Deputat: Konstitusiyamız ümummilli liderin
ideyalarından və ümumbəşəri dəyərlərdən
qaynaqlanır
Müstəqil Azərbaycanın ilk
Konstitusiyası 26 il bundan
əvvəl qəbul edilib. Ulu öndər Heydər Əliyevin rəhbərliyi
ilə hazırlanan və 1995-ci il
noyabrın 12-də ümumxalq səsverməsi
(referendum) yolu ilə
qəbul edilən Əsas Qanun müstəqil
Azərbaycanın ilk, ümumilikdə isə
ölkəmizin beşinci
Konstitusiyasıdır. Qeyd edim
ki, 1918-1920-ci illərdə cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq
Cümhuriyyəti dövlətin əsas qanununu
qəbul edə bilməmişdi. Buna
görə də Azərbaycan Respublikasının konstitusiya quruluşunun tarixi əsasən SSRİ-nin
tərkibində olduğu dövrə düşür. Başqa
sözlə, ölkəmizin ilk
Konstitusiyası 1921-ci il mayın 19-da qəbul
olunmuş Azərbaycan SSR-in
Konstitusiyası hesab olunur.
Azərbaycanın sayca ikinci Konstitusiyası 1927-ci ildə, üçüncüsü 1937-ci ildə, dördüncüsü isə1978-ci ildə qəbul edilib. Dördüncü Konstitusiyanın hazırlanması və qəbulu o zaman respublikaya rəhbərlik edən ulu öndərimiz Heydər Əliyevin iştirakı ilə həyata keçirilmişdi. Həmin sənəd milli maraqların qorunması baxımından əvvəlkilərdən xeyli fərqlənirdi. Belə ki, dahi şəxsiyyətin təkidi ilə 1978-ci il Konstitusiyasında Azərbaycan dilinin dövlət dili statusu öz ifadəsini tapmışdı. Əvvəlki konstitusiyalarda Dağlıq Qarabağ Muxtar Vilayətinə ayrıca fəsil həsr olunaraq, sənədin hüquqi statusu qabardılmışdı. Bu Konstitusiyada isə Dağlıq Qarabağ və onun orqanlarının hüquqi statusu “Yerli dövlət hakimiyyəti orqanları” fəslinə əlavə olunaraq, ona müstəsna əhəmiyyət verilməsinin qarşısı alınmışdı.
Bunu açıqlamasında Milli Məclisin deputatı, YAP-ın İdarə Heyətinin üzvü Rəşad Mahmudov söyləyib.
Deputat deyib: “Müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul olunması da ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycanın milli ideologiyasına, azərbaycançılıq məfkurəsinə əsaslanaraq, hazırlanan 1995-ci il 12 noyabr tarixli Konstitusiyası müstəqil dövlətçiliyimizin möhkəmlənməsində xüsusi yer tutur. Çünki bu Əsas Qanun Azərbaycanda müstəqil dövlət quruculuğu prosesinin tənzimlənməsini, demokratik inkişafın və sərbəst bazar iqtisadiyyatının təminatını, cəmiyyətdə siyasi, sosial-mədəni sahələrin əsas normalarını, qanunvericiliyin təkmilləşdirilməsini şərtləndirib”.
Rəşad Mahmudov qeyd edib ki, Azərbaycan tarixinin taleyüklü bir dövründə xalqın təkidi ilə ölkəyə rəhbərliyi öz üzərinə götürən ulu öndərin yaratdığı konstitusiya müstəqil respublikamızın bugünkü və gələcək inkişafının əsasını təşkil edir. Bununla bağlı dahi şəxsiyyət tərəfindən əsası qoyulan səmərəli dövlət siyasətini ardıcıl olaraq uğurla reallaşdıran Prezident İlham Əliyev çıxışlarının birində ulu öndərin müstəqil dövlət quruculuğu istiqamətindəki fəaliyyətini yüksək dəyərləndirərək, deyib: “1993-2003-cü illər ölkəmizdə sabitlik və inkişaf illəri kimi tarixdə qalacaq. Çünki məhz o illərdə dövlətçiliyin əsasları qoyuldu, Azərbaycan dövləti quruldu, 1995-ci ildə müstəqil dövlətin Konstitusiyası qəbul edildi, dövlətçiliyin ideoloji əsasları - azərbaycançılıq məfkurəsi formalaşdırıldı... Heydər Əliyev tərəfindən yaradılan bu əsaslar hazırda Azərbaycan xalqına yol göstərir”.
Ölkə rəhbərinin vurğuladığı kimi, Azərbaycan Konstitusiyasının dövlətçiliyin ideoloji əsaslarının uğurla formalaşdırmasında ən başlıca rolu, ilk növbədə, Əsas Qanunun mükəmməl hazırlanması ilə bağlıdır. Ulu öndər Heydər Əliyev bu fikirlə bağlı deyib: “Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən Əsas Qanun, tarixi sənəd olsun. Hakimiyyət bölgüsü – ali icra, qanunvericilik, məhkəmə hakimiyyəti - bunlar hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır”.
Ümummilli lider Konstitusiya layihəsinin hazırlanmasında bu prinsiplərə mühüm önəm verərək, Əsas Qanunla ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinə hüquqi baza yaratdı və onun inkişafına güclü təkan verdi, hakimiyyət bölgüsünün əsas prinsiplərini müəyyənləşdirdi. Eyni zamanda, insan və vətəndaş hüquqlarının, azadlıqlarının müdafiəsini qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları üzərinə ümdə vəzifə olaraq qoydu.
Ulu öndər Heydər Əliyev, həmçinin Əsas Qanunda dövlətimizin konstitusiya normalarına, xalqımızın tarixi keçmişinə, milli-mənəvi dəyərlərinə, mövcud adət-ənənələrə, ölkəmizin bu günü və gələcəyinə sıx bağlı olmasının əsaslarını yaratdı. Konstitusiyada dilindən, dinindən, irqi mənsubiyyətindən asılı olmayaraq Azərbaycanda yaşayan bütün vətəndaşların hüquq və azadlıqlarının geniş təsbit edilməsi öz ifadəsini tapdı.
Rəşad Mahmudov sonda qeyd edib ki, Azərbaycan Respublikasının Konstitusiyası qəbul edilərkən hüquqi dövlət quruculuğunun müasir meyllərinə istinad olundu, ölkəmizin hüquq sistemi üçün yeni bir təsisatın – konstitusiya ədalət mühakiməsi orqanının yaradılması nəzərdə tutuldu, bu təsisatın dövlət hakimiyyəti sistemində yeri və rolu dəqiq müəyyənləşdirildi.
Əsas Qanunda dövlətin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq, cəmiyyətin demokratikləşdirilməsinə və vətəndaş cəmiyyətinin bərqərar olmasına nail olmaq, qanunların aliliyini reallaşdıran hüquqi, dünyəvi dövlət qurmaq, bazar iqtisadiyyatına xas olan münasibətlərin formalaşmasını gerçəkləşdirmək kimi nailiyyətlər təsbit edildi.
Ümummilli lider
Heydər Əliyevin nurlu ideyalarından və
ümumbəşəri dəyərlərdən qaynaqlanan Azərbaycan Konstitusiyası milli dövlətimizin bundan
sonra da bərqərar
olduğu uzun illər
ərzində inkişaf və tərəqqisinin
təminatçısı rolunu böyük uğurla
gerçəkləşdirəcək.
Xalq qəzeti
.- 2021.- 13 noyabr.- S.5.