Azərbaycan Prezidentinin
fəaliyyəti dünyanın aparıcı dövlətlərinin
və nüfuzlu beynəlxalq təşkilatların
rəhbərləri tərəfindən yüksək dəyərləndirilir
28 May
– Respublika Günü
münasibəti ilə dünyanın aparıcı ölkələrinin,
nüfuzlu beynəlxalq təşkilatların
rəhbərləri tərəfindən Azərbaycan Prezidenti İlham Əliyevə
ünvanlanan təbrik məktublarında
dövlətimizin başçısının dünyada getdikcə artan nüfuzu, səmərəli fəaliyyətinə
verilən yüksək qiymət, habelə
respublikamızın beynəlxalq münasibətlərdə
oynadığı önəmli rol, qlobal iqtisadi və humanitar layihələrdə liderliyi,
siyasi və iqtisadi
potensialı önə çəkilir. Eyni
zamanda, dünya
ölkələrinin təhlükəsizlik, enerji
və demokratik idarəetmə məsələlərində
Azərbaycanla birgə uğurlu səyləri
yüksək qiymətləndirilir.
Təbrik məktublarında bütün bunlarla bərabər, ötən il Cənub Qaz Dəhlizinin işə salınması, bu il Xəzərdəki yatağın Türkmənistanla birgə kəşfiyyatına və işlənilməsinə dair Anlaşma Memorandumunun imzalanması ilə Azərbaycanın Avropanın enerji şaxələndirilməsinə verdiyi töhfədən bəhs edilir. Bu zaman Azərbaycanın NATO-nun Əfqanıstandakı missiyasına və terrorla mübarizə səylərinə yönəltdiyi 20 illik dəstək də dəyərləndirilərək, diqqətə çatdırılır. Məsələn, Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Bayden tərəfindən Prezident İlham Əliyevə ünvanlanan təbrik məktubunda Amerika Birləşmiş Ştatları və Azərbaycan Respublikası xalqları arasında əlaqələrin gücləndirilərək təhlükəsizlik, enerji və demokratik idarəetmə məsələlərində birlikdə çalışıldığı qeyd edilir. Məktubda daha sonra ABŞ-ın ötən il Cənub Qaz Dəhlizinin işə salınması ilə Azərbaycanın Avropanın enerji şaxələndirilməsinə verdiyi töhfələr və bu il Xəzərdəki yatağın Türkmənistanla birgə kəşfiyyatına və işlənməsinə dair imzaladığı Anlaşma Memorandumu qətiyyətlə dəstəklənir.
Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Bayden tərəfindən Cənub Qaz Dəhlizinin işə salınmasının yüksək qiymətləndirilməsi ilə bağlı qeyd edək ki, 2011-ci ildə Avropa İttifaqı ilə Azərbaycan arasında Xəzərdən Avropaya birbaşa qaz nəql edən marşrutların yaradılmasını dəstəkləyən strateji enerji əməkdaşlığına dair memorandum imzalanması, bununla da adı çəkilən Dəhlizin layihəsinin reallaşdırılması tarixi bir addımdır.
Azərbaycanın təşəbbüskarı və müəllifi olduğu nəhəng enerji infrastrukturu layihəsi olan Cənub Qaz Dəhlizi hazırda dünyada inkişaf etdirilən ən kompleks təbii qaz boru kəmərləri zənciri kimi qiymətləndirilir. Avropa İttifaqı üçün prioritet enerji layihələrindən biri olan Cənub Qaz Dəhlizi ilk dəfə olaraq Xəzər regionundakı qaz təchizatını Avropa bazarına birləşdirməklə bütün regionun enerji xəritəsini dəyişdirir. Bu baxımdan adı çəkilən Dəhliz dünya neft-qaz sənayesində ən mühüm və iddialı layihələrdən biridir.
ABŞ Prezidentinin Cənub Qaz Dəhlizinin işə salınması ilə Azərbaycanın Avropanın enerji şaxələndirilməsinə verdiyi töhfə ilə bağlı fikrinə gəldikdə isə deyə bilərik ki, bu məsələ son dərəcə mühüm önəm daşıyır. Ümumiyyətlə, bu, olduqca vacib məsələdir və real şaxələndirmə deməkdir. Başqa sözlə, Azərbaycan qazı Avropa üçün yeni, etibarlı və uzunmüddətli mənbədir. Çünki Azərbaycanın təsdiqlənən təbii qaz ehtiyatı 2,6 trilyon kubmetr təşkil edir və yeni məlumatlara görə bu həcm daha da artıq ola bilər. “Azəri-Çıraq-Günəşli” yatağında “dərin qaz” adlanan layihəni də nəzərə alsaq, ölkəmizin potensialın mənzərəsi daha da aydın görünər.
Azərbaycan Prezidenti İlham Əliyevə ünvanlanan təbrik məktublarında dünyada COVID-19 pandemiyasına qarşı mübarizədə Azərbaycanın xarici ölkələrlə birgə səyləri də yüksək qiymətləndirilir. Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerin məktubunda bununla bağlı deyilir: “Biz son 29 ildə hökumətlərimiz və xalqlarımız arasında münasibətlərimizi daim genişləndirmiş və inkişaf etdirmişik. Ümid edirəm ki, biz qarşılıqlı anlaşmanı və etimadı daha da gücləndirməyə nail olacağıq. Bizi, həmçinin dünyada COVID-19 pandemiyasına qarşı mübarizədə birgə səylərimiz birləşdirir”.
Çin Xalq Respublikasının Sədri Si Cinpinin təbrik məktubunda da COVID-19 pandemiyasına qarşı bu ölkə ilə birgə mübarizədə nəzərəçarpacaq nəticələr əldə olunduğu diqqətə çatdırılır.
Yeri gəlmişkən, dünyanı ağuşuna alan bu dəhşətli bəla üzə çıxan ilk vaxtlardan Azərbaycan COVID-19 pandemiyasına qarşı qlobal səyləri səfərbər edən ilk ölkələrdən biri olub. Bununla əlaqədar Azərbaycanın təşəbbüsü ilə 2020-ci ilin aprelində Türk Şurasının Zirvə toplantısı, 2020-ci ilin mayında Qoşulmama Hərəkatının Zirvə toplantısı və 2020- ci ilin dekabrında BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyası keçirilib. Respublikamız öz beynəlxalq məsuliyyətinə sadiq olaraq Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə yardımı ayırıb. Azərbaycan, həmçinin 30-dan çox ölkəyə koronavirusla mübarizədə birbaşa humanitar və maliyyə yardımı göstərib.
Bu məqamda qeyd etmək yerinə düşər ki, ötən il fevral ayından başlayaraq ölkəmizdə COVID–19-un törətdiyi fəsadların qarşısını almaq üçün çevik tədbirlər reallaşdırıldı. Azərbaycan Prezidentinin tapşırığı əsasında əhalinin həyatının və sağlamlığının qorunması, sosial müdafiəsinin təmin olunması, iqtisadi fəallığının inkişaf etdirilməsi diqqət mərkəzində saxlanıldı. Bununla bərabər, Ümumdünya Səhiyyə Təşkilatının COVID-19 əleyhinə mübarizə fonduna 10 milyon ABŞ dolları, həmçinin 5 milyon ABŞ dolları Qoşulmama Hərəkatının daha çox ehtiyacı olan dövlətləri üçün ayrıldı. Eyni zamanda, 30-dan çox ölkəyə humanitar yardım göstərildi.
Çin Xalq Respublikasının Sədri Si Cinpinin yuxarıda xatırlatdığımız təbrik məktubunda bir məqam da diqqət çəkir. Belə ki, Si Cinpin “Bir kəmər, bir yol” müştərək layihəsi üzrə əməkdaşlığın dərinləşməkdə davam etməsini xüsusi vurğulayır.
Xatırladaq ki, tarixi İpək yolu (“Bir kəmər, bir yol”) üzərində geniş iqtisadi zolağın yaradılmasının fəal dəstəkçisi olan Azərbaycan, həm də digər dəhlizlərlə müqayisədə yüklərin ölkəmizin ərazisindən keçməklə müxtəlif istiqamətlərə tranzit daşımalarının səmərəli təşkilinə etibarlı təminat verir, daha əlverişli şərtlərlə qısa müddətdə, təhlükəsiz və vaxtında çatdırılmasına, tranzit daşımaların həcminin dəfələrlə artmasına imkan yaradır.
Azərbaycan rəhbərliyi ölkəmizin coğrafi mövqeyi və nəqliyyat-tranzit infrastrukturundan səmərəli istifadə etməklə, regionda və dünyada yük daşımalarında mövqeyinin daha da yüksəlməsinə nail olmaq üçün ciddi iş aparır. Təbii ki, bu istiqamətdə dünyanın ikinci iqtisadiyyatına malik olan Çin ilə əlaqələr xüsusi əhəmiyyətə malikdir.
Dünyanın ən böyük ixracatçısı və ən böyük ikinci idxalçı ölkəsi olan Çin özünün xarici ticari-iqtisadi əlaqələrini daha da dərinləşdirməkdən ötrü irəli sürdüyü “Bir kəmər, bir yol” strategiyası Azərbaycan üçün də yeni əməkdaşlıq imkanları yaradır. Azərbaycan Çinin bu yeni təşəbbüsünün əməkdaşlıq, birgə inkişaf üçün yaratdığı imkanları düzgün qiymətləndirən, strategiyanı dəstəkləyən ilk ölkələrdən biri olub.
Prezident İlham Əliyevə ünvanlanan digər təbrik məktublarında da Azərbaycanın müstəqilliyinin 30-cu ilinə artıq yalnız regionda deyil, ümumilikdə dünyada çəkisi və rolu artan, bütün sahələrdə sürətli tərəqqiyə nail olan, öz milli maraqlarının müdafiəsində, tarixi ədalətin bərpa edilməsində uğur qazanan dövlət kimi daxil olması xüsusi qabardılır. Məsələn, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad Amreyev yazır: “1918-ci il mayın 28-də yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti Türk və İslam dünyasında ilk demokratik respublika kimi Azərbaycan xalqının dövlətçilik tarixində mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Zati-alinizin qətiyyətli liderliyi və müdrik siyasəti sayəsində daha da inkişaf edib, beynəlxalq aləmdə nüfuzunu möhkəmləndirib və regionun lider ölkəsinə çevrilib”.
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi məktubunda daha sonra dövlətimizin başçısına Türk Şurasına daimi dəstəyini məmnuniyyətlə qeyd edərək bildirir ki, Prezident İlham Əliyevin sədrliyi ilə Bakıda keçirilən Türk Şurasının 7-ci Zirvə görüşünün, habelə COVID-19 pandemiyasına həsr olunmuş ilk fövqəladə Zirvə görüşünün nəticələri bu təşkilatın keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına və regional müstəvidə daha da cəlbedici platformaya çevrilməsinə təkan verib.
Bağdad Amreyev, həmçinin bu il martın 31-də Türküstan şəhərində keçirilən qeyri-formal Zirvə görüşündə üzv dövlətlərin Azərbaycan Respublikasının ərazilərinin işğaldan azad edilməsini təqdirlə qarşılayaraq münaqişənin təsirinə məruz qalmış ərazilərin bərpası, yenidən qurulması və reinteqrasiyası istiqamətindəki səylərində Azərbaycan Hökuməti və xalqı ilə həmrəy olduqlarını bir daha yekdilliklə vurğuladıqlarını, Türk dünyasını birləşdirəcək Zəngəzur dəhlizində yenidən yaradılacaq nəqliyyat, kommunikasiya, infrastruktur layihələrinin üzv dövlətlər başda olmaqla, bütün region ölkələrinin iqtisadiyyatının inkişafına, sülh və sabitliyin möhkəmlənməsinə mühüm töhfə verəcəyinə bir daha əmin olduqlarını diqqətə çatdırır.
Bu fikirlər Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəli, İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Yusif bin Əhməd Əl-Osaymin və digər nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri tərəfindən imzalanan təbrik məktublarında da öz ifadəsini tapıb.
Vaqif BAYRAMOV
Xalq qəzeti
2021.- 27 may.- S.1.