafqaz Albaniyası dövlət birliyinə daxil olmuş etnik udilərin ibadət etdiyi və son vaxtlar yüksək səviyyədə təmir edilən alban məbədlərində də oldu. Dövlət başçısı möminlərlə kilsədəki görüşündə qeyd etdi ki, udi xalqının da böyük tarixi mirası var: “ İndi həm Qəbələ rayonu ərazisində və eyni zamanda, azad edilmiş torpaqlarda siz gedib ibadət edirsiniz–həm Xudavəngdə, həm Ağoğlanda. Onların böyük hissəsi dağılmış, ya da ki, yarıda­ğılmış vəziyyətdədir. Ona görə, onları da bərpa edəcəyik. Çünki bu, böyük bir tarixi irsdir, bizim mirasımızdır. Bu günlərdə Şu­şada “Xarıbülbül” festivalında udi xalqının nümayəndələri çıxış etmişlər və orada sizdən olan nümayəndə də var idi. Bu da bir daha onu göstərir ki, Azərbaycanda bütün xalqlar bir ailə kimi yaşayır. Eyni zamanda, biz hamımız birliyimizi nümayiş etdiririk və bu kilsənin bərpa edilməsi də bizim birliyimizi təcəssüm etdirir”. Bəli, ta­rixi həqiqət və indiki gerçəklik düşmənlərin iddia etdikləri kimi deyil, məhz belədir.

 

Qədim qaynaqlar və ötənlərin yazılı mənbələri təkzibedilməz şəkildə göstərir ki, qədim tarixi, mədəniyyəti və abidələri ilə hər zaman dünya tarixçilərinin diqqətini çəkmiş Qafqaz Albaniyası xristianlığın dünyada yayıldığı ilk ölkələr sırasında­dır. Tarixi mənbələrə görə, eramızın I yüzilliyində bu ərazilərə Qüds və Suriya xristian missionerlərinin gəlişi ilk xris­tian icmalarının yaranmasına səbəb olmuşdur. Həmin mənbələrdə erməni qriqorian kilsəsindən fərqli olaraq, Alban həvari kilsəsinin yaranma tarixinin Qüds kilsəsi, bir qədər sonrakı dövrlər həmin patriarxlığa bağlılıqdan qaynaqlandığı müəyyən edilmişdir. Lakin Alban kilsələrini erməniləşdirmək cəhdləri Azərbaycanın şimal hissəsi işğal edildikdən sonra imperator I Nikolayın 11 mart 1836-cı il fərmanına əsasən, Rusiya Senatının təsdiq etdiyi 10 aprel 1836-cı il tarixli əsasnaməyə uyğun olaraq, Alban həvvari kilsəsi erməni qriqorian kilsəsinin tabeliyinə verildikdən, bununla da Alban kilsəsinin müstəqilliyinə son qoyulduqdan sonra sistemli hal almışdır.

 

Bəs necə olmuşdur ki, erməni qri­qorian kilsəsi Alban (Qafqaz) kilsəsinin ləğvinə nail ola bilmişdir? Bu sualımızı həmin mövzuda əhatəli tədqiqat apar­mış tanınmış tarixçi alim, AMEA Tarix İnstitutunun direktoru, professor Kərim Şükürov belə cavablandırdı:

 

– Mürtəce erməni dini mərkəzi Eçmiədzində meydana gələn erməni kilsə tarixi ədəbiyyatından fərqli olaraq, keçmiş İstanbul patriarxı Malaxiya Ormanian fransız dilindən rus dilinə tərcümə edilmiş kitabında (1913) Alban kilsəsi haqqında yazır ki, Xəzər Albaniyası taxtı XIX əsrin əvvəllərində ləğv olunmuşdur, yəni erməni patriarxı Alban kilsəsinin ləğvini etiraf edir. Albaniyada xristianlığın meydana gəlməsi, Alban kilsəsinin təşəkkülü, tarixinin bir sıra problemləri Qarabağ münaqişəsi başlanandan sonra tarixi zərurətlə bağlı daha geniş tədqiqat obyekti olmuşdur. Burada əsas diqqət Alban kilsəsinin son mərhələsi, yaxud onun ləğvi və ya məhv edilməsi tarixinin bəzi məsələlərinə yönəlmişdir.

 

Alban xalqı Qafqazın yerli əhalisi olub, azərbaycanlıların etnogenezisində özünəməxsus yerə malik olmuşdur. Alban dilində zəngin ədəbiyyat yaradılmış, alban tarixi-coğrafi ədəbiyyatı meydana gəlmişdir. Albanların tarixi antik dövrün ən məşhur tarixçi və coğrafiyaşünasların da diqqət mərkəzində olmuşdur. Min illik Albaniya dövləti (e.ə. IV – e. VII əsrləri) Azərbaycanın dövlətçilik tarixində dərin iz buraxmış, onun yaratdığı irs sonrakı Azərbaycan dövlətlərinin həyatında da mühüm rolunu davam etdirmişdir.

 

Dünyada ilk xristian kilsələrindən olan Alban kilsəsi (313-cü ildən dövlət dini olmuşdur) meydana gəldikdən sonra albanların və Albaniyanın həyatının ayrılmaz tərkib hissəsini təşkil etmişdir. Alban kilsəsi Albaniyada dövlətin möv­cudluğu şəraitində siyasi dəstək görmüş, cəmiyyət həyatında geniş nüfuz qazan­mışdır. K.V.Trever yazır ki, Albaniyada xristianlığı daha çox qətiyyətlə yayan çar III Vaçaqan (487–510) olmuşdur. Onun feodal iyerarxiyasına uyğun təsis etdiyi kilsə iyerarxiyası zaman keçdikcə, bəzən dünyəvi hakimiyyətin ziyanına olaraq geniş hüquqlardan istifadə etmişdi. Kilsə hakimiyyəti kilsə-inzibati vahidləri – yepar­xiyalar/yepiskopluqlar üzrə bölünmüşdü. V–VIII əsrlərdə Albaniyada 12 yepiskopluq (Qəbələ, Amaras, Şəki, Girdiman, Bərdə və b.) var idi.

 

Alban kilsəsi yarandığı vaxtdan etibarən dünya xristian aləmi ilə əlaqədə olub, onun əsas hadisələrində iştirak etmişdir. Bu əlaqələr içərisində erməni kilsəsi ilə münasibətlər daha çox diqqəti cəlb edir. Bu barədə ən etibarlı mənbə, təbii ki, Musa Kalankatuklunun “Alban tarixi” kitabıdır. Bu o dərəcədə əhəmiyyətli mənbədir ki, erməni-qriqorian kilsəsinin (Ermənilər öz kilsələrini erməni apostol kilsəsi sayırdılar. Rusiyada isə bu kilsə erməni-qriqorian kilsəsi adlandırılırdı. Bununla da onun apostol deyil, “sektant” xarakteri vurğulanırdı.) 116-cı katolikosu olmuş Simeon Yerevantsi (1763–1780) “Cambr” adlı kitabında bu məsələdən yan keçə bilməmişdir. O yazırdı ki, “Aqvanların tarixi”nin [Movses Kaqankatvatsi] bəzi yerlərində, məsələn, I cildin 10-cu fəslində, III cildin 8-ci fəslində biz görürük k, bu müəllif aqvanların ermənilərdən qədim olduğunu etiraf edir; deyir ki, erməni katoli­kosu əl qoyulmasını Aqvan katolikosundan qəbul etməlidir; Qriqoriusa qədər onlarda yeddi katolikos olmuşdur və s.

 

Bu tarixi qənaət qarşısında sarsılan erməni katolikosu ona məntiqi cavab verməkdə aciz qalaraq, əsəbi şəkildə yazırdı: “Bütün bunlar yalandır, [bu] aqvan rahiblərinin sonrakı əlavəsidir”. Bunun ardınca o, “güman ki,” – deyə sözünə haqq qazandırmağa çalışır. Bu arqument o dərəcədə əsassız görünür ki, Kalanka­tuklunun fikrinin doğruluğu bir daha təsdiq olunur. Kalankatuklu “Albaniya tarixi”nin üçüncü kitabının 8-ci fəslində yazmışdır: “Erməni katolikosluğuna seçilmə qayda­sı isə Albaniya katolikosluq kürsüsünün sərfəsi olmalıdır, çünki Albaniya kürsüsü siz ermənilərin kürsüsündən daha uca və yaşlıdır”. Kitabın bu yeri ona şərh vermək yükündən xilas olmaq məqsədilə Patkan­yanın və Smbatyanın tərcüməsinə daxil edilməmişdir.

 

Albaniya ərazisinin Ərəb xilafətinin tərkibinə daxil edilməsi (VII–IX əsrlər), İslamın yayılması və Albaniya dövlətinin ləğvi (705) erməni və gürcü kilsələrindən fərqli olaraq, Alban kilsəsi üçün mürəkkəb vəziyyət yaratmışdır. Bu şəraitdə Alban kilsəsinin konfessional fəaliyyət dairəsi ərazi baxımından məhdudlaşmışdı. Bu vəziyyətdən istifadə edən erməni qriqorian kilsəsi onu müdafiə edən xilafətin siyasi hakimiyyətindən istifadə edərək, Alban kilsəsinə qarşı təzyiqlərə başlamışdı. Bütün bunlara baxmayaraq, alban etnosu və onun kilsəsi yeni tarixi şəraitə uyğun­laşaraq, bu çətinlikləri aradan qaldırmağa çalışmışdı.

 

Ermənilərdən fərqli olaraq, alban etnosu (ayrı-ayrı emiqrasiyalara, onun hissələrinin məcburi köçürülmələrinə baxmayaraq) heç bir zaman öz ərazisini itirməmiş, VIII əsrədək bütün ölkə ərazisində, IX–XIX əsrlərdə isə tarixi Albaniyanın Arsax, Sünik, Uti və Şəki-Kambisena vilayətlərində yaşayaraq, siya­si qurumlarını yaratmağa, bərpa etməyə nail olmuşdur.

 

Sünik (X–XII əsrin 70-ci illəri) knyaz­lığının yaranması Ərəb xilafətinin dağıl­masından sonra Azərbaycanda baş verən siyasi hadisələrin, yəni dövlətlərin və ya siyasi qurumların meydana gəlməsi ilə müşahidə olunan prosesin tərkib hissəsi idi. Dini baxımdan isə fərqlər ortaya çıxmışdı. Bu dövrdən etibarən müsəlman Azərbaycan dövlətlərinin (Şirvanşah­lar, Sacilər, Salarilər, Rəvvadilər və b.) hakimiyyəti başlayır, eyni zamanda, xris­tian knyazlıqlar və məlikliklər də fəaliyyət göstərir.

 

M.Kalankatuklu Sünik kilsəsinin tarixindən bəhs edərək yazırdı: “Sünik xalqı… ölkələrinin yepiskopu olan Pyotrun vəsiyyəti ilə müqəddəs Qriqorun taxtının bərpa olunmasına qədər idarə etdiyi Sünik kilsəsinin yepiskoplarının xeyir-duası ilə Albaniyanın katolikosları tərəfindən təyin olunmalı idilər. Buna görə yepiskop Vrta­nes Sünik yepiskopluğuna Albaniyanın müqəddəs patriarxı Zəkəriyyə tərəfindən təyin olunmuşdu və bundan sonra Sünik ildən-ilə müqəddəs mərhəmi albanlardan alırdı”.

 

Arsax–Xaçın knyazlığının meyda­na gəlməsi (XII əsrin sonları–XIII əsrin əvvəlləri) Alban kilsəsinin tarixində mühüm rol oynadı. Alban Mehranilər nəslindən olan Həsən Cəlalın zamanında (1215–1261) knyazlığın mövqeyi xeyli möhkəmləndi. Həsən Cəlalın dövründə tikilən Qanzasar monastırı (1216-1238-ci illər) Alban kilsəsinin mərkəzi (1240) oldu. Bu zamandan etibarən Alban kilsəsi ətrafındakı əsas dini-siyasi məsələlər Qanzasar (alban) patriarxlığı ətrafında cərəyan etmişdir.

 

Simeon Yerevantsi “Cambr” adlı kitabında Aqvan (Alban) katolikosluğunun tarixinə, o cümlədən, Qanzasar taxtına da xüsusi yer ayırmış, hadisələrin şərhini 1760-cı illərin ortalarında dayandırmışdır. Bu missiyanın müəyyən hissəsini həmin kitabın redaktoru və ön sözünün müəllifi P.Arutyunyan davam etdirmişdir. O, ön sözdə, ənənəvi olaraq, Alban kilsəsini erməni kilsəsinin tərkib hissəsi kimi təqdim edir, Alban patriarxının erməni katolikosu tərəfindən təsdiq olunduğunu, bu qayda­nın səlcuqlar, sonra isə monqol işğalları zamanı pozulduğunu, bu dövrdə bir çox erməni feodallarının öz təbəələri ilə birgə Qarabağın keçilməz dağlarında sığınacaq axtardığını, Qarabağda möhkəmlənən erməni feodallarının Alban kilsəsində rəhbərliyi öz əllərinə almağa qərar verdi­yini və bu məqsədlə 1240-cı ildə Xaçında Aqvan patriarxlığının mərkəzi olan Qanza­sar monastırını tikdirdiyini iddia edir.

 

Bunun ardınca Qanzasar taxtının tarixi belə xülasə edilir: Qanzasar taxtı XIII əsrin 40-cı illərindən XVIII əsrin sonlarınadək Xaçın feodalları Həsən Cəlalların əlində olmuş və XVII əsrin 30-cu illərinədək, Eçmiədzinin Sünik sövməsindən olan patriarxların əlinə keçməsinədək Eçmiədzindən asılı olmayan, müstəqil siyasət aparmışdı. O zaman Qanzasar patriarxları Eçmiədzinin ilkinliyini tanımış və ona tabe olmağa hazır olduqlarını bildirmişdilər. Buna XVII əsrin sonlarında əhali arasında Qarabağda, Qanzasarın yaxınlığında “Üç yeniyetmə” monastırı­nı taxt mərkəzi elan etmiş yeni, yalançı patriarxın meydana gəlməsi ilə güclənən və daha kəskin xarakter alan həyəcanlar da köməklik etmişdi. Qanzasar və “Üç yeniyetmə” monastırı arasındakı mübarizə kilsə vergiləri, nəzirlər və s. üzündən baş vermişdir.

 

S.Yerevantsi və P.Arutyunyan ilə eyni zamanda Ormanian, Raffi və b. erməni müəlliflərinin məlumatlarını da ümumiləşdirsək, aydın olar ki, erməni kilsə ədəbiyyatı, tarix və publisistikası Alban kilsəsinin tarixini təhrif edir, onun ləğvi üzərində xüsusi dayanmır, halbuki, bu məsələ üzrə arxiv sənədləri məhz erməni-qriqorian kilsəsinin əlinə keçmişdir. Dağlıq Qarabağ ermənilərinə dair 918 səhifəlik ən son “iddialı” tədqiqatlardan birində də bu vacib məsələyə xüsusi yer ayrıl­mamışdır. Bunun da təsadüfi olmadığını müəyyən etmək o qədər də çətin deyildir.

 

– Erməni tarixçiləri Alban kilsəsinin bu dövrünün üstündən niyə sükutla keçmək istəyirlər?

 

– Əvvəla, Qanzasar taxtı meydana gəldiyi vaxtdan etibarən mürəkkəb tarixi şəraitdə fəaliyyət göstərmiş, gərgin və mürəkkəb bir yol keçmişdir. Qanzasar katolikosluğu Alban kilsəsinin tarixi-dini ənənələri əsasında meydana gəlmişdi. Bu katolikosluğun yarandığı dövrdə erməni-qriqorian kilsəsinin mərkəzi hər ikisi Kilikiyada olan Rumqalada (1147–1282), sonra isə Sisdə (1282–1441) yerləşmişdi. Bundan əlavə, həmin dövrdə erməni kilsəsi konfessiya daxilindəki dini ixtilafla məşğul idi. Digər tərəfdən, Arsax–Xaçın knyazlığından uzaqda ol­duğuna görə onun işlərinə müdaxilə edə bilməmişdi.

 

1441-ci ildə erməni kilsəsinin mərkəzinin Eçmiədzinə (Vaqarşapat) köçməsi ilə vəziyyət dəyişmişdir. Erməni kilsəsi yeni şəraitdə Azərbaycan Qara­qoyunlu (1410–1468), Ağqoyunlu (1468–1501) və Səfəvi (1501–1736) dövlətlərinin yaratdığı imkanlardan istifadə edərək iqtisadi və dini mövqelərini gücləndirməyə başlamışdır. S.Yerevantsiyə görə, nə zaman ki, erməni çarlığı kəsildi, katoli­kos taxtı Sisə köçürüldü və müqəddəs taxt tamamilə tərk edildi, onun bütün hakimiyyəti və kilsə nizamı itdi, o zaman o, malik olduğu hər şeydən məhrum oldu. Belə müsibətli vəziyyət 324 il davam etdi. Yalnız 890-cı ildə (1441) Allahın mərhəməti ilə İran hökmdarı Cahan şahın (Azərbaycan Qaraqoyunlu hökmdarı Ca­han şah, 1437–1467) hakimiyyəti zamanı müqəddəs taxt bərpa edilmişdir. Bu za­mandan müqəddəs taxt yenidən özünün əvvəlki hakimiyyətini əldə edə və köhnə nizamı bərpa edə bilmişdir. O, tədricən şah fərmanları və onların [müsəlmanların] məhkəmələrinin alqı-satqı aktları ilə öz hüququnu bərpa etmişdi, yabançı şahların hökmü ilə öz mülkiyyətinə sahiblənmişdi və yeni mülklər almışdı.

 

XV əsrdə Qanzasar taxtının tarixində dəyişiklik baş verir, burada da hakimiyyət Həsən Cəlal nəslinin nümayəndələrinə keçir. Bu zaman Eçmiədzin və həm siyasi, həm də dini hakimiyyətini möhkəmləndirmək istəyən Həsən Cəlal nəsli arasında münasibətlərin yarandı­ğı aydındır. Qanzasar 1634-cü ilədək Eçmiədzindən müstəqilliyini saxlayır və bu ildə alban katolikosları əlqoyma məsələsində rolunu saxlamaqla, Eçmiədzinin ilkinliyini tanıyır. Bu fakt müəyyən izah tələb edir. Belə ki, həmin dövrdə Eçmiədzində üstünlük uğrunda mübarizədə Sünik sövməsindən olan­lar qələbəyə nail ola bilmişdilər. Qeyd edildiyi kimi, Sünik tarixi Albaniyanın tərkib hissəsi kimi onun həm siyasi, həm də dini həyatında mühüm rol oyna­mışdır. Qanzasar taxtının məhz Sünik sövməsinin üstünlüyə nail olmasından sonra Eçmiədzinin ilkinliyini tanımasını bununla izah etmək olar. Bu zəmində Eçmiədzin ilə Qanzasar arasında yaxın­laşma dərinləşmişdir.

 

– Azərbaycan tarixçiləri bildirirlər ki, 1639-cu ildə Səfəvi–Osmanlı müharibəsinin sülh müqaviləsi ilə başa çatması, hərbi əməliyyatların aradan qalxması və Səfəvi hökmdar­larının (I Səfi (1629–1642), II Abbas (1642–1666), Sultan Hüseyn (1666–1694) və s.) ermənilərə dair rəğbətli siyasəti Eçmiədzinin hakimiyyətinin möhkəmlənməsini təmin etmişdir.

 

– Bəli, on dövrdə Eçmiədzinin Qanza­sara təsiri artır. Ayrı-ayrı alban məliklərinin siyasi nüfuz uğrunda mübarizəsi və dindarların bu vəziyyətə münasibəti Qanzasar taxtının rolu məsələsini ortaya çıxarır. Ceraberd məlikliyi ilə Xaçın məlikliyi arasında ziddiyyət güclənir. Siyasi hakimiyyətin də yaxından dəstəyi ilə XVII əsrin sonlarında Qanzasara qarşı mübarizə başlayır və 1691-ci ildə Ce­raberd məlikliyinin ərazisində olan “Üç yeniyetmə” kilsəsi ətrafında yeni patriarx­lıq meydana gəlir.

 

Yuxarıda P.Arutyundan verilən iqtibasdan aydın olur ki, o, bu hadisəni Qanzasarla “Üç yeniyetmə” arasında kilsə vergisi və nəzir üstündə mübarizə kimi qiymətləndirir. “Üç yeniyetmə”nin mey­dana gəldiyi tarixi şərait və hadisələrin sonrakı gedişi belə yanaşmanın yanlış olduğunu söyləməyə əsas verir. Burada əsas məsələ Alban kilsəsinin mövqeyinə münasibət olmuşdur. Bir az irəli gedərək qeyd etmək olar ki, Arutyunyanın “Erməni tarixi arxivi”nə istinadən yazdığına görə, patriarx İsrael Kartli-Kaxet çarı II İrakliyə (1762–1798) məktubunda Qarabağ və Gəncə ermənilərini aqvan kimi təqdim etmiş, bununla da aqvanlar və ermənilər arasındakı etnik fərqləri qeyd etmişdir.

 

Qanzasar və “Üç yeniyetmə”nin ayrılmasından sonra paralel olaraq onlara müəyyən illərdə Yeremi (1676–1700) və Simeon (1675–1701), Yesai (1702–1728) və V Nerses (170–1736), Ovanes (176–1786), İsrael (1728–1763), VI Nerses (1763) və V Simon (1794–1810), II Sərkis (1810–1815, 1815–1828-ci illərdə mitro­polit) və Baqdasar (1830–1836) rəhbərlik etmişdir. Baqdasar 1836-cı il erməni-qriqorian kilsəsi haqqında Əsasnamə ilə ləğv edildikdən sonra, erməni katolikosu Ovanes (VIII) Karbetsi (122-ci katolikos, 1831–1842) tərəfindən Eçmiədzinə dəvət edilmiş və yeparxiya rəisi təyin edilmişdir.

 

XVIII ərin əvvəllərində Səfəvi–Os­manlı ziddiyyətlərinin kəskinləşməsi, müharibə nəticəsində bir-birini zəiflətməsi məlikliklərin də fəallaşmasına səbəb ol­muşdur. I Pyotra ünvanlanan məktublarda məlikliklər alban kökündən bəhs edir. Bu dramatik dövrdə Qanzasar katolikosu olan (1702-1728) Yesai Həsən Cəlalyan “Alban ölkəsinin qısa tarixi” adlı kitab yazmışdır. Kitabı qədim erməni dilindən tərcümə edən T.İ.Qriqoryan “dini xarakterli və təsvir edilən hadisələrə birbaşa əlaqəsi olmayan hissələr” adı altında bəzi parçaları mətnə daxil etməsə də, siyasi hadisələr haqqında müəyyən təsəvvür yaratmağa imkan verir.

 

XVIII əsrin əvvəllərində erməni-qriqorian kilsəsi ilə Rusiya arasında münasibətlər dinlərarası deyil, siyasi münasibətlər xarakteri daşıyırdı. I Pyotrun 1722-ci il yürüşündən sonra onun və son­rakı Rusiya imperatorlarının ermənilərə və erməni kilsəsinə aid siyasəti hüquqi-siyasi xarakter alır. Burada bir faktı qeyd etmək yerinə düşər ki, Rusiya çarlarının ermənilərə və erməni kilsəsinə dair hüquqi sənədləri o qədər çoxsaylı olmuşdur ki, XIX əsrin 30¬40-cı illərində onlardan ibarət xüsusi toplular nəşr edilmişdir.

 

Səfəvilər dövlətinə son qoyaraq hakimiyyətə gələn Nadir şahın dövründə (1736–1747) məlikliklər müstəqilləşdirilir. Nəticədə, onlar yenidən Arsax–Xaçın knyazlığı dövründə ərazi və siyasi hakimiyyət baxımından güclənməyə nail olular. Belə bir vəziyyət məlikliklərin və onların əhalisinin etnik və konfessional şüurunun güclənməsinə təkan verir. Məhz bunun nəticəsi idi ki, Nadir şahın qətlindən sonra Qarabağ xanlığı meydana gəldikdə, məlikliklərlə əvvəlcə Pənah xan (1747–1763), sonra isə İbrahim xan (1763–1806) arasında kəskin ziddiyyətlər yarandı.

 

Qarabağ xanları ilə məlikliklər ara­sındakı mübarizə həm məlikliklərin, həm də patriarxların daxili bölünməsi ilə eyni zamanda siyasi oriyentasiyasına görə də bölünməsinə səbəb oldu. Qanzasar patriarxlığı İbrahim xanın, “Üç yeniyetmə” isə gəncəli Şahverdi xanın (1756–1761) tərəfinə keçdi. Bu dövrdə Eçmiədzin ən ağır zamanlarından birini keçirirdi. Ona görə də onun nəinki alban kilsələrinə, hətta ona tabe olan Sis və Axtamar kilsələrinə də təsir göstərə bilmirdi. 1740-cı ildə Roma taxtına tabe olan erməni katolik kilsəsinin yaradılması da Eçmiədzinin nüfuzuna ciddi zərbə vurmuşdu.

 

– Bu dövrdə Eçmiədzinlə sıx əməkdaşlıq edən Rusiya imperiya­sında albanlar, Albaniya və Alban kilsəsi barədə məlumatlar var idimi? Bölgəyə dair siyasətdə bu amil nəzərə alınırdımı?

 

– Artıq qeyd etdiyimiz kimi, I Pyotra göndərilən məktublarda alban və Al­baniyadan bəhs edilmişdi. Rusiyanın siyasətində də bu faktor nəzərə alınır­dı. Potyomkinin layihəsində İrandakı qarışıqlıqdan istifadə edərək Bakı, Dərbənd, digər torpaqları tutmaq, Gilanı birləşdirmək, ələ keçirilmiş torpaqları Alba­niya adlandırmaq göstərilirdi. Belə olduğu halda, Rusiya Alban kilsələrini də nəzərə almaya bilməzdi, lakin Qafqazdakı rus qoşunlarının baş komandanı P.Sisianov (1802–1806) tərəfindən Gəncə xanlığına qarşı 1803-cü ilin sonlarından təhdidin art­ması və 1804-cü il yanvarın əvvəllərində işğalı, 1805-ci ilin mayında isə Qarabağ xanlığı ilə Kürəkçay müqaviləsinin im­zalanması məliklərin və Alban kilsəsinin müstəqil qüvvə kimi siyasi rolunu azaltdı.

 

İrəvan xanlığına qarşı yürüşlər isə Eçmiədzinə diqqəti yenidən artırdı. Bu yürüşlərin uğursuz olması gələcəkdə İrəvan ermənilərindən daha geniş istifadə edilməsini zəruri etməyə başladı. Buna görə də Eçmiədzin ətrafında siyasət da­vam etdirildi. Tanınmış publisist V.Veliçko (1860-1904) yazırdı ki, XVIII əsrin son­larında Eçmiədzin katolikosunun ümum­xalq seçkisi prinsipinin əksinə olaraq, bu kafedraya yalnız Eçmiədzin ruhaniləri tərəfindən seçilmiş arxiyepiskop Qukas (Lukas) oturdu. Konstantinopol erməni patriarxı Zaxariya protest etdi. Qukas ona mehriban məktub yazdı, bu zaman isə Konstantinopol erməni icması türk hökumətindən Zaxariyanın vəzifəsindən götürülməsini xahiş etdi.

 

Çar dairələri Cənubi Qafqazda işğalları genişləndirib, siyasi hakimiyyət məsələsi ilə yanaşı, dini məsələlərin də öz xeyrinə həll edilməsi istiqamətində ilk addımlar atmağa başladı. 1805-ci il iyunun 30-da Qafqazdakı rus qoşunlarının baş koman­danı P.D.Sisianovun (1802–1806) adına verilən “Yelizavetpol dairəsi Müsəlman ruhanilərinin idarəsi üçün qaydalar haq­qında” fərman müsəlman şiələrin idarəsi haqqında ilk qanunvericilik sənədi oldu. 1811-ci ildə gürcü kilsəsi faktiki olaraq ləğv edildi və ekzartlığa (hərfən xarici hakimiyyət, VI əsrin sonuVII əsrlərdə Bizansda metropoliyadan kənarda olan inzibati-ərazi vahidi) çevrildi.

 

Erməni kilsəsi və xalqının mənafeyi isə bu proseslərdə ardıcıl şəkildə gözlənildi. Çar I Aleksandr 1809-cu il sentyabrın 30-da erməni patriarxı Yefremə, bütün məliklərə, yüzbaşı və idarəçilərə və bütün erməni xalqına ali fərman imza­ladı. 1802-ci ildən keçən az bir zaman ərzində yenidən bu məsələyə qayıdılması Rusiyanın ona ciddi önəm verməsinin və siyasi xəttinin reallığa uyğunlaşdırılma­sının göstəricisi idi. 1813-cü ildə erməni xalqının adına verilən fərman ilə bu addım yenidən möhkəmləndirildi. Beləliklə, Rusiyanın məliklərə, dolayısı ilə Alban kilsəsinə münasibəti hüquqi cəhətdən müəyyən edilmiş oldu, yəni onların inkar edilməsi üstünlük qazandı.

 

– Görünür, Alban taxtları yeni yaranmış bu situasiyanı kifayət qədər qiymətləndirə bilməmiş və əvvəlki kimi hərəkət etməkdə davam etmişdi.

 

– Bu hadisələr patriarx Yefremin Qarabağ erməni ruhanilərinə və xalqına müraciətində (müraciətin tarixi 1815-ci il 18 dekabr göstərilir, lakin qeyddə göstərilir ki, erməni dilindən köhnə tərcümə olub, 17-ci Yeger polkunun podpolkovniki Parf­yonovun general Rtişşevə 1815-ci il 31 yanvar raportuna əlavə edilmişdir) bildirilir ki, “arxiyepiskop Sərkis göstəriş olmadan özbaşına yerli diyara getmiş, Ümumru­siya İmperatorunun Şahanə hökmünün və mənim yüksək patriarx hakimiyyətimin əksinə olaraq, patriarx kimi qırmızı möhürdən istifadə etmişdir.

 

Daha sonra Qafqazdakı rus qo­şunlarının baş komandanı Rtişşev (1813–1816) çar fərmanından irəli gələn vəzifələri qəti şəkildə həyata keçirməyə başlamışdır. 1826–1828-ci illər Rusiya–İran müharibəsində, xüsusilə İrəvanın alınmasında ermənilər və Eçmiədzin ruslara böyük köməklik göstərdi. 1827-ci ilin oktyabrında İrəvanın işğalı ilə Eçmiədzin Rusiyanın ərazisinə qatıldı. 1828-ci Türkmənçay müqaviləsindən sonra ermənilərin kütləvi şəkildə Şima­li Azərbaycan torpaqlarına, xüsusilə Qarabağa köçürülməsi başladı. 1828-ci ilin martında çar I Nikolayın fərmanı ilə Erməni vilayəti yaradıldı.

 

Kilsənin nümayəndəsi Nerses Aştaraketsi (sonralar 123-cü katolikos, 1842–1857) vilayət idarəsinə daxil edildi. 1828–1829-cu il Rus-Türk müharibəsində qələbə və Ədirnə müqaviləsinin bağ­lanması da Rusiyanın mövqeyini gücləndirdi. Rusiya hökuməti Osmanlı ermənilərinin yeni işğal edilmiş torpaqlara köçürülməsi ilə birgə, gələcəkdə Osmanlı ermənilərindən də siyasi məqsədləri üçün istifadə planını gündəliyə gətirdi. Belə bir şəraitdə erməni-qriqorian kilsəsinin imperiyadakı yerinin müəyyənləşdirilməsi istiqamətində addımlar atılmağa və Əsasnamə hazırlanması üçün tədbirlər görülməyə başlandı.

 

Alban kilsəsinin hüquqi baxımdan ləğvi və sonrakı taleyi erməni qriqori­an kilsəsi haqqında 1836-cı il 11 mart Əsasnaməsi ilə bağlı olmuşdur. Bundan əlavə, Azərbaycan gerçəkliyi ilə bağlı bir sıra məsələlər də bu əsasnamədə əksini tapmış və təhrif edilmişdir. Ona görə də bu əsasnamənin qəbulu, əsas müddəaları və həyata keçirilməsi Azərbaycan tarixi üçün də vacibdir, halbuki bu məsələlər indiyədək diqqətdən kənarda qalmışdır.

 

– Əgər, doğrudan da, Qanzasar taxtı erməni kilsəsinin tərkib hissəsi idisə, nə üçün əsasnamədə, bütövlükdə ol­duğu kimi, tarixə istinad edilərək onun adı saxlanmadı? Erməni kilsəsi bu vəziyyətə etiraz etmişdimi?

 

– Yuxarıda qeyd etdiyimiz kimi, əsasnamə ermənlərin iştirakı ilə hazırlan­mış, onun yeparxial strukturu bilavasitə onlar tərəfindən təşkil edildiyindən (Rusiya məmurlarını əsasən kilsənin siyasi rolu maraqlandırırdı), bunların heç biri olmadı. 1836-cı il Əsasnaməsi ilə erməni-qriqorian kilsəsi nəinki ənənəvi mövqeyinin saxlan­dı, eyni zamanda Alban kilsəsinin ləğvi ilə onun irsi və mülkiyyətinin (Qanzasar taxtının mülkiyyəti haqqında Raffidə müəyyən məlumatlar vardır) ona verilməsi ilə vəziyyəti daha da yaxşılaşdırıldı və real olaraq hakim rus pravoslav kilsəsinə yaxın bir səviyyəsi təsbit olundu. Əsasnamənin qəbulundan sonra real vəziyyətin ona uyğunlaşdırılması həyata keçirilməyə başladı.

 

Eçmiədzinin Rusiya imperiyası üçün apogeyi çar I Nikolayın Qafqaza 1837-ci il gəlişi zamanı ora baş çəkilməsinin səfər proqramına daxil edilməsi oldu. Bununla Eçmiədzinin çar hakimiyyətinin himayəsində və dəstəyində olduğu bir daha təsdiq edildi. Nəhayət, erməni-qriqorian kilsəsinin Azərbaycana qarşı di­ni-siyasi fəaliyyətinin böyük bir mərhələsi başa çatdı, yeni dövrün əsas istiqaməti İslama və Azərbaycan xalqına qarşı ərazi iddialarına və etnik təmizləməyə yönəldi.

 

Tarixçi alimin mötəbər sənəd və faktlara əsaslanan tədqiqatında əksini tapmış həqiqətlərdən göründüyü kimi, erməni katolikosluğu çar hakimiyyəti ilə birlikdə Azərbaycanın Alban kilsəsi kimi irsini ondan qoparmaqla, ölkənin tarixi­nin mühüm dövrlərini faktiki olaraq qəsb etmiş və özününküləşdirməyə çalışmışdır. Ermənilərin “Alban kilsəsi məbədlərini özününküləşdirməsi” prosesi məhz bu ədalətsizliyin və saxtakarlığın davamı olmuşdur. Qoy Qarabağda heç zaman mövcud olmamış “erməni kilsələri”nin taleyinə ağlayanlar bu həqiqətlərlə lazımi qədər tanış olsunlar!

 

 

 

Söhbəti hazırladı:

 

Tahir AYDINOĞLU

 

Xalq qəzeti  2021.- 20 may.- S.8.