Sündü: Əsrlərin
o tayından boylanan tarix
Gəl gəzək
Azərbaycanı!
Doğma Azərbaycanımızın
hər yanı gözəldir, əlvandır, zəngindir.
Özü də bu gözəlliklərin, zənginliklərin
qoynunda dünyaya göz açdığımızdan, hər
gün, hər an onunla təmasda olduğumuzdan çox zaman
bu diyarın dəyəri, qiyməti və nəhayət, təkrarsızlığı
barədə heç düşünməmişik də. Tariximizin
ötən yüzilliklərini, bəlkə də minilliklərini
beləcə yaşamışıq. İndi dövran
başqadır. Dünya da, zaman da, münasibətlər də
dəyişib. Dövlətimizin dövlətlər cərgəsində,
millətimizin millətlər sırasında öz yeri, öz
sözü var indi. Bu gün Azərbaycan dünya siyasətində
də özünəməxsus sözü və çəkisi
olan subyektlərdən biridir. Azərbaycanın neftinə,
pambığına, narına, fındığına,
tütününə, meyvəsinə, tərəvəzinə
və digər sərvətlərinə dünya böyük
maraq göstərir. Antik və orta əsrlər dövründə
olduğu kimi, bu gün də dünyanın müxtəlif
nöqtələrini birləşdirən çox
mühüm beynəlxalq ticarət yolları Azərbaycanda
qovuşur, Azərbaycandan şaxələnir. Bütün
bunlar isə Azərbaycanın həm də çox
mühüm turizm potensialından xəbər verir. Başqa
sözlə, indi artıq Azərbaycanın pambığı,
ipəyi, nefti ilə yanaşı, onun tarixi, təbiəti,
turizm və istirahət üçün olan potensialı da mədəni
dünyanın diqqətini cəlb etməkdədir.
Gəlin etiraf edək ki, biz
özümüz doğma Azərbaycanımızı, onun
ayrı-ayrı bölgələrini, gəzməli-görməli
yerlərini hələ də kifayət qədər
yaxşı tanımırıq, bu potensialdan yetərincə
bəhrələnmək barədə az
düşünürük. Onilliklər boyu məzuniyyətimizi,
ezamiyyətimizi və istirahətimizi daha çox Soçi,
Kislovodsk, Qərbi Ukrayna, Moskva ətrafı və başqa yerlərdə
keçirməyə üstünlük vermişik.
Çoxumuz Qaxı, Zaqatalanı görməmişik. Ulu
diyarımız Naxçıvanda, Qarabağda, lap elə
Azıxda, Şuşada, Laçında olmamışıq,
Göygöl və Maralgölün seyrinə dalmamışıq,
əfsanəvi Xudafərini görməmişik, Kəlbəcərin
şəfalı sularından içməmişik. Amma
inanın, bu yerləri, bütövlükdə doğma Azərbaycanımızı
qarış-qarış gəzməyə, həm də təkrar-təkrar
getməyə, görməyə dəyər.
Qobustan: Azərbaycan
tarixinin vizit kartı
Belə gəzməli, görməli
rayonlarımızdan biri də Qobustan rayonudur. İlk
tanışlıqda yayı Afrikanı, qışı Sibiri
xatırladan Qobustan. Ölkəmizin əsas taxıl
anbarlarından biri hesab edilən Qobustan rayonu. Payız və
yaz ayları yağmur olanda Qobustanın taxılını
yığıb-yığışdırmaq olmur. Vay o günə
ki, il quraq keçə... Amma son illər şərait xeyli dəyişib,
Qobustan camaatının göylərin mərhəmətindən
asılılığı xeyli azalıb. İndi Qobustan şəhərinin
məhəllə, küçə və həyətlərində
su az qala fəvvarə vurur. Günəş panelləri və
küləklə hərəkətdə olan qurğular vasitəsi
ilə enerji istehsal edilir. Hansı ki, o enerji ilə bu gün
bütövlükdə Qobustan rayonunun enerjiyə olan tələbatını
tam ödəmək mümkündür.
Qobustan Azərbaycan tarixinin bir
növ vizit kartıdır. Yəni, Qobustan tarix-bədii
qoruğu kimi elə Qobustan rayonunun ərazisi də tariximizin
vizit kartı olmağa layiq bir qədim məkandır.
Görünür, 1990-cı ildə Azərbaycan SSR Ali
Sovetinin qərarı ilə yeni yaradılan bu rayona Qobustan
adının verilməsi heç də təsadüfü
olmamışdır.
Şimaldan cənuba doğru 80, şərqdən
qərbə doğru 100 kilometr uzanan Qobustan rayonu tarixi abidə
və yerlərlə olduqca zəngindir. Bu yazıda onlardan
yalnız bəzilərinin adını çəkməklə
kifayətlənirik. Xatırladaq ki, 1920-1930-cu illərdə
ayrıca rayon olan Mərəzə 1930-1943-cü illərdə
Şamaxı rayonu ilə birləşdirilib, 1943-1960-cı illərdə
yenidən müstəqil rayona çevrilib. 1402-ci ildə
Şirvanşah Şeyx İbrahimin əmri əsasında tikilən,
Orta əsr mənbələrində tez-tez adıçəkilən,
avropalı səyyahlardan olan Adam Oleari, Kornelius Devrin, Övliyə
Çələbi və qeyriləri tərəfindən
haqqında bəhs olunan Diri Baba türbəsi, Sündü və
Söyünlünün rəvayət dolu mağara labirintləri,
Tunc dövrünə aid Qədirtəpə kurqanı,
çoxsaylı pirləri və müqəddəs yerləri,
dağlıq və aran Şirvanı əslər boyu mədən
daşı ilə təmin edən zəngin yataqları
Qobustan rayonunu hər kəs üçün maraqlı edə
biləcək ünvanlardır. Bu ünvanlar içərisində
isə Sündü kəndinin adını xüsusi olaraq qeyd
etməyə dəyər.
Sündü Qobustan rayon mərkəzindən
16 kilometr şimal-qərbdə, başdan-başa əkin sahələrindən
ibarət münbit yaylalar qoynunda yerləşən və qədim
tarixi olan bir kənddir. Ətrafdakı sıldırım
yamaclı təpələr, nadir şəlalə və
bulaqlar, yaşıl örtüklü dərin yarğanlar bu kəndin
ecazkar təbiətinin yalnız bəzi cizgiləridir.
Sündünün
Orta əsr şəhərlərinə xas olan özəllikləri
Yerli əhalinin yaddaşında
Sündü toponiminin müxtəlif yozumları
yaşamaqdadır. Bəziləri onun “xunlu”, “hünlü” və
“sünlü” tayfasının adından
götürüldüyünü, bir başqaları isə
Sündü adının düşmənin bu yerdəki
döyüşlərdə “sındığı”nın əlaməti
olduğunu düşünür. Fikrimizcə, bu yozumlardan
heç birini elmi cəhətdən əsaslandırmaq
baxımından yetərli arqumentlər yoxdur. Yəni,
Sündü tarix boyu şahidi olduğu bütün qalibiyyət
və məğlubiyyətlərdən öncə də bu
yerdə yaşayış məntəqəsi olub.
“Sündü” toponiminin Azərbaycan dilindəki “sinə”,
“döş”, “yamac” və tat dilində kənd mənası
ifadə edən “di” sözlərinin birləşməsindən
əmələ gəldiyini və “sinədə”, “döşdə”,
“yamacda” olan kənd mənası ifadə etdiyini
düşünənlər də az deyil.
Yazın yenicə gəlməsinə,
havaların hələ ki, yetərincə isinməməsinə
baxmayaraq, artıq oradakı Qırxbulağın,
Söyüdlü bulağın, Təndirnohur və
Söyüdlü şəlalələrinin ətrafı demək
olar ki, hər gün turistlərlə dolu olur. Qonaq-qaranın
çox olmasınının bir səbəbi də
yolların rahatlığı və məsafənin digər
yerlərlə müqayisədə Bakıya yaxın olmasıdır.
Buranın kəklikotusu, zirinci, sayı-hesabı bilinməyən
dərman bitkiləri min bir dərdə əlacdır.
Sündü 32 bulağı, 36 qəbiristanı, 2 kəhrizi,
2 dəyirmanı, 100 yaşlı məktəbi, 920-ci ilə
aid məscidi olan böyük və abad bir kənddir. Bir
sıra əlamətləri baxımından Sündüdə
orta əsr şəhər mədəniyyəti
çalarları çox qabarıq şəkildə hiss
olunmaqdadır. Bütün bunlar təsadüfdürmü?!
Müxtəlif vaxtlarda və müxtəlif şəraitdə
kəndin ərazisi və ətrafından tapılan bir
çox maddi mədəniyyət qalıqları hələ
Tunc dövründən başlayaraq orada həyat olduğundan
xəbər verir. Xatırladaq ki, ötən əsrin 70-ci illərində
görkəmli arxeoloq Fazil Osmanov tərəfindən
Sündü və ətraf ərazidə ilkin kəşfiyyat
axtarışları aparılıb. Nəticədə, Orta əsrlərə,
Antik və Tunc dövrlərinə aid yerüstü
qalıqlar və on dörd kurqan olduğu müəyyən
edilib. 2020-ci ildə kənd məktəbi üçün
bünövrə yeri qazılarkən son Antik dövrünə
aid xeyli sayda keramika nümunələri üzə
çıxıb.
Sündünün
hər daşı,hər qarış torpağı da tarixdir
Bir sözlə, Sündüdə, az
qala, hər daş, hər qarış torpaq bir tarixdir. Burda
sasani hücumlarının da, xəzər-hun
basqınlarının da, ölkədaxili feodal müharibələrinin
də izlərini görmək mümkündür. Bu o deməkdir
ki, digər yaşayış məntəqələri kimi,
Sündü də davamlı olaraq tikilib qurulmaqla
yanaşı, həm də zaman-zaman dağıntı və
tənəzzüllə üzləşməli olub.
Sündüyə və
sündülülərə ən ağır zərbə isə
1918-ci ilin aprel qırğınları zamanı dəyib. Erməni-daşnak
qüvvələri kənddəki 433 evdən 198-ni
yandırıb, qaçaraq canını qurtarmağa fürsət
tapmayan 295 nəfəri qətlə yetiriblər. Əhalinin
bir hissəsi ermənilər kəndi tərk edənədək
yaxınlıqdakı mağaralarda gizlənib.
Sündünü tərk edərək Kürdəmirə, Gəncəyə
qaçan sakinlər isə yalnız Qafqaz İslam Ordusu
Bakıya daxil olandan sonra doğma kəndə dönüb.
Sündüdə Antik və Tunc
dövrlərinə aid qalıqlar torpağın
altındadırsa, Orta əsrlərə aid maddi mədəniyyət
nümunələrinin böyük bir qismi yer üstündə,
necə deyərlər, göz qabağındadır. Kəndin
demək olar ki, əksər ərazilərində
müşahidə olunan fərqli-fərqli dəfn adətlərindən
xəbər verən çoxsaylı qəbirlər,
onların üzərinə qoyulmuş nəhəng və rəngarəng
formalı sənduqə-örtüklər, yerli sakinlərin ərəb-xəzər
müharibələrinin qurbanlarının dəfn olunduğu
ehtimal etdikləri “Yuxarı şəhidlər” və “Aşağı
şəhidlər” qəbiristanları, yerüstü əlamətləri
aydın sezilən neçə-neçə sərdabə
qalıqları, hamam və kəhrizlər buna misal ola bilər.
Sündüdə kimi dindirsən “Qəhlə” və “Bulu Qəhlə”nin
qədim tarixindən xəbər verən neçə-neçə
rəvayət söyləyər. Sündü mağaraları
barədə də eyni sözləri demək olar.
Maraqlıdır ki, ayrı-ayrı informasiya portallarında həm
Sündü, həm də Nərimankənd
mağaralarının orta əsrlərə aid olduğuna dair
elmi həqiqəti əks etdirməyən qeyri-dəqiq
informasiyalar tirajlanaraq yayılmaqdadır.
Kəndin mərkəzi meydanı olan
Qoşabulaq kompleksi (Şamaxı qəzası Qəbiristan
dairəsinin pristavı F.A.Deminskinin 1895-ci ilə dair qeydlərində
Qoşabulağın sutka ərzində 50 min vedrə su verdiyi
bildirilir), daş döşənmiş darısqal
küçələri, nə vaxtsa orta əsr tikintilərindən
sökülərək yeni binaların divarlarında istifadə
olunmuş xüsusi kəsmə daşlar da Sündünün
əsrlərin o tayından boylanan tarixinin nişanələridir.
Xatırladaq ki, bütün bunlar kompleks halında
götürüldükdə kənd və kənd tipli
yaşayış məntəqələrindən daha çox
şəhər və ya şəhər tipli
yaşayış məntəqələrinə xas olan
atributlardır. Bu isə Sündünün tarixi mənbələrdə
adı çəkilən, lakin bu günədək yeri bəlli
olmayan Azərbaycan şəhərlərindən biri
olduğu ehtimalı üzərində düşünməyə
əsas verir.
Sədun şəhəri
haradadır?!
Mütəxəssislər
yaxşı bilirlər ki, öyrənilməmiş qalan hər
bir abidə tariximizin hələ ki yazılmamış səhifəsidir.
Yəni, abidələrimiz tədqiq olunduqca, tariximiz həm zənginləşir,
həm də dürüstləşir. Bu minvalla da tariximizin
qaranlıq nöqtələrinə işıq
düşür, müəmmalı məqamlara aydınlıq
gətirilir. Məsələn, yaxın keçmişədək
çox məşhur tarixi şəhərlərimiz olan Qəbələ,
Mehrəvan, Şabran, Beyləqan və orta əsr Ağsu
şəhərlərinin yeri elm aləminə bəlli deyildi.
Lakin arxeoloji tədqiqatlardan sonra bütün qaranlıqlara
aydınlıq gətirildi. Amma bu istiqamətdə
görüləsi işlər də hələ olduqca
çoxdur. Qədim və orta əsrlərin yazılı
qaynaqlarında adıçəkilən onlarca şəhər
və şəhər tipli yaşayış məntəqəsinin
harada olduğu hələ ki, heç kəsə məlum
deyil. Yaxud da Azərbaycan ərazisində yerüstü əlamətlərindən
şəhər və ya şəhər tipli
yaşayış yeri olduğu şübhə doğurmayan
onlarca abidəmiz vardır ki, onların nə adını, nə
tarixini, nə də tariximizdəki yerini bilmirik. Belə şəhərlərimizdən
biri də orta əsr mənbələrində adı tez-tez
xatırlanan Sədun şəhəridir.
Xatırladaq ki, Sədunun adı ilk dəfə
XII əsr müəllifi Fələki Şirvaninin qəsidələrindən
birində çəkilir:
Qoy mən kafir olum, əgər
dünya padişahlarından biri
haçansa Girdman və Səduna bənzər
şəhər tikmişsə.
1108-ci ildə Şamaxıda dünyaya
göz açan, yarıməsrlik ömrünü tam olaraq
Şamaxıda yaşayıb yaradan və elə orada da vəfat
edən Fələki Şirvaninin bu beytindən də
göründüyü kimi, Sədun məhz Şirvan şəhərlərindən
biri olub. Fələki Şirvani bir müddət
Şirvanşahlar sarayında yaşayıb və Şirvanşah
III Mənucöhrün şərəfinə mədhiyyələr
də yazıb. Görünür, yuxarıda təqdim olunan
beytdə təriflənən padişah da məhz elə III Mənuçöhrdür.
Deməli, Sədun şəhərinin tikilməsi, yəni, əsasının
qoyulması yox, məhz tikilməsi Şirvanşah III Mənuçöhrün
adı ilə bağlıdır. Yəni, Sədun bir
yaşayış məntəqəsi olaraq daha əvvəldən
mövcud olub və III Mənuçöhr sadəcə onu
tikib, qurub, abadlaşdırıb. Maraqlıdır ki, XII əsrdə
Fələki Şirvani ilə eyni dövrdə
yaşamış olan Xaqani Şirvani də öz divanında
Sədunun adını çəkib. Həm Xaqani, həm də
Fələki Şirvaninin əsərlərində Sədunun
Şirvanşah III Mənuçöhür (1098-1160) tərəfindən
tikildiyi və orada suvarma şəbəkələri inşa
olunduğu geniş vəsf olunub.
Görkəmli tədqiqatçı
V.F.Minorskinin yazdığına görə, “Tarix-i əl-Bab” əsərində
də Sədunun adı çəkilir və “Səbəranın
(Şabran şəhəri nəzərdə tutulur)
yaxınlığında” lokalizə edilir. Orada bildirilir ki,
Arran hökmdarı Şavur üçüncü dəfə
Şirvana yürüş edərək Sədun kəndində
dayandı, əkinləri və ətrafdakı
yaşayış məntəqələrini yandırdı.
Xanıkovun B.A.Dorna yazmış olduğu 1858-ci il tarixi “Asiya
qeydləri” toplusunda da Sədunun Şabran şəhəri
xarabalıqları yaxınlığında olduğu
bildirilir. Xanıkov yazırdı: “Sədun, indiki Siadan,
Qübbə rayonunda, Şabranın xarabalıqlarının
yaxınlığında şəhərdir”. Şirvan
tarixinin görkəmli tədqiqatçısı professor Sara
Aşurbəyli isə Sədunun Xəzər dənizi və
Ataçay çayı arasında, indiki Siyəzən şəhəri
yaxınlığında olduğunu ehtimal edib.
Sündü Sədun
ola bilərmi?!
Sədunun tarixi və yerinin lokalizəsi
barədə yuxarıda sadalanan məlumatları ümumiləşdirərək
aşağıdakı nəticələrə gəlmək
olar:
1. Orta əsr mənbələrində adıçəkilən və bu günədək dəqiq yeri elmə bəlli olmayan Azərbaycan şəhəri Sədun XII əsrdə Şirvanşah III Mənuçöhr (ona Böyük Mənuçöhr də deyirdilər) tərəfindən “tikilmişdir”. “Tikilmişdir” ifadəsini ona görə xüsusi bildiririk ki, ona qədər də həmin yerdə iri kənd tipli yaşayış məntəqəsi olub. Ola bilsin ki, elə həmin yaşayış məntəqəsinin də adı Sədun olub. III Mənuçöhrün hakimiyyəti dövründə isə orada geniş miqyaslı tikinti, quruculuq və abadlıq işləri görülüb.
2. Sədunun yerinin lokalizəsi ilə bağlı məlumatlardan da göründüyü kimi, bütün müəlliflər onu Şirvanın şimali-şərq bölgəsində, Bərmək mahalı ərazisində, Şabran şəhərinin xarabalıqları yaxınlığında, Beşbarmaq və indiki Siyəzən şəhəri istiqamətində olduğunu ehtimal edirlər. Lakin həmin müəlliflərdən heç biri konkret ərazi və yer adı çəkmir. Bu da Sədun şəhərinin yeri ilə bağlı məlumatların hələ ki, qeyri-müəyyənliyindən xəbər verir. Bu qeyri-müəyyənlik hər şeydən öncə ondan irəli gəlib ki, ehtimal olunan hüdudlar daxilində, ən azı, Səduna bənzər şəhər yeri qalıqlarının və uyğun toponimin məlum olmamasıdır. Yəni, necə ola bilər ki, ondan çox-çox əvvəlki tarixi dövrdən mövcud olmuş Şabranın izləri bu günədək qaldığı halda Sədundan heç bir nişanə qalmasın?! Bu, Sədun şəhərinin konkret olaraq harada olduğunu axtarmaqda davam etməyin zəruriliyi deməkdir. Elə isə adı mənbələrdə tez-tez xatırlanan, Xaqani və Fələki Şirvani kimi dühalar tərəfindən şəninə təriflər yazılan orta əsr Azərbaycan şəhəri Sədun haradadır?!
Apardığımız müşahidə, araşdırma, təhlil və müqayisələrin məntiqi yekunu olaraq Qobustan rayonunun Sündü kəndinin Sədun şəhərinin qalıqları olduğu ehtimalı üzərində düşünməyə əsas verir. Sual oluna bilər, nə üçün məhz Sündü? Birincisi, artıq yuxarıda qeyd edildiyi kimi Sədunun indiyədək ehtimal olunduğu yerlərdə hansısa şəhər tipli yaşayış məskəninin və uyğun toponimin mövcudluğu bəlli deyil. İkincisi, Sündü ayrı-ayrı tədqiqatçılar tərəfindən Sədunun lokalizə edildiyi ərazinin qonşuluğunda yerləşir. Yəni, Sündü ilə Sədunun indiyədək demək olar ki, bütün müəlliflər tərəfindən lokalizə edilmiş olduğu Bərmək mahalı coğrafi baxımdan da əslində bir-birinə çox yaxın, daha doğrusu, bitişik ərazilərdir. Bu mənada Sündünün Sədun olduğuna dair ehtimal əslində indiyədək elmi dövriyyədə olan ehtimallara da çox yaxındır. Əlbəttə, arxasında çox ciddi elmi dəlillərin durduğu bu ehtimalın özü də hələ ki, daha çox məntiqi əsaslara söykənir. Yəni, bu ehtimalın doğru olub-olmadığı gələcək elmi axtarışların nəticəsindən asılı olacaqdır.
Qafar CƏBIYEV,
tarix elmləri
doktoru, professor,
Azərbaycan
Respublikasının Əməkdar journalist
Xalq qəzeti
2021.- 22 may.- S.12.