Regionda ən güclü demokratik siyasi təşkilat

 

Yeni Azərbaycan Partiyası ölkə tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, 1992-ci il noyabrın 21-də ziyalıların təşəbbüsü və fəal iştirakı ilə yaranmışdır. Mərd oğul və qızlarımızın qanı bahasına qazanılmış müstəqilliyimizin məhv olmasına dözə bilməyən, Azərbaycanın taleyini düşünən insanlar çıxış yolunu ölkəni böhrandan çıxara biləcək yeni bir partiyanın və xalqı arxasınca apara biləcək liderin bu partiyaya rəhbərlik etməsində gördülər. Xalq bu məqsədlə dövlət idarəçiliyində zəngin təcrübəsi olan sınanmış liderin – Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdi. Bu məqsədlə Azərbaycanın görkəmli ziyalıları, tanınmış insanları və nüfuzlu şəxsiyyətlərinin imzaladıqları müraciətdə ulu öndər Heydər Əliyevdən yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etmək xahiş olunurdu.

 

Yeni Azərbaycan Partiyasının formalaşmasında xidmətləri olmuş ziyalılarla söhbətimiz bu barədə oldu.

 

Əhliman ƏMİRASLANOV, Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik:

 

– Təsis olunduğu gündən demokratik prinsiplər və ideyala­ra sadiq qalan Yeni Azərbaycan Partiyası Azərbaycan Respublika­sının Konstitusiyası və qanunve­riciliyi çərçivəsində, nizamnaməsi və proqramı əsasında fəaliyyət göstərən, öz sıralarında respub­likamızda hüquqi dövlət, sabit və sosialyönümlü iqtisadiyyat, vətəndaş cəmiyyəti qurmaq ideyalarını qəbul edən şəxsləri birləşdirən siyasi partiyadır. Son 28 ildə ölkəmizdə keçirilən pre­zident, parlament və bələdiyyə seçkilərində böyük üstünlüklə qalib gələn YAP bununla xalqın inam və etimadını qazandığını bir daha təsdiqlədi. Bu, həm də partiya­mızın yaradıcısı və sədri olan ulu öndər Heydər Əliyevə və onun ən layiqli davamçısı Prezident İlham Əliyevə olan inamın nəticəsidir.

 

Azərbaycanda fəaliyyət göstərən 50-dən çox siyasi par­tiya arasında YAP kimi nüfuzlu, seçkilərdə böyük üstünlüklə qalib gələn ikinci partiya yoxdur. İkinci Qarabağ müharibəsi başlanan­da yaşından asılı olmayaraq, əhalinin axın-axın ön cəbhəyə getmək üçün Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlər Xidmətinin rayon şöbələrinə müraciət etməsi möhtərəm Prezidentimizə, Ali Baş Komandan İlham Əliyevə olan inam və etimadın bariz nümunəsi idi.

 

YAP-ın təşəbbüsləri ölkəmizin gələcək siyasi sistemi , strategi­yasının təkmilləşməsi üçün böyük əhəmiyyətə malikdir. Mövqeyindən asılı olmayaraq, siyasi partiyalar­la əməkdaşlığa daim açıq olan YAP partiyalararası siyasi dialoqu stimullaşdırdı. Siyasi dialoqun inkişafı dövlət siyasətinin prioritet fəaliyyət istiqamətlərindən biri­dir. Siyasi partiyaların fəaliyyəti, demokratiyanın inkişafı, iqtisadi azadlıqların bərqərar olması, ölkəmizin daha da gücləndirilməsi qarşımızda duran vacib məsələlərdəndir.

 

Partiyamızın beynəlxalq əlaqələri getdikcə möhkəmlənir. Bu əməkdaşlıq digər siyasi par­tiyaların beynəlxalq təşkilatlarda təmsilçiliyinə əsl nümunədir. YAP-ın beynəlxalq əlaqələrində dost və qardaş Türkiyənin, MDB üzvü olan ölkələrin, Avropa və Asi­yanın bir sıra aparıcı siyasi partiya­ları və qurumları ilə münasibətlər prioritet istiqamət kimi götürülüb. Yeni Azərbaycan Partiyası Türkiyə, Rusiya, Ukrayna, Gürcüstan, Qa­zaxıstan, Kanada, Hindistan, Çin, Cənubi Koreya, Pakistan, Tacikis­tan və digər ölkələrin aparıcı siyasi partiyaları ilə uzun müddətdən bəri sıx və qarşılıqlı münasibətlərə malikdir. Koronavirus pandemiyası dünyanı ağuşuna almayana qədər bu ölkələrin siyasi partiyaları ilə intensiv görüşlər keçirilir, fikir və təcrübə mübadilələri aparılırdı. Qürurverici haldır ki, partiyamız 51 ölkənin təmsil olunduğu siyasi partiyaların “Asiya Siyasi Partiya­ları Beynəlxalq Konfransı” (İCAPP) Daimi Komitəsinin üzvüdür. YAP bu kimi nüfuzlu beynəlxalq qurum­da təmsil olunmaqla, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində mühüm tribuna əldə edib.

 

Xüsusilə, Almaniyanın, Fransa­nın, İtaliyanın, İspaniyanın və digər ölkələrin hakimiyyətdə olan sağ partiyalarını özündə birləşdirən və Avropa Parlamentində çoxluğa sa­hib olan Avropa Xalqları Partiyası (EPP) ilə münasibətlər də YAP-ın beynəlxalq aləmdəki nüfuzundan xəbər verir.

 

Prezident, Ali Baş Komandan, YAP sədri İlham Əliyevin rəhbərliyi ilə qəhrəman ordu­muzun Ermənistan üzərindəki tarixi Qələbəsindən sonra ölkəmizin dünya birliyindəki nüfuzu daha da artmış və möv­qeyi möhkəmlənmişdir. Dövlət başçımızın Qələbəni yaxınlaşdır­mış effektiv diplomatik fəaliyyəti xüsusi qeyd edilməlidir. Möhtərəm Prezidentimizin münaqişənin həlli üçün zəmin yaradan beynəlxalq fəaliyyəti yüksək alqışa layiqdir. Azərbaycan münaqişə boyun­ca bütün aparıcı beynəlxalq təşkilatlarla əməkdaşlıq edib və problemin həlli üçün hüquqi bazanı hazırlayıb. BMT Baş Assamb­leyası, Qoşulmama Hərəkatı, Avropa Şurası, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, digər təşkilatlar Ermənistan ordu­sunun işğal etdiyi Azərbaycan ərazilərindən qeyd-şərtsiş çıxması üçün qətnamələr qəbul edib. Avro­pa İttifaqı ilə paraflanmış sənəddə sərhədlərimizin toxunulmazlığına, suverenliyimizə və ölkəmizin ərazi bütövlüyünə dəstək öz əksini tapır.

 

Azərbaycan 44 gün ərzində BMT Təhlükəsizlik Şirasının qətnamələrini icra etdi və ərazi bütövlüyümüz təmin olundu. Bu uğurlar da təsdiqlədi ki, Yeni Azərbaycan Partiyası dünənin, bugünün və sabahın partiyasıdır.

 

Kamilə ƏLİYEVA, Milli Məclisin deputatı, BDU-nun kafedra müdiri, professor:

 

– Ötən əsrin 80-ci illərinin sonlarından başlayaraq, respub­likamızda ictimai- siyasi vəziyyət getdikcə ağırlaşırdı. Ermənistandan zorla öz yurd-yuvalarından qovulan azərbaycanlılar respublikamızın bütün rayonlarına köçməyə məcbur oldular. Bu, o zaman idi ki, Xankəndidə erməni millətçi və separatçıların fəallaşması və Qa­rabağın Azərbaycandan ayrılması tələbləri səslənirdi. Ermənilər bu bölgədə azərbaycanlıları qətlə yetirirdilər. O zaman Azərbaycanda hakimiyyətdə olan şəxslər bu hadisələri sadəcə seyr etməklə kifayətləndilər. Ölkə əhalisi çıxılmaz vəziyyətə düşmüşdü. Belə ağır günlərdə Azərbaycan ziyalıları bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə Azərbaycan xalqının lideri və müdrik oğlu Heydər Əliyevin ətrafında birləşdilər. Azərbaycanın 91 nəfərdən ibarət görkəmli ziya­lısı, nüfuzlu şəxsi Heydər Əliyevə müraciət göndərdi. Müraciətdə Heydər Əliyevdən yeni yaradılacaq partiyaya sədrlik etmək xahiş olu­nurdu. Bu müraciət həm də xalqın istək və arzusunu ifadə edirdi.

 

1992-ci il noyabrın 21-də Azərbaycanın bütün regionla­rından seçilmiş 550 nəfərdən ibarət təşəbbüs qrupu Naxçıvana gedərək partiyanın təsis konfransı­nı keçirməyə nail oldu. Təsis konf­ransında Yeni Azərbaycan Partiya­sının yaradılması haqqında qərar qəbul edildi və Heydər Əliyev yekdilliklə partiyanın sədri seçildi. Beləliklə, bu gün də regionda ən böyük və güclü bir siyasi partiya olan YAP-ın təməli qoyuldu.

 

Ulu öndər Heydər Əliyev tərəfindən yaradılmış YAP-ın əsas prinsipi və vəzifəsi dövlət müstəqilliyinin qorunması və möhkəmləndirilməsi, demokratik, hüquqi dövlət qurulması, eləcə də, vətəndaşların dinc və firavan həyat sürməsini təmin etməkdir. Parti­yanın proqramında irəli sürülmüş əsas vəzifələr dövlət müstəqilliyinin möhkəmləndirilməsi, demokratik, hüquqi, dünyəvi dövlətin qurulma­sı, vətəndaşların dinc və firavan həyatının təmin edilməsidir. Partiya məfkurəsinin əsasını təşkil edən müstəqil dövlətçilik, qanunçuluq, azərbaycançılıq, yaradıcı təkamül, vətəndaş həmrəyliyi və sosial ədalət prinsipləri YAP-ın qarşı­sında duran vəzifələrin həyata keçirilməsinin ideya təminatı olaraq mahiyyətcə Azərbaycanın siyasi gələcəyinin də ideya bazası­nı şərtləndirir.

 

Prezident İlham Əliyev YAP sədri seçildikdən sonra parti­yaya gənclərin axını başlandı. Bu, dövlətimizin başçısına olan etimadın nəticəsidir. İkinci Qara­bağ müharibəsi zamanı xalqın sıx vəhdəti, siyasi həmrəylik və milli birlik də bunu təsdiq etdi. Siyasi əqidəsindən və mövqeyindən asılı olmayaraq, hamı möhtərəm Prezidentimizin ətrafında bir yumruq kimi birləşdi. Nəticədə, 44 gün ərzində düşmən diz çökdü və kapitulyasiya aktını imzalamağa məcbur edildi.

 

YAP, həmçinin təşəbbüskar bir partiya kimi, Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü hər şeydən üstün tutan digər siyasi partiyalarla əməkdaşlıq etməyə hazırdır.

 

Məlahət İBRAHİMQIZI, Milli Məclisin deputatı:

 

– Yeni Azərbaycan Partiyası ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Partiya ümummilli liderin ətrafında yaradılmış, onun siyasi təcrübəsi, müdrikliyi, xalq qarşısındakı xidmətləri, Naxçıvan­da çalışdığı dövrdə göstərdiyi əsl vətənpərvərlik və öz xalqına olan sadiqlik Azərbaycanın mütərəqqi insanlarını onun ətrafında birləşdirdi.

 

Partiyanın yaranması, ümummilli lider, Heydər Əliyevin sədr seçilməsi respublikanın o zamankı gərgin, təhlükəli ictimai-siyasi vəziyyətindən və getdikcə daha da ağırlaşmasından irəli gələn zəruri tarixi hadisə idi. O zamankı hakimiyyət dairələrinin onun yaranmasına göstərdikləri əngəllər, əsassız təzyiqlər bu yola qədəm qoyan insanların əzmini və iradəsini qıra bilmədi.

 

YAP-ın proqram və nizamnaməsinə uyğun olaraq təşkilatın strateji xətti təsbit edilmiş, Azərbaycanın dövlət müstəqilliyinin qorunması və möhkəmləndirilməsi, onun mü­asir beynəlxalq sistemdə layiqli yer tutması, ölkəmizdə hüquqi dövlət quruculuğu istiqamətində əsas məqsəd və vəzifələr müəyyənləşdirildi.

 

1993-cü il oktyabrın 3-də YAP sədri Heydər Əliyevin Prezident seçilməsi partiyanın həyatında yeni dövrün başlanğıcı oldu. Par­tiyanın statusu yeni şəraitə uyğun olaraq dəyişmiş, ölkənin siyasi həyatında onun tutduğu mövqe möhkəmlənmiş, kütləvi siyasi qüvvəyə çevrilərək, ictimai həyatın bütün sahələrində tərəqqiyə nail olmaq məqsədilə yüksək fəallıq nümayiş etdirmişdir.

 

Ulu öndər ölkədə ciddi islahat­lara başladı, qeyri-qanuni hərbi birləşmələr ləğv edildi, nizam-in­tizam yaradıldı və Azərbaycanın beynəlxalq aləmə inteqrasiyası istiqamətində qətiyyətli addımlar atıldı. Bu müddət ərzində Yeni Azərbaycan Partiyası daha da formalaşdı, sırası genişləndi.

 

Bu gün Yeni Azərbaycan Partiyası xalqı öz ətrafında birləşdirərək ümumxalq partiyası­na çevrilib, ölkədə demokratiyanın inkişafında aparıcı qüvvə kimi özünü təsdiqləyib. YAP-ın amalı xalqa, Vətənə, dövlətə sədaqətlə xidmət etməkdən ibarətdir. Partiyamız xalqın mənafelərinə xidmət, ölkəmizin qarşısında duran məsələləri həll etmək üçün zamanın tələblərinə uyğun olaraq zərurətdən yaranmış bir siyasi təşkilatdır. Qısa müddət ərzində Yeni Azərbaycan Partiyası xalqın böyük əksəriyyətinin etimadını qazandı və avanqard siyasi qüvvəyə çevrildi. Bu isə dünənin, bu günün, gələcəyin partiyasının təməlində yalnız xalqın sevgisinin, etimadının dayandığını bir daha sübut edir.

 

Azər SÜLEYMANOV, YAP Nəsimi rayon təşkilatının sədri:

 

– YAP-ın məramı qüdrətli Azərbaycan, siyasi sabitlik, milli həmrəylik, yüksək rifahdır. Ötən əsrin sonlarında Azərbaycanda mövcud olan mürəkkəb ictimai-siyasi hadisələr, dövlətçilik təcrübəsindən xəbərsiz olanların respublikamıza rəhbərliyi müharibə şəraitində yaşayan ölkəmizi uçuruma aparırdı. İnsanlar təlaş içərisində idilər. Azərbaycana rəhbərlik edən, siyasi biliyi, dövlətçilik təcrübəsi olmayan AXC-Müsavat iqtidarının bacarıq­sızlığı ölkəni vətəndaş müharbəsi həddinə çatdırmışdı. Sabaha ümidi olmayan insanlar təlaş içərisində yaşayırdılar. Azərbaycanda ya­ranan gərginlik mürəkkəb olduğu qədər də təhlükəli idi. Xalqla iqtidar arasında böyük qarşıdurma yaranmışdı. Belə çətin dövrdə Yeni Azərbaycan Partiyasının yaradıl­ması tarixi hadisə idi.

 

“Bu, doğrudan da, tarixi bir hadisə, müasir Azərbaycan dövlətçiliyi tarixində dönüş nöqtəsi idi. O vaxt 91 vətənpərvər insan bu tarixi missiyanı öz üzərinə götürüb Heydər Əliyevə müraciət göndərmişdi. Onların bu əməyi Azərbaycan tarixində öz layiqli yerini tutmuşdur və partiyamızın yaradılması ölkəmizdə gedən xoşagəlməz proseslərin gələcəkdə qarşısının alınmasında xüsusi rol oynamışdır” – deyən Prezident, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin vurğuladığı kimi, iq­tisadi böhranla üzləşən, ölkəmizdə zərurətdən yaranmış bu partiya qısa müddətdə Azərbaycanın müstəqilliyinin təminatçısı kimi də özünü doğrultdu.

 

Azərbaycanın müstəqilliyinin əbədiliyi naminə xalqa güvənən ulu öndər Heydər Əliyevin iş­tirakı ilə hazırlanan partiyanın nizamnamə və proqramında müstəqilliyin əbədiliyi, gələcək inkişaf konsepsiyası başlıca məqsəd və amal kimi əksini tapdı. Bu gün qüdrətli Azərbaycanın qazandığı nailiyyətlərlə öyünən hər bir vətəndaşın yüksələn rifahının əsasında ulu öndərin ideyaları da­yanır. Müxalifət partiyası kimi yara­nan YAP-ın qısa müddətdə iqtidara gəlməsi təşkilata, onun yaradıcısı olan ümummilli liderə ümümxalq məhəbbətinin təsdiqi idi.

 

Azərbaycanın bu gün qazan­dığı uğurların əsasını ulu öndərin siyasətini qətiyyətlə davam etdirən Prezident, YAP sədri İlham Əliyevin liderlik cəsarəti, xalq-iqtidar birliyi təşkil edir. Ən əsası odur ki, bu siyasi təşkilat öz taleyinə cavabdeh, güclü ideyaya malik sağlam düşüncəli Azərbaycan vətəndaşı yetirir. Xalqın mənafeyi, dövlətçiliyin möhkəmləndirilməsi, müstəqilliyin əbədiliyi naminə qüvvələri eyni məqsəd naminə birləşdirən YAP-ın aparıcı qüvvəsi xalq, ideoloji dayaqları müstəqillik, azərbaycançılıq, müasirlik, inkişaf, sosial rifah, siyasi və iqtisadi islahatlar, demokratik inkişafdır. Partiyanın siyasi xəttinin əsasını təşkil edən müstəqilliyin qorun­ması, sabitliyin təminatı, qanun­vericiliyin, dövlət idarəçiliyinin təkmilləşdirilməsi naminə aparılan islahatlar inamla davam etdirilir.

 

29 illik yubileyini Ermənistan üzərində qazandığımız möhtəşəm Zəfərlə qarşılayan YAP ölkəmizin ən böyük siyasi təşkilatı olduğu­nu sıralarının artması, üzvlərinin qətiyyəti, siyasi hazırlığı ilə təsdiqləyir. Bütün siyasi kampa­niyalarda ölkə vətəndaşlarının etimadını qazanan partiyamız avanqard siyasi qüvvə kimi öndərliyini davam etdirəcək, xalqla birliyini məqsədyönlü fəaliyyəti və inamlı addımları ilə bildirəcək.

 

Hazırladı: Əliqismət BƏDƏLOV

 

Xalq qəzeti 2021.-20 noyabr.- S.10.