Azərbaycan Xalq Cümhuriyyəti
türk-müsəlman dünyasının ilk demokratik dövlətidir
Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni imkanlarının ən son həddində çalışaraq şərəflə yerinə yetirdi. Azərbaycanın ilk parlamenti və hökuməti, dövlət aparatı təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı, himni və gerbi yaradıldı, ana dili dövlət dili elan edildi, dövlət quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi. Ölkənin ərazi bütövlüyü və milli təhlükəsizliyi təmin edildi, qısa müddətdə yüksək döyüş qabiliyyətli hərbi hissələr yaradıldı, milli tələblərə və demokratik prinsiplərə uyğun dövlət orqanları quruldu, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirildi.
İlham ƏLIYEV Azərbaycan Respublikasının Prezidenti
Müsəlman Şərqində ilk parlamentli respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 103 il keçir. Xalq Cümhuriyyətinin ərsəyə gəlməsi bir əsr əvvəl dövlətçiliyini itirmiş xalqımızın tarixində mühüm bir hadisə idi. Azadlıq arzusu ilə yaşayan xalqımız, nəhayət, öz müstəqil dövlətinə sahib olmuş, qədim dövlətçilik ənənələrini bərpa edərək, sivil dövlət təsisatlarının formalaşdırılmasına, hakimiyyətin hər üç qolunun-qanunverici, icraedici və məhkəmə hakimiyyətinin yaradılmasına nail olmuşdu.
1918-ci il mayın 28-də müsəlman Şərqində ilk dəfə olaraq dünyəvi, parlamentli müstəqil demokratik respublika yarandı. Azərbaycan Xalq Cümhuriyyəti türk və islam dünyasında dünyəvi təməl üzərində qurulan ilk türk dövləti idi. Müsəlman Şərqində ilk demokratik cümhuriyyətin məhz Azərbaycan ərazisində yaranması xalqımızın o dövrdə və o illər ərəfəsində –XIX əsrin sonu və XX əsrin əvvəllərində milli müstəqillik və azadlıq duyğuları ilə yaşaması ilə bağlıdır. O illərdə xalqımızın qabaqcıl nümayəndələri, mütəfəkkir adamları və ziyalıları xalqımızın milli azadlıq, milli müstəqillik duyğularını gücləndirmiş, milli oyanış əhval-ruhiyyəsini yaymış və bütün bunların yekunu olaraq Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına gətirib çıxartmışdı.
1918-ci ilin yanvarında Rusiyada çevriliş yolu ilə hakimiyyəti ələ keçirmiş bolşevik-sovet hökuməti Müəssislər Məclisini qovduqdan sonra Cənubi Qafqazdan seçilən deputatlar Tiflisdə toplanaraq Zaqafqaziya Seymini, aprel ayında isə Zaqafqaziya Federativ Respublikasını yaratdılar. Lakin fraksiyalar arasında mübarizə Seymin dağılmasına və respublikanın süqutuna gətirib çıxardı. Respublikanın süqutu və seymdə təmsil olunan xalqların öz müstəqil dövlətlərini yaratması tarixi zərurətə çevrildi.
Seymin Azərbaycan nümayəndəliyi mayın 27-də fövqəladə iclas keçirərək Azərbaycanın idarə olunması vəzifəsini öz üzərinə götürdü və özünü Müvəqqəti Milli Şura elan etdi. Məmməd Əmin Rəsulzadə Milli Şuranın sədri seçildi. Milli Şuranın 1918-ci il mayın 28- də keçirilən birinci iclasında Azərbaycanın müstəqil respublika elan edilməsi qərara alındı və 6 bənddən ibarət İstiqlaliyyət Bəyannaməsi qəbul edildi.
Tarixi bəyannamədə deyilirdi: “Cənubi Qafqazın cənub və şərq hissələrində yerləşən Azərbaycan tam hüquqlu müstəqil dövlət olmaqla ali hakimiyyət Azərbaycan xalqına məxsusdur. Azərbaycanın siyasi quruluş forması Xalq Cümhuriyyətidir. Azərbaycan Xalq Cümhuriyyəti beynəlxalq birliyin üzvləri ilə, xüsusən həmsərhəd xalqlar və dövlətlərlə qonşuluq əlaqələri yaradacaq, ölkə daxilindəki bütün vətəndaşlara vətəndaşlıq və siyasi hüquqlar verəcək, onların inkişafına şərait yaradacaqdır”.
İstiqlaliyyət Bəyannaməsinin verildiyi elə həmin gündə Milli Şuranın tapşırığı ilə F.Xoyskinin başçılığı ilə 9 nəfərdən ibarət Cümhuriyyətin ilk hökumət kabineti təşkil edildi. Azərbaycan Milli hökumətinin ilk böyük uğuru 1918-ci il iyunun 4-də Osmanlı dövləti ilə Batum müqaviləsinin bağlanması oldu. Bu müqavilə əsasında Osmanlı imperatorluğu Azərbaycan Xalq Cümhuriyyətini tanıyan ilk dövlət oldu. Batum müqaviləsinin IV maddəsi yeni yaranmış dövlətimiz üçün həyati əhəmiyyətə malik idi.
Azərbaycan Milli Şurası və Milli hökuməti iyun ayının 16-da (1918) Tiflisdən Gəncəyə köçdü və sentyabrın 15-dək burada fəaliyyət göstərdi. Bakı şəhəri erməni qaniçən S.Şaumyan başda olmaqla bolşevik-daşnak qüvvələrin ixtiyarında idi. İyun ayının 17-də Milli Şura səlahiyyətlərini yeni qurulan Müvəqqəti hökumətə verdi. İkinci hökumət kabinetinin əsas vəzifəsi hakimiyyəti ölkənin bütün ərazisinə yaymaq və Bakı şəhərini düşmənlərdən azad etməkdən ibarət idi. Fətəli xan Xoyskinin başçılıq etdiyi Milli hökumət bir sıra tədbirlər həyata keçirdi. İyunun 19-da Azərbaycan ərazisində hərbi vəziyyət elan etdi.
1918-ci il 24 iyun tarixli qərarla üzərində ağ aypara və səkkizguşəli ulduz təsvir edilmiş qırmızı bayraq Cümhuriyyətin Dövlət Bayrağı təsdiq edildi. Noyabr ayının 9-da bayraq mavi, qırmızı və yaşıl zolaqlardan ibarət yeni Dövlət Bayrağı ilə əvəz olundu. İyunun 26-da milli ordu yaradılmağa başlandı. İyul ayının 15-də Fövqəladə Təhqiqat Komissiyası yaradıldı. Hökumətin 1918-ci il 11 avqust tarixi fərmanı ilə “Ümumi hərbi səfərbərlik” haqqında qanun qəbul edildi. 19 yaşından 24 yaşınadək müsəlman gənclər ordu sıralarına çağırıldı. Sentyabrın 1-də hərbi nazirlik yaradıldı. Baş nazir F.Xoyski eyni zamanda hərbi nazir oldu. General Səməd ağa Mehmandarov isə nazir müavini təyin edildi.
Bakı Xalq Komissarları Sovetinin liderləri bu dövrdə Gəncə üzərinə qoşun yeridib onu tutmaq istədilər. İyunun 27-dən iyulun 1-dək Göyçay yaxınlığında baş vermiş döyüşdə Bakı XKS-nin qoşunları darmadağın edildi. Bu məğlubiyyət Bakı XKS-nin süqutunu sürətləndirdi. Bolşeviklərlə düşmən mövqedə dayanan eser-menşeviklər daşnaklarla ittifaqa girərək avqustun 1-də “Mərkəzi Xəzər hökuməti” adlandırılan mürtəce bir hakimiyyət orqanı yaratdılar. “Mərkəzi Xəzər hökuməti” də anti-Azərbaycan siyasəti yeridirdi. İngilislərin Bakıya çağırılması da bu hökuməti xilas edə bilmədi.
1918-ci il sentyabrın 15-də Qafqaz İslam Ordusu və Azərbaycan könüllü hərbi dəstəsi Bakını düşməndən azad etdi. Sentyabrın 17-də Azərbaycan hökuməti tam heyətdə Bakıya köçdü. Beləliklə Azərbaycan Xalq Cümhuriyyəti əsl paytaxtda qərarlaşdı. 1918-ci il noyabrın 16-da fəaliyyətini bərpa edən Milli Şura noyabrın 19-da Azərbaycan Parlamentinin yaradılması haqqında qanun qəbul etdi. Bu qanuna görə, Parlament 120 nəfərdən ibarət olmalı idi ki, bunun 80-i müsəlman türklər, 21 yer ermənilər, 10 yer ruslar, 5 yer həmkarlar ittifaqı komitəsi, milli azlıqların isə hərəsinə 1 yer ayrılmışdı. Azərbaycan Cümhuriyyəti Türk Müsəlman dünyasında ilk dəfə olaraq qadınlara seçib-seçilmək hüququ vermişdi.
Azərbaycan Parlamentinin ilk iclası
1918-ci il dekabrın 7-də keçirildi. Hüquqşünas və tanınmış siyasi
xadim, Rusiya türk-müsəlmanılarının lideri
Əlimərdan bəy Topçubaşov Azərbaycan
Parlamentinin sədri, Həsən bəy Ağayev isə onun
müavini seçildi. İlk Azərbaycan Parlamenti öz
dövrünün demokratik əsaslarda təşkil edilmiş
ali qanunverici orqanı idi. Azərbaycanda
yaşayan bütün millət və azsaylı xalqlar bu
parlamentdə təmsil edilmişdi. Parlamentdə
11 partiya, fraksiya və qrup təmsil edilmişdi. Parlamentin 17 aylıq fəaliyyəti dövründə
156-a yaxın iclası keçirilmiş, 270- dən çox məsələ
müzakirə edilmişdi.
Azərbaycan Parlamenti fəaliyyəti
dövründə həyata keçirdiyi müstəqil
dövlət quruculuğu təcrübəsi ilə, qəbul
etdiyi yüksək səviyyəli qanunvericilik aktları və
qərarlar ilə Azərbaycan dövlətçiliyi tarixində,
xüsusən də parlament mədəniyyəti tarixində dərin
və zəngin iz qoymuşdur. 1918-ci il
dekabrın 26-da F.Xoyski 14 nəfərdən ibarət yeni
koalisyon hökumətin tərkibini parlamentə təqdim etdi. “Slavyan-Rus Cəmiyyəti”nə 3, ermənilərə
isə 2 nazir vəzifəsi təklif olundu. Sonuncular nazir vəzifəsindən imtina etdi. Dekabrın 28-də general Tomson bəyanat verərək
bu hökuməti müdafiə etdi.
İngilislər özlərinin nəzarəti
altında olan sahələri milli hökumətin ixtiyarına
verdi. 1919-cu ilin aprelində
Bakıda ingilis general-qubernatorluğu ləğv edildi. Onlar avqustun axırlarınadək Azərbaycan ərazisini
bütünlüklə tərk etdilər. Azərbaycan
Xalq Cümhuriyyətinin IV və V hökumət kabinetinə
(14 mart 1919-1 aprel 1920) “Müsavat partiyasının liderlərindən
biri Nəsib bəy Yusifbəyli başçılıq
etmişdir. Azərbaycan Xalq Cümhuriyyəti çox çətin
və mürəkkəb bir şəraitdə fəaliyyət
göstərmişdir Azərbaycanın ümumi ərazisi 113,9 min kvadratkilometrə çatırdı ki,
burada 3,3 milyon nəfərə yaxın əhali
yaşayırdı. Mübahisəsiz ərazisinin sahəsi
97,3 min kvadratkilometr, qonşu Gürcüstan və Ermənistanla
mübahisəli sayılan ərazisi isə 16,6 min
kvadratkilometr idi.
“Böyük Ermənistan”
arzusu ilə yaşayan ermənilərin təcavüz hədəfində
Azərbaycanın qədim torpaqları olan Zəngəzur,
Qarabağ və Naxçıvan torpaqları idi. Cümhuriyyət hökuməti
Qarabağı erməni təcavüzündən qorumaq və
bu bölgədə qayda-qanun yaratmaq üçün 1919-cu il yanvarın 15-də Qarabağ general
qubernatorluğu yaratdı. Şuşa, Cavanşir, Cəbrayıl
və Zəngəzur qəzaları general qubernatorluğun tərkibinə
daxil edildi. Xosrov bəy Sultanov general-qubernator təyin
edildi. X. Sultanovun qətiyyətli tədbirləri nəticəsində
Andronikin və digər daşnak qüvvələrinin
Qarabağa quldur basqınlarına son qoyuldu və
separatçı qüvvələr buradan
çıxarıldı. Qarabağda və onun
dağlıq hissəsində Azərbaycanın suveren
hüquqları təmin olundu.
Ermənistan Respublikası
yaranan kimi ermənilər onlara yaxınlıqda yerləşən
Naxçıvan torpaqlarına təcavüzə
başladılar. Naxçıvan əhalisi regionun Azərbaycanın
tərkib hissəsi kimi qorunub saxlanılması
üçün inadla mübarizə aparırdı. Bölgənin azərbaycanlı əhalisi
özünü və torpağını qorumaq
üçün hələ ki, güclü dövlət idarələrinə
və nizami hərbi qüvvələrə malik deyildi. Müsəlman əhali erməni
daşnaklarının hücumlarına lazımi cavab verirdilər.
Milli vətənpərvər qüvvələr
Naxçıvan bölgəsini erməni təcavüzündən
qorumaq üçün 1918-ci il noyabrın
18-də Araz–Türk Respublikasını yaratdılar. Bu respublikanın ərazisi Naxçıvan, Şərur–Dərələyəz,
Ordubad və Sürməli qəzalarını, Sərdarabad,
Uluxanlı, Qəmərli, Vedibasar, Mehri və b. bölgələri
əhatə edirdi. Sahəsi 8,7 min kv.
km, əhalisi isə 1 milyon nəfərə
yaxın idi. Nazirlər Şurasının sədri
Əmir bəy Nərimanbəyov, respublikanın paytaxtı
Naxçıvan şəhəri idi.
Araz-Türk Respublikası
Naxçıvanın daşnak hücumlarından
qorunmasında mühüm rol oynadı və Azərbaycanla
birləşmək üçün yollar axtarırdı. Azərbaycan
Xalq Cümhuriyyəti Naxçıvanı qorumaq
üçün imkanı daxilində kömək edir,
danışıqlar aparırdı. Naxçıvana
siyasi dəstək verir, hərbi, iqtisadi və mədəni cəhətdən
yardımlar edirdi. Naxçıvan məsələsi
bir neçə dəfə Azərbaycan Parlamentində
müzakirə edilmiş, erməni təcavüzünün
qarşısını almaq üçün əməli tədbirlər
görülmüşdür.
1919-cu ilin dövlət
büdcəsində Bakı–Culfa dəmir yolunun çəkilməsi
üçün vəsait ayrılmış, dəfələrlə
pul vəsaiti göndərilmiş, hərbiçiləri təlim
üçün ayırmış, Qarabağ general
qubernatorluğu tərkibində Naxçıvan məsələləri
üçün müvəkkil təyin edilmişdir. Naxçıvanı
Ermənistanın müvəqqəti idarəçiliyinə
vermək istəyən ingilis və amerikanlarla
danışıqlar aparmış, kəskin
etirazlarını bildirmişlər. Cümhuriyyət
hökuməti Naxçıvanda öz suveren
hüquqlarını və hakimiyyətini qəti şəkildə
bərqərar etmək üçün 1919-cu il
fevralın 28-də Araz-Türk Respublikasının yerində
Naxçıvan general qubernatorluğu yaratdı. Əvvəlcə Bəhram xan Naxçıvanski,
sonra isə Əliyar bəy Haşımbəyov və Səməd
bəy Cəmillinski general-qubernator təyin edildilər.
Azərbaycan hökuməti
Naxçıvan əhalisinin iradəsini ifadə edərək
qəti surətdə bildirdi ki, Naxçıvan Azərbaycanın
ayrılmaz hissəsidir və bu ölkə milli hakimiyyət
orqanları tərəfindən idarə olunacaqdır. Beləliklə,
erməni daşnaklarının Naxçıvan
torpağını zorla Azərbaycandan ayırmaq cəhdləri
boşa çıxdı.
Azərbaycan Xalq Cümhuriyyəti
son dərəcə mürəkkəb daxili və beynəlxalq
şəraitlə üzləşsə də ölkənin
sosial-iqtisadi həyatı, milli-mədəni quruculuq sahələri
ilə bağlı çoxsaylı işlər həyata
keçirmişdi. Gömrük xidməti
yaradılmış, azad ticarətə şərait
yaranmış, neft sənayesini dirçəltmək
üçün əks-milliləşdirmə tədbirlərinə
əl atılmış, xarici şirkətlərlə
sazişlər bağlanmış, maliyyə siyasəti həyata
keçirilmişdi. AXC hökuməti
“Bakı bonu” adlandırılan milli pul vahidini dövriyyəyə
buraxmış, sosial siyasətlə bağlı proqram
hazırlayıb tətbiq etmiş və digər zəruri tədbirləri
gerçəkləşdirmişdi.
Eyni ilə bu dəyişikliklər
mədəni-quruculuq sahəsində də uğurla yerinə
yetirildi. Təhsil
müəssisələri milliləşdirildi, Azərbaycan
dili məktəblərdə məcburi fənn kimi tətbiq
edildi, bir sıra yer adları dəyişdirildi, “Rusiya tarixi” əvəzinə
“Türk xalqlarının tarixi” fənni tədris edilməyə
başlandı, Qori Müəllimlər Seminariyasının
Azərbaycan şöbəsi Qazaxa
köçürüldü. Bakı Dövlət Universiteti
yaradıldı, ali təhsilli milli
kadrların hazırlanmasına başlanıldı, 100 nəfər
azərbaycanlı gənc xarici ölkələrdə təhsil
almaq üçün göndərildi. Milli
kitabxana açıldı, Azərbaycan Teleqraf Agentliyi, Azərbaycan
radiosu, Azərbaycan Dövlət Türk Opera Dram Teatrı
yaradıldı və s.
Azərbaycan Xalq Cümhuriyyətinin
qarşısında dayanan ən vacib vəzifə Azərbaycan
dövlət müstəqilliyinin tanıdılması idi. Bunun
üçün Birinci Dünya müharibəsinin nəticələrinin
müzakirə edildiyi Paris konfransına sülh nümayəndə
heyətinin göndərilməsi idi. Paris Sülh
Konfransı 1919-cu il yanvarın 18-dən
1920-ci il yanvarın 21-nə qədər fasilələrlə
davam edib. Konfransda 27 dövlətin nümayəndələri
iştirak etsə də, dünyanın taleyini əsasən
“böyük dördlük” – ABŞ Prezidenti V.Vilson,
Britaniyanını Baş naziri L.Corc, Fransanın Baş naziri
J.Klemanso və İtaliyanın Baş naziri V.Orlando həll
edirdi.
Sülh nümayəndə heyətinə
sədr Ə.Topçubaşov, üzvlər isə Məmmədhəsən
Hacınski, Əhməd bəy Ağayev, Məmməd Məhərrəmov,
Əkbər ağa Şeyxülislamov, Miryaqub Mirmehdiyev və
Ceyhun bəy Hacıbəyov daxil idi. Ə.Ağayev
gedə bilmədiyindən onu Abbas bəy Atamalıbəyov əvəz
etmişdi. Nümayəndə heyəti
çox gec-may ayının əvvəlində Parisə gəlib
çıxa bilmişdi. Əsas məqsəd
Paris sülh konfransının Ali Şurası tərəfindən
Azərbaycanın müstəqilliyinin tanınmasına nail
olmaqdan ibarət idi.
Azərbaycan nümayəndə heyəti
1919-cu il may ayının 28-də ABŞ
Prezidenti Vurdo Vilson tərəfindən qəbul edildi. Qafqaz
üçün Rusiya təhlükəsinin getdikcə
artdığı bir şəraitdə İngiltərənin
xarici işlər naziri lord Kerzonun təklifi ilə 1920-ci il yanvar ayının 11-də sülh
konfransı tərəfindən Azərbaycanın müstəqilliyi
de-fakto tanındı. Bu münasibətlə yanvar
ayının 14-ü Azərbaycanda qeyri-iş günü elan
olundu, həmin gün Bakıda bayram şənlikləri və
hərbi parad keçirildi.
Lakin 23 aydan sonra erməni
daşnaklarının vasitəçiliyi, Sovet
Rusiyasının hərbi müdaxiləsi nəticəsində
Azərbaycan Xalq Cümhuriyyəti işğal olundu. Azərbaycan
Parlamenti aprel ayının 27-də rus ordusunun təzyiqləri
altında hakimiyyətin Azərbaycan müsəlman kommunistlərinə
təhvil verilməsi haqqında qərar qəbul etməyə
məcbur edildi.
Azərbaycan Xalq Cümhuriyyəti
uğursuz sonluğa baxmayaraq, xalqımızın tarixində
mühüm rol oynadı. Cümhuriyyətin
yaranması ilə Azərbaycan XIX əsrin əvvəllərində
itirdiyi dövlətçiliyi yenidən bərpa etdi. Azərbaycan Xalq Cümhuriyyətinin
yaranışı bütün Müsəlman Türk
Dünyası üçün çox əlamətdar hadisə
idi. Çünki Azərbaycan dövləti
Qərb ölkələri tərəfindən rəsmi şəkildə
tanınan ilk türk və müsəlman respublikası idi.
Azərbaycan xalqının milli azadlıq hərəkatı
nəticəsində yaradılmış Azərbaycan Xalq
Cümhuriyyətinin 23 aylıq fəaliyyəti
xalqımızın tarixində və taleyində mühüm
hadisə idi.
Azərbaycan Xalq Cümhuriyyəti
qısa vaxtda öz hökuməti, parlamenti, milli ordusu və
pul vahidi olan demokratik respublikaya, beynəlxalq münasibətlərin
iştirakçısına və beynəlxalq hüququn
subyektinə çevrildi. Azərbaycan
xalqının milli azadlıq hərəkatının
qanunauyğun nəticəsi kimi yaranmış,
xalqımızın demokratik ənənələrinin qanuni
varisi kimi formalaşmış Azərbaycan Xalq Cümhuriyyəti
milli dövlətçiliyimizin tarixi nailiyyəti idi. O,
Azərbaycan xalqının əzəli arzusu olan müstəqilliyin
gələcəkdə gerçəkləşməsi
üçün zəngin ənənələr və
möhkəm mənəvi zəmin verdi.
Azərbaycan Xalq Cümhuriyyətinin
ölkəmizin və xalqımızın tarixində və
taleyində oynadığı tarixi roldan bəhs edən
ümummilli lider Heydər Əliyev demişdir: “Azərbaycan
Xalq Cümhuriyyəti qısa müddət ərzində həyata
keçirdiyi ciddi tədbirlər sayəsində bütün
dövlətçilik atributları - öz parlamenti, ordusu və
pul vahidi olan müstəqil, suveren bir dövlətə
çevrildi. O, bütün dövlətçilik göstəricilərinə
və prinsiplərinə görə Şərqdə ilk
demokratik respublika idi. Azərbaycan Milli
Şurasının qəbul etdiyi tarixi bəyannamə yeni
yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin daxili və
xarici siyasətinin başlıca prinsiplərini bütün
dünyaya bildirdi. Bəyannamədə elan edilmiş
prinsiplər Azərbaycan xalqının öz müqəddəratını
müəyyən etmək, insanların hüquq bərabərliyinə
hörmət, bütün xarici dövlətlərlə, habelə
qonşu xalqlarla dinclik və əmin-amanlıq şəraitində
yaşamaq, bir-birinin suverenliyinə və ərazi
bütövlüyünə hörmətlə yanaşmaq
prinsipləri Azərbaycan Xalq Cümhuriyyətinin beynəlxalq
nüfuzunu artırdı”.
Təəssüf ki, aprel
işğalı nəticəsində yaranmış tarixi
şərait xalqımıza istiqlal mücadiləsini sonadək
davam etdirməyə imkan vermədi. Azərbaycan Xalq
Cümhuriyyəti süqut etsə də, onun şüurlara
aşılamış olduğu müstəqillik ideyaları
bütün məhrumiyyətlərə baxmayaraq,
xalqımızın yaddaşından heç vaxt silinmədi.
Xalq özünün istiqlal arzularını nəsildən-nəslə
ötürdü.
70 il Azərbaycan
xalqı Sovet İttifaqının tərkibində yaşasa da
müstəqil olmaq arzularından imtina etmədi, müstəqil
olmasa da inkişafa nail oldu. Xüsusilə
1970–1980-ci illərdə ulu öndər Heydər Əliyevin rəhbərliyi
ilə Azərbaycan sürətlə inkişaf etdi, həm
iqtisadi, həm sosial sahədə böyük uğurlar
qazandı. Görkəmli dövlət
xadiminin rəhbərliyi altında həyata keçirilmiş
tədbirlər ölkəmizin müstəqillik uğrunda
mübarizəsinə real hüquqi-siyasi və iqtisadi əsaslar
yaratdı.
Ümummilli lider Heydər Əliyev
müstəqil Azərbaycan dövləti ideyasının həyata
keçiriləcəyinə öz varlığı kimi
inanır və həmin vaxtın yaxınlaşmasını
aydın görərək bu istiqamətdə müdrikliklə,
böyük ustalıqla iş aparırdı. Onun müstəqil
Azərbaycan dövlətinin qurulması istiqamətində
apardığı iş xalqımızın uzun illər qəlbində
yaşatdığı azadlıq ideyalarını daha da
gücləndirdi.
Dünya şöhrətli siyasət
və dövlət xadimi Heydər Əliyevin
Naxçıvanda yaşadığı illər,
Naxçıvan Muxtar Respublikası Ali Sovetində ulu öndərin
sədrliyi və təşəbbüsü ilə
“Naxçıvan MSSR-in adının dəyişdirilməsi
haqqında”, “Naxçıvan Muxtar Respublikası Ali Dövlət
hakimiyyəti orqanı haqqında”, “Naxçıvan Muxtar
Respublikasının Dövlət rəmzləri haqqında”
tarixi qərarlar qəbul olundu. Həmin qərarlara
əsasən, müstəqilliyimizin əsas atributlarından
olan Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli
bayrağı qəbul olundu və bu bayraq ilk dəfə
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin iclas
zalında qaldırıldı. Sovet
imperiyasının mövcudluğu dövründə bu
cür qərarların qəbul edilməsi olduqca müdrik, cəsarətli
və uzaqgörən bir addım idi.
Nəhayət, 70 ildən sonra–
1991-ci il oktyabrın 18-də Azərbaycan
yenidən öz dövlət müstəqilliyini bərpa etdi.
Azərbaycan Respublikasının Azərbaycan
Xalq Cümhuriyyətinin varisi olduğunu ümumxalq iradəsi
ilə təsdiqləndi. Lakin bu dövrdə
öz müstəqilliyini bəyan edən Azərbaycan dövlətinin
möhkəmləndirilməsinin qarşısının
alınması üçün bəzi xarici qüvvələr
və daxildə olan imperiyapərəst ünsürlər
böyük maneələr və problemlər yaratmağa
başladılar. Ermənistanın əsassız
torpaq iddiası ilə bağlı Azərbaycana hərbi təcavüzü,
separatçı qüvvələrin baş qaldırması,
daxildə müxtəlif təxribatlar törədilməsi
ölkədə mürəkkəb vəziyyət yaratdı.
Xalqımızın bəxti onda gətirdi
ki, ötən əsrin sonlarında nail olduğumuz ikinci dövlət
müstəqilliyi üçün real təhlükə
yarandığı bir dövrdə ümummilli lider Heydər
Əliyev kimi qüdrətli şəxsiyyət yenidən ali hakimiyyətə qayıtdı, Azərbaycan
Xalq Cümhuriyyəti ilə başlanan milli dövlətçiliyi
arzudan reallığa çevirdi. 1993-cü ildə
1920-ci ildəki tarixin təkrar olunmaması, müstəqilliyin
itirilməməsi üçün xalqımız ümummilli
lider Heydər Əliyevi Azərbaycanın siyasi hakimiyyətinə
dəvət etdi.
Məhz ümummilli lider Heydər
Əliyevin müəyyənləşdirdiyi siyasi kurs, strateji
xətt Azərbaycanı xilas etdi, onu müasir, müstəqil
və güclü dövlətə çevirdi. Ulu öndər
Heydər Əliyev Xalq Cümhuriyyətinin əsl qiymətini
vermiş, ölkəmizin dövlətçilik tarixində
onun rolunu həmişə yüksək qiymətləndirmiş,
cümhuriyyətin xalqımızın azadlıq və
müstəqillik arzularını daha da gücləndirdiyini
bildirmişdir. Ümummilli lider
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində
çalışdığı dövrdə Azərbaycan Xalq
Cümhuriyyətinin 75 illik yubileyi ilk dəfə
Naxçıvanda qeyd olunmuşdur.
Ulu öndər Heydər Əliyevin
siyasi hakimiyyətinin ikinci dövründə Xalq Cümhuriyyətinin
əsl tarixinin, cümhuriyyət xadimlərinin həyat və
fəaliyyətinin, siyasi irsinin öyrənilməsi, şərəfli
tarixinin yazılması, bu tarixin bütün yönləri ilə
müasir nəsillərə çatdırılması,
cümhuriyyət xadimlərinin xatirəsinin əbədiləşdirilməsi
kimi məsələlər həyata keçirilmişdir. Azərbaycan Respublikası dövlət müstəqilliyini
yenidən bərpa etdikdən sonra ümummilli lider Heydər
Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycan
dövlətini yaratmış, onun memarı, qurucusu və xilaskarı
olmuşdur.
Azərbaycan Respublikası müstəqilliyini qorumağı və möhkəmləndirməyi bacarmış, dövlətçiliyin qorunması üçün qətiyyətli tədbirlər görülmüş, Azərbaycanın müstəqilliyini əbədi və dönməz etmişdir. Dahi şəxsiyyət Azərbaycan Xalq Cümhuriyyəti ilə müstəqil Azərbaycan Respublikası arasında varislik əlaqəsini təmin etmişdir. Heydər Əliyev siyasi kursu Prezident cənab İlham Əliyev tərəfindən qətiyyətlə və ardıcıl surətdə həyata keçirilir.
Azərbaycan tarixinin şanlı səhifəsi olan Xalq Cümhuriyyətinin fəaliyyəti bu gün də müntəzəm öyrənilir, bu ideyaların inkişaf etdirilməsi və həyata keçirilməsi üçün ciddi işlər görülür. Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin 85, 90 və 100 illik yubileyləri münasibətilə xalqa etdiyi müraciətlərdə, keçirdiyi rəsmi qəbullarda cümhuriyyət tarixinə yüksək qiymət vermiş, bu tarixin heç vaxt unudulmayacağını, müstəqillik ideyalarının əbədi yaşayacağını dəfələrlə bildirmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin keçirilməsi ilə bağlı sərəncamı və 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti” ili elan olunması varislik ənənələrinə və müstəqil dövlət ideyalarına sədaqətin əyani ifadəsidir. Dövlət başçısı İlham Əliyev AXC-nin 100 illik yubileyi zamanı demişdir: “Yüz il bundan əvvəl müsəlman aləmində ilk dəfə olaraq demokratik respublika yaranmışdır. Biz fəxr edirik ki, bu respublikanı Azərbaycan xalqı yaradıb və bir daha bütün dünyaya nümayiş etdirib ki, Azərbaycan xalqı böyük xalqdır, istedadlı xalqdır, azad xalqdır. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və iki il ərzində fəaliyyəti tarixi hadisə idi. Azərbaycan o ölkədir ki, hələ yüz il bundan əvvəl ən ülvi demokratik dəyərləri nəinki bəyan edib, öz praktiki fəaliyyətində onları təmin edib. Bugünkü Azərbaycan müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Azərbaycan Xalq Cümhuriyyətinin bütün demokratik dəyərlərinə sadiq olmasının bariz nümunəsidir”.
Xalqımız, nəhayət, Azərbaycan Xalq Cümhuriyyətinin 103-cü ildönümünü ərazi bütövlüyümüzün bərpasından, tarixən milli varlığımıza, müstəqilliyin ilk günlərindən isə dövlət suverenliyimizə qənim kəsilmiş xəyanətkar erməni toplumu üzərində tarixi Qələbədən doğan təntənə ilə qarşılayır. Ötən ilin payızında müqəddəs Vətən müharibəsində Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında, xalqın monolit birliyi şəraitində Qarabağın Ermənistanın işğalından azad edilməsi, düşmən üzərində misli görünməmiş Zəfər qazanılması çağdaş nəsillərin AXC irsinə və ənənələrinə sadiqliyinin təsdiqi və dövlətçiliyimizin möhtəşəm nailiyyəti oldu.
İsmayıl HACIYEV,
AMEA Naxçıvan Bölməsinin sədri, akademik
Xalq qəzeti.-
2021.- 27 may.- S.5.