Vətən müharibəsi və pandemiya

 

VIII Qlobal Bakı Forumu müzakirələrdə diqqəti, əsasən, bu məsələlərə yönəltdi

 

Mərkəzin həmsədrləri ilə 2021-ci ildə keçiriləcək illik Qlobal Bakı Forumunu müzakirə edəndə biz burada - Bakıda belə geniş təqdimatların olacağını heç təsəvvürümüzə belə gətirə bilməzdik. Bu, birinci növbədə onu göstərir ki, COVID ilə bağlı vəziyyət yaxşılaşır. İkinci növbədə isə əlbəttə ki, həmçinin onu göstərir ki, siz bu tədbirə böyük əhəmiyyət verirsiniz. Çünki Qlobal Bakı Forumu qlobal siyasətə aid təxirəsalınmaz və vacib məsələlərin müzakirəsi baxımından aparıcı platformalardan birinə çevrilib.

 

İlham ƏLİYEV

 

Azərbaycan Respublikasının Prezidenti

 

 

Azərbaycan müasir, demok­ratiktolerant dövlətdir. XXI əsrin geridə qalan iki onilliyi dövlətimizin ictimai-si­yasi həyatında bir sıra mühüm hadisələrlə əlamətdar oldu. Əlbəttə, bu hadisələrin içində ən önəmlisi 2020-ci ilin 27 sentyabrında başlanıb 44 gün çəkən Vətən müharibəsidir. Məlum olduğu kimi, ordumuz 30 ilə yaxın işğal altında qalan torpaqlarımızı azad edərək, dünya hərb tarixinə öz adını yazdırdı. Lakin istər bu zəfər, istərsə də indiyədək qət edilən inkişaf yolumuz kortəbii şəkildə əldə edilməyib. Respublikamız 30 il ərzində yenicə müstəqillik qazanan qlobal məsələlərin həllində söz sahibi olan ölkəyə çevrilib. Bu tərəqqini şərtləndirən amillərdən biriPrezident İlham Əliyevin uzaqgörən daxilixarici siyasətidir.

 

Bakıda keçirilən beynəlxalq tədbirlər, o cümlədən dövlət başçısının müxtəlif kürsülərdən Azərbaycanı layiqincə təmsil etməsi ölkəmizin nüfuzunun artmasına, eləcə də daha çox tanınmasına səbəb olur. Təsadüfi deyil ki, Azərbaycan dünya­nın ən nüfuzlu beynəxalq qurumlarından biri olan Qoşulmama Hərəkatının (QH) sədridir. Prezidentimizin məqsədyönlü siyasəti nəticəsində ölkəmiz həm də dünyanın mədəniyyətlərasası dialoq mərkəzlərindən birinə çevri­lib. Bu sayədə, çoxəsrlik tolerantlıq ənənələri olan Azərbaycan dünyada sivilizasiyalararası münasibətlərin tənzimlənməsində nümunə təşkil edir. Əlbəttə, bu istiqamətdə həyata keçirilən tədbirlər planetimizin təhlükəsizliyi və sülhün bütün dünyada bərqərar ol­masına hesablanan layihələrdir. Bu mənada İslam və Qərb dövlətləri, eləcə də, dünyada yaşayan müxtəlif xalq­lar və mədəniyyətlər arasında insani bağların bərpa edilməsi, əməkdaşlıq qurulması məqsədilə Prezident İlham Əliyev mədəniyyətlərarası dialoqa dair “Bakı prosesi” və Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu təşəbbüslərini irəli sürmüşdür. 2009-cu ildə Bakı İslam mədəniyyətinin pay­taxtı seçilmiş, bu hadisədən sonra paytaxtımızda İslamAvropa ölkələri mədəniyyət nazirlərinin iştirakı ilə beynəlxalq konfrans keçirilmişdir. Əlbəttə, bu, “Bakı prosesinin inkişafına töhfə olmuşdur. 2011-ci ildən etibarən Bakı­da hər iki ildən bir UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Ümumdünya Turizm Təşkilatı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Avropa Şurası və ICESCO-nun tərəfdaşlığı ilə Ümumdün­ya Mədəniyyətlərarası Dialoq forumları keçirilir. Həmçinin Azərbaycan və Rusiya dövlət başçılarının himayəsi ilə Bakı Beynəlxalq Humanitar forumları təşkil olu­nur. Bundan əlavə, 2016-cı ilin aprelində Azərbaycan paytaxtı BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumuna ev sahibliyi etmişdir.

 

Qeyd olunduğu kimi, Azərbaycan dünyada baş verən qlobal problem və çağırışlar zamanı söz sahibi olan ölkələrdəndir. Belə məsələlərdən biri də, şübhəsiz ki, pandemiyadır. Yeri gəlmişkən, Azərbaycan Respublika­sı Prezidenti İlham Əliyevin himayəsi altında, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə noyabrın 4-də “COVID-19-dan sonrakı dünyamövzusunda Qlobal Bakı Forumu fəaliyyətə başlayıb.

 

Məlum olduğu kimi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi dünyanın tanınmış syasi xadimlərini, liderlərini bir araya toplayan qurumdur. Bu, bizim üçün böyük əhəmiyyət kəsb edən məsələlərdə, eləcə də regionda gedən proseslərin həllində həmin şəxslərin Azərbaycanın yanında yer alması deməkdir. Beləliklə, Nizami Gəncəvi Beynəlxalq Forumu bu istiqamətdə ölkəmiz üçün vacib platfor­madır.

 

Prezident İlham Əliyev Nizami Gəncəvi Mərkəzinin fəaliyyətini yüksək qiymətləndirir: “ Mən pandemiya dövründə çox yaxşı fəaliyyətinə görə Ni­zami Gəncəvi Beynəlxalq Mərkəzini təbrik etmək istəyirəm. Bu mərkəz yeni şəraitə özünü çox müdrik formada uyğunlaşdırdı. Pandemiya ilə bağlı vəziyyətdən asılı olmayaraq, öz fəaliyyətini yeni formada davam etdirdi. Eyni zamanda, bu fəal işin aparıldığı səkkiz il ərzində mərkəz dünyada aparıcı beynəlxalq təsisatlardan birinə çevrilmişdir. Onun geniş fəaliyyəti, əslində, dünyada sülh, əməkdaşlıq, təhlükəsizlik və sabitlik işinə xidmət edir. Mərkəzin üzvləri ölkələrinə, yaxud beynəlxalq təşkilatlara uzun illər rəhbərlik etmiş məşhur dünya siyasətçiləridir. Sizin təcrübəniz həqiqətən unikaldır. Bir sözlə, bu cür təcrübənin bir araya toplanması, hesab edirəm ki, bugünkü dünyada nadir hadisədir”.

 

Qlobal Bakı Forumunun açılışında iştirak edən ölkə başçısı çıxışını əsasən iki önəmli məsələyə həsr etdi: Vətən müharibəsi və pandemiya. Təbii ki, pandemiya istər iqtisadi-siyasi, istərsə də sağlamlıq və təhlükəsizlik baxımından dünyanın gündəliyində duran ən önəmli məsələrdəndir. Belə ki, pandemiyanın qlobal iqtisadiyyata vurduğu ziyanın mərhələ-mərhələ aradan qaldırılması prosesi davam etdirilir. Ölkəmizin baş­çısı bildirdi ki, bəziləri postpandemiya dövründən danışsa da, bu, hələ aydın deyil. Çünki dünyanın bəzi ölkələrində xəstəlik hələ də səngimir və buna görə də həmin ölkələr üçün postpandemiya dövründən söhbət gedə bilməz. Əslində, bu, xəstəliyin azaldığı ölkələr üçün də tamamilə bəlli olmayan bir məsələdir.

 

Prezidentimiz çıxışı zamanı Azərbaycanda həyata keçirilən pandemi­ya siyasətindən də bəhs etdi. Bildirdi ki, ölkəmiz bu böhranın başladığı ilk vaxtlar­dan həm daxildə, həm də qlobal miqyas­da bir çox lazımı addımlar atmışdır.

 

Məlum olduğu kimi, respublikamız­da cari ilin yanvar ayından etibarən peyvəndləmə prosesi başlanıb. Qısa müddət ərzində ölkə ərazisində ümumilikdə 4 min çarpayı sayı olan 13 yeni xəstəxana açılıb. Pandemiya ilə mübarizə aparmaq üçün ayrılan ümumi xəstəxana sayı isə 46-ya bərabərdir. Vaxtında və düzgün aparılan tədbirlər sayəsində ölkə ərazisində heç bir qapan­maya ehtiyac duyulmur.

 

Ölkəmizdə əvvəl həyata keçirilən qa­panmalar zamanı iqtisadiyatımıza dəyən zərərin yükünü azaltmaq üçün həyata keçirilən tədbirlərdən danışan Prezident İlham Əliyev bildirdi ki, işini itirmiş, qa­panmalardan əziyyət çəkmiş əhali üçün 2020-2021-ci illərdə ümumi dəyəri 2,9 milyard ABŞ dolları olan sosial-iqtisadi yardım paketi ayrılıb.

 

Ümumiyyətlə, ölkəmizdə həyata keçirilən dövlət siyasəti sayəsində peyvəndləmə səviyyəsi yüksəkdir. Məlum olduğu kimi, ölkəmizdə əsasən “Sinovac” və “Pfizer” peyvəndlərindən istifadə edilir.

 

Ölkə başçısının dediyi kimi, Azərbaycan COVID-19-a qarşı qlobal miqyasda da çox fəal addımlar atıb. Bunlardan biriTürkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının və QH-nin hazırki sədri olaraq keçən il Azərbaycanın təşəbbüsü ilə təşkil edilən pandemiyaya həsr edilən zirvə görüşləridir. Bundan Əlavə QH sammitində ölkəmiz BMT-nin Baş Assambleyasının COVID-ə həsr edilən xüsusi sessiyasının keçirilməsi təklifini irəli sürmüşbu, mütləq əksəriyyət tərəfindən qəbul edilmişdir. Bü­tün bunlar ölkəmizin qlobal məsələlərərin müzakirəsinə verdiyi töhfələrdir.

 

Prezident İlham Əliyev xüsusi qeyd etdi ki, Azərbacyan “peyvənd millətçiliyi” mövzusunu qlobal arenada səsləndirən ilk ölkələrdən biridir. Zaman göstərir ki, ölkə başçısının bütün beynəlxalq tribuna­larda dilə gətirdiyi bu problem pandemiya dövrünün ən önəmli məsələlərindən biridir. Bunlardan əlavə, Azərbaycanın təşəbbüsü ilə COVID-19-un müalicəsi ilə bağlı məlumat bazası yaradılıb. Bu gün QH üzvü olan ölkələr həmin bazadan istifadə edirlər. Azərbaycan isə hərəkatın sədri kimi 30-dan çox ölkəyə maliyyə yardımı göstərmişdir.

 

Prezidentimiz daha sonra tarixə qovuşan Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışıb. Bildirib ki, Azərbacyan BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 4 qətnaməni özü yerinə yetirdi və işğalçı dövləti torpaqlarından çıxardı. Dövlət başçısı qeyd edib ki, bu barədə təkcə BMT TŞ deyil, başqa nüfuzlu beynəlxalq təşkilatlar da qətnamələr qəbul etmişdilər. BMT Baş Assambleyası, ATƏT, Qo­şulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa ParlamentiAvropa Şurasının Parlament Assambleyası ana­loji qətnamələr qəbul etmiş beynəlxalq qurumlardandır.

 

Ermənistan tərəfinin işğal etdikləri torpaqların bir qarışının belə qaytarıl­mayacağına dair verilən bəyanatlar onu göstərdi ki, işğalçı dövlətin danışıqlar pro­sesinin davam etməsinə münasibəti heçbizimki kimi deyil. Bunlardan biriterrorçu dövlətin o vaxtkı müdafiə naziri­nin Ermənistanın “yeni ərazilər uğrunda yeni müharibə”yə hazırlaşmasına dair bəyanatı idi. Beləliklə, aydın olurdu ki, ermənilər nəinki torpaqları geri qaytarmaq istəmir, hətta Azərbaycan torpaqlarındakı işğalı genişləndirmək niyyətindədirlər.

 

Prezident İlham Əliyev beynəlxalq təşkilatları, eləcə də, ATƏT-in Minsk qru­punun belə bəyanatlarla bağlı səssizliyini vurğulayaraq dedi ki, beynəlxalq ictimaiyyət, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədrləri səssiz qaldılar, bunu pisləmədilər və bunun qəbuledilməz olması ilə bağlı hətta mesaj belə vermədilər. Ermənistan rəhbərliyinin atdığı bir sıra digər addımlar və verdiyi bəyanatlar Azərbaycanı təhrik etməyə yönəlmişdi. Mən separatçıların qon­darmaprezidentininŞuşada keçirilən “inauqurasiyasını” qeyd edə bilərəm. Bu, azərbaycanlıların hisslərinin açıq şəkildə təhqiri idi.

 

Daha sonra olanlar isə hər kəsə məlumdur. Azərbaycan Ordusu düşmənin cəbhəboyu törətdiyi təxribatlara cavab olaraq, əks-hücum əməliyyatına başladı. Vətən müharibəsi silahlı qüvvələrimizin şanlı qələbəsi ilə nəticələndi və tarixi tor­paqlarımız erməni işğalından təmizləndi.

 

Dövlət başçısı son olaraq Cənub Qaz dəhlizindən, onun sonuncu hissəsi – 2020-ci ilin son günü istismara verilən TransAdriatik boru kəmərindən bəhs etdi. Bu layihə təkcə Azərbaycan üçün deyil, bütövlükdə region üçün əhəmiyyətlidir. Azərbaycan yanvarın 1-dən okyatbrın 31-dək bu kəmərlə 14 milyard kubmetrdən çox təbii qaz ixrac edib. Bu, Avropanın enerji təhlükəsizliyi sahəsində atılan ən önəmli addımlardan biridir.

 

İmran ƏLİYEV,

 

Xalq qəzeti  2021.- 6 noyabr.- S.8.