Ədliyyə işçilərinin peşə bayramında Zəfər ovqatı

 

Bu il Azərbaycanda ədliyyə orqanlarının yaranmasının 103 ili tamam olur. Bir əsrdən artıq çətin və şərəfli yol keçmiş Azərbaycan ədliyyəsinin əməkdaşları builki peşə bayramlarını böyük coşquqürur hissi ilə qeyd edirlər. Çünki ədliyyə işçilərinin builki peşə bayramı hər bir Azərbaycan vətəndaşı üçün çox mühüm və əlamətdar hadisənin – az qala 30 ildən bəri erməni tapdağı altında qalan torpaqlarımızın işğaldan azad olunmasının, yağı düşmən üzərində qazandığımız tarixi Zəfərin birinci ildönümünün təntənə ilə qeyd olunduğu dövrə təsadüf edir.

 

Ermənistan silahlı qüvvələri 2020- ci il sentyabrın 27-də bütün cəbhə boyu genişmiqyaslı təxribat törədərək Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif artilleriya qurğularından intensiv atəşə tutdular. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bütün cəbhə boyu əks-hücuma keçən Azərbaycan Ordusunun şücaəti nəticəsində cəmi 44 gün ərzində Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd ra­yonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murov­dağ istiqamətlərində bir neçə strateji yüksəklik, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəklikləri və daha 5 adsız yüksəklik azad olundu.

 

2020-ci il noyabrın 8-də isə müharibənin gedişində həlledici gün oldu. Həmin gün müzəffər ordumuzun strateji əhəmiyyətə malik, Qarabağın tacı olan Şuşanı azad etməsindən sonra düşmən bayraq qaldıra­raq təslim oldu. Beləliklə, əvvəllər təqvimdə adi günlərdən biri olan 8 Noyabr ordumuzun erməni işğalçı­ları üzərində əldə etdikləri möhtəşəm qələbədən sonra Azərbaycan xalqı üçün ən əlamətdar tarixlərdən birinə çevrildi, Zəfər Günü kimi tariximizə qızıl hərflərlə yazıldı.

 

Müzəffər ordumuzun Vətən müharibəsində möhtəşəm qələbəsinə ölkəmizin ədliyyə işçiləri də öz töhfələrini vermişlər. Müharibənin ilk günlərindən Ədliyyə Nazirliyinin bir sıra əməkdaşları, məhkəmə apa­ratı işçiləri və onların ailə üzvləri, habelə ədliyyə könüllüləri yüksək vətənpərvərlik hissi ilə cəbhəyə yollanaraq döyüşlərdə iştirak ediblər. Nazirlik aparatının bir əməkdaşı, həmçinin 4 ədliyyə işçisinin ailə üzvləri hərbi əməliyyatlarda mərdlik və rəşadət göstərərək şəhid olublar.

 

Bundan başqa, ədliyyə işçiləri or­dumuzla həmrəylik nümayiş etdirərək hərbçilərimizə, yaralananlara və şəhid ailələrinə öz dəstəyini əsirgəməyib, Silahlı Qüvvələrə Yardım Fonduna və “YAŞAT” Fonduna əmək haqlarından könüllü vəsaitlər köçürüblər. Eyni zamanda, nazirliyin tibb xidmətinin həkimləri müharibə dövründə yarala­nanlara zəruri tibbi yardım göstərib, ədliyyə və məhkəmə orqanlarında qanvermə aksiyaları keçirilib, nazirli­yin əməkdaşları döyüşlərdə yaralana­raq hərbi hospitallarda müalicə alan hərbçilərimizə mütəmadi baş çəkib və sovqatlar təqdim ediblər.

 

Eyni zamanda, Vətən müharibəsi dövründə Ədliyyə Nazirliyi tərəfindən düşmənin işğalçılıq faktları və müharibə cinayətləri ilə bağlı xarici ölkələrin ədliyyə nazirliklərinə və nüfuzlu beynəlxalq təşkilatlara 400-ə yaxın müraciət ünvanlanıb. Dünya ictimaiyyətinin düzgündolğun məlumatlandırılması məqsədi daşı­yan müraciətlər reaksiyasız qalmayıb. Bəzi dövlətlər münasibət bildirərək bölgəyə humanitar yardım məqsədilə dəstək göstərilməsini, beynəlxalq hü­quq çərçivəsində öhdəliklərə hörmət edilməsinə, bütün qanun pozuntuları­nın araşdırılacağına ümidvar olduqla­rını bildiriblər.

 

Nazirliyin saytında yaradılan və daim yenilənərək interaktiv fəaliyyət göstərən, minlərlə istifadəçinin yarar­landığı “Qarabağ Azərbaycandır!” üç dilli elektron məlumat platforması isə ölkəmizin ədalətli mövqeyinin təbliği və geniş yayılmasında əhəmiyyətli rol oynamış və oynamaqdadır.

 

Azərbaycan ədliyyəsinin şanlı tarixi 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin elan olunduğu gündə Ədliyyə Na­zirliyinin təsis edilməsi ilə başlayıb. Həmin gün təcrübəli dövlət xadimi Xəlil bəy Xasməmmədov ilk ədliyyə naziri təyin olunub. Həmin il noyabrın 22-də nazirliyin Əsasnaməsi təsdiq edilib, funksiya və səlahiyyətləri müəyyən edilib. Bununla da müstəqil Azərbaycan dövlətinin ədliyyəsinin əsası qoyulub.

 

Həmin dövrə nəzər salanda şahidi oluruq ki, Ədliyyə Nazirliyi o vaxtlar şəraitin çətinliyinə, imkanların və kadrların məhdudluğuna baxma­yaraq, ölkənin ədliyyə sisteminin formalaşdırılması və inkişafı naminə xeyli görüb. İlk növbədə, ədliyyə, məhkəmə və istintaq strukturları bərpa edilib, respublikada qayda-qa­nunun bərqərar olması, yeni hüquq sisteminin təşkili ilə bağlı əhəmiyyətli qərarlar qəbul olunub, hüquqşünas kadrların hazırlanması və əhalinin hü­quqi maarifləndirilməsi istiqamətində mühüm addımlar atılıb.

 

Fəaliyyəti unudulmaz hadisələrlə yadda qalan Ədliyyə Nazirliyinin fəaliyyətində çətin və mürəkkəb dövrlər də olub. 1920-ci ildə ölkə işğal edildikdən sonra milli dövlətçiliyin əsas sütunlarından olan Ədliyyə Nazirliyi ləğv edilərək əvəzində Xalq Ədliyyə Komissarlığı yaradılıb və səlahiyyətləri xeyli məhdudlaşdırılıb. Sonra iki dəfə ləğv olunaraq yenidən təsis edilib, funksiyaları ayrı-ayrı vaxt­larda prokurorluq, məhkəmə orqanla­rına verilib. Ədliyyə sisteminin stabil funksiyastruktura malik olmaması onun inkişafına ciddi əngəllər törədib.

 

Ədliyyə Nazirliyinin yenidən və əsaslı surətdə təsis edilməsi, ədliyyə işinin təkmilləşdirilməsi isə 1970-ci ilə – ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövrünə təsadüf edir. Belə ki, 1970-ci il oktyabrın 27-də Azərbaycan SSR Ali Sovetinin qərarı ilə Ədliyyə Na­zirliyi yenidən təsis edilibbununla da respublikanın ədliyyə tarixində yeni mərhələ başlayıb. Həmin dövrdən etibarən Ədliyyə Nazirliyi sabit fəaliyyət göstərərək, məhkəmə orqanlarına təşkilati rəhbərliyi həyata keçirib, əhaliyə hüquqi yardımı yaxşılaşdırıb, notariat fəaliyyətinin və məhkəmə ekspertizalarının aparılma­sını təmin edib, ümumiyyətlə, onun gələcək inkişafı üçün əlverişli şərait yaradılıb.

 

Müstəqillik illərində Ədliyyə Nazirliyində və bütövlükdə, ölkəmizin məhkəmə-hüquq sistemində əsaslı islahatlar aparılıb. Bu mühüm sahədə fəaliyyətin təkmilləşdirilməsi, ədliyyə orqanlarının inkişafı, ədalət mühakiməsinin səmərəliliyinin artırılması, müstəqil məhkəmə hakimiyyətinin möhkəmləndirilməsi, innovasiyaların tətbiqinin genişləndirilməsi üzrə genişmiqyaslı tədbirlər həyata keçirilib.

 

Ümummilli lider Heydər Əliyevin 2000-ci il 11 noyabr tarixli sərəncamı ilə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən Ədliyyə Nazirliyinin Əsasnaməsinin təsdiq edildiyi gün – noyabrın 22-si Ədliyyə işçilərinin peşə bayramı kimi təsdiq olunub. Bu sərəncam Azərbaycan ədliyyə sisteminin inkişafına göstərilən xüsusi diqqət və qayğının təzahürü olmaqla, bu sahədə tarixi varisliyi də təsbit edib.

 

Ötən dövrdə ədalətli məhkəmə hüququnun ayrılmaz tərkib hissəsi olan məhkəmə qərarlarının icrası işi də yenidən qurulub. İlk növbədə, icra xidmətinin fəaliyyəti və struk­turu təkmilləşdirilib, Konstitusiyada məhkəmə qərarlarının icra olun­mamasına görə məsuliyyət təsbit olunub. Qanunvericilik əsaslı şəkildə yenilənərək təsirli icra mexanizmləri yaradılıb, icra məmurlarının səlahiyyətləri genişləndirilib, məhkəmə və digər orqanların qərarlarının icra edilməməsinə görə inzibati və cinayət məsuliyyəti sanksi­yaları sərtləşdirilib.

 

Çoxşaxəli ədliyyə fəaliyyətinin tənzimlənməsi üçün 2006-cı ildə “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanun qəbul olunub, “Ədliyyə orqanlarının inkişafı haqqın­da” fərman imzalanıb. Bununla da Ədliyyə Nazirliyinə hüquq-mühafizə orqanı statusu verilib, yeni vəzifələr həvalə edilməklə onun strukturu təkmilləşdirilib.

 

Azərbaycan ədliyyəsinin mü­asir tarixində baş vermiş mühüm hadisələrdən biri də respublikamızda ilk dəfə olaraq Ədliyyə Nazirliyinin regional şöbələrinin yaradılması­dır. 2006-cı ildə ölkə Prezidentinin ədliyyə orqanlarının inkişafı haqqında fərmanına uyğun olaraq, yaradılmış şöbələr bölgələrdə ədliyyə orqanları­nın işini əlaqələndirir, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirironlara metodiki kömək göstərir, qanunvericiliklə müəyyən edilmiş cinayətlər üzrə ibtidai istintaq aparır, qeydiyyatnotariat işinin, məhkəmə qərarlarının icrasının təşkilində iştirak edir.

 

Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan hərtərəfli uğurlu islahatlar respublikamızın beynəlxalq hüquqi inteqrasiya prosesini də sürətləndirib. Ədliyyə Nazirliyi tərəfindən hüqu­qi sahədə əməkdaşlığın daha da genişləndirilməsi məsələsi daim diqqət mərkəzində saxlanılır.

 

Dövlət başçısı tərəfindən son illər ərzində ədliyyə sisteminin müasirləşdirilməsi və müstəqil məhkəmə hakimiyyətinin daha da gücləndirilməsi üzrə çox mü­hüm həm nəzəri, həm də praktiki əhəmiyyət daşıyan əhatəli qərarlar verilib. Azərbaycan ədliyyəsinin inkişafını təmin edən ardıcıl tədbirlər həyata keçirilərək səlahiyyətləri genişləndirilib, istintaq aparatı, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət institutu, icra xidməti ya­radılıb, nazirliyin cəmiyyətdə rolu əhəmiyyətli dərəcədə artıb.

 

Ölkə başçısının məhkəmə sis­teminin müasirləşdirilməsi ilə bağlı tapşırıqlarına əsasən, məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində mühüm işlər görülüb, vətəndaşların hüquq və azadlıqları­nın daha etibarlı qorunması, onların məhkəməyə müraciət imkanları­nın asanlaşdırılması məqsədilə regionlarda yeni apelyasiyaiqtisad məhkəmələri yaradılıb. Bunun davamı olaraq, dövlət baş­çısının fərmanları ilə ölkədə yeni məhkəmələr, o cümlədən ağır cinayətlər, inzibati-iqtisadi, hərbi məhkəmələr fəaliyyətə başlayıb.

 

Dövlət başçısının 2018-ci il 18 dekabr tarixli sərəncamı ilə ədliyyə sahəsində islahatların davamlı­lığın təmin olunması məqsədilə “Azərbaycan Ədliyyəsinin inkişafına dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”nın qəbul olunması ədliyyə və məhkəmə sahəsində islahatla­rın gələcək inkişaf perspektivlərini müəyyən edib. Dövlət başçısının “Məhkəmə-hüquq sistemində isla­hatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli fərmanı isə ədliyyə və məhkəmə sistemi üçün mühümyol xəritəsi” olmaqla bu sahədə islahatların yeni mərhələdə davamına rəvac verib.

 

Hazırda işğaldan azad olunan doğma Qarabağımızda ermənilər tərəfindən dağıdılmış şəhər və kəndlərimizin bərpa olunması, bir milyondan çox keçmiş məcburi köçkünlərimizin öz dədə-baba yurdla­rına qayıtması üçün həmin ərazilərin yenidən həyata qaytarılması ilə bağlı genişmiqyaslı quruculuq işləri aparılır.

 

Qarabağ və Şərqi Zəngəzurda qısa müddətdə yol-nəqliyyat, ener­ji, sosial infrastrukturların yenidən qurulması, Ermənistan tərəfindən işğal dövründə tamamilə dağıdılmış tarixi, dini və mədəni abidələrimizin bərpası, “ağıllı şəhər” və “ağıllı kənd” layihələrinin tətbiqi dövlətimizin qüdrətinin və möhkəm iqtisadi potensiala malik olmasının əyani göstəricisidir.

 

Həmin ərazilərdə ədliyyə və məhkəmə fəaliyyətinin təşkili məsələləri də qarşıda duran başlıca vəzifələrdəndir. Bununla əlaqədar dövlət başçısının işğaldan azad olunmuş ərazilərdə müvəqqəti xüsusi idarəetmənin təşkilinə dair tapşırıqlarına uyğun olaraq, Ədliyyə Nazirliyi üzrə 01.11.2020-ci il tarixli əmrlə kompleks tədbirlər müəyyən olunub, o cümlədən ədliyyə nazirinin rəhbərliyi ilə qərargah yaradılıb, zəruri təşkilati işlər görülüb.İşğaldan azad edilən ərazilərdə ədliyyə və məhkəmə fəaliyyətinin təşkili və ədliyyə or­qanlarının işinin əlaqələndirilməsi məqsədilə Qarabağ Regional Ədliyyə İdarəsi yaradılıb. Bundan başqa, işğaldan azad olunan rayonlarımızda gələcəkdə aidiyyəti üzrə yeni regional apelyasiya və ixtisaslaşmış – kom­mersiya, inzibati, ağır cinayətlər, hərbi məhkəmələrin yaradılması nəzərdə tutulur.

 

Müzəffər ordumuzun Vətən müharibəsində qazandığı möhtəşəm Qələbə sayəsində bu gün biz öz gücü hesabına torpaqlarını işğaldan azad edən, günü-gündən inkişaf edərək regionun lider dövlətinə çevrilən bir ölkənin vətəndaşlarıyıq. Buna görə də ədliyyə sisteminin yaranmasının 103-cü ildönümü xalqımız, dövlətimiz, eləcə də dünya azərbaycanlıları üçün çox əlamətdar, müstəqilliyimiz tarixində əbədi olacaq bir gününün – Qələbə Gününün xoş təsirindən ayılmadığımız vaxta təsadüf edir.Öz işini Azərbaycanın dinamik inkişafı ilə uyğunlaşdıran ədliyyə orqanları dövlətimizin və xalqımızın maraqları­nın hər zaman keşiyindədir.

 

Ədliyyə işçiləri tezliklə yenidən qu­rulacaq Qarabağda da vətəndaşlara xidmət göstərəcəkləri günü böyük səbirsizliklə gözləyirlər. Bir vaxtlar, bu, sadəcə, bir arzu idisə, artıq müzəffər Ordumuzun sayəsində reallığa çevrilib. Qarabağda, Şuşada bu gün doğma Azərbaycanımızın üçrəngli bayrağı dalğalanır. Cənab Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin dediyi kimi, Qarabağ Azərbaycandır!

 

Ceyhun TAĞIYEV,

 

Nəsimi Rayon Məhkəməsinin hakimi

 

Xalq qəzeti .- 2021.-20 noyabr.- S.13.