Azərbaycanın Türk
Şurasına sədrliyi uğurla başa çatdı
Bizim xalqlarımızı
ortaq tarix, mədəniyyət,
müştərək dəyərlər birləşdirir.
Əsrlər boyu bizim
xalqlarımız bir-biri ilə sıx əlaqədə
olmuşdur, əməkdaşlıq etmişik, bir yerdə
yaşamışıq, bir-birimizə dayaq,
arxa olmuşuq. Bu gün isə müstəqil dövlətlər
kimi biz bütün məsələlərdə bir yerdəyik, bir yerdə
olmalıyıq. Hesab edirəm ki, Türkdilli Dövlətlərin
Əməkdaşlıq Şurasının başlıca vəzifəsi
xalqlar və ölkələr
arasındakı birliyi daha
da möhkəmləndirməkdir.
İlham ƏLİYEV
Azərbaycan
Respublikasının Prezidenti
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ) 2009-cu il oktyabrın 3-də Naxçıvanda keçirilən Zirvə görüşündə imzalanmış Naxçıvan Sazişinə əsasən yaradılmışdır. Qeyd edək ki, həmin görüşün Naxçıvanda keçirilməsi Azərbaycanın türk dünyası ölkələri arasındakı qarşılıqlı əlaqələrin inkişafına, hərtərəfli əməkdaşlığın təmin edilməsinə verdiyi töhfənin göstəricisidir. Ümumiyyətlə, şuranın əsas məqsədi türkdilli ölkələr, xalqlar arasında çoxtərəfli əməkdaşlıq əlaqələrini gücləndirməkdir.
Türk Şurasının fəaliyyət istiqamətləri regionda və dünyada sülhün bərpa edilməsini təmin etmək, türkdilli dövlətlərin xarici siyasət məsələlərində ortaq yanaşmanın yaradılması, beynəlxalq terrorizm, separatçılıq və cinayətkarlığa qarşı mübarizə aparmaq və sairdir. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası ortaq maraq kəsb edən bütün sahələrdə regional və ikitərəfli əlaqələrin gücləndirilməsi, iqtisadi tərəfdaşlığın genişlənməsi, elm, texnologiyalar, təhsil və digər sahələrdə qarşılıqlı bağların yaradılması məsələlərində türk coğrafiyasını birləşdirən hökumətlərarası təşkilatdır.
Şuranın öz öhdəliklərini yerinə yetirə bilməsi üçün yaradılan struktur bir neçə fərqli status üzrə formalaşdırılıb. Bunlar Dövlət Başçıları Şurası, Xarici İşlər Nazirləri Şurası, Yüksək Vəzifəli Şəxslər Komitəsi, Ağsaqqallar Şurası, Katiblik və Koordinasiya Komitəsidir. Qeyd edək ki, Dövlət Başçıları Şurasının iclası hansı ölkədə keçirilərsə növbəti zirvə görüşünə qədər həmin ölkə təşkilata sədrlik edir. Yeri gəlmişkən, 2019- cu ildə “Kiçik və orta sahibkarlığın dəstəklənməsi” mövzusuna həsr edilən VII Zirvə görüşü paytaxtımızda keçirilmiş, bununla da Azərbaycanın TDƏŞ-ə sədrlik dövrü başlamışdır.
Ümumən, Azərbaycan türkdilli dövlətlərin və xalqların əməkdaşlığı, qarşılıqlı əlaqələrinin gücləndirilməsi məsələlərində daim aparıcı missiya həyata keçirmişdir. Məlum olduğu kimi, ölkəmizin Türk Şurasına sədrliyi COVID-19 pandemiyasının dünya üzrə yayılması ilə eyni dövrə təsadüf etdi. Bu dövr dünya iqtisadiyyatının çökməyə başladığı, dövlətlərarası əlaqələrin zəiflədiyi, gediş-gəlişin kəsildiyi dövr kimi xarakterizə edilsə də, Azərbaycanın sədrliyi dövründə türkdilli dövlətlər arasında iqtisadi-siyasi əlaqələrin, dostluq və əməkdaşlıq bağlarının möhkəmlənməsi, habelə beynəlxalq arenada türk dünyasına olan rəğbətin artması istiqamətində xeyli iş görüldü.
TDƏŞ-in Zirvə görüşləri uzun illərdir ki, gözəl ənənəyə çevrilib. Əlbəttə, hər bir görüşün böyük tarixi əhəmiyyəti var. Belə ki, bu görüşlər türkdilli dövlətlər arasında olan birliyi gücləndirir və burada alınan qərarlar üzv dövlətlər arasında həm ikitərəfli, həm də çoxtərəfli formatda əlaqələrin daha yüksək səviyyəyə çatmasına səbəb olur.
Azərbaycanın bütün türkdilli dövlətlərlə çox gözəl, işgüzar, eyni zamanda, səmimi münasibətləri mövcuddur. Əlbəttə, bu münasibətlər tərəflər arasında yüksək qiymətləndirilir. Ölkələr arasında istər çoxtərəfli formatda, istərsə də müxtəlif təşkilatlar çərçivəsində uğurlu əməkdaşlıq daim yüksələn tempdə davam etdirilir. Təbii ki, beynəlxalq təşkilatlarda qarşılıqlı dəstək, bir-birini müdafiə həm ölkələr arasındakı bağları möhkəmləndirir, həm də bizi qlobal arenada daha güclü edir. Şuraya üzv dövlətlər BMT, ATƏT, İƏT və digər beynəlxalq təşkilatlarda daim bir-birinin maraqlarını müdafiə edirlər. Üzv dövlətlər arasında iqtisadi əlaqələrin inkişafı da bizim üçün ən önəmli sahələrdəndir. Prezident İlham Əliyev çıxışları zamanı dəfələrlə qeyd edib ki, türk dünyası dövlətləri iqtisadi məsələlərdə mövcud potensialdan lazımi səviyyədə istifadə etmir: “İkitərəfli əlaqələrdə ticarət dövriyyəsi artır, ancaq bu, real potensialımızı əks etdirmir. Mən hesab edirəm ki, növbəti illərdə biz qarşılıqlı investisiya layihələrinin icrasına daha çox diqqət yetirməliyik. O ölkələr ki, onlar investisiyaları xarici ölkələrə yatırırlar, əlbəttə, öz diqqətini ilk növbədə türkdilli dövlətlərə yönəltməlidirlər. Çünki bu, bizim birliyimizi daha da gücləndirəcək və eyni zamanda, iqtisadi səmərə də verəcəkdir”.
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası təsis olunandan bəri bu ölkələr arasında iqtisadi əlaqələr, qarşılıqlı münasibətlər əvvəlki dövrlərə nəzərən daha sürətlə və daha geniş formatda inkişaf etdirilir. Azərbaycanın şuraya sədrlik dövründə isə mövcud əməkdaşlıq sahələri ilə yanaşı səhiyyə, miqrasiya, kənd təsərrüfatı, energetika, media, prokurorluq, ədliyyə və humanitar sahələrdə yeni əməkdaşlıq strukturları formalaşıb.
Əvvəldə qeyd etdiyimiz kimi, Azərbaycanın Türk Şurasına sədrliyi qlobal pandemiya ilə eyni dövrə təsadüf etdiyindən, bu, təbii ki, bir çox istiqamətdə qurumun fəaliyyətinə əngəl yaratdı. Lakin pandemiyanın tüğyan etdiyi ilk dövrlərdən Azərbaycanda görülən tədbirlər, əvvəlcə ölkə səviyyəsində vəziyyətin nəzarətdə saxlanılmasına, daha sonra qlobal arenada təcrübələrimizin nümunə təşkil etməsinə gətirib çıxardı. Bununla da, Azərbaycan təkcə özü üçün deyil, eləcə də region dövlətləri üçün “pandemiya ilə necə mübarizə aparmaq lazımdır?” – sualını cavablandırdı. Bu mənada, 2020-ci il aprelin 10-da TDƏŞ-in Dövlət Başçıları Şurasının fövqəladə Zirvə görüşü mövcud şəraitlə əlaqəli olaraq videokonfrans formatında təşkil edildi.
“COVID-19 pandemiyası ilə mübarizədə həmrəylik və əməkdaşlıq” mövzusunda keçirilən fövqəladə zirvə görüşü zamanı Bakı Bəyannaməsi qəbul olundu. Bu bəyannamədə Dövlət Başçıları Şurası tərəfindən pandemiya ilə mübarizədə elmi, yenilikçi, texnoloji və tibbi potensialların birləşdirilməsi, səfərbər edilməsi təlimatlandırıldı.
Qeyd edək ki, həmin görüşdə dövlət başçıları tərəfindən səsləndirilən, qəbul edilən məsələlərin həlli ilə əlaqədar olaraq 2020-ci il mayın 6-da iqtisadiyyat nazirlərinin və gömrük orqanları rəhbərlərinin iştirak etdiyi fövqəladə iclası keçirilmişdir. Videokonfransı Türk Şurasının sədri olaraq Azərbaycanın İqtisadiyyat Naziri Mikayıl Cabbarov aparmışdır.
Ötən il sentyabrın 9-da Mikayıl Cabbarovla TDƏŞ-in Baş katibi Bağdad Amreyev arasında görüş keçirildi. Burada Türk Şurası çərçivəsində əməkdaşlığın hazırkı vəziyyəti və genişləndirilməsi imkanları, eləcə də “Turkic Vision – 2040” strateji konsepsiyasının hazırlanması və qarşılıqlı maraq doğuran digər məsələlər barədə müzakirələr aparıldı.
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası yaranandan bəri hər il quruma üzv dövlətlərin iqtisadiyyat üzrə işçi qruplarının iclasları və iqtisadiyyat nazirlərinin görüşləri keçirilir. Belə iclaslarda üzv dövlətlər arasında iqtisadi əlaqələrin gücləndirilməsi, eləcə də üzv dövlətlərin iqtisadi məsələlərdə üzləşdiyi problemlərin həlli yolları müzakirə edilir. Şuranın ictimai-siyasi işlərinə daim öz müsbət töhfəsini verən ölkə olaraq 2012 və 2016-cı il iclasları, məhz Azərbaycanda keçirilmişdir.
Son iclasdan bir neçə gün sonra– noyabrın 2-də “Azərbaycanın sosial və iqtisadi inkişafının yeni dövrü” mövzusunda Türk Ticarət və Sənaye Palatasının (TTPS) növbədənkənar iclası keçirilmişdi. Bu iclas İqtisadiyyat Nazirliyi və Azərbaycan Sahibkarlar Təşkilatının Milli Konfederasiyasının təşkilatçılığı ilə təşkil edilmişdi. Həmin tədbir çərçivəsində TDƏŞ adından erməni terrorundan əziyyət çəkən ailələrə humanitar yardım göndərildi.
Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycanın xarici siyasətində ən önəmli məsələlərdən biri də türk dövlətləri ilə iqtisadi əməkdaşlığı gücləndirməkdir. Dövlətimiz qonşu ölkələrə, eləcə də türkdilli dövlətlərə investisiyaları təmin edir. Eyni zamanda, həmin ölkələrdən də ölkəmizə investisiyalar qoyulur. Bu mənada Azərbaycan son illər ərzində Qazaxıstan və Türkmənistan üçün tranzit ölkəyə çevrilib. Belə ki, həmin ölkələrin dünya bazarına çıxarılan həm enerji daşıyıcıları, həm də digər yükləri respublikamızın ərazisindən keçir.
Əlbəttə, nəqliyyat-logistika sahəsində təhlükəsizliyin təmin edilməsi Türk Şurasına üzv ölkələr üçün xüsusi əhəmiyyət kəsb edir. Ölkəmizdə yaradılan müasir infrastruktur bu işə öz töhfələrini verir. Azərbaycan bu məsələ ilə bağlı üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirir. Ümid edirik ki, türkdilli dövlətlər arasındakı əlaqələr bundan sonra da inkişaf edəcək, dövlətlərimiz kəsişən iqtisadi-siyasi maraqlar çərçivəsində bir-birinə daha da bağlanacaqlar. Prezidentimizin dediyi kimi, “XXI əsr türk dünyası əsri olacaq”.
İmran ƏLİYEV
Xalq qəzeti
.- 2021.- 13 noyabr.- S.6.