28 May – əsrə bərabər
gün
Azərbaycan Xalq Cümhuriyyəti
xalqımızın gələcəyinin, müstəqilliyinin,
azadlığının, suverenliyinin təməlini
qoyubdur.
Heydər ƏLIYEV
Ümummilli lider
Dövlət millətin əldə etdiyi ən böyük nailiyyətdir. Tarixən milli dövlətə və dövlətçilik ənənələrinə sahib olan Azərbaycan xalqı XX yüzilliyin əvvəllərində, dünyanın siyasi sisteminin dekonstruksiya olduğu bir vaxtda, bütün türk-islam dünyasında ilk demokratik, hüquqi və dünyəvi dövlət yaratdı. Müsəlman Şərqində ilk parlamentli respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması xalqımızın zəngin dövlətçilik ənənələrinin məntiqi davamı, milli məfkurəsinin, milli identifikasiyasının, siyasi şüurunun təcəssümü idi.
28 may – Respublika Günü sadəcə milli bayram deyil, Azərbaycanın müstəqil bir dövlət kimi dünyanın siyasi xəritəsində mövcudluğuna zəmin olan tarix, əsrə bərabər gündür!
Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti sayəsində ölkəmizin beynəlxalq hüququn subyekti olması faktı bolşevik işğalından sonra Azərbaycanın bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinməsinin qarşısını aldı. Xalqımız 1991-ci ildə öz dövlət müstəqilliyini bərpa etdikdən sonra AXC-nin ideallarını davam etdirərək bu tarixi varislik üzərində yeni müstəqil Azərbaycan dövlətini yaratdı.
Bu tarixi gündə tarix yazanları – böyük əqidəyə, milli məfkurəyə sahib, xalqın maraqlarını şəxsi mənfəətindən üstün tutan Vətən sevdalılarını, milli dəyərlərə, demokratik prinsiplərə əsaslanaraq müsəlman Şərqinin, î cümlədən, türk-islam dünyasının ilk parlamentli respublikasını yaradan Cümhuriyyət qurucularını böyük qururla, sonsuz sevgi və sayğı ilə anırıq...
XIX–XX yüzilliklərdə baş verən bir sıra siyasi amillər, sosial-iqtisadi dəyişikliklər, ən əsası, milli kimliyin formalaşması, milli kimliyin qavranışı Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasına zəmin olub. XIX əsrin ikinci yarısında Bakıda neft sənayesinin inkişafı ilə yaranan modernləşmə prosesi Azərbaycan cəmiyyəti üçün mühüm sosial və siyasi nəticələr verdi. Azərbaycanda mətbuatın, maarifçilik ideyalarının, ictimai-siyasi şüurun inkişafı ilə siyasi qruplar və partiyalar təşəkkül tapdı. 1905-ci il inqilabı və etnik ermənilərlə qarşıdurmalar dövründə sosializm, reformizm və milli kimlik məsələsi Avropa, Osmanlı Türkiyəsi və İran arasındakı Azərbaycan ziyalılarının diqqət mərkəzində idi. Beynəlxalq, siyasi və sosial dəyişikliklər çərçivəsində modernləşmə haqqında Azərbaycanda siyasi fikir formalaşırdı.
1917-ci ilin fevralında Rusiyada monarxiya rejimi devrildikdən sonra hakimiyyətə gələn Müvəqqəti hökumət uzun müddət hakimiyyətdə qala bilmədi. 1917-ci ilin oktyabrında hakimiyyət çevrilişi baş verdi, bolşeviklər hakimiyyətə gəldilər. Həmin ilin noyabrında “Rusiya xalqlarının hüquq bəyannaməsi” elan olundu. Bəyannmanədə qeyd olunurdu: “Rusiyada yaşayan xalqlara azadlıq və muxtariyyət verilir. Onlar istədikləri vaxt Rusiyanın tərkibindən çıxa bilərlər”. Bu müddəa üzün illər çar Rusiyasının əsarətində olan xalqların azadlığı baxımından əhəmiyyətli idi. Lakin bu vədlər bolşeviklərin hakimiyyətdə qalmaq üçün əsarət altında yaşayan, azadlıq, ədalət gözləyən millətləri əla alması üçün bir vasitə idi. Necə ki, Lenin və silahdaşları kəndlilərə torpaq vəd etdikləri halda, kolxoz adı altında köləliyin yeni formasını yaratdılar, fəhlələrə “fabrik və zavodların sahibi olacaqsınız” deyildiyi halda onlar adi tətil hüququndan belə məhrum edilmişdilər. Bu şüarlar bolşevikləri hakimiyyətə gətirdiyi kimi, bu bəyannamə ilə də keçmiş imperiyanın sərhədlərini qorumağa çalışırdılar.
Rusiyada çar üsul-idarəsinin ləğvi, baş verən fevral və oktyabr çevrilişləri, Birinci Dünya müharibəsinin fəsadları və digər amillər Qafqazı ayrı-ayrı siyasi qüvvələrin qarşıdurma meydanına çevirmişdi. Dünyanın aparıcı dövlətlərinin Bakı neftinə göstərdiyi maraq vəziyyəti daha da gərginləşdirirdi. Erməni millətçilərinin azərbaycanlılara qarşı soyqırımının son dərəcə böyük miqyas aldığı ağır tarixi şəraitdə Vətənin taleyini öz mənafeyindən üstün tutan maarifçi ziyalılarımız, xalqımızın qeyrətli və ləyaqətli övladları milli varlığımızı qorumaq, milli dövlətçiliyimizi yaratmaq yolunda qətiyyətli addımlar atdılar.
Xatırladım ki, Cümhuriyyətə qədərki mərhələdə Cənubi Qafqazdan Müəssislər Məclisinə seçilən deputatlar 1918-ci il fevralın 14-də Tiflisdə Cənubi Qafqazın ali hakimiyyət orqanı olan Zaqafqaziya Seymini – Zaqafqaziya parlamentini yaratmışdılar. Seymdə ölkəmizi Müsəlman Fraksiyasının Müəssislər Məclisinə seçkilər zamanı Azərbaycanın, habelə bütün Cənubi Qafqazın bir milyondan çox türk-müsəlman seçicisinin səsini qazanmış 44 deputat təmsil edirdi. Məhz onların tələbi ilə 1918-ci il aprelin 9-da Zaqafqaziya Seymi Zaqafqaziyanın müstəqilliyini elan etdi və Birləşmiş Zaqafqaziya Cümhuriyyəti yaradıldı. Lakin kəskin milli mənafe ziddiyyətləri Zaqafqaziya Seyminin və Zaqafqaziya Cümhuriyyətinin konkret addımlar atmasına imkan vermədi. Nəticədə 1918-ci il mayın 25-də gürcü nümayəndələr Seymdən çıxdılar və mayın 26-da Gürcüstanın müstəqilliyini elan etdilər.
1918-ci il mayın 27-də Müsəlman Fraksiyasının, yəni Zaqafqaziya müsəlman şurasının üzvləri də ayrıca iclas keçirdilər və Azərbaycanın müstəqilliyini elan etmək qərarına gəldilər. Bu məqsədlə Zaqafqaziya müsəlman şurası özünü Azərbaycan Milli Şurası elan etdi. Bununla, əslində Azərbaycanın tarixində ilk parlament yarandı və ilk parlamentli respublikanın bünövrəsi qoyuldu. Həmin iclasda Azərbaycan Milli Şurasının rəyasət heyəti və sədri seçildi. M. Rəsulzadə Milli Şuranın sədri oldu. Mayın 28-də Həsən bəy Ağayevin sədrliyi ilə Azərbaycan Milli Şurasının tarixi iclası keçirildi. İclasda iştirak edən Həsən bəy Ağayev (sədr), Mustafa Mahmudov (katib), Fətəli xan Xoyski, Xəlil bəy Xasməmmədov, Nəsib bəy Yusifbəyli, Mir Hidayət Seyidov, Nəriman bəy Nərimanbəyov, Heybət Qulu Məmmədbəyov, Mehdi bəy Hacinski, Əli Əskər bəy Mahmudbəyov, Asian bəy Qardaşov, Sultan Məcid Qənizadə, Əkbər Ağa Şeyxülislamov, Mehdi bəy Hacıbababəyov, Məmməd Yusif Cəfərov, Xudadat bəy Məlik-Aslanov, Rəhim bəy Vəkilov, Həmid bəy Şahtaxtinski, Firudun bəy Köçərlinski, Camo bəy Hacınski, Şəfi bəy Rüstəmbəyov, Xosrov Paşa bəy Sultanov, Cəfər Axundov, Məhəmməd Məhərrəmov, Cavad Məlik-Yeqanov və Hacı Molla Səlim Axundzadə Azərbaycanın İstiqlal Bəyannaməsini qəbul etdilər. Azərbaycan Milli Şurasının î zaman çox mürəkkəb və həlledici bir tarixi məqamda Tiflisdə – Qafqaz canişininin iqamətgahında elan etdiyi İstiqlal Bəyannaməsi Azərbaycanın demokratiya və parlamentarizm ənənələri tarixinin ən parlaq hüquqi sənədi olaraq bu gün də öz tarixi və praktiki əhəmiyyətini saxlamaqdadır.
Azərbaycan Milli Şurası həmin iclasında, eyni zamanda, bitərəf Fətəli xan Xoyskinin başçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin ilk Müvəqqəti hökumətinin tərkibini təsdiq etdi. AXC hökuməti iyunun 16-da Gəncəyə köçürüldü. Yalnız 1918-ci ilin sentyabrında Türkiyə ordusunun rəhbərliyi ilə – Bakı daşnak-bolşevik qüvvələrindən təmizləndikdən sonra milli hökumət Gəncədən Bakıya köçərək fəaliyyət göstərdi. Beləliklə, Birinci Dünya müharibəsinin gedişində mütləqiyyətin devrilməsi nəticəsində yaranmış çox mürəkkəb bir tarixi şəraitdə Azərbaycanın şimal torpaqlarında dövlətçilik ənənələrimiz yenidən, bu dəfə parlamentli respublika formasında yaradıldı.
Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları onların üzərinə düşən tarixi missiyanı şərəflə yerinə yetirdilər. Birinci Dünya müharibəsində böyük dövlətlərin dünyanı bölüşdürmək uğrunda mübarizə apardığı və ölkənin yeni işğal təhlükəsi ilə üzləşdiyi çox mürəkkəb beynəlxalq şəraitdə dövlət müstəqilliyinin qorunub saxlanılması və ordu quruculuğu Parlamentin fəaliyyətində prioritet məsələlər idi.
Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti öz fəaliyyəti dövründə həyata keçirdiyi müstəqil dövlət quruculuğu təcrübəsi ilə, qəbul etdiyi yüksək səviyyəli qanunvericilik aktları və qərarları ilə Azərbaycan dövlətçiliyi tarixində, xüsusən də parlament mədəniyyəti tarixində zəngin iz qoymuşdur.
Mövcudluğunun ilk günlərindən xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanan Azərbaycan Xalq Cümhuriyyəti irqi, dini, milli mənsubiyyətindən asılı olmayaraq bütün ölkə vətəndaşlarına bərabər hüquqlar verdi. Ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı, himni və gerbi yaradıldı, ana dili dövlət dili elan edildi, dövlət quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi. Ölkənin ərazi bütövlüyü və milli təhlükəsizliyi təmin edildi, qısa müddətdə yüksək döyüş qabiliyyətli hərbi hissələr yaradıldı, demokratik prinsiplərə uyğun dövlət orqanları quruldu, təhsil milliləşdirildi, xalqın sonrakı illərdə mədəni yüksəlişi üçün zəmin hazırlayan əhəmiyyətli işlər görüldü. Çox mürəkkəb şəraitdə fəaliyyət göstərməsinə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti elmin, təhsilin və xalq maarifinin, səhiyyənin inkişafını diqqət mərkəzində saxlayırdı. Bu baxımdan, Parlamentin 1919-cu il sentyabrın 1-də Bakı Dövlət Universitetinin təsis olunması haqqında qəbul etdiyi qanunu xüsusi qeyd etmək lazımdır. Milli universitetin açılması Cümhuriyyət xadimlərinin doğma xalqı qarşısında çox mühüm tarixi xidməti idi.
Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti və hökuməti ölkənin başı üstünü alan xarici müdaxilə təhlükəsini sovuşdurmaq məqsədilə gənc respublikanın beynəlxalq aləmdə tanınması üçün böyük iş aparırdı. Mübaliğəsiz deyə bilərik ki, Cümhuriyyətin böyük uğurlarından biri, məhz Paris sülh konfransında 1920-ci il yanvarın 11-də Azərbaycanın müstəqil dövlət kimi tanınması olmuşdur. Görkəmli dövlət xadimi Əlimərdan bəy Topçubaşov ağır çətinlikləri dəf edərək Azərbaycan Xalq Cümhuriyyətinin bir sıra böyük dövlətlər tərəfindən de-fakto tanınmasına nail oldu. Onu da qeyd edək ki, Azərbaycan Demokratik Cümhuriyyətini rəsmi surətdə tanıyan ilk dövlət Osmanlı dövləti olub (1918-ci il, 4 iyun).
Azərbaycan Xalq Cümhuriyyəti daim sülhsevər siyasət apararaq bütün dövlətlərlə qarşılıqlı əməkdaşlıq əlaqələri yaratmağa və bir-birinin hüquqlarına hörmət prinsipləri əsasında münasibətlər qurmağa cəhd göstərirdi. Aparılan çox gərgin işdən sonra Gürcüstanla münasibətlər nizama salınsa da, Ermənistan hökumətinin böyük ərazi iddiaları üzündən Azərbaycan – Ermənistan münasibətlərini normal məcraya yönəltmək mümkün olmamışdı. Azərbaycan Xalq Cümhuriyyəti dövründə qonşu İranla da bir sıra saziş və müqavilələr imzalanmış və həmin sənədlər parlamentdə təsdiq olunmuşdur. İtaliya Azərbaycan Xalq Cümhuriyyətinin müttəfiqi və mühüm iqtisadi-siyasi tərəfdaşı idi.
Azərbaycan Xalq Cümhuriyyəti gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərə bildi. Faktiki tanınmasından qısa müddət sonra sovet Rusiyasının hərbi müdaxiləsi və XI Qızıl Ordu hissələrinin qanlı hərbi əməliyyatları nəticəsində müstəqilliyini itirdi. Bolşeviklər, aprel işğalı ilə “Rusiya xalqlarının hüquq bəyannaməsi”nin yalan vəd olduğunu təsdiq etdilər.
Azərbaycan Xalq Cümhuriyyəti dövlətçilik şüurunun formalaşmasında misilsiz rol oynadı, Azərbaycan dövlətinin gələcək müstəqilliyinin təməlini qoydu. Azərbaycan Respublikası 1991-ci ildə öz müstəqilliyini bərpa edərək, Xalq Cümhuriyyətinin siyasi varisi kimi onun bayrağını, gerbini, himnini qəbul etdi. İstiqlal Bəyannaməsinin elan edildiyi 28 may günü 1990-cı ildən Respublika Günü kimi qeyd olunur.
Cəmi 23 ay yaşamasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti sübut etdi ki, Azərbaycan xalqı müstəqil yaşamağa, öz dövlətçilik ənənələrini bərqərar etməyə qadirdir.
Leyla RƏŞID
Xalq qəzeti
2021.- 28 may.- S.10.