Tariximizin parlaq səhifəsi

 

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın işğaldan azad edilmiş torpaqlarımıza hər səfəri tarixi hadisədir. Bu səfərlər dünyaya bir daha bəyan edir ki, Qarabağ Azərbaycandır! Dövlət başçımız və birinci xanımın Qarabağa səfərləri həm də əlamətdar hadisələrlə yadda qalır. Hər dəfə bir neçə müəssisənin, parkın, yaşayış məhəlləsinin və digər obyektlərin təməli qoyulur. Bütün bunlar doğma yurd-yuvalarına qayıdacaqları günü səbirsizliklə gözləyən soydaşlarımızda Böyük Qayıdışın lap yaxın vaxtlarda reallaşdırılacağına inamı daha da artırır. Artıq əksər rayonların baş planları ictimaiyyətə təqdim olunub və tikinti-bərpa işləri həmin planlar əsasında həyata keçirilir.

 

 

Dövlət başçımızın və birinci xanı­mın növbəti səfəri Şuşaya oldu. Bu da təsadüfi deyildi. Çünki mədəniyyətimizin paytaxtı elan edilən Şuşanın işğaldan azad edilməsinin bir ili tamam olurdu. Həmin faktın ildönümünün Şuşada, Cıdır düzündə təntənəli şəkildə qeyd edilməsinin ləzzəti ayrı idi. Bu, həm düşmənlərimizə, həm də onlara havadar­lıq edənlərə sarsıdıcı zərbə idi. Şuşadan ucaldılan və dünyaya yayılan musiqi sədaları, atəşfəşanlıq tarixi Qələbəmizin növbəti töhfəsi oldu. Əfsanəvi qəhrəmanlıq dastanına çevrilmiş İkinci Qarabağ müharibəsi Azərbaycanın dün­yadakı reytinqini daha da artırdı. Xüsusilə Şuşanın düşməndən azad edilməsi zamanı hərbçilərimizin göstərdikləri qəhrəmanlıq, hərbi taktikaları bu gün, hətta dünyanın inkişaf etmiş dövlətlərin müvafiq qurumları tərəfindən öyrənilir.

 

Söz yox ki, Azərbaycan Ordusu düşmən üzərindəki tarixi Qələbəyə qədər Ermənistan silahlı qüvvələrinə bir neçə dəfə layiqli “dərs” vermişdi. 2016-cı ilin Aprel döyüşlərində, 2018-ci il Naxçıva­nın Günnüt əməliyyatında və 2020-ci il Tovuz hadisələrində ağır zərbələr alan Ermənistan silahlı qüvvələri bunlardan ibrət götürmədi və yenidən təxribatlara əl ataraq ötən il sentyabrın 27-də genişmiq­yaslı hücuma keçdilər. Həmin gündən başlayaraq, erməni hərbçilərinə divan tutan şanlı ordumuz 44 gün ərzində dayanmadan irəli gedərək, noyabrın 8-də düşməni diz çökdürdü.

 

Bu Qələbə asanlıqla qazanılmadı. 30 ilə yaxın müddətdə Qarabağ həqiqətləri və torpaqlarımızın işğalı ilə bağlı erməni vəhşiliyi, barbarlığı barədə dünya ictimaiyyətinə müfəssəl məlumatlar çatdırıldı. Dövlət başçımız Şuşada hərbçilərlə görüşü zamanı da bu məqama diqqət yönəltdi. Dedi ki, Birinci Qarabağ müharibəsindən sonrakı ilk dövrdə biz buna nail ola bilməmişdik. Ona görə dünya ictimaiyyətində Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə təhrif edilmiş təsəvvür var idi: “Biz bunu aradan qaldırdıq. Gecə-gündüz çalışaraq, dünya ictimaiyyətini məlumatlandırdıq, aparıcı beynəlxalq təşkilatlarda uğurlu apararaq, bizə əl verən və həqiqəti əks etdirən qərar və qətnamələri qəbul etdirdik. Bütün bu işlər bugünkü reallıq üçün hüquqi bazadır. Çünki bu gün biz düşməni torpağımızdan qovandan sonra heç kim bizə irad tuta bilməz. Çünki biz öz torpağımızda uğurlu əməliyyat aparmışıq, biz beynəlxalq hü­ququ pozmamışıq, müharibə qanunlarını pozmamışıq. Ədalətli müharibə apar­mışıq və döyüş meydanında düşməni məğlub etmişik”.

 

Vətən müharibəsi Ali Baş Komandanın, Azərbaycan Ordusunun, xalqımızın zəfəri ilə başa çatdı. Haqq savaşımız Azərbaycan tarixinə qızıl hərflərlə əbədi yazıldı. Bu Qələbəni Ali Baş Komandanın qətiyyəti, si­yasi iradəsi, müzəffər ordumuzun şücaəti, qəhrəmanlığı, qorxmaz, cəsur əsgərlərimizin canı, müqəddəs, ölməz şəhidlərimizin qanı, iqtidar-xalq-ordu birliyi hesabına qazandıq.

 

Prezident İlham Əliyev və birinci xa­nım Mehriban Əliyeva hər dəfə işğaldan azad edilmiş torpaqlarımıza gedərkən, dövlət başçımız, ilk növbədə, Azərbaycan Bayrağını ucaltdı və bəyan etdi ki, bun­dan sonra bu torpaqda biz yaşayacağıq, necə ki, əsrlərboyu yaşamışıq, bizim xalqımız yaşayıb. Bundan sonra da hər birimizin borcu Azərbaycanın mövqeyini müdafiə etməkdir.

 

Qələbənin qazanılmasında əsas amillərdən biri də ölkə iqtisadiyyatının gücləndirilməsi idi. Çünki iqtisadi qüdrəti olmayan dövlət istəyinə qovuşa bilməz. Ötən müddət ərzində ordumuzun daha da gücləndirilməsi, ən müasir silahlarla təmin olunması, hərbçilərimizin həyat səviyyəsinin yüksəldilməsi istiqamətində qətiyyətli addımlar atıldı. Təbii ki, bütün bunlara nail olmasaydıq, düşmənə qalib gələ bilməzdik. Möhtərəm Prezidentimiz hərbçilərlə görüşü zamanı da bunları diqqətə çatdırdı. Dedi ki, ilk növbədə, iqtisadi müstəqillik təmin edilməli idi: “Çünki əgər biz asılı vəziyyətdə olsaydıq, hansısa başqa böyük dövlətlərdən asılı olsaydıq, heç vaxt bizə imkan verməzdilər ki, biz bu şərəfli missiyanı yerinə yetirək. Ona görə Prezident kimi ilk günlərdən iqtisadi müstəqilliyə hesablanmış bütün lazımi addımlar atıldı və qısa müddət ərzində biz buna nail olduq. Bu gün dünya miqyasında iqtisadi potensial baxımından və iqtisadi sabitlik baxımından Azərbaycan birinci sıralardadır. İqtisadi müstəqillik əldə edilməsəydi, siyasi müstəqillikdən söhbət gedə bilməzdi. Biz asılı vəziyyətdə ola bilərdik. Necə ki, bu gün bir çox ölkələr asılı vəziyyətdədir və məhz buna görə öz iradəsini ortaya qoya bilmirlər. Siyasi müstəqillik imkan verdi ki, biz bütün tərəfdaşlarla bərabərhüquqlu, qarşılıqlı hörmət, bir-birinin işinə qarışmamaq prinsipləri əsasında münasibətlər qura bildik. Beləliklə, torpaqlarımızın azad edilməsi üçün əsas şərtlərdən biri təmin edilmişdi”.

 

Bütün uğurlarımız bizi addım-addım Qələbəyə yaxınlaşdırırdı və bir il əvvəl bu xoşbəxtliyə nail olduq. Ermənistan işğal dövründə öz ordusu haqqında, guya, döyüşkən əsgərləri haqqında miflər uydurur, işğalçı ordusunun yenilməz olması barədə rəy formalaşdırırdı. Ancaq müharibənin ilk günlərindən bu “yenilməz” , “döyüşkən” ordu pərən-pərən oldu, silah-sursatını atıb qaçdı. Vəziyyətin getdikcə ağırlaşdığını hiss edən Ermənistanın siyasi və hərbi rəhbərliyi imdad dilədi, diz çökdü və Azərbaycanın şərtlərini qəbul edərək, noyabrın 9-dan 10-na keçən gecə bayraq qaldırdı və kapitulyasiya aktını imzaladı.

 

Bütün bunlar arxada qaldı. İndi Qarabağdan yayılan muğam səsləri dünyada əks-səda yaradıb. Noyabrın 8- də Şuşada keçirilən atəşfəşanlığın səsi hələ uzun müddət ermənilərin və onların havadarlarının qulaqlarında cingildəyəcək. Bundan əlavə Şuşada, Cıdır düzündə keçirilən müxtəlif tədbirlər “Qarabağ Azərbaycandır!” reallığının bariz nümunəsidir. Dünya ictimaiyyəti də bu reallığa şahidlik edir. Dövlətimizin başçısı bu həqiqəti Şuşada hərbçilərlə keçirdiyi görüşdə bir daha dilə gətirdi: “Hər il işğal dövründə düşmən bizim üçün müqəddəs olan Şuşada may ayında Şuşanın işğalını bayram edirdi. May ayında bu il bax, burada, Cıdır düzündə “Xarıbülbül” festivalı keçirildi, muğam səsləndi. Avqust ayında Vaqif Poeziya Günləri keçirildi, Vaqifin və digər dahi şairlərimizin şeirləri səsləndi. Artıq bu torpaqlarda, bu səmada bu torpaq üçün, bu səma üçün yad dildə nə mahnı eşidiləcək, nə başqa bir yersiz bəyanat səslənəcək. Bundan sonra bu diyara Azərbaycan dili hakim olacaq, necə ki, tarixdə belə olub”.

 

Artıq Şuşa məscidindən azan , Cıdır düzündən muğam səsləri, Vaqifin məqbərəsi önündən isə söylənilən şeirlərin sədası eşidilir. Möhtərəm Prezidentimizin qeyd etdiyi kimi, bax, budur reallıq. 30 ildən sonra Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin düşünülmüş siyasi kursu nəticəsində xalqımız bu reallığı qazandı. Dünyada baş alıb gedən ikili standartlara, islamofobiyaya, ədalətsizliyə, beynəlxalq təzyiqlərə, hədə-qorxulara baxmayaraq, xalqımız yumruq kimi birləşdi, qəhrəman ordumuzun arxasında dayandı. Biz bu tarixi, şərəfli missiyanı yerinə yetirdik və şanlı tariximizin parlaq səhifəsini yazdıq.

 

Çingiz QƏNİZADƏ,

 

Demokratiyaİnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru

 

Xalq qəzeti .- 2021.- 13 noyabr.- S.8.