Ədalətin bərpa olunduğu gün

 

Xalqımız Vətən müharibəsindəki qələbəmizin birinci ildönümünü qeyd etdi. Bu, çox əzəmətli və tarixi hadisədir. Azərbaycan haqq mübarizəsində qalib gələrək, uzunmüddətli işğala son qoydu, öz ərazi bütövlüyünü bərpa etdi.

 

Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yüksək hazırlıqlı, savadlı, mərd, qorxmaz əsgər və zabitlərimiz bir an belə tərəddüd etmədən yüksək əzmlə, iradə ilə sinəsini sipər edərək dö­yüşdü, torpaqlarımızı qarış-qarış, addım-addım düşməndən azad etdi. Vətən müharibəsinin ən böyükqururverici hadisəsi Şuşa uğrun­da gedən döyüşlərdir. Azərbaycan əsgəri çox çətin coğrafi şəraitdə, yaralı qardaşını, şəhid qardaşını çiyninə alıb, heç bir hərbi texnika­dan istifadə etməyərək düşmənlə üz-üzə vuruşduqalib gəldi. Bir daha sübut etdi ki, Azərbaycan əsgəri qəhrəmandır, igiddiro, qarşı tərəfin illərlə uydurduğu mifi məhv etdi. Bu gün başımız dikdir, alnımız açıqdır, çünki soydaşla­rımıza qarşı edilən haqsızlığın, ədalətsizliyin, Xocalı soyqırı­mının qisası alınıb. Bu qələbə azərbaycanlılar haqqında məğlub xalq sindromunu sındırdı, xalqın inamını özünə qaytardı. Bütün dünya gördü ki, Azərbaycan xalqı heç vaxt məğlubiyyətlə barışma­yacaq və gec-tez öz məqsədinə nail olacaqdır. Bu şanlı Zəfəri bizə yaşatdıqları üçün şəhdlərimizin ruhu qarşısında baş əyirik, yaralı qazilərimizin tezliklə sağalmalarını arzu edirik. Vətən müharibəsi həm də xalqımızın sarsılmaz birliyini bütün dünyaya bir daha nümayiş etdirdi. Azərbaycanda yaşayan bütün xalqlar çiyin-çiyinə mübarizə aparır, Qələbəyə öz töhfəsini ve­rirdi. Bu, bizim birliyimizin ən bariz nümunəsi idi. Övladı şəhid olan ana-atalar, həyat yoldaşı şəhid olan xanımlar, ataları şəhid olan balalar çox təmkinlə, səbirlə “Vətən sağ olsun!” – deyirlər.

 

O xalq xoşbəxtdir ki, torpağı uğurunda mübarizə aparma­ğı, həm qalib gəlməyi, həm də şəhid verməyi bacarır. Vətən müharibəsində bizim əsgər valideynləri, həyat yoldaşları, övladları elə nümunələr göstərirdi ki, onların hər biri bir tarixdir. Ana şəhid olan oğlunun gözündən öpüb, “şəhidliyin mübarəkdir!”-- deyir, qadın öz şəhid olmuş həyat yoldaşının cənazəsini çiyninə alıb son mənzilə yola salır, övlad atası ilə fəxr etdiyini deyir. Düşmən evini dağıdır, ailəsi raket zərbəsi ilə həlak olur, deyir ki, “Vətən sağ olsun!”, “Əsgərimiz sağ olsun!”. Bütün bunlar nəyi göstərir? Bizi əymək, bizi sarsıtmaq mümkün deyil, biz haqlı mübarizə aparırıq, uşaqdan böyüyə qədər mübarizə aparmağı bacaran millətik!

 

Vətən müharibəsi 44 gün çəkdi, ancaq qələbənin yolu daha uzaqdan başlayırdı. Əgər ulu öndər Heydər Əliyev Azərbaycanın siyasi, iqtisadi, hüquqi mövcudluğunu təmin etdisə, ölkəni bataqlıqdan çıxardısa, cənab İlham Əliyev Azərbaycanı qüdrətli dövlətə çevir­di. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanımla birlikdə ölkəmizin nüfu­zunu qaldırdı, dünyaya inkişafa, sülhə, mədəniyyətə, insanlığa açıq olan, müsbət impuls ötürən bir Azərbaycan təqdim etdi. İqtisadi imkanların artması, beynəlxalq hüquqi bazanın yaradılması, ordunun gücləndirilməsi – bun­lar ölkə başçısının fəaliyyətinin əsasını təşkil edirdi. Azərbaycan hər gün bu müqəddəs Qələbəyə yaxınlaşırdı. Müasir silahlarla və peşəkar hərbi kadrlarla formalaşan ordumuz bu vəzifənin öhdəsindən layiqincə gəldi. Prezident İlham Əliyevin son 18 ildə həyata keçirdi­yi güclü dövlət, güclü ordu strategi­yası torpaqlarımızın işğaldan azad olmasının ən başlıca səbəbidir.

 

Ermənistan və onun havadar­ları tərəfindən hərbi əməliyyatları dayandırmaq üçün Azərbaycana diplomatiksiyasi təzyiqlər göstərildi. Prezident İlham Əliyev siyasi iradə nümayiş etdirdi, bütün təzyiqlərə mərdanə şəkildə sinə gərərək onları dəf etdi, öz prinsipial mövqeyindən dönmədi. Düşmən və onun himayədarlarının işğala və tədricən Azərbaycan ərazilərinin bölünməsinə əsaslanan planları alt-üst oldu. Qeyd etmək istəyirəm ki, Prezident İlham Əliyev çağırışla­rı ilə xalqı səfərbər edə bildi, birliyi­mizi daha da gücləndirdi. Buna hər dövlət başçısı nail ola bilmir.

 

Regionda Azərbaycanın ma­raqlarına cavab verən yeni siyasi reallıq yaranıb. Azərbaycanın siya­si, iqtisadi imkanları genişləndirilib, ölkəmizin beynəlxalq arenadakı mövqeləri möhkəmləndirilib və 30 il ərzində pozulmuş ərazi bütövlüyü­müz bərpa edilib. Bu gün regionda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı və milli maraqlarının nəzərə alınması ilə həyata ke­çirilir. Azərbaycan Prezidentinin imzaladığı fərman və sərəncamlar əsasında həyata keçirilən so­sial layihələr vətəndaşlarımızın yaşayış səviyyəsinə öz müsbət təsirini göstərir. Ölkəmizdə həyata keçirilən sosial siyasətin əsasında hər bir vətəndaşın layiqli həyat şəraitinin təmin edilməsi prinsipi durur. Cənab Prezident dəfələrlə qeyd edib ki, “bizim siyasətin mərkəzində vətəndaş dayanır”. Hər zaman vətəndaşın yanında olan dövlət başçısı, özü vətəndaşlarla görüşə can atır, onlarla canlı ünsiyyət qurur, dinləyir. Vətəndaşın xoş günündə, çətin günündə də bir an onları tək qoymur. Bu, böyük bir xalq sevgisidir, Vətən sevgisidir.

 

Bu gün artıq məcburi köçkünü­müz yoxdur, onlar tezliklə doğma ata-baba yurdlarına dönmək arzu­sundadırlar. Aparılan təhlillər də bu fikri təsdiq edir. Sosial Tədqiqatlar Mərkəzinin araşdırmalarına görə, ölkə əhalisi arasında məcburi köç­kün statusuna malik ailələrin aid olduqları rayona qayıtması ilə bağlı müxtəlif fikirlər olsa da, məcburi köçkünlərin verdikləri cavab birmənalıdır. Sorğuda iştirak edən respondentlərin mütləq əksəriyyəti yaxın gələcəkdə azad edilmiş rayonlarına qayıtmağı planlaşdırır. Əlbəttə, biz azad edilmiş kənd, qəsəbə və şəhərlərimizin düşmən tərəfindən xarabaya çevrilməsini, mədəni, tarixi, dini irsimizin və abidələrimizin dağıdıldığını, təhqir edildiyini görəndə çox kədərlənirik. Cənab Prezidentin dediyi kimi, “onlar düşünürdülər ki, bu dağıntı­lardan sonra heç vaxt Azərbaycan əhalisi bura qayıtmayacaq. O məqsədlə buraları dağıdıblar. Amma səhv ediblər. Biz qayıtmı­şıq, durmuşuq burda, öz doğma torpaqlarımızda. Bütün buraları yenidən bərpa edəcəyik”. Və artıq proses başlayıb. Tezliklə erməni iş­ğalından azad edilmiş ərazilərimiz əvvəlki həyatına qayıdacaq, daha abad olacaq.

 

Qısa müddətdə yol, işıq, su və digər infrastrukturun qurul­ması, “Xarıbülbül” festivalından sonraVaqifpoeziya günlərinin keçirilməsi, Füzuli Beynəlxalq Hava Limanına sınaq uçuşu edilməsi ölkəmizin gücünün, siyasi iradəsinin, iqtisadi imkanlarımızın göstəricisidir. Cənab Prezidentin bu ərazilərə etdiyi səfərlər, təməlqoyma mərasimləri, azad olunmuş şəhərlərin baş planının hazırlanması, Birinci vitse-prezi­dent Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu tərəfindən ermənilər tərəfindən da­ğıdılmış tarixi-mədəni-dini irsimizin yenidən bərpa edilməsi – bütün bunlar hamımızı sevindirir. Dünya da görür ki, hansı ölkə dağıdıcıdır, hansı ölkə qurucu, bu torpaqların əsl sahibi kimdir...

 

Bu günlərdə cənab Prezident İlham Əliyevin Ağdam, Tərtər, Cəbrayıl, Xocəvənd, Laçın, Kəlbəcər, Zəngilan, Qubadlı rayonlarına səfərləri, ictimaiyyətlə keçirdiyi görüşlər fikirlərimizi bir daha təsdiq edir.

 

Türkiyə Respublikasının Prezidenti cənab Tayyib Ərdoğanın azad edilmiş ərazilərimizə səfəri, Prezident İlham Əliyevlə görüşləri, birgə açıqlama və bəyanatların verilməsi, habelə strateji layihə sayılan Füzuli Hava Limanının açılışı və Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd yolunun əsasının qoyulması regionda proseslərin yeni inkişaf xəttinin müəyyən edilməsində xüsusi əhəmiyyət da­şıyır. İyunun 15-də Şuşa şəhərində imzalanmış Şuşa Bəyannaməsi bu iki qardaşdost ölkə arasın­da strateji tərəfdaşlığın tükənməz perspektivlərini bir daha sübut etdi. Hər keçən gün biz bu müttəfiqliyin gücləndiyinin şahidi oluruq.

 

Tarix dəfələrlə sübut edib ki, bu ölkələr bir-birinin yanında olub və qardaşlıq dəstəyini əsirgəməyib. Vətən müharibəsinin ilk günündən Türkiyə Azərbaycana öz siyasi və mənəvi dəstəyini nümayiş etdirdi. Bu gün işğaldan azad edilmiş torpaqlarda gedən quru­culuq, bərpa işlərində də iki ölkə çiyin-çiyinə bir yerdə fəaliyyət göstərir. Cənab Rəcəb Tayyib Ərdoğanın dediyi kimi, belə bir qısa müddətdə Azərbaycanda işğaldan azad edilən bu bölgələri necə sürətlə inkişaf etdirmək hər igidin, siyasətçinin bacara biləcəyi deyil. Füzuli Beynəlxalq Hava Limanı, yollar, tunellər, digər sosial infrastruktur layihələri-- bun­lar hamısı xalqımızın iradəsini, dövlətimizin gücünü, iqtisadi po­tensialını bir daha nümayiş etdirir. Önəmli məsələ isə bu prosesin sürətlə, dinamik həyata keçirilməsi, eyni zamanda, davamlılığın və təhlükəsizliyin təmin edilməsidir. Ölkə başçısının iradəsi ilə 10 noyabr Bəyanatında Zəngəzur dəhlizinin açılması məsələsinin öz əksini tapması, təkcə Azərbaycan üçün deyil, həm də türk dünyası üçün müstəsna əhəmiyyət kəsb edir. Hətta bir çox beynəlxalq ekspertlər Vətən müharibəsinin və üçtərəfli Bəyanatın vacib uğurla­rından birinin də Zəngəzur dəhlizi olduğunu bildirirlər. Zəngəzurdan keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri regionun bütün ölkələrini birləşdirəcək.

 

Əfsuslar olsun ki, bizim tarixi Qələbəmizi həzm edə bilməyənlər də var. Bir sıra xarici dövlətlər, beynəlxalq təşkilatlar, erməniyə havadarlıq edən bəzi siyasətçilər, diplomatlar məsələnin hələ tam həll edilmədiyini bildirir, hər vəch ilə ölkəmizə qarşı əsassız iddialar irəli sürürlər. Onlar bölgədə sülhün, təhlükəsizliyin bərqərar olmasını istəmirlər. Məsələyə ikili standart­larla yanaşırlar. Qanunsuz olaraq Azərbaycanın ərazisinə gəlir, burada təxribatçı mövqe sərgiləyir, hansısa “status “məsələsini qaldı­rır, revanşist çağırışlar edirlər.

 

Dağlıq Qarabağ münaqişəsi başa çatdı, “Dağlıq Qarabağ” adlı inzibati ərazi mövcud deyil. Bu günlərdə cənab Prezident İlham Əliyev Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası­nın sessiyasında çıxış edərkən bütün ölkələrə müraciət etdi ki, “bundan sonra “Dağlıq Qa­rabağ” ifadəsi işlədilməsin, Azərbaycan ərazisində belə bir qurum yoxdur. Qarabağ zonası var, Şərqi Zəngəzur var”. Sual olunur ki, onlar bu 30 ildə niyə BMT qətnamələrinin həyata keçirilməsi ilə bağlı bu qədər aktivlik göstərmədilər? Daim insan hüquq və azadlıqlarının müdafiəsini, qorunmasını müdafiə edən bu təşkilatlar nə üçün azərbaycanlıların pozulmuş hüquq­larını görmək istəmir? Əlbəttə, bu­nun cavabı bizə yaxşı məlumdur. Ona görə də davamlı olaraq bütün platformalarda fəal olmalıyıq, öz haqlı mübarizəmizi aparmalıyıq, konfranslarda, seminarlarda əsl tarixi həqiqətləri deməliyik. Bu gün bütün dünya erməni vəhşiliyini, vandalizmini görməlidir. Bununla bağlı hər birimiz öz sahəmizdə maksimum fəaliyyət göstərməliyik.

 

Hazırda Azərbaycan tarixinin ən şərəfli günlərini yaşayır. Bu günlərin salnaməsi xalqımızın milli-mənəvi birliyi, ordumuzun igidliyi, rəşadəti, Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyəti, siyasi iradəsi ilə yazılır. 30 ilə yaxın düşmən tapdağı altında qalan bütün torpaqlarımız yeni dövrə qədəm qoyur, Qarabağ, Şərqi Zəngəzur öz tarixi, mədəniyyəti, musiqisi, qan yaddaşı ilə yenidən doğulur, dirçəlir.

 

Bir daha xalqımızı müqəddəs, şərəfli gün – Zəfər Günü münasibətilə təbrik edirəm, şəhidlərimizi dərin ehtiramla yad edir, onların ailələrinə səbir diləyirəm. Qazilərimizə Allahdan şəfa arzulayıram. Müharibə işti­rakçılarına, əsgər və zabitlərimizə uğurlar, can sağlığı, xalqımıza firavanlıq, xoşbəxtlik arzulayıram. Zəfər Günümüz mübarək olsun!

 

Hicran HÜSEYNOVA,

 

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor

 

Xalq qəzeti .- 2021.- 13 noyabr.- S.8.