Böyük Zəfərin təntənəsi
Böyük fəxarət və qürur hissi ilə bəyan
edirəm ki, Şuşa şəhəri işğaldan azad
edildi! Şuşa bizimdir! Qarabağ bizimdir! Bu münasibətlə
bütün Azərbaycan xalqını ürəkdən təbrik
edirəm. Bütün şuşalıları ürəkdən
təbrik edirəm. İyirmi səkkiz il yarım işğal
altında olan Şuşa azad edildi! Şuşa indi azaddır!
Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni
döyüş meydanında qazandıq. 2020-ci il noyabrın
8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi
yaşayacaq. Bu, bizim şanlı qələbəmizin, zəfərimizin
günüdür!”.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Ermənilərin xalqımıza qarşı düşmənçilik siyasəti iki yüz il bundan əvvəl – çar Rusiyası tərəfindən Azərbaycan torpaqlarına köçürüldükləri vaxtdan başlayaraq bu günə qədər davam edir. Erməni qəsbkarları əzəli torpaqlarımızda məskunlaşdıqları ilk gündən toponimlərimizi dəyişməyə başlamış, münbit əraziləri ələ keçirməyə çalışmış, əksəriyyət təşkil etdikləri yaşayış məntəqələrində yerli əhali olan azərbaycanlıları sıxışdırmışdılar. Erməni millətçiləri 200 ildən artıq bir zaman kəsiyində yüz minlərlə dinc azərbaycanlını soyqırımına məruz qoymuş, yaşadıqları yerlərdən qovmuş, onlara işgəncələr vermiş, yüzlərlə yaşayış məntəqəsini dağıdıb yerlə yeksan etmişdilər. Keçmiş SSRİ imperiyasının dağılması və müstəqilliyin bərpası ərəfəsində xarici havadarları tərəfindən silahlandırılan ermənilər Azərbaycan ərazisinin 20 faizini işğal etmiş, yaşayış məntəqələrini dağıtmış, dinc əhalini amansızcasına qətlə yetirmişlər. Başlıbel, Ağdaban, Bağanis-Ayrım kəndlərində, Xocalıda törədilmiş vəhşiliklər, soyqırımıları erməni faşizminin əsl simasını göstərdi.
Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi XX yüzilliyin tarixinə ən faciəli münaqişələrdən biri kimi daxil olub, onun nəticələri milyonlarla azərbaycanlının taleyinə ciddi təsir göstərib. Ermənistanın Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları və etnik zəmində təxribatları, terror əməlləri ilə başlamış bu münaqişə Azərbaycana qarşı hərbi təcavüzlə nəticələnib. Ermənistan SSR-də yaşayan azərbaycanlılar öz tarixi torpaqlarından dəfələrlə qəddarlıqla deportasiya edilib. Yüz minlərlə soydaşımız öz torpaqlarından zorla qovulub, qətlə yetirilib, yaralanıb.
Sovet
İttifaqı rəhbərliyində təmsil olunan ermənilər,
Ermənistan SSR-in rəhbərliyi və xaricdəki erməni
diasporu 1980-ci illərin sonlarında SSRİ mərkəzi
hakimiyyətinin zəifləməsindən istifadə edərək,
Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV-nin) Ermənistan
SSR-ə birləşdirilməsi üçün məqsədyönlü
şəkildə hərəkətə başladılar.
1988-ci ilin əvvəlində DQMV-nin Azərbaycandan
qoparılması yönündə ardıcıl addımlar
atıldı: DQMV Xalq Deputatları Sovetinin erməni
əsilli deputatları vilayətin Ermənistan SSR-ə birləşdirilməsi
təklifinin lehinə səs verdilər (azərbaycanlı və
digər millətlərdən olan deputatlar iclasda iştirak
etmirdilər), Dağlıq Qarabağı Ermənistana birləşdirməyi
qarşıya məqsəd qoyan erməni təşkilatları
maneəsiz şəkildə Yerevanda və Xankəndidə fəaliyyətə
başladı, Ermənistan SSR Ali Soveti DQMV-nin Ermənistan
SSR-in tərkibinə “daxil edilməsi” və “Ermənistan
SSR-in və Dağlıq Qarabağın birləşməsi
haqqında” qərarlar qəbul etdi. Nəhayət, 1991-ci ilin
sentyabrında qondarma “Dağlıq Qarabağ Respublikası”
elan edildi. Buna cavab tədbiri kimi, 1991-ci ilin noyabrında Azərbaycan
Respublikasının Ali Soveti Dağlıq Qarabağın
muxtariyyət statusunu ləğv etdi. SSRİ-nin
ümumi dövlət strukturu zəiflədikcə bölgədə
vəziyyət daha da pisləşirdi. Ermənistandan
göndərilən silahlı qruplar və terrorçular
öz cinayətkar fəaliyyətini genişləndirirdilər.Əsassız
ərazi iddiaları irəli sürən Ermənistan Azərbaycana
qarşı müharibə elan etmədən hərbi əməliyyatlara
başladı. Bununla da, münaqişə
yeni “qaynar mərhələ”yə keçdi. Müharibə dövründə Ermənistan
silahlı qüvvələri hərbi və mülki şəxslər
arasında heç bir fərq qoymadan işğal etdikləri
rayon və şəhərlərdə dinc azərbaycanlı əhalini
amansızlıqla qətlə yetirirdilər. Müharibə nəticəsində Azərbaycan
Respublikası öz torpaqlarının beşdə-birini
itirdi, bir milyondan çox azərbaycanlı öz yurdundan didərgin
düşdü. Beynəlxalq sülh və
təhlükəsizlik üçün ciddi təhdid mənbəyinə
çevrilən Ermənistan–Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsi beynəlxalq təşkilatlar
çərçivəsində ciddi müzakirələrə
səbəb oldu. 1992-ci ildə bu
münaqişənin Avropada Təhlükəsizlik və
Əməkdaşlıq Müşavirəsinin (ATƏM-in)
prinsipləri əsasında sülh yolu ilə həlli
üçün Minsk qrupu yaradıldı. Birləşmiş Millətlər Təşkilatı
(BMT) isə 1993-cü ildə işğalçıların
Azərbaycanın işğal olunmuş ərazilərindən
tam, dərhal və qeyd-şərtsiz
çıxarılmasını tələb edən beynəlxalq
hüquqda çox böyük əhəmiyyətə malik 4
qətnamə qəbul etdi. Azərbaycan
üçün olduqca mürəkkəb şəraitdə
xalqın inadlı təkidi ilə siyasi hakimiyyətə
qayıtmış ümummilli lider Heydər Əliyev belə
bir nəticəyə gəldi ki, münaqişənin həllində
kompleks yanaşma, mühüm daxili və xarici siyasət amillərinin
nəzərə alınması tələb olunur. Havadarlarından böyük dəstək
almış Ermənistanın başlatdığı Birinci
Qarabağ müharibəsi 1994-cü ildə Bişkekdə
Rusiyanın vasitəçiliyi ilə imzalanmış atəşkəslə
başa çatdı.
2019-cu ildən etibarən isə
Ermənistan hərbi-siyasi rəhbərliyinin bir-birinin
ardınca verdiyi təxribatçı bəyanatlar və
atdığı addımlar bir daha özünün əsl məqsədinin
mövcud status-kvonu möhkəmləndirməkdən və Azərbaycan
ərazilərini ilhaq etməkdən ibarət olduğunu
nümayiş etdirmişdir. Ermənistanın qəbul etdiyi təcavüzkar
və hücum xarakterli milli təhlükəsizlik
strategiyası, işğal edilmiş ərazilərdə
qeyri-qanuni məskunlaşdırma siyasətini genişləndirməsi,
“yeni ərazilər uğrunda yeni müharibə”
çağırışı, 2020-ci il iyulun 12-də Ermənistan
Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində
təxribat törətməsi, eyni zamanda, bütövlükdə
qoşunların təmas xəttində gərginliyi
artırması və sair Ermənistanın genişmiqyaslı
hücuma hazırlaşdığını göstərirdi.Ermənistanın
təxribatına və növbəti hərbi təcavüzünə
cavab olaraq, Azərbaycan xalqı torpaqlarımızın
işğaldan qurtarılması, Ermənistanın sülhə
məcbur edilməsi, BMT Təhlükəsizlik
Şurasının məlum qətnamələrinin tələblərinin
yerinə yetirilməsi, məcburi köçkünlərin
öz doğma torpaqlarına qayıtması və ədalətin
bərpası üçün Vətən müharibəsinə
başladı. Bu müqəddəs amal
uğrunda bütün Azərbaycan xalqı səfərbər
və həmrəy oldu.
Prezident İlham Əliyevin fərmanı
ilə 2020-ci il 28 sentyabr saat 00:00-dan Azərbaycan
Respublikasının bütün ərazisində hərbi vəziyyət
elan edildi. Sentyabrın 28-də imzalanmış
sərəncama görə respublikada qismən səfərbərlik
elan edildi. İkinci Qarabağ müharibəsi zamanı
Azərbaycan xeyli az itki ilə böyük
zəfərə imza atdı. Başlanğıcda
bir sıra kəndləri və strateji körpüləri
işğaldan azad etdikdən sonra Azərbaycan Silahlı
Qüvvələri oktyabrın 22-də Qarabağın
İranla cənub sərhədini düşməndən
tamamilə təmizlədi və 23 oktyabrda Laçın dəhlizinə
doğru irəliləməyə başladı. Laçın dəhlizi Qarabağdakı qondarma
qurumla Ermənistanı birləşdirən yeganə
böyük magistral idi. Azərbaycan ənənəvi
olaraq, gün ərzində hərbi karvanların
qarşısını almaq üçün artilleriya, minaatan
və hətta birbaşa atəş və ya idarə olunan
raketlərlə Ermənistan ordusuna zərbələr
endirirdi. Davam edən müharibə ərzində 4
oktyabrda Cəbrayıl, 17 oktyabrda Füzuli, 20 oktyabrda Zəngilan,
25 oktyabrda Qubadlı işğaldan azad edildi.
Müzəffər Ali Baş Komandan
İlham Əliyev noyabr ayının 8-də xalqımıza
Şuşanın azad edilməsi müjdəsini verdi. Ertəsi gün daha 70-dən çox kəndin
azad olunması xəbəri gəldi və bundan bir gün
sonra Ermənistanın baş naziri N.Paşinyan Azərbaycan
Prezidentinin şərtlərini qəbul edərək
“kapitulyasiya aktı”na imza atmağa məcbur oldu. Noyabrın
10-da Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol
Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir
Putin münaqişə zonasında atəşin və
bütün hərbi əməliyyatların tam
dayandırılması barədə bəyanat imzaladılar.
Bəyanata əsasən, noyabrın 20-də
Ağdam, 25-də Kəlbəcər, dekabrın 1-də isə
Laçın rayonları azad edildi. Bəyanatda,
həmçinin Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın
qərb rayonlarını birləşdirən yeni nəqliyyat
kommunikasiyalarının inşasının təmin edilməsi
elan olunmuşdur.
Azərbaycan xalqının əzmi
və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu
və xalq-iqtidar birliyi ölkəmizin qələbəsini təmin
edən mühüm amillər oldu. Ulu əcdadlarımızın
zəngin dövlətçilik və hərb tarixindən
ilhamlanan Azərbaycan xalqı daha bir şanlı qəhrəmanlıq
salnaməsi yazaraq, özünün qalib xalq olduğunu
bütün dünyaya sübut etdi və düşmən
üzərində tarixi zəfər çaldı.
Şuşa şəhərinin və
onun işğaldan azad edilməsinin tarixi əhəmiyyəti
nəzərə alınaraq, Azərbaycan Respublikası
Prezidentinin “Azərbaycan Respublikasında Zəfər
Gününün təsis edilməsi haqqında” 2020-ci il 3 dekabr
tarixli sərəncamına əsasən, Vətən
müharibəsində misilsiz Qələbənin əbədiləşdirilməsi
məqsədilə hər il 8 noyabr tarixinin Azərbaycanda “Zəfər
Günü” kimi qeyd edilməsi qərara
alınmışdır. Ölkə başçısı
2020-ci il dekabr ayının 3-də Azərbaycan xalqının
Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın
və qazandığı möhtəşəm tarixi zəfərin
nümayiş etdirilməsi, şəhidlərimizin əziz
xatirəsinin əbədiləşdirilməsi məqsədilə
Bakı şəhərində “Vətən müharibəsi
memorial kompleksi” və “Zəfər muzeyi”nin yaradılması haqqında
sərəncam imzaladı. Həmçinin, “Vətən
Müharibəsi Qəhrəmanı” fəxri adı, “Zəfər”
və “Qarabağ” ordenləri, “Cəsur
döyüşçü”, “Döyüşdə fərqlənməyə
görə”, “Suqovuşanın azad olunmasına görə”,
“Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad
olunmasına görə”, “Zəngilanın azad olunmasına
görə”, “Qubadlının azad olunmasına görə”,
“Şuşanın azad olunmasına görə”, “Kəlbəcərin
azad olunmasına görə”, “Ağdamın azad olunmasına
görə”, “Laçının azad olunmasına görə”
və digər medallar təsis edildi.
Dekabrın 10-da keçirilən
möhtəşəm Zəfər paradı isə Azərbaycanın
hərbi gücünü və tarixi qələbəmizi
bütün dünyaya bir daha nümayiş etdirdi. Zəfər paradı
müzəffər Ali Baş Komandan cənab İlham
Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun
44 gün davam edən “Dəmir yumruq” hərbi əməliyyatında
qazandığı tarixi Qələbənin təcəssümü
oldu. Paradda nümayiş etdirilən texnikalar
dövlətimizin başçısı İlham Əliyev tərəfindən
hərbi sahəyə göstərilən diqqət və
qayğını nümayiş etdirdi.
Aprelin 12-də Azərbaycan
Respublikası Prezidenti İlham Əliyevin xüsusi təşəbbüsü
ilə Bakıda salınan Hərbi Qənimətlər
Parkının açılışı oldu. Hərbi Qənimətlər
Parkı qazanılan tarixi Zəfərin nümayişi
baxımından xüsusi əhəmiyyət kəsb edir.
Buraya gələn hər bir ziyarətçiyə
Vətən müharibəsinin gedişatı barədə təqdim
edilən eksponatlar Azərbaycana zəfər qazandıran
döyüşləri bir daha göz önündə
canlandırmağa geniş imkan yaradır. Bakı
Metropoliteninin 29 may 2021-ci ildə istifadəyə verilən
stansiyasına ölkə başçısı İlham
Əliyevin xüsusi təşəbbüsü ilə Zəfər
Günü münasibətilə “8 Noyabr” adı
verilmişdir. Beləliklə, 44 günlük
müharibə Azərbaycan xalqının nə qədər vətənpərvər,
böyük xalq olduğunu, milli birliyini, həmrəyliyini
bütün dünyaya sübut etdi. Azərbaycan tarixi
torpaqlarına – Qarabağa qovuşdu, tarixi zəfərə
imza atdı, şəhidlərimizin, Xocalı
qurbanlarının, Gəncə, Bərdə, digər şəhər
və rayonlarımızda törədilən
soyqırımları zamanı həlak olan günahsız
insanların qisasını döyüş meydanında
aldı, işğalçı Ermənistana layiq olduğu
yeri göstərdi.
Ölkə Prezidenti cənab İlham
Əliyevin 2020-ci il 2 dekabr tarixli sərəncamı ilə
müharibədə qəhrəmancasına
döyüşmüş, Azərbaycan Bayrağını
işğaldan azad edilən torpaqlarımızda
dalğalandırmış, ölkəmizin ərazi
bütövlüyü yolunda canlarını fəda etmiş əsgər
və zabitlərimizə, bütün şəhidlərimizə
dərin ehtiram əlaməti olaraq 27 sentyabr – Azərbaycan
Respublikasında Anım Günü təsis edildi.
Vətən müharibəsində,
həmçinin 100-dən çox ədliyyə və məhkəmə
işçisi, o cümlədən könüllü
iştirak edərək fədakarlıq göstərib, ölkə
Prezidenti tərəfindən çoxsaylı medallarla təltif
olundu. Hazırda onların qayğıları nazirlik tərəfindən
daim diqqət mərkəzində saxlanılır.
Müharibə başlanan
gündən ədliyyə işçiləri də ordumuzla
həmrəylik nümayiş etdirərək, hərbçilərimizə,
yaralananlara və şəhid ailələrinə öz dəstəyini
əsirgəməyib, Silahlı Qüvvələrə
Yardım Fonduna və "YAŞAT" Fonduna əmək
haqlarından könüllü vəsaitlər
köçürüblər.
Azərbaycan Xalq Cümhuriyyətinin
yaranması ilə bir gündə təsis edilmiş Ədliyyə
Nazirliyinin funksiyalarını, fəaliyyət istiqamətlərini
və səlahiyyətlərini müəyyən edən
mühüm akt – nazirliyin Əsasnaməsi 1918-ci ilin noyabr
ayının 22-də təsdiq olunmuşdur.Beləliklə,
Azərbaycan Xalq Cümhuriyyətinin qoyduğu təməl əsasında
müasir dövlətçilik ənənələrinə və
konsepsiyasına söykənən Azərbaycan ədliyyəsinin
tarixi yazılmağa başlanmışdı.
Müasir Azərbaycan dövlətçiliyinin
banisi, xalqımızın ümummilli lideri Heydər
Əliyevin 11 noyabr 2000-ci il tarixli sərəncamı ilə təsis
edilmiş 22 noyabr – Ədliyyə İşçilərinin
Peşə Bayramı Günü 21 ildir ki, ədliyyə və
məhkəmə orqanlarında böyük ruh yüksəkliyi
ilə geniş qeyd olunur.
Ümummilli lider Heydər Əliyevin dövlət quruculuğu xəttini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ədliyyəsinin davamlı inkişafı üzrə görülən ardıcıl və məqsədyönlü işlərin, həyata keçirilən məhkəmə-hüquq islahatlarının qayəsini, ilk növbədə, insan hüquqlarının etibarlı təminatı, vətəndaşlara qayğılı münasibət, onlara yüksək keyfiyyətli xidmətlərin göstərilməsinin təşkili nəzərə alınaraq, hər bir demokratik cəmiyyətdə müstəsna əhəmiyyət kəsb edən məhkəmə hakimiyyətinin müstəqilliyinə xidmət edən köklü və sistemli islahatların uğurla davam etdirilməsi nəticəsində bu gün ölkəmizdə bütün sahələrdə mühüm nailiyyətlər qazanılmışdır.
Eyni zamanda, ölkəmizin davamlı tərəqqisinin təmin edilməsi üçün bütün sahələrdə həyata keçirilən islahatlar məhkəmə-hüquq sisteminin inkişafında yeni mərhələnin başlanmasını və bu sahədə islahatların dərinləşdirilməsini zəruri etmişdir. Zərurət xüsusən onda ifadə olunmuşdur ki, müasir dövrün tələblərinə cavab verən, cəmiyyətdə yüksək nüfuza malik ədalət mühakiməsinin formalaşdırılması prosesini sürətləndirmək məqsədilə məhkəməyə müraciət imkanları daha da genişləndirilməli, məhkəmələrin fəaliyyətində şəffaflıq artırılmalı, məhkəmə icraatının effektivliyi yüksəldilməli, məhkəmə qərarlarının tam və vaxtında icra edilməsi təmin olunmalı, süründürməçiliyin və digər neqativ halların aradan qaldırılması üçün görülən tədbirlər gücləndirilməlidir.Həmçinin, ədalət mühakiməsi mexanizmlərinin effektiv fəaliyyətinin təmin edilməsi üçün hakim və məhkəmə aparatı işçilərinin sosial müdafiəsi daha da yaxşılaşdırılmalı, müvafiq infrastrukturun yenilənməsi işləri davam etdirilməli, məhkəmə icraatında müasir informasiya texnologiyalarının tətbiqinin üstünlüklərindən hərtərəfli istifadə edilməli, digər mühüm məsələlər həll olunmalıdır.
Məhz ədalət mühakiməsinin keyfiyyətinin və səmərəliliyinin artırılması məqsədilə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 3 aprel 2019-cu il tarixli fərman imzalamışdır. Bu, sənəd ölkəmizin davamlı tərəqqisinin təmin edilməsi üçün məhkəmə-hüquq sisteminin inkişafında yeni mərhələnin başlanmasına və bu sahədə islahatların dərinləşdirilməsinin təmin edilməsinə yönəlmişdir. Biz hakimlər də ölkəmizin davamlı tərəqqisinin təmin edilməsi üçün qeyd edilən zəruri islahatların həyata keçirilməsinin məsul icraçıları və həm də təminatçılarındanıq.
Yaranmış imkandan istifadə edərək, qürur və sevinc hissi ilə xalqımızı 8 noyabr – Zəfər Günü münasibətilə ürəkdən təbrik edirəm. Həmçinin, bu möhtəşəm, qələbə həyəcanlı və qürur hissi ilə yaşadığımız bayram günlərinə təsadüf edən Ədliyyə İşçilərinin Peşə Bayramı Günü ilə əlaqədar bütün ədliyyə işçilərini və hakimləri ürəkdən təbrik edir, onlara qanunun aliliyinin, insan haqlarının təmin olunması kimi şərəfli işlərində müvəffəqiyyətlər arzulayıram.
Şərafət MƏMMƏDOVA,
Bakı Apellyasiya Məhkəməsinin hakimi
Xalq qəzeti
.- 2021.- 6 noyabr.- S.10.