Milli dövlətçilik tariximizə
möhtəşəm töhfələr vermiş 23 ay
Mövcudluğunun ilk günlərindən
xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə
əsaslanan Azərbaycan Xalq Cümhuriyyəti bütün
ölkə vətəndaşlarına eyni hüquqlar verərək
irqi, milli, dini, sinfi bərabərsizliyi ortadan qaldırdı.
Dünya birliyi tərəfindən tanınan Xalq Cümhuriyyətinin fəaliyyəti
sayəsində ölkəmizin beynəlxalq hüququn subyekti
olması 1920-ci ilin aprel ayında bolşevik
işğalından sonra Azərbaycanın bir dövlət
kimi dünyanın siyasi xəritəsindən silinməsinin
qarşısını aldı.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
1918-ci il aprelin 23-də fəaliyyətə başlayan Zaqafqaziya Seyminin sonuncu iclası mayın 26-da keçirildi. Həmin gün gürcü nümayəndələri Seymdən çıxıb, Gürcüstanın müstəqilliyini elan etdilər. Gürcü fraksiyası Zaqafqaziya Respublikasının dağılmasının bütün günahını müsəlman fraksiyasının üzərinə yıxaraq, onları türkpərəst mövqe tutmaqda ittiham edirdi. Zaqafqaziya Seyminin üzvü Şəfi bəy Rüstəmbəyov gürcü fraksiyasının gətirdiyi bu arqumentləri qətiyyətlə rədd edərək dedi: “Hesab edirik ki, Zaqafqaziyanın birgə siyasi mövcudluğunun indiki mürəkkəb və məsuliyyətli anında ayrılmaq üçün tutarlı və obyektiv əsaslar yoxdur və burada gürcü nümayəndələri tərəfindən irəli sürülən amillər az inandırıcıdır”. Mayın 27-də isə Seymin müsəlman fraksiyası yaranmış vəziyyətin ciddiliyini nəzərə alaraq fövqəladə iclas çağırdı. Uzun müzakirələrdən sonra Müvəqqəti Milli Şura yaratmaq qərara alındı. "Müsavat" partiyasının təklifi ilə M.Ə. Rəsulzadə qiyabi olaraq (bu vaxt o, Batum konfransında iştirak edirdi–A.İ.) Milli Şuranın sədri, H.Ağayev və M.Seyidov isə sədrin müavinləri seçildilər. Müxtəlif sahələrdə işlərə rəhbərlik etmək üçün Milli Şuranın 9 nəfərdən ibarət icraiyyə orqanı yaradıldı. Fətəli xan Xoyski İcraiyyə Komitəsinin sədri seçildi.
1918-ci il mayın 28-də Tiflisdə Azərbaycan Milli Şurası Azərbaycanın dövlət müstəqilliyi haqqında İstiqlal bəyannaməsini qəbul etdi. Milli Şuranın 24 səslə (iki nəfər – Sultan Məcid Qənizadə və Cəfər bəy Axundov bitərəf qaldı) qəbul etdiyi qərar və altı bənddən ibarət İstiqlal bəyannaməsi, yaxud “isaği-milli” (əqdnamə) Azərbaycan millətinin varlığını bütün dünyaya bəyan etdi. Beləliklə, Azərbaycan dövlətçiliyi tarixində ilk Konstitusiya aktı – İstiqlal bəyannaməsinin qəbulu ilə Azərbaycan dövlətçiliyi Xalq Cümhuriyyəti formasında elan olundu. Bu hüquqi və siyasi sənəddə müstəqil Azərbaycan dövlətinin yarandığı bəyan edilmiş, onun hakimiyyətinin şamil olunduğu ərazinin hüdudları müəyyənləşdirilmiş, həmçinin dövlətin əsas fəaliyyət prinsipləri öz əksini tapmışdır. İstiqlal bəyannaməsində demokratik dövlətə məxsus atributların – hakimiyyətin xalqa mənsub olması, vətəndaşların mülki və siyasi hüquqlarının təmsil edilməsi, bütün xalqların və hər bir kəsin milli, dini, sinfi, silki və cinsi mənsubiyyətindən asılı olmayaraq azad inkişafı üçün şərait yaradılması, ən nəhayət, hakimiyyətin bölünməsi kimi prinsiplərin dövlət fəaliyyətinin əsası kimi bəyan edilməsi Azərbaycan xalqının suveren, demokratik, hüquqi dövlət yaratmaq əzmində olduğunu bütün bəşəriyyətə nümayiş etdirdi. İstiqlal bəyannaməsi Azərbaycan millətinin millət-mədəniyyət statusundan tamamilə başqa siyasi-hüquqi və mənəvi-psixoloji statusa – millət-dövlət statusuna qədəm qoyduğunu göstərdi. Mayın 30-da Azərbaycanın öz müstəqilliyini elan etməsi barədə dünyanın əsas siyasi mərkəzlərinə radio-teleqrafla məlumat verildi.
İstiqlal bəyannaməsini qəbul edən Milli Şura Azərbaycan hökumətini təşkil etməyi bitərəf Fətəli xan Xoyskiyə tapşırdı. İlk hökuməti "Müsavat", Müsəlman sosialist bloku, "Hümmət", "İttihad" və bitərəflərdən ibarət 9 nazir təmsil edirdi.
Cənubi Qafqazın özünü müstəqil elan etmiş üç dövləti – Azərbaycan, Gürcüstan və Ermənistanın nümayəndələri Batumda Osmanlı dövləti ilə danışıqlar apararaq iyunun 4-də ayrı-ayrılıqda müqavilə imzaladılar. Müqaviləni Azərbaycan tərəfindən Milli Şuranın sədri M.Ə.Rəsulzadə və Xarici İşlər naziri M.H.Hacınski imzaladılar. Müqavilənin şərtləri Ermənistan və Gürcüstan üçün çox ağır idi, Azərbaycanla Osmanlı dövləti arasında isə "daimi sülh və dostluq münasibətləri"ni bərqərar edirdi. Yeni yaranmış Azərbaycan hökumətinin xahişinə cavab olaraq, Osmanlı hökumətinin hərbi naziri Ənvər paşa ilk yardım kimi Azərbaycana 2 milyon türk lirəsi həcmində kredit ayırmışdı. Azərbaycanda olan türk ordusunun ehtiyaclarına isə hər ay 50 min lirə xərclənirdi. Bununla yanaşı, Ənvər paşa İstanbulda M.Ə.Rəsulzadə ilə görüşündə Azərbaycan Milli Ordusunun təşkil edilməsinin vacibliyini xüsusi qeyd etmişdi.
1918-ci il iyulun 16-da Azərbaycan Milli Şurasının və hökumətin Gəncəyə köçməsi ilə əlaqədar milli qüvvələr arasında mübarizə kəskinləşdi. Milli Şuradan kənarda qalan burjua-mülkədar dairələrinin məhdud dünyagörüşlü mürtəce hissəsi Türkiyənin Azərbaycanda olan ordusunun başçısı Nuru paşanın vasitəsilə Milli Şuranı hakimiyyətdən uzaqlaşdırmağa cəhd etdilər. Azərbaycanın Türkiyəyə ilhaq edilməsinin tərəfdarı olan bu dairələr Milli Şuraya qarşı fəal kampaniya aparırdı. Gəncədə yerləşən Qafqaz-İslam Ordusu komandanlığı ilə milli qüvvələr arasında münasibətlər gərgin bir şəkil aldı. Nuru paşanın müstəqilliyini elan etmiş dövlətin daxili işlərinə qarışaraq F.X.Xoyskinin başçılıq etdiyi hökumətə etimadsızlıq göstərməsi siyasi böhranla nəticələndi. Mövcud siyasi böhranı aradan qaldırmaq üçün Azərbaycandakı türk qoşunları rəhbərliyi ilə Azərbaycan Milli Şurası arasında güzəştli bir qərar qəbul olundu: Milli Şura buraxılır, ali qanunverici və icraedici hakimiyyət Fətəli Xan Xoyski kabinetinin əlində cəmləşir. İyun böhranı nəticəsində fəaliyyətini müvəqqəti olaraq dayandıran Milli Şura öz tarixi missiyasını – Azərbaycanın dövlət müstəqilliyini çox çətin və mürəkkəb bir mərhələdə qoruyub saxlamaq vəzifəsini yerinə yetirdi. İyunun 17-də axşam Gəncədə F.X.Xoyskinin rəhbərlik etdiyi ikinci hökumət təşkil edildi. İyunun 19-da ölkədə yaranmış gərgin vəziyyəti nəzərə alaraq, hökumət bütün Azərbaycan ərazisində hərbi vəziyyət elan etdi. İyunun 26-da Azərbaycan Milli Ordusunun yaradılması haqqında fərman verdi.
Almanların Bakı neftinə xüsusi maraqları olduğundan Bakının tutulmasına mane olmaq məqsədilə Osmanlıların beşinci diviziyasının Gürcüstan dəmir yolu ilə Gəncəyə gəlməsini qadağan etdilər. Ona görə də Qafqaz diviziyası Mürsəl paşanın rəhbərliyi ilə Gümrü-Dilican-Ağstafa yolunu döyüşlə keçməyə məcbur oldu. Azərbaycan əhalisi Osmanlı qoşunlarını böyük sevinclə qarşılayır və onların gəlişini bayram edirdilər.
Osmanlıların beşinci piyada diviziyası və general Ə.Şıxlinskinin başçılıq etdiyi müsəlman milli korpusu əsasında Qafqaz-İslam Ordusu təşkil edildi. Nuru paşanın rəhbərlik etdiyi bu orduya türklərdən və azərbaycanlılardan ibarət 15 min əsgər və zabit daxil idi.
Qafqaz-İslam Ordusu vasitəsilə Azərbaycan hökuməti öz hakimiyyətini tezliklə yerlərdə yaya bildi, ucqarlarda dövlət orqanları yaratmağa başladı. Bakı Xalq Komissarları Sovetinin liderləri Azərbaycan Xalq Cümhuriyyətini bələkdə ikən boğmaq üçün yollar arayırdılar. Hələ Gəncə üzərinə yürüşə başlamazdan əvvəl Leninin tapşırığı ilə Şaumyan türk qoşunlarının Azərbaycana yolunu bağlamaq üçün Gürcüstan hökumətinin başçısı Jordaniyaya müraciət etdi. Şaumyan Jordaniyaya vəd edirdi ki, əgər Gürcüstan türk qoşunlarını öz ərazisindən Azərbaycana buraxmasa, Sovet Rusiyası onun müstəqilliyini tanıyacaqdır.
Azərbaycanın şərqində kommunist diktaturası yaradan Şaumyan Bakı Sovetinin ixtiyarında olan 18 min döyüşçü ilə Cənubi Qafqazdakı milli hərəkatı boğmaq üçün qəti hücuma başladı. Tamamilə erməni daşnak qüvvələrindən təşkil olunmuş ordu müsəlman əhalisinə qarşı hər cür amansızlığa yol verirdi.
İyunun 10-da Bakı Soveti qoşunlarının Gəncə istiqamətində yürüşləri başlandı. İyunun 12-də Kürdəmiri işğal edən Bakı Soveti qüvvələri Göyçaya yaxınlaşdılar. İki həftədən çox davam edən qanlı döyüşlər Türkiyədən göndərilən əlavə qüvvələrin və Azərbaycan könüllülərinin hesabına Qafqaz-İslam Ordusunun qələbəsi ilə nəticələndi. Qafqaz-İslam Ordusunun Göyçay ətrafındakı qələbəsi Azərbaycanın şərq hissəsini, o cümlədən Bakını bolşevik-daşnak işğalından, azad etmək uğrunda apardığı şərəfli mücadilədə dönüş nöqtəsi oldu. Bu döyüşlərdə Bakı Soveti qoşunlarına elə ağır zərbələr vuruldu ki, onlar bir daha özlərinə gələ bilmədilər. Qafqaz-İslam Ordusu bolşevik-daşnak birləşmələrini darmadağın edərək Bakı istiqamətində yürüşə başladı. İyulun 20-də bu istiqamətdə mühüm strateji məntəqə olan Şamaxı şəhəri azad edildi. İyulun sonunda S.Şaumyanın rəhbərlik etdiyi Bakı Soveti istefa verməyə məcbur oldu. 1918-ci il avqustun 1-də Bakıda eser, menşevik və daşnaklardan ibarət "Sentrokaspi" diktaturası adlanan mürtəce bir qurum yaradıldı. İngilislərin Bakıya çağırılması da "Sentrokaspi" diktaturasını xilas edə bilmədi.
Qafqaz-İslam Ordusu sentyabrın 15-də Bakı üzərinə həlledici hücuma başladı. Şəhər böyük müqavimət hesabına alındı və Azərbaycan hökuməti sentyabrın 17-də Bakı şəhərinə köçdü. 1918-ci il mayın 28-dən sonrakı dövrdə Azərbaycanın həyatında ikinci mühüm hadisə baş verdi: Bakı azad edildi və Azərbaycan hökuməti tam heyətlə əsl paytaxtda qərarlaşdı. Azərbaycan torpaqlarının azad olunmasında Qafqaz-İslam Ordusu 4 min əsgər və zabitini şəhid verdi.
Azərbaycanda siyasi hadisələrin inkişafı daxili proseslərdən daha çox dünyanı lərzəyə gətirən Birinci dünya müharibəsinin gedişindən və nəticələrindən asılı idi. İki hərbi qruplaşma arasında gedən müharibədə Azərbaycan öz mənafeyi baxımından Osmanlı dövlətinin qalib gəlməsini arzulayırdı. Lakin hadisələr başqa cür cərəyan edirdi. Türkiyə ilə Antanta dövlətləri arasında 1918-ci il 30 oktyabr tarixli Mudros müqaviləsinə görə məğlub sayılan Osmanlı qüvvələri Bakını tərk etməli, Antanta qüvvələri tərəfindən Bakının tutulmasına mane olmamalı, Zaqafqaziya dəmir yolu üzərindəki nəzarət hüququnu Antantaya güzəştə getməli idi. İranın Ənzəli limanında yerləşən ingilis hərbi hissələri müttəfiqlər adından Bakını tutmalı idi. Ənzəliyə danışıqlar aparmaq üçün gələn Azərbaycan nümayəndə heyəti ingilis hərbi hissələrinin komandanı general Tomsona Azərbaycan ərazisinə daxil olmazdan əvvəl AXC-ni tanımaq haqqında bəyanat verilməsini təklif etdi. Lakin general Tomson bu təklifi rədd etdi və bildirdi ki, "Azərbaycan Respublikası türklərin intriqası nəticəsində yaranmışdır və xalq arasında heç bir dayağa malik deyildir. Bir halda ki, siz bunun əksini iddia edirsiniz, onda hər şeyi yerində yoxlayıb, buna münasib də qərar verərik. Müttəfiqlər dağıtmaq üçün yox, qurmaq üçün gəliblər”.
V.Tomson bəyan etdi ki, noyabrın 17-si səhər saat 10-a qədər Bakı şəhəri Azərbaycan və türk ordularından təmizlənməlidir: Bakı və onun neft mədənləri ingilislərin nəzarəti altına keçəcəkdir, ölkənin qalan hissəsi isə Azərbaycan hökumətinin və ordusunun nəzarəti altında olacaqdır. Azərbaycan rəsmi şəkildə tanınmır, lakin İngiltərə, Fransa və ABŞ nümayəndələri onun hökuməti ilə defakto əlaqə yaradacaqlar, bütün idarə və təşkilatlar bəzi dəyişikliklərlə fəaliyyət göstərəcək. General Tomson Bakının general-qubernatoru olacaq, ingilislər şəhər polisinə rəhbərlik edəcək, Şəhər Duması yenidən azad fəaliyyətə başlayacaq, Azərbaycan Paris sülh konfransında milli müqəddaratını təyinetmə prinsipi əsasında iştirak edəcək, L.Biçeraxov və onun dəstələri Britaniya ordusu ilə birlikdə Bakıya daxil olacaq və nəhayət, silahlı erməni dəstələri şəhərə buraxılmayacaq.
Azərbaycan nümayəndə heyətinin Ənzəli danışıqları əhəmiyyətsiz olmadı. Ən əsası ona görə ki, Azərbaycanın Paris sülh konfransında iştirak edəcəyi, Bakıya erməni hissələrinin daxil olmayacağı barədə general Tomson öz üzərinə təəhhüdlər götürürdü.
Noyabrın 17-də Tomsonun
hərbi dəstələrinin Bakıya gəlişini şəhər
əhalisi eyni cür qarşılamadı. Rus və erməni
milli şuralarının tərəfdarları sevinc içərisində
idilər. Biçeraxov təyyarələrdən "Rusiya vətəndaşlarına"
adlı intibahnamələr səpir, xristian əhalisini
Bakının "Ana vətənə qovuşması"
münasibəti ilə təbrik edirdi. General Tomsonun da iki gün
sonra yaydığı bəyannamə eyni ruhda idi. General
Biçeraxov daha irəli gedərək qurama "Qafqaz-Xəzər"
hökuməti yaratdı, Bakıda çevriliş təşkil
etmək üçün geniş fəaliyyətə
başladı. Bakıdakı erməni və
rus milli şuraları A.Biçeraxovun gəlişi ilə
bağlı belə bir şayiə yayırdılar ki, guya Azərbaycan
deyilən dövlət yoxdur, yalnız Rusiya vardır. Azərbaycan hakimiyyəti devrilməli və o,
Biçeraxovun başçılıq etdiyi Xəzəryanı
hökumətlə əvəz edilməlidir. Milli Şura hazırkı fövqəladə şəraitdə
Müəssislər Məclisinin çağırılmasının
qeyri-mümkünlüyü ilə əlaqədar
özünü parlamentə çevirməyi qərara
aldı. Qanunların hazırlanması üzərində
işləyən müvafiq komissiyanın Azərbaycan
parlamentinin yaradılması haqqında qanun layihəsi Milli
Şura tərəfindən 1918-ci il
noyabrın 20-də qəbul edildi.
Noyabrın 16-da Milli Şura beş aylıq fasilədən sonra yenidən fəaliyyətə
başladı. Azərbaycan hökuməti təhrikçi
hücumlara baxmayaraq, dövlət quruculuğu işini davam
etdirir, parlamentin açılışına
hazırlaşırdı. Parlament
açılanadək onun funksiyasını Milli Şura yerinə
yetirirdi. Parlamentin əsas özəyini
keçmiş Milli Şuranın 44 üzvü təşkil
edirdi. Daha 36 deputat isə keçmiş
milli komitələrin xətti ilə şəhər və qəzalarda
seçilmişdi. Azərbaycan parlamenti 120 deputatdan ibarət
olmalı, milli tərkibə uyğun olaraq 80 yer azərbaycanlılara,
21 yer ermənilərə, 10 yer ruslara verilməli idi. Yəhudi,
alman, gürcü və polyak icmasının hərəsi
üçün 1 yer, Həmkarlar İttifaqı Şurası
və Neft Sənayeçiləri İttifaqı
üçün 3 yer nəzərdə tutulmuşdu. Respublika ərazisində yaşayan bütün
xalqların və hər iki cinsdən olan vətəndaşların
seçki hüququ təsbit edildi. Azərbaycan
bütün Şərqdə qadınlara seçki hüququ
verən ilk dövlət oldu.
1918-ci il
dekabrın 7-də Azərbaycan parlamenti təntənəli
iclasla açıldı. F.X.Xoyski hakimiyyəti parlamentə təhvil
verdi. Ciddi müzakirələrdən
sonra Türkiyədə danışıqlar aparan
Ə.M.Topçubaşov parlamentin sədri, H.Ağayev sədrin
birinci müavini, R.Vəkilov isə katib seçildilər.
Parlamentin qarşısında duran mühüm
vəzifələrdən biri yeni hökuməti təşkil
etmək idi. Hökumətin təşkili
yenidən F.X.Xoyskiyə tapşırıldı. Dekabrın 26-da hökumətin tərkibi elan edildi.
Koalisyon hökumətin tərkibində 3 nəfər
rus var idi, ermənilər isə onlara təklif olunan 2 nazir
kürsüsündən imtina etdilər.
Yeni hökumətin təşkilindən
iki gün sonra dekabrın 28-də müttəfiqlərin
Bakıdakı nümayəndəsi, general V.Tomson elan etdi ki,
F.X.Xoyskinin başçılığı ilə
yaradılmış Azərbaycan hökumətini yeganə
qanuni hakimiyyət orqanı hesab edir. General V.Tomsonun rus Milli
Şurasına Azərbaycan hökumətini tanımaq təklifi
bu qurum tərəfindən qəbul edilmədi.
Biçeraxovun dəstəsinin
dövlət çevrilişi cəhdinin üstü
açıldıqdan sonra Azərbaycan hökumətinin tələbi
ilə general V.Tomson "Qafqaz-Xəzər" hökumətini
qanundan kənar elan edib, 48 saat müddətində Bakıdan
uzaqlaşdırdı, daha sonra isə erməni hərbi hissələri
tərksilah edilib buraxıldı.
Beləliklə, 1918-ci ilin
dekabrından etibarən ingilis komandanlığı Bakıda
qoyulan məhdudiyyətləri tədricən azaltmağa
başladı: Azərbaycan polisi, su nəqliyyatı və neft
sənayesi, maliyyə idarələri, mətbuat üzərində
nəzarət ləğv olundu. 1919-cu ilin
aprelində Bakıda ingilis general-qubernatorluğunun ləğvi
ilə əlaqədar Gəncədə təşkil
olunmuş ilk Azərbaycan alayı paytaxta daxil oldu və xalq
onu təntənə ilə qarşıladı.
1919-cu ilin aprelindən başlayaraq
ingilislər Paris sülh konfransının şərtlərinə
uyğun olaraq, Qafqazı tərk etməyə başladılar
və bu proses avqustun ortalarında başa çatdı. Azərbaycan hökuməti ingilis müdaxiləsi
qarşısında nəinki öz varlığını
qoruya bildi, həm də ingilis komandanlığını
şəhərin idarəçiliyindən
uzaqlaşdırmağa nail oldu. Lakin
ingilislərin Bakını tərk etməsi, bir tərəfdən,
Azərbaycanın müstəqilliyini möhkəmləndirirdisə,
digər tərəfdən, Sovet Rusiyasının
keçmiş imperiyanı əvvəlki sərhədlər
çərçivəsində bərpa etmək istəyini
sürətləndirdi. Qafqazda
yaranmış müstəqil dövlətlər arasında
mövcud olan ziddiyyətlər, ilk növbədə, ərazi-sərhəd
məsələlərindəki ziddiyyətlər xarici təhlükəni
reallaşdırırdı.
1919-cu il aprelin
25-də Tiflisdə Azərbaycan, Dağıstan,
Gürcüstan və Ermənistan nümayəndələrinin
iştirakı ilə Qafqaz konfransı işə
başladı. Konfransda siyasi, iqtisadi və
maliyyə məsələləri, eləcə də sərhəd
problemləri müzakirə olundu. Konfransın
gedişində bu ölkələr arasında ərazi-sərhəd
məsələləri ilə bağlı kəskin ziddiyyətlərin
mövcudluğu məlum oldu. Keçmiş
çar generalı Denikinin könüllü ordusunun
Dağıstana hücumu ilə konfrans öz işini
dayandırmağa məcbur oldu.
"Vahid və bölünməz
Rusiya" sərhədlərini bərpa etmək iddiasında
olan Denikin 1919-cu ilin yazında Dağıstan Dağlılar
Respublikasına soxularaq Dərbəndi işğal etdi. Çar
generalının Azərbaycana qarşı təcavüzkar
niyyətdə olduğu aşkara çıxdı. Parlamentin fövqəladə iclasında qəbul
olunmuş qərara əsasən, sərhədlərin təhlükəsizliyini
təmin etmək məqsədilə Dövlət Müdafiə
Komitəsi yaradıldı və bütün hakimiyyət onun
ixtiyarına keçdi.
Denikin təhlükəsi
Gürcüstanı da ciddi narahat etdiyindən iyunun 16-da
Gürcüstanla Azərbaycan arasında hərbi müdafiə
paktı imzalandı. Bu pakta görə, Azərbaycan və
Gürcüstanın istiqlaliyyətinə və ərazi
bütövlüyünə hər hansı dövlət tərəfindən
təcavüz olunduğu təqdirdə onlar bir-birinə hərbi
yardım göstərməli idilər. Üç il müddətinə bağlanan hərbi pakta
Ermənistan iki həftə ərzində qoşula bilərdi.
Lakin Ermənistan Denikinlə gizli müqavilə
imzalamağı daha üstün tutdu. Hərbi pakta
görə, Azərbaycan Gürcüstandan 12 kiçik top, 12
dağ topu, 24 pulemyot, 3 min beşaçılan tüfəng,
211 qılınc, 795 nizə və s. hərbi ləvazimat
aldı.
Birinci dünya müharibəsi
1918-ci ilin noyabrında başa çatsa da, onun nəticələrini
reallaşdırmaq uzun bir vaxt tələb edirdi. Qalib dövlətlər
müharibədən sonrakı dünyanın vacib məsələlərini
həll etmək üçün Parisdə beynəlxalq
sülh konfransının çağırılmasına qərar
verdilər.
Azərbaycan parlamenti Paris
sülh konfransında iştirak etmək üçün tam səlahiyyətli
və geniş hüquqlara malik nümayəndə heyəti göndərmək
haqqında qərar qəbul etdi. Nümayəndə heyətinə
rəhbərlik parlamentin sədri Ə.M.Topçubaşova
tapşırıldı. Azərbaycan nümayəndə
heyətinin Paris sülh konfransında iştirak etməkdə
əsas məqsədi dünya dövlətləri tərəfindən
Azərbaycan Xalq Cümhuriyyətinin tanınmasına nail olmaq
idi. Konfransda iştirak etmək üçün
1919-cu ilin yanvarından icazə gözləyən Azərbaycan
nümayəndə heyəti üç aylıq gərgin
diplomatik-siyasi mübarizədən sonra ingilislərin köməyi
ilə mayın əvvəllərində Parisə gedib
çıxa bildi. Mayın 28-də Azərbaycan
nümayəndə heyətini ABŞ prezidenti V.Vilson qəbul
etdi. Vilsona təqdim edilmiş memorandumda
Azərbaycan Respublikasının yaranma tarixi, onun bir ildə
azadlıq yolunda verdiyi qurbanlardan bəhs olunurdu.
Memorandumda göstərilirdi ki, bu mübarizədə Azərbaycanın
iki şəhəri və 500 kəndi
dağıdılmış, 150 min nəfərə qədər
sakini qurban getmişdir. Təkcə İrəvan
quberniyasında qısa bir müddət ərzində 200
müsəlman kəndi yandırılmış və 200 min
nəfər müsəlman evsiz-eşiksiz qalmışdır.
ABŞ prezidentindən Azərbaycan istiqlaliyyətinin
tanınması, Vilson prinsiplərinin (1. Hər
bir millət xarakterindəki intellektual və mənəvi-dini
xüsusiyyətlərinə görə seçilməlidir;
2. Hər bir millət öz taleyini müəyyən
etməyə qadir olduğunu göstərməlidir; 3. O,
öz xərclərini ödəmək üçün
iqtisadi, təbii və maliyyə vasitələrinə malik
olmalıdır; 4. O, özünü xarici təcavüzdən
qoruya bilməlidir; 5. O, tabe olduğu ölkənin hökumətinin
zülmündən əziyyət çəkmiş
olmalıdır) Azərbaycana aid edilməsi, Azərbaycanın
Millətlər Cəmiyyətinə qəbul edilməsi,
ABŞ-ın Azərbaycana hərbi sahədə yardım
göstərməsi, ABŞ-la Azərbaycan arasında diplomatik
və iqtisadi əlaqələrin bərqərar edilməsi məsələlərində
Azərbaycan nümayəndə heyətinə kömək
göstərilməsi xahiş olunurdu. Lakin ermənipərəst
V.Vilson Azərbaycan nümayəndə heyətini soyuq
qarşıladı, nümayəndə heyətinə
konfederasiya ideyasını müdafiə etməyi, Millətlər
Cəmiyyətinin mandatı ilə böyük dövlətlərdən
birinin bu konfederasiya üzərində qəyyumluğunu qəbul
etməyi məsləhət gördü. Konfederasiya
məsələsinə Azərbaycan və qismən də
gürcü nümayəndə heyəti müsbət
yanaşırdı. Bu işin
reallaşmasına əngəl olan isə erməni nümayəndə
heyətinin pozuculuq fəaliyyəti idi. Ermənilər
Paris sülh konfransı rəhbərliyindən tələb
edirdilər ki, birinci dünya müharibəsinin Antantanın
xeyrinə qələbə ilə başa çatmasında
onların böyük xidmətlərini nəzərə
alaraq, qalib dövlətlər "Böyük Ermənistan"ın
yaradılmasında ermənilərə yardımçı
olmalıdırlar. Guya Qafqazda rus ordusunun tərkibində
180 min, Avropada isə 15 min erməni könüllüsü
müttəfiqlərin "müqəddəs işi"
uğrunda mübarizə aparmışdır. Ermənilər
Türkiyənin 7 şərq vilayəti, İrəvan
quberniyası, Tiflis və Yelizavetpol (Gəncə)
quberniyalarının cənubunu və Qars torpaqlarından ibarət
böyük bir ərazini tələb edirdilər. Bundan əlavə, ermənilər 19 milyard frank həcmində
müharibə təzminatı almaq istədiklərini də
gizlətmirdilər. Yeri gəlmişkən,
ermənilərin bu əsassız iddialarını Paris,
London, xüsusilə də Vaşinqton qızğın
müdafiə edirdi.
Erməni millətçilərinin
"Dənizdən-dənizə Böyük Ermənistan"
planına Qərbi Azərbaycan və Naxçıvan
torpaqları da daxil idi. 1918-ci ilin yazında təkcə Sisiyan mahalında 50 min
müsəlman ev-eşiyindən qovulmuş, 115 kənd
dağıdılmış və yandırılmış,
10038 nəfər öldürülmüş və
yaralanmışdı. Onlardan 7729 nəfəri (3257 kişi,
2276 qadın və 2196 uşaq) məhv edilmiş, 2309 nəfəri
isə (1060 kişi, 764 qadın və 485 uşaq) şikəst
edilmiş, qəzanın azərbaycanlı əhalisinə
üst-üstə bir milyard manat maddi ziyan dəymişdi.
1918-ci ilin yazında Andranik
800 nəfərlik quldur dəstəsi ilə Naxçıvan
bölgəsinə hücuma keçdi. Yerli əhaliyə kömək
məqsədilə həmin il avqustun 7-də
Kazım Qarabəkir paşa Naxçıvana daxil oldu. Bununla da erməni-daşnak qüvvələrinin
Naxçıvan torpaqlarındakı
özbaşınalığına son qoyuldu. Mudros barışığından sonra Osmanlı
qüvvələri noyabrın 11-də Naxçıvanı tərk
etməyə məcbur oldu. Yerli əhali
erməni təcavüzündən qorunmaq üçün
1918-ci ilin noyabrında Araz-Türk Respublikasının
yaradıldığını elan etdi. 1919-cu ilin martına kimi fəaliyyət göstərən
Araz-Türk Respublikası Naxçıvan bölgəsinin ermənilərin
işğalı altına keçməsinə imkan vermədi.
Azərbaycan hökuməti də
Naxçıvanın müdafiəsi üçün ciddi tədbirlər
görürdü. 1919-cu il fevralın 28-də Azərbaycan
Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə
Naxçıvan general-qubernatorluğu yaradıldı. Bəhram xan Naxçıvanın general-qubernatoru təyin
edildi.
Ermənilərin
Naxçıvan torpaqlarına yiyələnmək cəhdləri
1919-cu ilin yazında daha da gücləndi. Bölgədəki
ingilis komandanlığının razılığı ilə
1919-cu ilin mart-iyul aylarında Naxçıvan bölgəsində
erməni idarəçiliyi yaradıldı. Naxçıvan əhalisi bu qərara qəti
etirazını bildirdi. İyulun 25-də
Naxçıvan əhalisi erməni qoşunlarını əzərək
onları qaçmağa məcbur etdi. Beləliklə,
Naxçıvan bölgəsində "erməni idarəçiliyi"
ləğv edildi.
Paris sülh konfransında
iştirak edən İran nümayəndə heyəti isə
təqdim etdiyi memorandumda Bakı, Dərbənd, Şəki,
Şamaxı, Gəncə, Qarabağ, Naxçıvan və
İrəvanın ona verilməsini tələb edirdi. Müharibədə
heç bir rolu olmayan İranın bu qəribə
iddialarına konfrans heç bir reaksiya vermədi, üstəlik
1919-cu il 9 avqust tarixli ingilis-İran
müqaviləsindən sonra onun nümayəndələri
konfransdan uzaqlaşdırıldı. 1920-ci il
martın 21-də İran Azərbaycan dövlətini müstəqil
dövlət kimi tanıyaraq onunla dostluq haqqında müqavilə
imzaladı.
Nəhayət, 1920-ci il
yanvarın 11-də Parisdə Müttəfiq Dövlətlərin
Ali Şurası Azərbaycanın istiqlaliyyətinin de-fakto
tanınması haqqında yekdilliklə qərar qəbul etdi. Yanvarın 14-də bu xəbər Azərbaycana
çatdırıldı və parlament onu təntənəli
şəkildə qeyd etdi. Millət vəkilləri
və parlamentin iclasında iştirak edən xarici ölkələrin
diplomatik nümayəndələri istiqlal yolunda qurban
getmiş Vətən oğullarının və Osmanlı əsgərlərinin
xatirəsini yad etdilər. Bu hadisə
münasibətilə ümumi amnistiya elan edildi.
Yanvarın 19-da Azərbaycanın
və Gürcüstanın rəsmi nümayəndələri
Paris sülh konfransı Ali Şurasının iclasına dəvət
edildilər. Antanta Cənubi Qafqazın yeni dövlətlərini
tanımaqla onları xarici təcavüzdən qorumaq
üçün öz üzərinə öhdəliklər
götürdü. Azərbaycan tərəfi ABŞ və
Avropa dövlətlərindən alınması nəzərdə
tutulan 100 parovoz, 2 min ədəd çən, 500 bağlı
vaqon müqabilində 200 milyon pud ağ neft, eləcə də
pambıq, yun, ipək, gön-dəri məhsulları göndərməyi
öhdəsinə götürdü.
Azərbaycan Xalq Cümhuriyyətinin
de-fakto tanınmasına qədər dövlət quruculuğu
sahəsində heç bir təcrübəsi olmayan xalq
qısa bir müddət ərzində normal fəaliyyət
göstərən dövlət aparatı yaratmağa, 20-dən
çox dövlətlə, o cümlədən, Türkiyə,
Gürcüstan, Ermənistan, İran, Belçika, Hollandiya,
Yunanıstan, Danimarka, İtaliya, Fransa, İsveçrə,
İngiltərə, ABŞ, Ukrayna, Litva, Polşa, Finlandiya və
başqaları ilə baş konsulluq, konsul agentlikləri səviyysində
əlaqələr qurmağa nail oldu. Azərbaycan
Xalq Cümhuriyyətinin dövlət quruluşu parlamentli
respublika idi.
Yeni yaranmış dövlət
öz fəaliyyəti dövründə "türkləşmək,
islamlaşmaq və müasirləşmək" ideyası
uğrunda mübarizə aparırdı. Hökumət Gəncədəki
fəaliyyəti dövründə – 1918-ci il
iyunun 27-də Azərbaycan dilinin dövlət dili elan edilməsi
haqqında fərman imzaladı. Azərbaycan dilli
savadlı kadrların çatışmazlığı nəzərə
alınaraq, dövlət idarələrində müvəqqəti
olaraq rus dilindən də istifadə olunmasına icazə
verildi.
İyunun 24-də üzərində ağ rəngli aypara və səkkizguşəli
ulduz təsviri olan qırmızı bayraq dövlət
bayrağı kimi qəbul edildi, noyabrın 9-da isə həmin
bayraq üçrəngli – yaşıl, qırmızı və
mavi zolaqlardan ibarət olan bayraqla əvəz olundu. Avqustun
11-də ümumi hərbi səfərbərlik elan edildi və
1894-1899-cu il təvəllüdlü
bütün Azərbaycan vətəndaşları hərbi
xidmətə çağırıldılar.
Sentyabrın 1-də Hərbiyyə
Nazirliyinin yaradılması haqqında qərar qəbul olundu. Dekabrın 25-də general Səmədağa
Mehmandarov hərbi nazir, general Əliağa Şıxlinski hərbi
nazirin müavini, general Süleyman
Sülkeviç Baş qərargah rəisi təyin edildilər.
1919-cu ildə 25 min nəfərlik Milli Ordu
yaratmaq məqsədilə 400 milyon manat vəsait
ayrılmışdı. Ordunun
yaradılması prosesi 1920-ci ilin yanvarında əsasən
başa çatdırıldı. 40 min nəfərlik
nizami ordunun 30 mini piyada, 10 mini isə süvari qoşun hissələrindən
ibarət idi.
1919-cu ilin yayında
Bakını tərk edən ingilislər şəhər
limanının idarəçiliyini və hərbi gəmilərin
bir hissəsini Azərbaycan hökumətinə təhvil verdilər. İngilislərdən
alınan gəmilər hesabına Xəzər donanması
yaradıldı.
1919-cu il iyulun 21-də
parlament "Azərbaycan Respublikasının Müəssislər
Məclisinə seçkilər haqqında" Əsasnaməni
təsdiq etdi. Həmin il avqustun 11-də
parlament tərəfindən qəbul olunmuş "Azərbaycan
vətəndaşlığı haqqında" qanuna görə
özü və ya valideynləri Azərbaycan ərazisində
anadan olmuş keçmiş Rusiya imperiyasının
bütün təbəələri milli və dini mənsubiyyətindən
asılı olmayaraq, Azərbaycan vətəndaşı hesab
olunurdu.
Xalq maarifi sahəsində
ciddi nailiyyətlər qazanıldı. Orta məktəblərin,
təxminən, yarısı milliləşdirildi, məktəblərdə
rus tarixi əvəzinə ümumtürk tarixi tədris
olunmağa başladı, bütün məktəblərdə
Azərbaycan dilinin tədrisi məcburi hesab olundu. 1919-cu il sentyabrın 1-də Bakı Universitetinin təsis
olunması haqqında qərar qəbul olundu. Dərslər
noyabrın 15-də başlandı. Kənd
Təsərrüfatı İnstitutunun yaradılması
haqqında qanun qəbul olundu. 1919-cu ilin
oktyabrında mətbuat sahəsində senzura ləğv
olundu. Azərbaycanın müxtəlif regionlarında kişi və qadın seminariyaları
açıldı, dövlətin hesabına yüzə
yaxın gənc azərbaycanlı ali təhsil almaq məqsədilə
Avropanın universitetlərinə göndərildi. Ticarəti
və daxili bazarı dirçəltmək məqsədilə
1918-ci il avqustun 27-də azad ticarət
haqqında fərman verildi, oktyabrın 30-da ticarət
donanmasının fəaliyyəti bərpa olundu. 1919-cu ilin yayında Azərbaycan Xəzər
donanması yaradıldı.
Azərbaycan Xalq Cümhuriyyətinin
mübahisəsiz ərazisi 97,3 min kvadrat
kilometr idi. Gürcüstanla 8,7 min kvadrat kilometr, Ermənistanla
isə 7,9 min kvadrat kilometr həmsərhəd ərazi Azərbaycan
hökuməti tərəfindən mübahisəli torpaq
sayılırdı. Azərbaycanın əhalisi
2 milyon 862 min nəfər idi ki, onun 70 faizini müsəlmanlar
təşkil edirdi.
Azərbaycanın beynəlxalq
aləmdə tanınmasına baxmayaraq ölkənin şimal
sərhədlərindəki vəziyyət gərgin olaraq
qalırdı.
Sovet Rusiyasının Xarici İşlər komissarı
G.Çiçerin 1920-ci il yanvarın əvvəllərində
Azərbaycan hökumətinə göndərdiyi notada Denikin əleyhinə
hərbi ittifaq bağlamağı təklif edirdi. Azərbaycan rəhbərliyi başa
düşürdü ki, sovet hökumətinin əsas məqsədi
bu gənc respublikanı Denikinlə qeyri-bərabər hərbi
münaqişəyə cəlb edib zəiflətmək, sonra
isə onun istiqlaliyyətinə son qoymaqdır. AXC-nin Xarici İşlər naziri F.Xoyski cavab
notasında yazırdı ki, Denikinlə sovet hökuməti
arasındakı mübarizə rus xalqının daxili
işidir və Azərbaycan hökuməti Rusiyanın daxili
işinə qarışmaq niyyətində deyil. Çiçerin yanvarın 23-də ikinci
notasında Azərbaycanın müstəqilliyinə
münasibətini bildirməkdən yan keçir və Azərbaycan
hökumətini Denikinə qarşı mübarizə
aparmaqdan imtina etməkdə günahlandırırdı.
F.X.Xoyski isə notasında Azərbaycanın
istiqlaliyyətinin sovet Rusiyası tərəfindən
qeyd-şərtsiz tanınmasını təkid edirdi. Çiçerinin martın 7-də göndərdiyi
növbəti nota baş aldatmaqdan və vaxt uzatmaqdan başqa
bir şey deyildi. Getdikcə aydın olurdu
ki, Rusiyanın bu hərəkətləri Azərbaycana
qarşı hazırlanan hərbi müdaxiləni pərdələmək
və Azərbaycan hökumətinin
sayıqlığını azaltmaq məqsədi
güdür.
Sovet Rusiyasının Azərbaycana əsl
münasibətini V.Leninin 1920-ci il
martın 17-də Qafqaz cəbhəsinin hərbi-inqilab
Şurasının üzvləri Smilqa və Orconikidzeyə
göndərdiyi teleqram dolğun əks etdirir:
"Bakını zəbt etmək bizə olduqca və olduqca zəruridir,
bütün səylərinizi buna verin".
Hələ 1918-ci ilin
dekabrında bolşeviklər Bakıda ümumi siyasi tətil
keçirməyə nail oldular. Tətildə 25-dən
çox müəssisənin 12 minə qədər fəhləsi
iştirak edirdi. 1919-cu ilin mayında
bolşeviklər Bakıda ikinci dəfə tətil
keçirməyə cəhd göstərdilər. Azərbaycan bolşeviklərinin sosial bazasını
əsasən qeyri-müsəlman əhalisi təşkil edirdi.
1919-cu il aprelin 25-də Azərbaycanın cənub
bölgəsində bolşeviklər tərəfindən
qızışdırılan rus əhalisinin milli hökumətə
qarşı qiyamı başlandı. Qiyamçılar
bölgəni "Muğan Sovet Respublikası" elan etdilər.
Avqustun əvvəlində qiyam hökumət
qüvvələri tərəfindən yatırıldı.
Hökumətin torpaq
islahatını yubatmasından bolşeviklər məharətlə
istifadə etdilər. 1919-cu ilin əvvəllərində bir
sıra qəzalarda bolşeviklərin rəhbərliyi ilə
kəndli çıxışları başlandı.
Bunlardan ən güclüsü Gəncədə baş verdi. Bu çıxış
1919-cu ilin sentyabrında yatırıldı.
Bolşeviklər Azərbaycanın
daxilində də təxribatçılıq fəaliyyətlərini
gündən-günə genişləndirirdilər. 1920-ci ilin
fevralında təsis edilmiş Azərbaycan Kommunist
(bolşeviklər) Partiyasının əsas məqsədi
ölkədə vəziyyəti gərginləşdirmək,
təxribat yolu ilə bolşevikləri hakimiyyətə gətirmək
idi. Bu təxribatçı quruma qatı
millətçi A.Mikoyan başçılıq edirdi.
Böhranı kəskinləşdirən
amillərdən biri də Azərbaycanda, xüsusən,
Bakıda olan Türkiyə kommunistləri və
ittihadçılarının xalq arasında geniş
nüfuzlarından istifadə edərək, rus ordusunun gələcək
yürüşü xeyrinə təbliğat aparmaları idi. Türklər
iddia edirdilər ki, güya qırmızı ordunun Türkiyədə
Kamal hərəkatına köməyə tələsməsinə
baxmayaraq, Azərbaycan hökuməti rus ordusunu öz ərazisindən
buraxmaq istəmir. Buna görə də
türk kommunistləri yerli və xarici bolşeviklərlə
birlikdə milli hökumətə qarşı mübarizə
aparmağa məcburdurlar. 1920-ci ildə
fevralın 11-12-də Bakıda Azərbaycan Kommunist
(bolşeviklər) Partiyası təsis edildi. Bolşeviklər partiyasının faktiki rəhbəri
Azərbaycan xalqının qatı düşməni A.Mikoyan
idi. Partiya milli hökuməti yıxmaq,
sovet Azərbaycanı qurmaq üçün silahlı
üsyan xəttini irəli sürdü.
Sovet Rusiyası Ermənistanın
Azərbaycana qarşı düşmənçiliyindən
istifadə etdi. 1920-ci ilin əvvəllərində erməni
nümayəndələri Moskvada ərazi güzəştləri
müqabilində Azərbaycan hökumətini devirmək
planlarını sovet Rusiyasına təklif etdilər. Qarabağda və Gəncəbasarda erməni əhalisinin
qiyamı və Azərbaycana qarşı Ermənistanın
müharibəsi bu planın tərkib hissəsi idi. Azərbaycan Ordusunun, demək olar ki, hamısı
1920-ci ilin Novruz bayramı günlərində Qarabağ
istiqamətində erməni qiyamçılarına
qarşı vuruşurdu, ölkənin şimal sərhədləri
isə müdafiəsiz qalmışdı. Digər tərəfdən, Azərbaycan hökumətinin
Qərbdən gözlədiyi yardım gəlib
çıxmırdı.
Sovet Rusiyasına münasibət məsələsində
də Azərbaycan hökumətində birlik yox idi: Xarici
İşlər naziri Fətəli xan Xoyski Rusiyaya münasibətdə
sərt xəttin, Daxili İşlər naziri Məmməd Həsən
Hacınski isə Azərbaycan bolşevikləri ilə
danışığa girib onlara güzəştə getməyin
tərəfdarı idi. M.H.Hacınskiyə
görə sovet Rusiyasına geniş güzəştlər
verməklə Azərbaycanın istiqlalını qorumaq
mümkün idi.
1920-ci ilin martında hökumətin
keçirdiyi konfransda M.H.Hacınskinin tərəfdarları
qalib gəldilər, N.Yusifbəyli baş nazir vəzifəsindən
istefa verdi. Yeni hökumətin
təşkili M.H. Hacınskiyə tapşırıldı.
Lakin M.H.Hacınski bu hökumətin təşkilinə tələsmirdi,
az sonra M.H.Hacınskinin özü
bolşeviklər partiyasına daxil oldu. Yeni
hökumətin təşkilinin yubadılması onsuz da gərgin
olan vəziyyəti bir qədər də çətinləşdirdi.
Parlamentdə müxtəlif partiyalar arasında
gedən mübarizə son həddə çatdı. Mövcud hakimiyyətə qarşı daim
müxalifətdə olan və hökuməti devirməyə
çalışan ittihadçılar Rusiya ilə hərbi
ittifaqa girməyi tələb edirdilər, Azərbaycan
bolşevikləri isə guya ölkədə qayda-qanun yaratmaq
naminə hərbi yardım üçün Rusiyaya müraciət
etməyə və XI rus ordusunu Azərbaycana dəvət etməyə
çağırırdılar.
1920-ci ilin aprelində
Denikinin qoşunlarını məğlub edən XI rus ordusu
Azərbaycan sərhədlərinə yaxınlaşdı. Aprelin 15-də
F.X.Xoyski Çiçerinə göndərdiyi notada rus
ordusunun Azərbaycan sərhədində toplanmasının səbəbləri
və məqsədi barədə məlumat verilməsini tələb
etdi. Lakin Çiçerin bu notaya heç
bir əhəmiyyət vermədi. Həmin
günlərdə A.Mikoyan başda olmaqla Bakı bolşevikləri
Azərbaycan xalqı adından XI rus ordusunu Azərbaycana dəvət
etdilər. Qabaqcadan
razılaşdırılmış plana görə, rus ordusu
Bakıda bolşevik qiyamının başlanmasından 1-2
gün sonra Azərbaycana soxulmalı idi. Bununla
da dünya ictimaiyyətində belə bir rəy
yaradılacaqdı ki, Azərbaycan hökuməti xarici hərbi
müdaxilənin deyil, daxili qiyamın qurbanı olmuşdur.
Lakin Bakıda qiyam başlanmamış – aprelin
26-dan 27-nə keçən gecə XI ordu hissələri Azərbaycan
ərazisinə daxil olub Bakıya doğru irəliləməyə
başladılar. Sərhəd qüvvələrindən
ibarət azsaylı Azərbaycan ordu hissələri
düşmənə müqavimət göstərə bilmədi.
Hərbi gəmilərin topları dənizdən
parlament binasına tuşlandı.
XI ordunun Azərbaycana hücumu ilə
eyni vaxtda aprelin 27-də gündüz saat 12-də AK(b)P MK və
RK(b)P Qafqaz Diyar Komitəsinin Bakı bürosu adından
hakimiyyəti təhvil vermək haqqında Azərbaycan
parlamentinə ultimatum verildi. Azərbaycan parlamentinin fəaliyyəti
həmin gün saat 20:45-də başa çatdı. Parlament
aşağıdakı şərtlərlə hakimiyyətin
Azərbaycan kommunistlərinə verliməsi barədə qərar
çıxartdı:
1. Rus ordusu Bakıya daxil olmadan dəmir
yolu ilə birbaşa Anadolunun köməyinə gedəcək.
2. Azərbaycan istiqlalı və ərazi
bütövlüyü hər cür təcavüz və
ilhaqdan qorunacaq.
3. Azərbaycan ordusu olduğu kimi
saxlanacaq.
4. Azərbaycanın siyasi
partiyaları üçün fəaliyyət
azadlığı təmin olunacaq.
5. Keçmiş dövlət xadimləri,
hökumət üzvləri və millət vəkilləri təqib
olunmayacaq, dövlət idarələri
qulluqçularının iş yerləri saxlanacaq, yalnız rəhbər
vəzifəli şəxslər dəyişdiriləcək.
6. Azad şəraitdə toplaşacaq
Azərbaycan Şuraları hakimiyyətin idarəçilik
formalarını təyin edəcək.
Aprelin 29-da Azərbaycan
İnqilab Komitəsi hərbi yardım göstərmək
xahişi ilə Sovet Rusiyasına müraciət etdi. Halbuki, rus
ordusu aprelin 27-də Azərbaycanın hüdudları daxilində
idi. Beləliklə, Azərbaycan Xalq
Cümhuriyyəti 23 aylıq fəaliyyətdən sonra
süqut etdi.
1920-ci il aprelin
28-də Azərbaycan Sovet Sosialist Respublikası elan olundu.
Aprel işğalı nəticəsində
Azərbaycanda qurulan bolşevik rejiminin ömrü 70 ildən
də çox çəkdi. Bu rejim
özünün bütün varlığı ərzində
Şərqdə ilk demokratik respublikanın
bayrağını ucaldan qeyrətli soydaşlarımızla,
onların haqq işinin davamçıları ilə
mübarizə apardı. Lakin xalqın qəlbində
yaşayan azadlıq atəşini söndürməyə
müvəffəq olmadı. Xalq
özünün istiqlal arzularını nəsildən-nəslə
ötürdü. Nəhayət, 1991-ci ildə Azərbaycan
yenidən öz dövlət müstəqilliyini bərpa etdi,
indiki Azərbaycan Respublikasının 1918-ci il
mayın 28-dən 1920-ci il aprelin 28-dək mövcud olmuş Azərbaycan
Xalq Cümhuriyyətinin varisi olduğunu ümumxalq iradəsi
ilə təsdiqlədi.
1991-ci il oktyabrın 18-də Azərbaycan
Respublikası Ali Sovetinin sessiyasında qəbul edilmiş
"Azərbaycan Respublikasının dövlət müstəqilliyi
haqqında Konstitusiya aktı"nda bu tarixi
amansızlığa verilən siyasi qiymət belə oldu:
"1920-ci il aprelin 27-28-də RSFSR-in XI ordusunun Azərbaycana təcavüzü,
respublika ərazisini zəbt etməsi, beynəlxalq hüququn
subyekti olan Azərbaycan Xalq Cümhuriyyətini devirməsi
Rusiyanın müstəqil Azərbaycanı işğal etməsi
hesab edilsin".
Azərbaycanın dövlət
müstəqilliyi bizim tarixi nailiyyətimizdir, ən əziz, ən
qiymətli sərvətimizdir, eyni zamanda, bu, XX əsrin əvvəlindən
sonunadək xalqımızın qəlbində yaşayan
azadlıq idealları uğrunda mübarizənin məntiqi nəticəsidir. Ulu öndər
Heydər Əliyevin sözləri ilə desək, "Azərbaycanın
dövlət müstəqilliyi əbədidir, dönməzdir
və bizim qarşımızda duran vəzifə dövlət
müstəqilliyimizi qorumaqdan, əbədi etməkdən ibarətdir".
Çünki müstəqilliyin əldə olunması nə
qədər çətindirsə, onu qoruyub saxlamaq, dönməz
və əbədi etmək bundan da çətindir…
Azərbaycanın tarixi torpaqlarına
ərazi iddiaları olan ermənilər cümhuriyyət dövründə
olduğu kimi 20-ci əsrin 80-ci illərin sonlarında yenidən
təcavüzkarlıq siyasətinə
başladılar.Havadarlarının köməyi ilə 20 faiz
torpaqlarımızı işğal etdilər,minlərlə
insanımızı qətlə yetirdilər. 2020-ci
ilin sentyabrında müzəffər Ali Baş Komandan İlham
Əliyevin əmri ilə Azərbaycan əsgəri əks-hücuma
keçdi və 44 günlük Vətən müharibəsi nəticəsində
işğalçı erməni ordusu darmadağın edildi.
Cümhuriyyətin ən böyük yadigarı
olan üçrəngli bayrağımız bu gün
işğaldan azad edilən torpaqlarımızda qələbə
sevinci ilə dalğalanır.
Qarabağ Azərbaycandır!
Anar
İSGƏNDƏROV,
Azərbaycan
Respublikası Milli Məclisinin deputatı,
tarix elmləri doktoru, professor
Xalq qəzeti
2021.- 28 may.- S.5;6.