Çağdaş müstəqil dövlətimiz Azərbaycan Xalq Cümhuriyyətinin varisidir

 

Azərbaycan Xalq Cümhuriyyəti qısa müddət ərzində həyata keçirdiyi ciddi tədbirlər sayəsində bütün dövlətçilik atributları– öz parlamenti, ordusu və pul vahidi olan müstəqil, suveren bir dövlətə çevrildi. O, bütün dövlətçilik göstəricilərinə və prinsiplərinə görə Şərqdə ilk demokratik respublika idi. Azərbaycan Milli Şurasının qəbul etdiyi tarixi bəyannamə yeni yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin daxili və xarici siyasətinin başlıca prinsiplərini bütün dünyaya bildirdi. Bəyannamədə elan edilmiş prinsiplər Azərbaycan xalqının öz müqəddəratını müəyyən etmək, insanların hüquq bərabərliyinə hörmət, bütün xarici dövlətlərlə, habelə qonşu xalqlarla dinclik və əmin-amanlıq şəraitində yaşamaq, bir-birinin suverenliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşmaq prinsipləri Azərbaycan Xalq Cümhuriyyətinin beynəlxalq nüfuzunu artırdı.

 

 

Heydər ƏLIYEV

Ümummilli lider

 

 

Müsəlman Şərqində ilk demokratik respublikanın–Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasından 103 il keçir. 1918-ci il mayın 28-də Azərbaycan xalqını təmsil edən Milli Şura türk-İslam dünyasında ilk demokratik respublika formasında Azərbaycanın dövlət müstəqilliyini elan etdi.

 

Bu tarixi hadisədən uzaqlaş­dıqca onun təkcə Azərbaycan və müsəlman Şərqində deyil, beynəlxalq aləmdə də böyük əhəmiyyət daşıdığı daha aydın və iri planda görünür. Zaman keçdikcə cümhuriyyət irsinə daha dərindən və geniş aspektdə müraciət olunur və bir çox sualları yenidən cavab­landırmaq və ibrət almaq lazım gəlir. Cümhuriyyətin yaradılma­sına aparan tarixi yol necə olub? Cümhuriyyət necə elan edilib? Buna hansı daxili və beynəlxalq amillər təsir edib? Azərbaycan hökumətinin ölkə daxilində həyata keçirdiyi tədbirlərin əhəmiyyəti nədən ibarət olub? Azərbaycan Xalq Cümhuriyyəti dövlətinin xarici siyasəti necə olub? Dövlət müstəqilliyinə necə son qoyulub? Cümhuriyyət dövrü tariximizdən hansı ibrət dərsləri almalıyıq? Bütün bu suallar, Azərbaycan ötən əsrin son onilliyində itirilmiş dövlət müstəqilliyini bərpa etdikdən sonra xüsusi aktuallıq kəsb etmişdir.

 

Azərbayxan Xalq Cümhuriyyətinin mövcudluğuna son qoymuş, onun irsini “7 qıfıl” altında gizlətmiş 70 illik sovet dövründə Azərbaycan tarixinin yazılmayan və danışılmayan, üstündən sükutla keçilən, ən yaxşı halda, söhbət açı­landa da kobudcasına təhrif edilən səhifələrindən biri 1918–1920-ci illərdə milli dövlətçiliyin bərpası dövrü olub. Bu tarixə dair arxiv sənədləri daim “məxfi”, “tam məxfi” qrifləri altında saxlanıldığından tədqiqatçılar tarixi həqiqətlərin heç də hamısını bilməyiblər, bilənləri isə ideologiyanın təsiri altında onu məqsədli şəkildə, düşünərək, təhrif edərək yazıblar. Lakin Azərbaycanın dövlət müstəqilliyi bərpa edildikdən sonra yaranmış yeni şəraitdə belə arxiv fondları açıldıqda tamamilə başqa bir mənzərə üzə çıxdı. Cümhuriyyət tarixinə yeni baxış meydana gəldi.

 

Cümhuriyyət tarixinin sis­temli şəkildə araşdırılmasında Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyi ilə əlaqədar olaraq Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 1998-ci ildə imzaladığı “Azərbaycan Xalq Cümhuriyyətinin 80 illik yubileyinin keçirilməsi haqqında”, “Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyinə həsr olunmuş əsərlərin nəşr edilməsi haqqında” və “Azərbaycan Xalq Cümhuriyyətinin 80 illik yubileyinə həsr olunmuş ümumrespublika mərasiminin keçirilməsi haqqında” sərəncamları mühüm rol oynadı. Məhz həmin sənədlərdə nəzərdə tutulmuş məsələlərin yerinə yetirilməsi nəticəsində sonrakı illərdə cümhuriyyət dövrü tarixinə həsr olunmuş ciddi, əhatəli və dərin elmi-tədqiqat işləri aparıldı, qiymətli əsərlər yazıldı, xarici siyasət sənədləri, parlamentin stenoqramla­rı və b. nəşr edildi.

 

Ölkəmizdə müstəqil, demok­ratik cümhuriyyətin elan edilməsi göydəndüşmə olmadı. Çarizmin Azərbaycanın şimalını işğal və ilhaq etdiyi dövrədək Azərbaycan xalqının zəngin dövlətçilik ənənələri mövcud idi. Lakin Rusi­ya imperiyası 1805–1828-ci illərdə Azərbaycanın şimalındakı müstəqil feodal dövlətləri olan xanlıqları işğal etdikdən sonra tamamilə yeni bir şərait yarandı. Azərbaycanın ərazisi və xalqı Rusiya ilə İran arasında iki yerə bölüşdürüldü.

 

Lakin Azərbaycan xalqı illər boyu bu işğalla barışmadı, bu ədalətsizliyə qarşı müqavimət hərəkatı, üsyanlar baş verdi. Amansızlıqla yatırılan qiyamlardan sonra müstəqillik şüurunun, onun daşıyıcılarının sistemli şəkildə məhvinə başlandı. Milli dövlətçiliyin itirilməsindən narazı olan şəxsləri amansız Sibir sürgünləri və həbsxanalar gözləyirdi. Çarizm or­qanları hakimiyyət əleyhinə olan ən xırda təzahürləri amansızlıqla məhv edirdi. Rəsmi məlumatlara görə, bu səbəbdən Sibir sürgünlərində, təqribən, 5 min nəfər azərbaycanlı əzablara və məhvə məhkum edil­mişdi.

 

İmperiya ərazisində aparı­lan islahatların başlıca məqsədi çarizmin ümumi müstəmləkəçilik mənafelərini təmin etmək, ucqar­ları mərkəzə daha sıx bağlamaq idi. Azərbaycanda demoqrafik şəraiti dəyişdirməkdən ötrü qeyri-azərbaycanlılar iri şəhərlərə və müxtəlif yaşayış məntəqələrinə yerləşdirilirdilər. Yadellilərin gəlməsi sadəcə demoqrafik şəraiti dəyişdirmirdi. Gəlmələr yerli əhaliyə məxsus zəngin torpaqlara da sahib oldular. Onlar üçün üstün şərait yaradılır, hətta silah gəzdirmələrinə icazə verilirdi.

 

Bütün bunlar isə təkcə so­sial deyil, milli ziddiyyətləri də kəskinləşdirirdi. Sonrakı dövrlərdə baş verən ən böhranlı anlar­da, məhz köçürülənlər çarizmin müstəmləkəçilik siyasətinin yerlərdə əsas dayaqlarına çevrilirdilər. Azərbaycanın qarşılaşdığı bü­tün milli və ərazi problemlərinin təməlləri, məhz işğaldan sonra çar Rusiyası tərəfindən qoyuldu.

 

Özünün ümumi strateji mənafelərini yerinə yetirmək üçün çarizm Azərbaycanda idarəçilik işlərinin aparılmasına kömək edən yerli etibarlı şəxslərdən ibarət məmurların yaradılmasında maraqlı idi. Bu isə çarizmin müstəmləkəçilik və ruslaşdırma siyasətinə xidmət edirdi. Azərbaycanda müasir məktəblər və mədəni-maarif müəssisələri yaradıldı. İlk milli teatrın yaradılması, ana dilində ilk qəzetin buraxılması mümkün oldu. Çarizmin hansı məqsədlər güdməsindən asılı olmayaraq, təhsil və mədəniyyət sahəsində yeridilən siyasət mövcud şərtlər daxilində Azərbaycan xalqının maariflənməsinə, dövrünün elm və mədəniyyət nailiyyətlərindən xəbər tutmasına imkan verirdi.

 

Maarifçilik xalqda milli hisslərin oyanmasında, milli özünüdərkində, milli şüurun inkişafında və nəhayət, milli hərəkatın yaranmasında mühüm rol oynadı. Azərbaycan xalqının millətləşmə prosesini sürətli keçməsində bu amilin xüsusi əhəmiyyəti oldu. Rusiya tərkibində olan Şimali Azərbaycanda xalqı­mızın ümmətçilikdən millətçiliyə keçməsi Cənubi Azərbaycana nisbətən daha sürətli oldu. Azərbaycan Rusiya vasitəsilə Avro­paya daha çox yaxınlaşdı.

 

Abbasqulu ağa Bakıxanov, Mirzə Şəfi Vazeh, Mirzə Fətəli Axundov, Həsən bəy Zərdabi kimi ziyalılar xalqın maariflənməsində əvəzsiz xidmət göstərdilər. Çarizm dövründə yaradılmış müxtəlif ictimai təşkilatlar, xeyriyyə cəmiyyətləri xalqın problemlərinin həllinə yardım edilməsində, humanitar əsasda birləşməsində müəyyən rol oynadı.

 

1905–1907-ci illər I Rus inqilabı və ondan sonra baş verən proseslər Azərbaycana da yeniliklər gətirdi. Bu dövrdə bütün dünyada gedən icti­mai-siyasi hərəkatda əsasən iki bö­yük cərəyan – milli-azadlıq hərəkatı, millətçilik və sosial-demokratiya mövcud idi. Həmin məqsədlərə uyğun olaraq ictimai və siyasi təşkilatlar yaradıldı. Milli-azadlıq hərəkatı son nəticədə imperiyala­rın dağılması, zülm altında inləyən xalqların azad olması və müstəqil dövlətlərinin yaradılması məqsədini güdürdüsə, sosial-demokratiya isə daha çox rejimləri dəyişməklə mahiyyətinə görə imperiyaların qo­runub-saxlanılmasına yönəlmişdi.

 

Azərbaycan xalqının istəklərinin ifadəçiləri, milli-azadlıq hərəkatının öndərləri “Difai”, “Müsavat”, sosi­al-demokratiyanın təmsilçisi isə “Hümmət” oldu. Müxtəlif cərəyanları təmsil edən partiyaların mövcud­luğu Azərbaycan siyasi tarixinin zənginliyini və çoxtərəfliliyini göstərirdi. Çarizm isə Azərbaycanda pantürkçüləri və panislamçıları, müstəqillik tərəfdarlarını amansızlıq­la təqib edirdi.

 

I Dünya müharibəsi və ya o zaman deyildiyi kimi, “Böyük müharibə” xalqları özlərini mühafizə etmək və gələcək həyatlarını necə qurmaq barədə düşünməyə vadar edirdi. İmperiyaların və müstəmləkə zülmü altında inləyən xalqların həyatlarının daha əvvəlki kimi olmayacağı artıq müharibənin əvvəllərindən aydın idi. Heç əbəs deyildir ki, müharibənin sonla­rında yaranmış gərgin şəraitdə Azərbaycanın istiqlalı məsələsində çox az saylı azərbaycanlı ziyalı­lar– Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Məhəmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçu­başov və başqaları müstəsna rol oy­nadılar. Onlar xalqın taleyi ilə bağlı məsələlərdə məsuliyyəti üzərlərinə götürdülər.

 

Azərbaycanın gələcəyini düşünən belə ziyalılar müxtəlif yollar aramağa başladılar. Onlar daxili amillərlə yanaşı, xarici amilə də ümid edirdilər. Xarici amil isə Osmanlı dövləti idi. İstanbul dünya türklüyünün və İslamın mərkəzi olduğundan azərbaycanlılar da Os­manlıya nicat gözü kimi baxırdılar. Belə mövqe müharibə aparan Os­manlının da strateji niyyətlərinə tam uyğun gəlirdi. Bu məqsədlə, bir neçə azərbaycanlı, hətta müharibənin ilk illərində Ərzuruma gedərək Ənvər Paşa ilə görüşmüşdülər. Onlar azərbaycanlıların çarizmin zülmündən xilas olmalarına kömək göstərilməsini xahiş etmişdilər. Eyni zamanda, Osmanlı hökuməti də Qafqaz və Mərkəzi Asiya istiqamətində hərəkət etmək üçün etibarlı bir müttəfiqə, sosial dayağa ehtiyac duyurdu. Bu zaman maraq­lar üst-üstə düşürdü.

 

1917-ci ilin fevralında Rusiya­da çarizm devrildi və müvəqqəti hökumət quruldu. Oktyabr ayında bolşeviklərin hakimiyyətə gəlməsi isə imperiya daxilində tamamilə yeni bir şərait yaratdı. Noyabr ayının əvvəllərində Bakıda bolşeviklər hakimiyyəti ələ aldılar. Daşnakxislət bolşevik erməni S.Şaumyan başda olmaqla Bakı Soveti Azərbaycan xalqına qarşı düşmənçilik siyasəti yeridirdi.

 

Bakıda sovet hakimiyyəti elan edildikdən bir neçə gün sonra Antanta ölkələrinin maliyyə və təşkilati yardımları ilə Tiflisdə Transqafqaz Komissarlığı yara­dıldı. Rusiyada bolşevik hökuməti müharibədən çıxdığını elan etdi. Almaniya bloku ölkələri ilə barı­şıq imzalandı. Cənubi Qafqazdan Ümumrusiya Müəssislər Məclisinə seçilən deputatlar mərkəzdə fəaliyyətə başlaya bilmədiklərindən və bu orqan bolşeviklər tərəfindən qovulduqdan sonra onlar 1918-ci il fevralın 23-də Tiflisdə Transqafqaz Seymini (parlamenti) yaratdılar. Seymdə Azərbaycan fraksiyası 44 nəfərdən ibarət idi. Həmin il apre­lin 22-də Seym Cənubi Qafqazın müstəqilliyini elan edərək Zaqafqa­ziya Demokratik Federativ Respubli­kasını yaratdı.

 

1918-ci ilin martında erməni daşnak və Bakı Soveti qüvvələri Bakıda və Bakı quberniyasında azərbaycanlılara qarşı soyqırı­mı törətdilər. Transqafqaz Seymi azərbaycanlılara qarşı törədilən qırğınların qarşısını ala bilmədi və daxili ziddiyyətlər ucbatından süqut dövrünə qədəm qoydu. Daxili ziddiyyətlər aradan qaldırılmadı­ğından mayın 27-də Azərbaycan fraksiyası ayrıca iclas toplayaraq müstəqilliyi elan etmək qərarına gəldi. Fraksiya özünü Azərbaycan Milli Şurası elan etdi. Azərbaycan xalqının tarixi istəyi yerinə yetirildi.

 

Bu zaman Osmanlı ilə Za­qafqaziya arasında Batumda keçirilən danışıqlarda iştirak edən M.Ə.Rəsulzadə qiyabi olaraq Milli Şuranın sədri seçildi. M.Ə.Rəsulzadənin namizədliyini İtti­had Partiyasından başqa bütün par­tiyaların namizədləri dəstəklədilər. Milli Şuranın mayın 28-də Tiflisdə keçirilən iclasında Azərbaycanın İstiqlal Bəyannaməsi qəbul edildi.

 

6 maddədən ibarət olan bəyannamədə aşağıdakılar bəyan edilirdi:

 

1. Bu gündən etibarən Azərbaycan xalqı hakimiyyət hüququna malik olduğu kimi, Cənub-Şərqi Zaqafqaziyanı əhatə edən Azərbaycan da tam hüquqlu müstəqil bir dövlətdir.

 

2. Müstəqil Azərbaycan dövlətinin idarə forması Xalq Cümhuriyyətidir.

 

3. Azərbaycan Xalq Cümhuriyyəti bütün millətlərə, xüsusən qonşu olduğu millətlər və dövlətlərlə mehriban münasibətlər yaratmaq əzmindədir.

 

4. Azərbaycan Xalq Cümhuriyyəti milliyyətindən, məzhəbindən, sinfindən, silkindən və cinsindən asılı olmayaraq öz sərhədləri daxilində yaşayan bütün vətəndaşlarına siyasi hüquqlar və vətəndaşlıq hüququ təmin edir.

 

5. Azərbaycan Xalq Cümhuriyyəti öz ərazisi daxilində yaşayan bütün millətlərin sərbəst inkişafı üçün geniş imkanlar yaradır.

 

6. Müəssislər Məclisi toplanana qədər Azərbaycanın başında xalqın seçdiyi Milli Şura və Milli Şura qarşı­sında məsuliyyət daşıyan müvəqqəti hökumət dayanır.

 

Azərbaycanın idarə forması Xalq Cümhuriyyəti idi. Yeni dövlət bütün qonşularla mehriban münasibətlər qurmaq istəyini bəyan etdi. Ölkə ərazisində yaşayan bütün xalqlar bərabər elan edildilər. Onlar üçün bərabər hüquqlar elan olundu. Azərbaycanın başında xalqın seç­diyi Milli Şura – parlament dayanırdı. Azərbaycan parlamentli respublika idi.

 

Cümhuriyyətin elan edilməsi ilə Azərbaycan xalqı XX əsrdə ilk dəfə olaraq Dövlət Millətinə çevrildi. Əgər Azərbaycanın şimal əraziləri Rusiya tərəfindən xanlıqlar formasında işğal edilib imperiyanın tərkibinə qatılmış­dısa, 1918-ci ildə onun tərkibindən vahid, müstəqil dövlət kimi çıxdı.

 

Azərbaycan Xalq Cümhuriyyətinin ərazisi Cənub-Şərqi Zaqafqaziyanı əhatə edirdi. Sonralar Paris Sülh Konfransına Azərbaycan nümayəndə heyətinin təqdim etdiyi memorandumda cümhuriyyətin ərazisi aşağıdakı kimi göstərilirdi: Bakı quberniyası (Bakı dairəsi ilə birlikdə Bakı qəzası, Ca­vad qəzası), Göyçay qəzası, Şama­xı qəzası, Quba qəzası, Lənkəran qəzası; Yelizavetpol (Gəncə) quberniyası Gəncə qəzası, Cavanşir qəzası, Nuxa qəzası, Ərəş qəzası, Şuşa qəzası, Qaryagin (Cəbrayıl) qəzası, Zəngəzur qəzası, Qazax qəzası (bu ərazinin üçdəbirini təşkil edən dağlıq hissəsi Ermənistanla Azərbaycan arasında mübahisəli idi); İrəvan quberniyası (Naxçıvan qəzası, Şərur-Dərələyəz qəzası, Sürməli qəzası, Yeni Bəyazid qəzası, Eçmiədzin və Aleksandro­pol qəzalarının bir hissəsi); Tiflis quberniyasının Borçalı qəzası, Tiflis və Sıqnax qəzalarının bir hissəsi); Zaqatala mahalı; Dağıstan vilayəti (Kürə və Samur nahiyələrini əhatə edən ərazisinin bir hissəsi, habelə Dərbənd şəhəri və onun ətrafı da daxil olmaqla, Qaytaq– Tabasaran qəzasının bir hissəsi). Eyni zaman­da, Azərbaycan Xalq Cümhuriyyəti Tiflis quberniyasındakı Axalsıx qəzasının Batum, xüsusən Qars əyalətlərini də öz ərazisinə daxil etməyə xüsusi əhəmiyyət verirdi. Cümhuriyyətin ərazisi 113,9 min kvadratkilometr idi. Bunun 97,3 min kvadratkilometri mübahisəsiz, 16,6 min kvadratkilometri mübahisəli idi.

 

Bu dövrdə bütün Cənubi Qaf­qazda 8 milyon 81 min 668 nəfər əhali yaşayırdı. Onun 4 milyon 617 min 671 nəfəri Azərbaycanda idi. Azərbaycan əhalisinin 75,4 faizini və ya 3 milyon 481 min 889 nəfərini azərbaycanlılar təşkil edirdi. Digərləri müxtəlif dövrlərdə çariz­min köçürmə siyasəti nəticəsində Azərbaycana yerləşdirilən gəlmələr idi.

 

Cümhuriyyət elan edildikdən dərhal sonra milli hökumət yaradıldı. Nazirliklər quruldu. Azərbaycanda icraedici hakimiyyəti hökumət həyata keçirirdi. İlk baş nazir Fətəli xan Xoyski oldu. Hökumətdə birinci, ikinci və üçüncü kabinəyə Fətəli xan Xoyski, dördüncü və beşinci kabinələrə Nəsib bəy Yusifbəyli başçılıq etdi.

 

Tiflisdən müvəqqəti paytaxt olan Gəncəyə köçən hökumətin başlıca məqsədi ölkənin paytaxtı olan Bakı şəhərini yadellilərdən azad etmək idi. Azərbaycan Ordusu quruldu. Yardıma gələn türk hərbçilərindən və azərbaycanlılardan ibarət qurulan Qafqaz İslam Ordusu sentyabrın 15-də Bakını azad etdi. Azərbaycan hökuməti azərbaycanlıların tarixi, siyasi, mədəni, iqtisadi, mənəvi, təbii paytaxtına köçdü. Bakının azad edilməsi cümhuriyyətin elan edilməsindən sonra tarixi əhəmiyyətinə görə ikinci böyük hadisə oldu.

 

Gəncədə öz fəaliyyətini dayan­dırmış Milli Şura noyabr ayında Bakıda fəaliyyətə başladı. Milli Şura Azərbaycan parlamentini 120 nəfərdən ibarət formalaşdırmağı qərara aldı. Azərbaycan parla­mentinin yaradılması haqqında qanun 1918-ci il noyabrın 20-də qəbul edildi. Parlamentin tərkibinə əhalinin sayına uyğun olaraq 80 nəfər azərbaycanlı və digər xalqların nümayəndələri daxil edilməli idi.

 

1918-ci il dekabrın 7-də Hacı Zeynalabdin Tağıyevin qız məktəbində (indiki Əlyazmalar İnstitutunun binasında) Azərbaycan parlamenti açıldı. Parlamentdə 11 fraksiya fəaliyyət göstərirdi. Azərbaycanın müstəqilliyini istəməyən ermənilər və başqaları parlamentin işində iştirak etmədilər. Parlamentin sonuncu iclası 1920-ci il aprelin 27-də keçirildi. Ümumiyyətlə, parlamentin 155 iclası keçirildi. Parlamentin müzakirəsinə 270-dən çox qanun layihəsi çıxa­rıldı. Onlardan 230-u qəbul edildi. Parlamentin sədri Əlimərdan bəy Topçubaşov, müavinləri Həsən bəy Ağayev və Məmməd Yusif Cəfərov idi. Azərbaycan parlamenti milli və dini tolerantlıq baxımından hətta Qərb ölkələri üçün də bir model idi.

 

Parlamentdə dövlət atributla­rı – himn və bayraq qəbul edildi. Xarici İşlər Nazirliyi, ordu, xüsusi xidmət orqanları yaradıldı, sərhəd və gömrük xidməti quruldu. Türk dili (Azərbaycan dili) dövlət dili elan edil­di. İbtidai və orta məktəblərdə işlərin ana dilində aparılması haqqında qanun qəbul edildi. Bakı Dövlət Universiteti yaradıldı, təhsil və xalq maarifi, səhiyyə sahəsində tədbirlər həyata keçirildi. Mədəniyyətə xüsusi diqqət yetirildi, teatrlar, kitabxana­lar yaradıldı. Ana dilində mətbuat orqanları quruldu. Milli kadrların ha­zırlanmasına xüsusi diqqət yetirildi. 100 nəfər azərbaycanlı gəncin xarici ölkələrdə oxumağa göndərilməsi barədə qərar qəbul edildi.

 

Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin xarici siyasətinin başlıca məqsədi yeni yaradılmış dövləti tanıtmaq idi. Buna görə də yeni yaranan hökumət yarandığı vaxtdan etibarən fəal xarici siyasət yeritməyə başladı. İlk növbədə, Avropanın bir sıra ölkələrinə yeni bir dövlətin yaradılması barədə məlumat göndərildi. Hökumət 1918-ci il iyun ayının 4-də Batumda Osmanlı ilə dostluq müqaviləsini bağladı. Xarici siyasətdə ilk addım Dördlər İttifaqı ilə Cənubi Qafqaz respublikaları arasında keçirilməsi nəzərdə tutulan İstanbul konfransına Məhəmməd Əmin Rəsulzadə və Aslan Səfikürdskidən ibarət heyətin göndərilməsi oldu. Avropa ölkələri ilə diplomatik əlaqələri qurmaqdan ötrü Əlimərdan bəy Topçubaşov səfir kimi İstanbula göndərilmişdi.

 

Almaniya və müttəfiqləri müharibədə məğlub olduqdan sonra Bakıya gəlmiş ingilis generalı Tomson, erməni, rus milli şurala­rının anti-Azərbaycan fəaliyyətinə baxmayaraq, Bakıda vəziyyətlə tanış olduqdan sonra bildirdi ki, Azərbaycan hökumətinə və onun baş nazirinə böyük hörmət bəsləyir və yeni koalisiyalı hökumət yaradı­lana qədər onun hökuməti ölkədə yeganə qanuni hökumət olaraq qalır.

 

Azərbaycan hökumətinin ilk addımlarından biri dekabrın 28-də qalib ölkələrin dövlət və hökumət başçılarının Paris Sülh Konfransına göndəriləcək sülh nümayəndə heyətinin tərkibini müəyyənləşdirmək oldu. Parla­mentin sədri kimi Ə.M.Topçubaşov başda olmaqla nümayəndə heyəti İstanbulda bir sıra ölkələrin nümayəndələri ilə görüşlər keçirdikdən sonra Parisə getdi. Azərbaycan məsələsi ilk dəfə olaraq 1919-cu il mayın 2-də Dördlər Şurasının iclasında müzakirə edildi. Azərbaycan nümayəndə heyəti bir sıra görüşlər keçirdi. Mayın 23-də İngiltərə nümayəndə heyətinin üzvü L.Mallet Topçuba­şovla görüşdü. Söhbətdə siyasi, hərbi və iqtisadi vəziyyətlə bağlı fikir mübadiləsi aparıldı. Topçubaşov mayın 28-də günün birinci yarısı ABŞ nümayəndə heyətinin üzvü H.Morgentau, günün ikinci yarısında isə prezident V.Vilson ilə görüşdü. ABŞ prezidentinə Azərbaycanın memorandumu təqdim edildi. ABŞ hökuməti Azərbaycanla əməkdaşlıq etmənin faydalı olacağını qeyd etdi.

 

1920-ci il yanvarın 11-də Azərbaycanın dövlət müstəqilliyi böyük dövlətlər tərəfindən de-fakto olaraq tanındı. Bu tanınma cümhuriyyətin elan edilməsindən sonra əhəmiyyətinə görə üçün­cü böyük tarixi hadisə olub, Azərbaycan xalqının iradəsinə hörmətin əlaməti idi. Azərbaycana yardım göstərilməsi barədə qərarlar qəbul edildi. Azərbaycan dövləti beynəlxalq münasibətlər sisteminə daxil olmaq üçün ilk addımlar atdı.

 

Xarici siyasətin mühüm istiqamətlərindən biri qonşu dövlətlərlə münasibətlər idi. Yenicə yaradılan Ararat Respublikasının paytaxtı olmadığından Azərbaycan milli sülhün yaradılmasını, digər ərazilərə əsassız iddialar irəli sürməyəcəyi şərti ilə İrəvanı paytaxt olaraq güzəştə getdi. Lakin bununla kifayətlənməyən erməni dairələri azərbaycanlılara qarşı soyqırımları davam etdirdilər və əsassız ərazi iddialarını genişləndirdilər.

 

Azərbaycan öz müstəqilliyini elan edərkən İran da onun müstəqilliyini tanımaqdan imtina etdi. Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin İranla münasibətlərə dair apardığı ardıcıl, məqsədyönlü siyasət nəticəsində 1920-ci il martın 20-də İran və Azərbaycan arasında ilk dəfə olaraq Azərbaycanın de-yure tanınmasını sübut edən dostluq haqqında saziş və habelə konsul­luq haqqında, ticarət, poçt-teleqraf əlaqələri, məhkəmə qərarlarının icrası və sair haqqında bir sıra ikitərəfli müqavilələr imzalandı.

 

Əlbəttə, ölkədə yeni dövlət quruculuğu problemlərsiz də deyildi. Mürəkkəb və çətin bir şərait mövcud olduğundan aparılan islahatlar ardıcıl deyildi. Aqrar islahat həyata keçirilmədi. Cümhuriyyətin sosial dayaqları zəiflədi. Çarizm tərəfindən Azərbaycana köçürülmüş bir sıra xalqlar dövlət müstəqilliyini tanı­mır, onu Rusiyanın tərkib hissəsi hesab edirdilər. Erməni təcavüzü dövləti zəiflədirdi. Erməni terroru­nun, ərazilərin işğalının və kütləvi soyqırımların dayandırılması başlıca problemlərdən idi. Beynəlxalq şərait də müstəqil Azərbaycan üçün əlverişsiz idi.

 

Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci ilin aprelində bolşevik Rusiyasının istilasına uğradı. Cümhuriyyət daxili deyil, xarici amillər səbəbindən məğlub oldu. Müstəqil Azərbaycan dövlətinin mövcudluğu üçün əlverişli beynəlxalq şərait yox idi. Bu işğalda Bakı nefti amili, strateji maraqlar mühüm rol oynadı. Rusiya bir neçə il əvvəl Bakını itirməklə böyük dövlət statusunu da itirmişdi. Bu möv­qeyi bərpa etməkdən ötrü Rusiya yenidən Azərbaycanı işğal etdi.

 

Cümhuriyyətin yaradılması və fəaliyyəti əhəmiyyətinə görə Azərbaycan sərhədlərini aşaraq daha böyük əhəmiyyət daşıyırdı. Müsəlman dünyasına “respubli­ka” məfhumunu, məfkurəsini və idarə üsulunu ilk dəfə Azərbaycan xalqı gətirdi. Cümhuriyyət tarixinin öyrənilməsi bəzi ibrət dərslərini almağa imkan verir. Tarixi təcrübə göstərir ki, dövlətin yaradılmasını liberal dəyərlərlə elan etmək olar, amma daxili və xarici təzyiqlərin daim olduğu və olacağı bir şəraitdə liberalizmlə qorumaq mümkün deyil­dir. Xalq öz dövlətinin mühafizəsinə, güclənməsinə və tərəqqisinə çalış­malı, milli dövlətini qorumalı, onun maraqlarını hər şeydən uca tutma­lıdır. Hakimiyyət qanadları arasında sıx birlik olmalıdır.

 

Cümhuriyyətin süqutundan sonra siyasi və dövlət xadimlərinin bir qismi xarici ölkələrə mühacirət etməyə məcbur oldu. Bir qismi isə erməni və bolşevik terrorunun qurbanı oldu. 20-30-cu illərdə milli düşüncəli ziyalılar repressiya edildilər. Amma sovet repressiya aparatı istiqlal fikrini məhv edə bilmədi.

 

Milli ruhlu ziyalılar 70-80-ci illərdə Heydər Əliyevin qayğısı ilə əhatə olundular. Müstəqil dövlət üçün lazım olan təməllər, məhz bu illərdə düşünülmüş şəkildə hazırlandı. Nəhayət, cümhuriyyət atributları ilk dəfə olaraq rəsmi şəkildə Naxçıvanda Heydər Əliyevin liderliyində qəbul edildi. Naxçıvan müasir Azərbaycan dövlətçiliyinin təməli oldu. 1991-ci il oktyab­rın 18-də Azərbaycanın dövlət müstəqilliyi bərpa edildi. Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi oldu.

 

Heç kəsə sirr deyildir ki, sovet dövründə cümhuriyyətin dövlət səviyyəsində bayram ediləcəyi xəyallara belə gəlmirdi. Amma ölkəmizdə milli tariximizə, milli-mənəvi dəyərlərimizin qorunub-saxlanılmasına və inkişafına dövlət səviyyəsində xüsusi diqqət yetirilir. Artıq qeyd edildiyi kimi, 1998-ci ildə Prezident Heydər Əliyevin imzaladı­ğı Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyinin qeyd edilməsi barədə sərəncamdan sonra bu sahədə xeyli işlər görüldü. Cümhuriyyət dövrü tarixinin sistemli araşdırılmasına başlanılması məhz Heydər Əliyevin adı ilə bağlıdır.

 

Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması və 23 ay ərzində fəaliyyəti tarixi hadisə idi. Bugünkü müstəqil dövlətimiz Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Odur ki, AXC-nin 100 illik yubileyi Azərbaycan Respublika­sının Prezidenti İlham Əliyevin 16 may 2017-ci il tarixli “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” və 2018-ci ilin Azərbaycanda “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilməsi haqqında sərəncamları əsasında ölkəmizdə və dünyada böyük təntənələrlə qeyd edildi.

 

Bu gün ölkəmizdə cümhuriyyət tariximizə xüsusi qayğı göstərilir. Azərbaycan Respublikasının Prezi­denti İlham Əliyevin sərəncamı ilə ölkəmizin paytaxtında cümhuriyyət xadimlərinin şərəfinə abidə ucaldılıb. Onların xatirəsi əbədiləşdirilib. Ad­larına küçə, prospekt və qəsəbələr vardır. Görkəmli xadimlər haqqın­da sənədli filmlər çəkilib. Xarici ölkələrdəki məzarları təmir edilib.

 

Ötən ilin payızında Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Qarabağın 30 illik erməni işğalından azad edilməsi isə Azərbaycan Xalq Cümhuriyyətinin ən böyük amalını– ulu babaların misilsiz əmanəti olan torpaqlarımı­zın bütövlüyünün təmin edilməsini gerçəkləşdirdi.

 

 

 

Musa QASIMLI,

 

 Milli Məclisin deputatı,

 

 AMEA-nın müxbir üzvü

 

Xalq qəzeti  2021.- 28 may.- S.8.