Azərbaycan dünyanın azsaylı kosmik
ölkələrindəndir
Müsahibimiz “Azərkosmos”un
sədr müavini Dunay Bədirxanovdur
- Prezident
İlham Əliyevin 27 aprel 2021-ci il tarixində
imzaladığı sərəncamla “Azərkosmos”
Açıq Səhmdar Cəmiyyətinin əsasında Azərbaycan
Respublikasının Nəqliyyat, Rabitə və Yüksək
Texnologiyalar Nazirliyinin tabeliyində “Azərbaycan
Respublikasının Kosmik Agentliyi (Azərkosmos)” publik
hüquqi şəxs yaradıldı. Bundan sonra “Azərkosmos”un
fəaliyyəti hansı istiqamətdə olacaq?
- Qeyd edək ki, “Azərkosmos” 10 ildir ki, fəaliyyət göstərir və bu illər ərzində şirkətin əsas fəaliyyət istiqaməti kommersiya xidmətlərinin həyata keçirilməsi ilə yanaşı, ölkə üçün dövlət və ictimai əhəmiyyət kəsb edən işlər olub.
“Azərkosmos” Agentlik funksiyası
ilə yeni mərhələyə qədəm qoyur. “Azərkosmos”
ASC-nin Azərbaycan Respublikasının Kosmik Agentliyinə
çevrilməsi və Azərbaycan Respublikasının Nəqliyyat,
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində
fəaliyyət göstərməsi dünyada gedən sürətli
texnoloji tərəqqidən ölkəmizin daha çox
faydalanması və ölkəmizdə kosmik fəaliyyət
sahəsində idarəetmənin təkmilləşdirilməsinə
xidmət edəcək.
Eyni zamanda, bu qərar dövlət
və ictimai əhəmiyyət daşıyan funksiyaların
daha effektiv həyata keçirilməsi, ölkəmizin beynəlxalq
kosmik layihələrdə iştirakı və beynəlxalq təşkilatlar,
xarici dövlətlərin aidiyyəti dövlət və
özəl qurumları ilə əməkdaşlığına
yeni təkan verəcək. Bununla yanaşı, kosmik sahədə
elmi tədqiqatların aparılması, yerli kadrların
hazırlanması, kosmik sənaye quruculuğu işlərində
agentliyin funksiyalarına və fəaliyyətinə yeni nəfəs
gətirəcək. Bir sözlə, kosmik sahədə ölkəmiz
adından görülən işlər daha sistemli və
struktur formada agentlik tərəfindən tam məsuliyyəti
ilə icra olunacaq. Bildiyiniz kimi, 2023-cü ildə ölkəmiz
kosmik sahənin əsas tədbirlərindən biri olan Beynəlxalq
Astronavtika Konqresinə ev sahibliyi edəcək. Bu, konqreslə
bağlı irəli gələn zəruri işlərin
icrasında, habelə tədbirin yüksək səviyyədə
keçirilməsi üçün əsas rol oynayacaq.
– İndi orbitdəki
peyklərimiz hansı funksiyaları yerinə yetirir?
– Ölkəmiz sahib olduğu
“Azerspace-1” və “Azerspace-2” telekommunikasiya, “Azersky” optik
müşahidə peykləri ilə kosmik ölkələr
sırasında özünəməxsus yer tutur. Azərbaycanın
sahib olduğu və idarə etdiyi hər üç peyk, ilk
növbədə, milli dövlətçiliyə xidmət
edir. “Azerspace-1” və “Azerspace-2” peyklərinə sahib olma
telekommunikasiya sahəsində digər ölkələrdən
asılılığı aradan qaldırır və
yerüstü infrastrukturdan kənar peyk rabitə xidmətləri
təqdim edir. Azərbaycanın televiziya kanalları fasiləsiz
olaraq peyklərimiz vasitəsilə dünyaya maneəsiz
çatdırılır. Telekommunikasiya peykləri ilə
yanaşı, “Azersky” peyki də ölkə həqiqətlərinin
dünya ictimaiyyətinə çatdırılması
üçün geniş imkanlara malikdir. Məhz “Azersky”ın
sayəsində vaxtilə işğal altında olan
torpaqlarımızda düşmənin bütün fəaliyyəti
nəzarətdə saxlanılırdı. Hazırda da azad
olunmuş rayonlarımıza qayıdış planına əsasən
peyk resursları vasitəsilə ərazilərin infrastruktur və
relyef faktorlarına uyğun onların xüsusiyyətləri
təhlil edilir.
– Peykin
ömrü necə hesablanır?
– Peyklərin ömrü onun
komponentlərinin sazlığından və yanacaq kimi tükənən
resurs ehtiyatından asılıdır. Peykin növündən
və missiyasından asılı olaraq, ən tez tükənən
və ya sıradan çıxan resurs fərqli ola bilər. Həmin
resurs peykin ömrünü təyin edir. “Azərkosmos”a məxsus
iki geostasionar peykin, “Azerspace-1” və “Azerspace-2”nin ömrü
peykə yüklənmiş yanacağa əsasən
hesablanır. Yanacaq istifadə olunduqca peykin ömrü
azalır. Mütəmadi hesablamalar apararaq peykin öz orbitindən
kənarlaşdırılacağı tarixi proqnozlaşdırmaq
və planlamaq mümkündür. “Azersky” peykində isə
kameradan istifadə olunduğu üçün peykin
ömrü kameranın keyfiyyətinin aşağı
düşməsinə, yəni optik avadanlıqda gedən
deqradasiya effektinə əsasən müəyyən edilir.
– Peykdə
yaranan problemlərin qarşısı necə alınır? Və
ya həmin problemlərin ola biləcəyi nəzərə
alınaraq nə kimi tədbirlər görülür?
– Peyklərimizin xidmətinin dayanıqlığını təmin etmək məqsədilə, ilk növbədə “Azərkosmos”un peyk əməliyyatları mərkəzində peykin sazlığına gecə-gündüz nəzarət olunur. Xüsusi təlim almış peyk operatorlarımız tərəfindən peykin göyərtə kompüterindən yerüstü stansiyaya göndərilən müvafiq məlumatlar, bu məlumatları avtomatik yoxlayan yerüstü proqram təminatı, həyəcan siqnalları və mərkəzdəki terminalların və ümumilikdə, bu prosesin effektiv icrası təmin olunur. Bəzi problemlər avtomatik, digərləri isə peyk mühəndisləri və operatorları tərəfindən peykə göndərilən distant əmrlərin köməyi ilə həll edilir. Yarana biləcək problemləri proqnozlaşdırmaq üçün peykin avadanlığından asılı olaraq gündəlik, aylıq və ya illik əsaslarla peyk operatorları və mühəndislər tərəfindən peykin sazlığı barədə məlumatların təhlili yerinə yetirilir. Peyk layihələndirilən zaman əvvəlcədən bütün problemlər mümkün qədər nəzərə alınır, peykə ehtiyat avadanlıq quraşdırılır və tələb olunduqda onların istifadəsi üçün ehtiyat planlar və prosedurlar hazırlanır. Mütəxəssislərimizin bu cür hallara hazırlığını təmin etmək üçün mütəmadi olaraq peyk simulyatoru üzərində təlimlər keçirilir.
– Peyklərimiz vasitəsilə neçə kanal
yayımlanır?
– Azərbaycan enerji və nəqliyyat sahəsində olduğu kimi, kosmik sahədə də regional mərkəzə çevrilməkdədir. Bu gün tam əminliklə söyləmək olar ki, “Azərkosmos” telekommunikasiya peykləri vasitəsilə Avropa, Afrika, Yaxın Şərq, Mərkəzi və Cənubi Qərbi Asiya regionlarının 30-dan çox ölkəsindən 200-dən artıq müştəriyə xidmət göstərərək, yüksək rəqabətin mövcud olduğu peyk xidmətləri bazarında, o cümlədən, regionda özünəməxsus mövqe qazana bilib. Hazırda telekommunikasiya peykləri vasitəsilə Azərbaycan, türk, rus, ingilis, gürcü, qırğız dillərində 200-ə yaxın televiziya və radio kanalı yayımlanır.
– Hansı
ölkələr peyklərimizin imkanlarından yararlanır?
– “Azərkosmos” “lntelsat”, “Airbus
Defense and Space”, “Measat” kimi qlobal və regional peyk
bazarının aparıcı şirkətləri ilə birgə
biznes layihələri həyata keçirir. Belə etibarlı
tərəfdaşlarla işbirliyi bazarda möhkəm mövqe
tutmağımıza və likvidliyimizin təhlükə
altına düşməməsinə imkan yaradıb. Həmçinin,
Birləşmiş Ərəb Əmirliklərinin “HorizonSat” və
“TheAngle” internet və peyk xidmətləri üzrə provayder
şirkətləri, Afrika regionunda peyk xidmətləri
üzrə aparıcı “Space Engineering”, “Prime African Media
Systems”, “iSAT Africa”, “Globecast” qlobal media yayım şirkətləri
ilə yeni əməkdaşlıq qurmuşuq. Bunun sayəsində
Afrika regionunda “Azerspace-1” və “Azerspace-2” peykləri üzrə
uzunmüddətli gəlir gətirən yeni layihələr həyata
keçirməyə başlamışıq. Afrikanın bir
sıra regionlarında Azərbaycanı artıq peyk ölkəsi
kimi tanıyırlar. Yaxın regionda, xüsusilə,
Gürcüstan bazarındakı aktivliyimizi bu il də
saxlamışıq, Rusiyanın peyk rabitə şirkəti
“RSCC”, “İntersputnik”, o cümlədən, Ukrayna,
Qırğızıstan və Tatarıstan şirkətlərilə
telekommunikasiya sahəsi üzrə yeni layihələr həyata
keçirmişik.
– Peyklərin
ehtiyat-idarəetmə mərkəzləri varmı?
– Peyklərimiz Bakı
yaxınlığında yerləşən Əsas
Yerüstü Peyk İdarəetmə Mərkəzindən idarə
olunur. Eyni zamanda, həmin mərkəzdə hər hansı
fövqəladə hal yarandığı zaman peyklərin
dayanıqlı şəkildə idarə olunmasını təmin
etmək məqsədilə ehtiyat mərkəz də
mövcuddur. Ehtiyat Yerüstü Peyk İdarəetmə Mərkəzi
Naxçıvan Muxtar Respublikasında yerləşir.
– II Qarabağ müharibəsində
peyklərin rolu haqqında danışardınız.
– Peyk layihələrinin həyata
keçirilməsinin əsas məqsədləri ölkəmizin
milli təhlükəsizliyinin təmin olunmasına dəstək
verilməsi, sosial-iqtisadi inkişafa, elmi tədqiqatların
aparılmasına dəstək verilməsi və beynəlxalq
kosmik təşəbbüslərdə iştirak edərək
ölkənin dünyada imicinin yüksəldilməsidir ki, bu
sahədə artıq xeyli əhəmiyyətli işlər
görülüb. Bu addımlar atılıb ki, ölkəmiz
daha da güclənsin. “Azersky” peykinin imkanları həm 44
günlük Vətən müharibəsi dövründə,
həm də post-müharibə dövründə bizə
böyük üstünlüklər qazandırdı. Cənab
Prezidentin dəfələrlə vurğuladığı kimi,
şanlı zəfərimizin qazanılmasında
texnologiyanın bizə verdiyi imkanlar xüsusi əhəmiyyət
kəsb edir.
Əslində, Azərbaycan 2015-ci
ildən etibarən “Azersky” peykinin imkanlarını tətbiq
etməklə Ermənistan silahlı qüvvələri tərəfindən
respublikamızın vaxtilə işğal altında
saxladığı ərazilərdə
aşağıdakı qeyri-qanuni fəaliyyətlərin
monitorinqini həyata keçirir:
- düşmən təxribatı
nəticəsində baş vermiş yanğınlar;
- qanunsuz kənd təsərrüfatı
fəaliyyəti, torpaq və bitki-meşə örtüyünün
vəziyyəti;
- yeni salınan
yaşayış məskənləri;
- qeyri-qanuni filiz
hasilatı;
- həyata keçirilən
qeyri-qanuni tikintilər, infrastruktur işləri.
“Azersky” peykinin postmüharibə dövründə də mühüm əhəmiyyət kəsb etdiyini vurğulamaq yerinə düşər. Postmüharibə dövründə, xüsusilə azad olunmuş ərazilərimizin ölkə iqtisadiyyatına inteqrasiyasına, həmin torpaqların iqtisadi potensialının müəyyənləşdirilməsinə və tələb olunan infrastrukturun qurulması işlərində “Azersky” peykinin imkanlarından istifadə olunur. Paralel olaraq, azad olunmuş rayonlarımıza qayıdış planına əsasən peyk resursları vasitəsilə ərazilərin infrastruktur və relyef faktorlarına uyğun onların xüsusiyyətləri təhlil edilir.
Peyklərin imkanlarından
Ermənistanın işğalı nəticəsində Azərbaycan
dövlətinə və vətəndaşlarına dəymiş
maddi zərərin məbləğinin beynəlxalq standartlara əsasən
müəyyən edilməsi məqsədilə aparılan
kompleks araşdırmalarda istifadə edilir.
Həmçinin, hazırda azad olunmuş ərazilərimizdə əsas məqsədlərdən biri intensiv kənd təsərrüfatı modelinin qurulmasıdır. İntensiv kənd təsərrüfatı öz-özlüyündə daha müasir həllər tələb edir. Buraya əsas dəqiq əkinçilik, ağıllı (smart) kənd təsərrüfatı daxildir ki, bunlar da kənd təsərrüfatı ərazilərinin hər bir nöqtəsinə fərdi yanaşmanı nəzərdə tutur. Bu halda, azad olunmuş torpaqlarımızda “Azersky” peykinin təsvirlərindən və ən müasir təhlil və monitorinq alətlərindən istifadə etməklə, ərazilərin xüsusiyyətlərinə uyğun elektron kənd təsərrüfatının qurulması, məhsuldarlığın qiymətləndirilməsi və proqnozlaşdırılması, bitki örtüyünün dəqiq xəritəsinin hazırlanması mümkündür. Bu da kənd təsərrüfatı sahəsində daha optimal nəticələr əldə etməyə imkan verir.
– Gələcəkdə orbitə göndərilməsi
nəzərdə tutulan hansısa peyklər üzərində
iş gedirmi?
– Son illərdə dünyada həm
telekommunikasiya, həm də müşahidə peyklərinin
sayı sürətlə artır və imkanları genişlənir.
Bu da öz növbəsində Azərbaycanda müasir
kosmik sənayenin trendlərini daha yaxından müşahidə
etməyə imkan verir.
Hazırda “Azerspace-1”, “Azerspace-2” və “Azersky” peyklərinin resurslarının daha aktiv kommersiya məqsədilə istifadə olunması üçün fəal iş aparılır. Həmçinin, “Azərkosmos” yeni telekommunikasiya və aşağı orbitli peyklərin orbitə buraxılması layihələrindən ölkəmizin əldə edə biləcəyi iqtisadi səmərələri öyrənir.
Söhbəti qələmə aldı: Tərlan
SÜLEYMANOV
Xalq qəzeti 2021.- 22 may.- S.11.