Azərbaycan – İran münasibətləri sürətlə inkişaf edir

 

Regionda yeni vəziyyətin – münaqişədən sonrakı vəziyyətin yaranması ilə əlaqədar yeni imkanlar, yeni çağırışlar varsözsüz ki, İran və Azərbaycan iki qardaş ölkə olaraq səyləri əlaqələndirməli, regionda bütün bölgə ölkələrinin xeyrinə uzunmüddətli və dayanıqlı sülh şəraitində inkişafa töhfə verməlidir. Əminəm ki, İran hökuməti də eyni yanaşmanı paylaşır.

 

 

İlham ƏLİYEV

 

Azərbaycan Respublikasının Prezidenti

 

 

Ulu öndər Heydər Əliyev xarici siyasət barədə danışarkən xatırladırdı ki, dövlət fəaliyyətinin bu istiqaməti olduqca mürəkkəb sahədir və orada ortaya çıxan gözlənilməz faktlar, zamanın tələbləri həmişə siyasətçidən çeviklik, operativlik tələb edir. Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasətin məna və mahiyyətinə nəzər salarkən, ümummilli liderin həmin tezislərinin təsdiqini hər addımda, həm də qabarıq şəkildə görürük.

 

Dövlət başçımızın yaxın qonşu­larımızla əməkdaşlığa verdiyi önəm, atdığı addımlar dəfələrlə sübut etmişdir ki, gənc müstəqil Azərbaycan Respublikası müasir dünyanın ən fəal aktorlarından birinə çevrilməklə bərabər, möhtəşəm qonşuluq münasibətləri də formalaşdıra bil­mişdir. Fikrimizi əsaslandırmaq üçün Azərbaycan Prezidentinin İran İslam Respublikasını təmsil edən diplomat­larla 2020-ci il sentyabrın 7-dən bu günədək keçirdiyi üç görüşü yada salaq.

 

Təbii ki, əvvəlcə ən sonuncu görüş barədə söz açacağıq. Mayın 25-də İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Ca­vad Zərifi qəbul edən dövlət başçı­mız Azərbaycanın erməni faşizmi üzərindəki şanlı qələbəsindən sonra regionda yaranmış yeni vəziyyətdən qonşu ölkələrin də səmərə görəcəyi barədə söz açdı və xatırlatdı ki, bu vəziyyət regionun bütün ölkələrinin üzərinə mühüm vəzifələr qoyur. Amma indiyədək olan əməkdaşlığın nəticələrini də unutmamalıyıq.

 

Prezident qardaş ölkənin baş diplomatına dedi ki, mən sizin səfərinizdən əvvəl məlumatlara bax­dım və gördüm ki, pandemiyaya bax­mayaraq, bizdə ticarət dövriyyəsində artım var: “Bu, çox müsbətdir. Pre­zident Ruhani və mənim tərəfimdən irəli sürülmüş bütün təşəbbüslər, qəbul olunmuş qərarlar həyata keçirilib. Biz Prezident Ruhaninin prezidentliyi dövründə əməkdaşlığın səviyyəsindən çox razıyıq... Biz bütün sahələrdə həqiqətən də böyük irəliləyişə nail olmuşuq. Düşünürəm ki, hazırda ölkələrimiz arasında əlaqələr bəlkə də əməkdaşlığımızın tarixində ən yüksək səviyyədədir”.

 

Dövlət başçımız xatırlatdı ki, münaqişədən sonrakı vəziyyətin yaranması ilə əlaqədar yeni imkan­lar, yeni çağırışlar varsözsüz ki, İran və Azərbaycan iki qardaş ölkə olaraq səyləri əlaqələndirməli, regionda bütün bölgə ölkələrinin xeyrinə uzunmüddətli və daya­nıqlı sülh şəraitində inkişafa töhfə verməlidirlər. Xatırladaq ki, münaqişə həll ediləndən sonra Bakı və Tehran arasında çoxsaylı təmaslar olub.

 

Məlum olduğu kimi, İran da ölkədə keçiriləcək prezident seçkiləri ərəfəsindədir və həmin məqamı nəzərə alan Məhəmməd Cavad Zərif yada saldı ki, biz administra­siyamızın dövründə Azərbaycanla münasibətlərin ən yaxşı dövrü­nü yaşadığımız üçün xoşbəxtik: “Hakimiyyətdə olduğumuz dövr başa çatdığı bir vaxtda İranda hakimiyyətə gələcək növbəti administrasiya üçün qardaş ölkə olan Azərbaycanla mükəmməl münasibətləri miras qoya­raq getdiyimizə görə çox şadıq…”

 

Azərbaycanın haqq savaşında­kı tarixi qələbəsinə işarə edən İran diplomatı dövlət başçımızın regiona sülh gətirmək istəyini alqışladı: “İndi isə regiona sülh gətirmək üçün tarixi bir rol oynaya bilərsiniz və biz Sizi Ermənistanla sülhə nail olmaq arzu­sunu ifadə etdiyiniz üçün təqdir etmək istəyirik. Bu, çox önəmlidir və biz buna nail olmaq, həmçinin işğaldan azad edilmiş ərazilərin yenidən qu­rulmasında və bərpasında İranda hər hansı bir rolu oynamağa hazırıq”.

 

İndi qayıdaq, dövlət başçımızın cənab Məhəmməd Cavad Zərifi bu il yanvarın 25-də qəbul edərkən müzakirə edilmiş məsələlərə. O zaman Azərbaycan Prezidenti iranlı nazirə demişdi ki, regiondakı yeni vəziyyətlə əlaqədar yeni imkanlar, sözsüz ki, özəl investorlar, həmçinin dövlət qurumları üçün əməkdaşlığa geniş qapılar açır. Bildirilmişdi ki, hazırda yeni nəqliyyat əlaqələri müzakirə mərhələsindədir: Sözsüz ki, bizim Xudafərin su anbarı ilə bağlı əməkdaşlığımız və elektrik stansi­yasının tikintisi ilə əlaqədar gələcək planlar artıq çox aktiv fazadadır. Ümidvaram ki, qarşıdakı bir neçə ildə bu layihəni tamamlaya və hər iki tərəfi yeni elektrik enerjisi istehsalı ilə təmin edə biləcəyik. Həmçinin bizim bir neçə il əvvəl yüksək səviyyədə razılaşdırdığımız layihə -- OrdubadMarazad elektrik stansiyaları ilə bağlı işlər uğurla gedir. Beləliklə, bizim geniş gündəliyimiz var. Bundan əlavə, ümidvaram ki, tezliklə çay üzərindən yeni körpünün təməlqoyma mərasimi keçiriləcək və bir çox digər məsələlər”.

 

Cavad Zərif yanvardakı görüşdə Azərbaycan Prezidentinə xitabən demişdi ki, Sizin sülhlə bağlı təqdim etdiyiniz baxışınızın müzakirəsi və onun reallığa çevrilməsini təmin etmək üçün çalışacağam, çünki regi­on ölkələrinin bir-biri ilə əməkdaşlıq edə bilməsi hamımızın maraqlarına uyğundur.

 

Azərbaycanın ərazi bütövlüyünün bərpası və işğala son qoyulması, habelə qaçqın-köçkün soydaşlarımı­zın öz doğma yurdlarına qayıtmaq imkanı əldə etməsindən sonra ya­ranmış vəziyyəti normal adlandıran Tehran rəsmisi vurğulamışdı ki, İran bu işdə yardımçı olmaq arzusunda­dır: “Biz Sizin dostunuz olmaqdan əlavə, yaxın qonşuyuq və əhalinin qayıdacağı, yenidənqurma işlərinin aparılacağı ərazilərinizin bərpası ba­xımından digər ölkələr ilə müqayisədə üstünlüyə malikik. Biz o insanları ailə və soydaş hesab edirik. Arazın hər iki sahili boyu hər zaman soydaşlıq və dostluq münasibətləri mövcud olub”.

 

İndi isə dövlət başçımızın İran diplomatı ilə 44 günlük müharibənin başlanmasından 20 gün əvvəlki görüşünə diqqət yetirək. Azərbaycan Prezidenti həmin gün -- sentyab­rın 7-də İran İslam Respublikası­nın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvinin etimadnaməsini qəbul edərkən xatırlatmışdı ki, son bir neçə il ərzində Prezident Ruhani ilə bizim 10-dan çox görüşümüz olub­dur. Bu görüşlər əsnasında müzakirə olunan bir çox məsələlər və qəbul edilmiş qərarlar ölkələrimizi bir-birinə daha da yaxınlaşdırmışdır. Bir çox sənədlər imzalandı. Bu sənədlər, demək olar ki, bütün sahələri əhatə edir. Biz həmişə beynəlxalq təşkilatlar çərçivəsində bir-birimizin mövqeyi­ni dəstəkləyirik. BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı kimi qu­rumlar çərçivəsində həmişə həmrəylik göstəririk.

 

Bir daha demək istəyirəm ki, bizim münasibətlərimiz sürətlə inkişaf edir və yüksək səviyyəyə qalxıbdır” – deyən dövlət başçımız əminlik ifadə etdi ki, gələcək illərdə bu gün reallaşmaqda olan önəmli nəqliyyat və enerji layihələri daha da geniş miqyas alacaq: “Bildiyiniz kimi, Şimal --Cənub nəqliyyat dəhlizi təkcə bizim ölkələrimizi yox, bütün Avra­siya məkanını birləşdirə bilər. Həm İran, həm Azərbaycan bu dəhlizin fəaliyyətə başlaması və gələcək inkişafı işində çox böyük səylər göstərir. Bütün başqa sahələrdə -- sərmayə qoyuluşu, elektroenerge­tika sahələrində və digər sahələrdə yaxşı nəticələr var. O cümlədən hərbi-texniki sahədə də əlaqələrimiz artıq böyük tarixə malikdiryeni razılaşmalar əldə edilib. Əminəm ki, bu sahədə də bizim əməkdaşlığımız bundan sonra da uğurla inkişaf edəcək”.

 

Yəqin ki, ötən ilin sentyabrında keçirilmiş görüşü yada salmağımı­zın səbəbi hörmətli oxucuya məlum oldu. Həmin görüşdə dövlət başçımız Azərbaycanın bədxahlarına mesaj verirmiş kimi demişdi: “O cümlədən hərbi-texniki sahədə də əlaqələrimiz artıq böyük tarixə malikdir”.

 

Yəni 44 günlük İkinci Qarabağ müharibəsi başlananda artıq regio­nun bütün dövlətləri Azərbaycanın yanında idilər. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıda keçirilən Zəfər paradında dediyi kimi, müharibə başa çatsa da, mübarizə hələ davam edir. Yəni Azərbaycanın xarabazara, viranəyə çevrilmiş ərazilərinin bərpası mübarizənin yeni mərhələsidir. Dövlət başçımızın yeddi ay müddətində İranın iki diplomatı ilə keçirdiyi üç görüşün materialları sübut edir ki, rəsmi Tehran bu mübarizənin növbəti mərhələsində də Bakının ya­nında olacaq. Bu, təkcə İranın milli, dini, mədəni, tarixi eyniliklərimizdən yaranan vəzifəsi deyil, həm də ümumbəşəri haqqa, beynəlxalq hüquqa yüksək qiymət verən cənub qonşumuzun mənəvi borcudur.

 

İttifaq MİRZƏBƏYLİ

 

Xalq qəzeti  2021.- 27 may.- S.3.