Tarixdə əbədiləşən qələbə
Prezident İlham Əliyevin rəhbərliyi ilə 2003-cü ildən ötən 17 il ərzində Qarabağ zəfərinə uzanan yolda Azərbaycan qarşıya qoyduğu müqəddəs vəzifəni gerçəkləşdirmək üçün siyasi, iqtisadi, sosial sahələrdə son dərəcə ciddi layihələr həyata keçirdi. Xalqımızın birliyi, milli vəhdəti getdikcə daha da möhkəmləndi, bərabərlik, doğmalıq ruhu gücləndi. Erməni faşizminin yaşatdığı ağrı-acılar, haqsızlıq, ədalətsizlik bütün dünyaya nümayiş etdirildi. Ən nüfuzlu, ən böyük dövlətlər Azərbaycanın mövqeyi ilə hesablaşdılar, ölkəmizin hansı mənfur qüvvə ilə üz-üzə qaldığı etiraf olundu.
Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu ordu quruculuğu yeni mərhələyə daxil oldu, Azərbaycan Ordusu dünyanın ən güclü silahlı qüvvələri sırasında qərarlaşdı. Bütün bunlar isə 44 günlük Vətən savaşında möhtəşəm qələbəmizi şərtləndirdi.
Bütün bunlar barədə Zəfər günü Şuşada hərbçilər qarşısında çıxış edərkən Ali Baş Komandan dedi: “2003-cü ildə ilk dəfə Prezident vəzifəsinə seçilən zaman Azərbaycan xalqına müraciət edərək demişdim ki, nəyin bahasına olursa-olsun, biz öz tarixi torpaqlarımızı düşmənin əlindən alacağıq”. Bəli, bu, dövlətimizin başçısının verdiyi vədə sadiqliyinin təsdiqi, nümayişi idi. Bu, Azərbaycan Prezidentinin sözlə əməl vəhdətinin parlaq nümunəsi idi. Bu, Ermənistanın işğalçı qoşunlarının ərazilərimizdən tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən Birləşmiş Millətlər Təşkilatının kağız üzərində qalan qətnamələrinin uğurla reallaşdırılmasının məntiqi nəticəsi idi. Nəhayət, bu, ərazi bütövlüyümüzün bərpa olunması, ədalətsizliyin, haqsızlığın aradan qaldırılması demək idi.
Prezident İlham Əliyev müdrik siyasəti ilə parlaq qələbəmizə doğru uzanan 17 illik bir yolda ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası kimi beynəlxalq təşkilatlar və bir çox digər nüfuzlu qurumlarla Azərbaycanın ədalətli mövqeyini dəstəkləmək üçün çox möhkəm beynəlxalq təməl yaratdı. Azərbaycan bu təmələ, həmçinin BMT-nin nizamnaməsinə əsaslanaraq, eyni zamanda, beynəlxalq hüquq çərçivəsində hərəkət edərək, əks-həmlə əməliyyatı ilə ötən il 44 günlük savaşla torpaqlarımızı düşməndən təmizlədi.
Azərbaycanın Vətən müharibəsindəki parlaq qələbəsinə ölkə Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyevin qətiyyətli addımları, xalq-iqtidar birliyi və Azərbaycan Ordusunun güc-qüdrəti və döyüş ruhu ilə nail olundu. Dövlətimizin başçısı müharibədən sonra çıxışlarının birində bu məqama toxunaraq dedi: “Hər kəs gücümüzü gördü. Hər kəs qüdrətimizi gördü, iradəmizi gördü. Bu dəmir yumruq onların belini qırdı, onların başını əzdi. Bu, birlik yumruğudur, bu, güc yumruğudur. Bundan sonra Azərbaycan yalnız inkişaf, tərəqqi yolu ilə gedəcək. Bundan sonra da biz ordu quruculuğu işində əməli addımlar atacağıq, ordumuzu daha da gücləndirəcəyik”.
Torpaqlarımızın işğal altında qaldığı 30 il ərzində Azərbaycanda ordu quruculuğu prioritet istiqamət kimi diqqətdə saxlanıldı. Silahlı qüvvələrimizin kompleks inkişafı və modernləşdirilməsi ilə bağlı düşünülmüş hərbi siyasət həyata keçirildi. Vətən müharibəsində bu, öz müsbət nəticəsini verdi. Ordumuz düşmənin uzun illər ərzində qurduğu, keçilməz hesab edilən müdafiə xətlərini qəhrəmanlıqla dağıtdı, Ermənistanın hava hücumundan müdafiə sistemlərini və hərbi hava qüvvələrinı sıradan çıxartdı. İşğalçı qüvvələrə ağır zərbələr endirdi, onların çoxlu sayda canlı qüvvəsini və hərbi texnikasını məhv etdi.
Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində bu barədə dedi: “Biz müharibə dövründə Ermənistan ordusunu demək olar ki, məhv etdik. Mən müharibə dövründə müntəzəm olaraq düşmənin hərbi texnikasının məhv edilməsi ilə bağlı Azərbaycan xalqına məlumat verirdim. Artıq müharibə başa çatıb və bölgədə yeni dövr başlayır. Amma istərdim ki, Azərbaycan xalqına məlumat verim. Biz müharibə dövründə Ermənistan ordusunu necə məhv etmişik və nəyə görə Ermənistan baş naziri o alçaldıcı kapitulyasiya aktına imzasını qoydu...”.
Yeri gəlmişkən, burada bir məqamı da vurğulamaq yerinə düşərdi. Azərbaycan Ordusu İkinci Qarabağ müharibəsinə qədər gücləndirilməklə bərabər, silahlı qüvvələrimizdə xidmət keçən əsgər və zabitlərimizdə Vətənə dərin sevgi hissi də formalaşdırılmışdı. Vətən müharibəsində bu, öz təsdiqini tapdı. Bunu hazırda erməni tərəfi də etiraf edir. Ermənistan Müdafiə Nazirliyinin keçmiş mətbuat katibi Artsrun Hovannisyan bildirib ki, savaş günlərində Azərbaycan əsgərləri bayrağı sinəsinə sıxıb, “ölmək istəyirik, bizə toxunmayın deyirdilər”. “Mübarizlər” səhifəsinin yaydığı görüntülərdə erməni jurnalisti Roman Baqdasaryan da Hovannisyanın səsləndirdiyi fikirləri yenidən dilə gətirərək bildiririb ki, Azərbaycan əsgərlərində ruh, torpaq eşqi var. Bəs ermənilərdə hansı ruh, hansı yurd məhəbbəti var? Yoxdur və bundan sonra da olmayacaq”.
Azərbaycan torpaqlarının uzunmüddətli işğalına son qoyan İkinci Qarabağ müharibəsindən artıq bir il arxada qalıb. Ordumuzun əldə etdiyi parlaq qələbə ilə regionda, eləcə də, respublikamızda yeni dönəm, yeni inkişaf mərhələsi başlanıb.
Prezident İlham Əliyev vaxtaşırı çıxışlarında, müsahibələrində müharibədən sonra bölgədə tamamilə fərqli bir mənzərə yarandığını diqqətə çatdıraraq, hazırda işğaldan azad olunan ərazilərin yenidən qurulması prosesinin sürətlə gerçəkləşdiyini vurğulayır. Bu məsələdə diqqət çəkən cəhət odur ki, dövlətimizin başçısı davamlı şəkildə işğaldan azad olunan rayonlara səfərlər edir, düşməndən təmizlənən ərazilərin bərpası və yenidən qurulması ilə bağlı layihələrin reallaşdırılmasını diqqət mərkəzində saxlayır, erməni barbarlığının qurbanı olan yaşayış sahələrində mühüm strateji obyektlərin, müəssisələrin təməlini qoyur, tikinti-quruculuq işlərinin gedişi ilə maraqlanır, bu istiqamətdə dəyərli tapşırıq və tövsiyələrini verir. Bütün bunlarla bərabər, Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulmasında yüksək texnologiyaların tətbiqinin zəruriliyini diqqətə çatdırır.
Qarabağda bərpa-quruculuq layihələrinin reallaşdırılması o qədər də asan məsələ deyil. Çünki 30 il işğal altında saxlanılan böyük bir ərazidə toxunulmamış, dağıdılmamış bir şəhər, bir qəsəbə, kənd belə saxlanılmayıb. Düşmən hər yeri xarabalığa çevirib, maddi-mədəni abidələrin izlərini silib, infrastrukturu yerlə bir edib. Ölkə rəhbəri bu barədə deyib: “Biz müzəffər xalq kimi özümüzü dünyada təsdiq etmişik. Ermənistan isə məğlub edilmiş ölkədir, bizim qarşımızda diz çökmüş ölkədir, başını, boynunu bükmüş ölkədir və həmişə belə olacaq. Onların törətdikləri vəhşilikləri görəndə adam dəhşətə gəlir. Bütün şəhərlərimiz dağıdılıb, məscidlər dağıdılıb. Məscidlərdə inək, donuz saxlayıblar, bütün müsəlman aləmini təhqir ediblər, qəbirləri dağıdıblar, qəbirləri şumlayıblar, dəfn edilmiş insanların qızıl dişlərini çıxarıblar. Bu, vəhşi deyil, nədir?”.
Qarabağ işğaldan azad ediləndən sonra bu torpaqlara səfər edən əcnəbi şəxslər tərəfindən isə erməni barbarlığı haqqında artıq bütün dünyada danışılır. Məsələn, Türkiyə Prezident Administrasiyasının İçtimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fahrettin Altun Ağdam Cümə məscidinə səfəri zamanı erməni vandalizminin nəticələri barədə yazır: “Buradakı zülmü, əziyyəti və barbarlığı gördük. Bu, bənzəri olmayan bir vəhşilikdir. Bunlara rəğmən, dünyanın, beynəlxalq təşkilatların necə ikiüzlü bir mövqe sərgilədiyini də gördük. Baxın, dünyanın mədəniyyət abidələrini qorumaq məsuliyyəti daşıyan ölkələrdən heç bir səs çıxmayıb. Ona görə də buradakı mədəniyyət abidələri məhv edilib. Bu abidələr, əslində, türklüyün və İslamın izlərini tamamən itirmək üçün ortadan qaldırılıb. Amma bunu bacarmadılar və bacara bilməyəcəklər. Çünki bu torpaqlar türklərin torpaqları, İslamın torpaqlarıdır”.
Fransalı hüquqşünas Eliz Arfi isə Ağdama səfəri zamanı bildirib ki, bizim bu rayona gəlməyimizdə əsas məqsəd Avropa mətbuatında yazılanlardan başqa, buradakı vəziyyəti öz gözümüzlə görməkdir. Ağdamı bu halda görmək həqiqətən çox çətindir. Bu ərazilərdə dağıntının miqyası ürək ağrıdır, işğalçının hüquq pozuntularına yol verdiyi açıq-aşkar nəzərə çarpır, adamı dəhşətə gətirir... Şəhər təmamilə dağıdılaraq, demək olar ki, xəritədən silinib.
Düşməndən təmizlənən Ağdam rayonuna səfər zamanı jurnalistlərə açıqlamasında BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Angel Moratinos deyib: “İşğaldan azad olunmuş Azərbaycan ərazilərindəki vəziyyəti gəlib gözümüzlə gördük. Ermənilər tərəfindən bu yerlərdə olan məscidlərin, teatr və otel binalarının dağıdılması bizi çox kədərləndirdi və hər birimizdə çox ağır təəssüratlar yaratdı... Biz gələcəyi düşünürük və ümid edirik ki, Azərbaycanın gözəl və zəngin tarixi abidələri olan bu ərazilər bərpa olunacaq, bu yerlərə həyat qayıdacaq. Əminəm ki, UNESCO-dakı təcrübəli ekspertlər qrupu burada yerləşən gözəl memarlıq nümunəsi olan tarixi məscidin yenidən bərpası istiqamətində əllərindən gələni əsirgəməyəcək”.
Bu gün Qarabağda bərpa-quruculuq işləri sürətlə həyata keçirilir, enerji, kommunal xidmət obyektlərinin, nəqliyyat infrastrukturlarının inşası sürətlə davam etdirilir. Bu istiqamətdə ilk layihələr Füzulidən başlayıb. Qarabağın dünyaya açılan hava qapısı kimi dəyərləndirilən Füzuli Beynəlxalq Hava Limanının təməli məhz cari ilin yanvarında qoyulub. Artıq beynəlxalq statusa malik aeroport fəaliyyətə başlayıb. Prezident İlham Əliyev hava limanında yaradılan şəraitlə tanışlıq zamanı bir daha bildirib ki, burada görülən bütün işlər beynəlxalq norma və standartlara uyğun şəkildə həyata keçirilib.
Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonunun yaradılması ilə Azərbaycan iqtisadiyyatı artıq bir neçə dəfədən çox böyüyüb, iqtisadiyyatın regional və sektorial strukturu dəyişib, habelə Qarabağın iqtisadi dövriyyəyə qayıtması və regional kommunikasiyaların, o cümlədən, Zəngəzur dəhlizinin açılması perspektivi yeni reallıqlar üzə çıxarıb, Qarabağ bölgəsinin sürətli inkişafına əlverişli zəmin yaranıb.
Vaqif BAYRAMOV
Xalq qəzeti
.- 2021.- 20 noyabr.- S.1;3.