Zəfər tarixinin
xronikası:
6 noyabr
2021-ci il
Həmin gün:
– Prezident İlham Əliyev “2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb;
– Milli Məclisin sədri Sahibə Qafarova plenar iclasda deyib: “Azərbaycan mümkün olmayanı reallaşdırıb. Uzun müddət işğal altında rayonlarımız, şəhərlərimiz, eləcə də, 200-dən çox yaşayış məntəqəmiz azad edilib. Bu gün hamı qədim Qarabağ torpağında xeyirlə şərin mübarizəsinin şahididir. Bu gün hər kəs Azərbaycan dövlətinin və Ordusunun gücünü görür”.
– Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev KİV-ə açıqlamasında bildirib: “Döyüş meydanındakı böyük itkiləri kompensasiya etmək məqsədilə Ermənistan xarici ölkələrdə qeyri-hökumət təşkilatları və xeyriyyə təşkilatları adı altında fəaliyyət göstərən erməni diasporunu səfərbər edərək öz ordusuna maliyyə vəsaitləri cəlb edir.
Erməni diasporunun idarə etdiyi qeyri-hökumət təşkilatları və xeyriyyə təşkilatlarının xətti ilə əldə edilən maliyyə vəsaitləri Azərbaycanın işğal edilmiş ərazilərində fəaliyyət göstərən Ermənistan ordusunun maliyyələşdirilməsinə yönəlir və bununla da Ermənistan tərəfindən Azərbaycanın mülki əhalisinə qarşı növbəti hücumlara töhfə vermiş olur. Xaricdə yaşayan ermənilər arasında bu barədə sosial media və şəbəkələrdəki yazışmalar bunu sübut edir”.
– Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün “Twitter” hesabında bildirib: “Azərbaycanın işğaldan azad olunmuş Məmər kəndindəki XVIII əsrə aid məscid. Məscid tamamilə dağıdılıb. Vandalizmlə yanaşı, XVIII əsrin dini-mədəni abidəsi işğal zamanı Ermənistan tərəfindən təhqir əlaməti olaraq donuzxanaya çevrilib”.
Azərbaycan əsgəri düşmənin istehkamlarını yarır...
Düşmən bölmələri cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusunun mövqelərini, Tərtər, Goranboy daxil olmaqla, bir sıra yaşayış məntəqələrimizi, o cümlədən Ermənistanın Berd, Çəmbərək və Vardenis rayonları istiqamətindən Tovuz, Gədəbəy və Daşkəsəndə yerləşən mövqelərimizi müxtəlif atıcı silahlar, top və minaatanlardan atəşə tutub.
Əsasən cəbhənin Ağdərə, Ağdam, Xocavənd və Qubadlı istiqamətlərində gedən döyüş əməliyyatlarında düşmən bölmələri şəxsi heyət və texnika sarıdan itkilər verərək geriyə çəkilməyə məcbur edilib. Ordumuz Ağdam və Ağdərə istiqamətlərində pusquya salmaqla və atəş zərbələri ilə düşmənin hərbi kolonunu, artilleriya batareyasını və silah-sursat anbarını darmadağın edib. Düşmənin komandir heyəti daxil olmaqla xeyli sayda canlı qüvvəsi, bir rabitə avtomobili, sursatla dolu iki “KamAz” maşını və qoşqusunda top olan üç "Ural” maşını, xeyli sayda digər sursat və artilleriya qurğuları məhv edilib.
Düşmənin Tərtərin işğal olunmuş Göyarx kəndinin ərazisindəki minaatan heyəti ordumuzun dəqiq atəşi ilə məhv edilib. Cəbhənin Ağdərə istiqamətində gedən döyüşlərdə canlı qüvvə və döyüş texnikası sarıdan xeyli itki verən düşmən bu itkilərin yerini doldura bilmir, bölmələrdə ərzaq, hərbi əmlak, döyüş sursatı və yanacaq çatışmır. Bölmələrinin idarə olunmasında problemlər var.
Qubadlı–Laçın istiqamətində gedən döyüşlərdə ordumuzun zərbələrinə tab gətirə bilməyən düşmən mövqeləri ataraq qaçıb.
Ermənistanın törətdiyi cinayətlərin statistikası
Azərbaycan Respublikasının Baş Prokurorluğu Ermənistanın təxribatları nəticəsində sentyabrın 27-dən noyabrın 6-dək dinc əhaliyə qarşı törədilmiş cinayətlərin statistikasını təqdim edib.
Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından və raket sistemlərindən atəşə tutması nəticəsində mülki şəxslərdən 92 nəfər həlak olub, 404 nəfər isə xəsarət alıb. Bundan başqa, Ermənistan ordusunun intensiv ağır artilleriya və raket atəşi nəticəsində 3064 ev, 100 çoxmənzilli yaşayış binası və 504 mülki obyekt yararsız vəziyyətə düşüb.
Düşmən Azərbaycanın maddi-mədəni sərvətini də dağıdıb
Mədəniyyət Nazirliyinin yaydığı məlumatda bildirilib: “Ermənistanın Azərbaycana təcavüzü nəticəsində işğal edilmiş ərazilərdə yerləşən yaşayış evləri, təhsil, sənaye və kənd təsərrüfatı obyektləri ilə yanaşı, yüzlərlə mədəniyyət müəssisəsi, o cümlədən 4,6 milyon kitab fondu olan 927 kitabxana dağıdılıb.
Bütün bunlarla bərabər, 808 mədəniyyət sarayı, klub və mədəniyyət, 85 musiqi və rəssamlıq məktəbi, 100 mindən çox eksponatın toplandığı 22 muzey və muzey filialı, 4 rəsm qalereyası, 4 teatr müəssisəsi, 2 konsert müəssisəsi, 8 mədəniyyət və istirahət parkı, Qarabağ münaqişəsinə qədər dövlət qeydiyyatına alınan 700-dən çox tarix və mədəniyyət abidəsi talan edilib”.
Ombudsman Ermənistanın törətdiyi ekoloji terrorla bağlı beynəlxalq ictimaiyyətə müraciət edib
Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (Ombudsman) Səbinə Əliyeva işğal altında olan Azərbaycan ərazilərində Ermənistanın törətdiyi ekoloji terror və Şuşa meşələrinin qəsdən yandırılaraq məhv edilməsi ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib.
Müraciətdə bildirilir: “30 ilə yaxın davam edən Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan Respublikasının təbiətinə, bioloji müxtəlifliyinə, su hövzələrinə, ümumilikdə, işğal altında olan ərazilərin ekologiyasına ciddi ziyan dəymiş, ətraf mühitin məhvi və ciddi zərər görməsi ilə nəticələnən fəsadlara gətirib çıxarmışdır.
Ermənistan
Respublikası silahlı qüvvələrinin hərbi fəaliyyəti
və qadağan olunmuş
silahlardan istifadəsi nəticəsində
ətraf mühit fiziki
və kimyəvi çirklənməyə məruz qalmaqla yanaşı, burada
mövcud olan müxtəlif
nadir bitki və heyvan növləri məhv edilmiş,
flora və faunaya külli miqdarda ziyan vurulmuşdur. Təmiz su mənbələrinin
kimyəvi çirklənməsi nəticəsində çay və göllərdə özü-özünü tənzimləmə
prosesi dayanmış, nəticədə su hövzələri bütün
canlılar üçün zərərli,
ölü bir zonaya çevrilməkdədir”.
Xalq qəzeti
.- 2021.- 6 noyabr.- S.13.