Vətən, xalq üçün yaşanan
mənalı ömür
Qarakənd faciəsindən
30 il keçir.
Düz 30 il əvvəl, yenicə müstəqillik qazandığımız vaxt respublikamızda mövcud vəziyyət bugünkü qüdrətli Azərbaycan Respublikasının qazandığı uğurlardan, şanlı zəfərlərdən çox-çox uzaq idi. Erməni separatçılarının məkrli torpaq iddiaları, ictimai-siyasi sferada baş verən hərc-mərclik, ərazi bütövlümüzə olan təhdidlər ölkənin mürəkkəb ictimai-siyasi durumunu daha da gərginləşdirirdi. Respublikamızın bu taleyüklü məqamında Azərbaycanın siyasi elitasında təmsil olunan yüksək vəzifəli şəxslərin vertolyot qəzasında həlak olması dövlətçiliyimizə ağır zərbə vurdu.
20 noyabr 1991-ci il
...Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi yenidən tarix səhnəsinə qədəm qoyduğumuz ilk dövrlərdə taleyimizə şanlı olaylarla yanaşı, faciəli səhifələr də yazıldı. Erməni separatçılarının milli zəmində törətdikləri münaqişələr getdikcə qızışırdı. Düşmənin məkrli niyyətinin qarşısını almaq məqsədi ilə xalqımızın bir qrup yüksək çinli vətənpərvər oğlu Dağlıq Qarabağa uçmaq üçün əvvəlcə Ağdama yollandılar...
1991-ci il noyabrın 20-də uçuş üçün “Mi-8” tipli 69 və 72 nömrəli vertolyotlar nəzərdə tutulmuşdu. Paytaxtdan gələn nümayəndələr Ağdamda “Mİ-8” N69 vertolyotuna minməli, N72 isə birincini havada müşayiət etməli idi. Amma məlum olmayan səbəblər üzündən ikinci vertolyot müşayiət olunmadan, yəni təhlükəsizliyi təmin edilmədən birincinin yerinə havaya qalxdı. Yüksək rütbəli dövlət xadimlərinin içində olduğu vertolyot saat 14.42 radələrində Qarakənd yaxınlığında (Xocavənd rayonu) erməni hərbi birləşmələri tərəfindən vuruldu.
O vaxtkı respublika rəhbərliyi, həmişə olduğu kimi, yenə də xalqı aldatdı, faciənin əsl mahiyyətini gizlətdi. “Əlverişsiz hava şəraitində vertolyotun dağa dəyərək qəzaya uğraması” kimi yalan dezinformasiya yayaraq qəzada həlak olanların xatirəsini unutdurmağa çalışdı... Lakin sonradan aparılan istintaq vertolyotun gövdəsində raket zərbəsinə uyğun deşiklər aşkarladı, vertolyotun ermənilər tərəfindən vurulduğu təsdiqləndi.
Vertolyot qəzasında həlak olan 22 nəfərin arasında müstəqil Azərbaycan dövlətinin daxili işlər naziri, dövlət müşaviri Məhəmməd Əsədov, respublikasının baş prokuroru İsmət Qayıbov, dövlət katibi Tofiq İsmayılov, millət vəkilləri Vaqif Cəfərov və Vəli Məmmədov, Baş nazirin müavini Zülfü Hacıyev, Prezident Aparatının şöbə müdiri Osman Mirzəyev, tanınmış jurnalist Alı Mustafayev də var idi. Vətənə ləyaqətlə xidmət edən Azərbaycanın bu parlaq simaları şəhidlik zirvəsinə ucalaraq öz ömürlərini tarixin yaddaşında əbədiləşdirdilər.
Ömür salnaməsi
1991-ci ilin noyabrında Qarakənd yaxınlığında erməni terrorunun qurbanı olan görkəmli şəxsiyyətlərdən biri də müstəqil Azərbaycan Respublikasının ilk daxili işlər naziri, dövlət müşaviri, general-mayor Məhəmməd Nəbi oğlu Əsədov idi. Bu unudulmaz dövlət xadiminin yenilməz obrazına, şəxsiyyət ucalığına ayna tutmaq üçün onun keçdiyi zəngin ömür yolunu vərəqləyək:
Məhəmməd Nəbi oğlu Əsədov 1941-ci il dekabrın 5-də Azərbaycanın dilbər guşələrindən olan Zəngilan rayonunun Baharlı kəndində anadan olub. 1960-cı ildə Bakı Statistika Texnikumunu, 1970-ci ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu maliyyə və kredit ixtisası üzrə bitirib. 1968–1978-ci illərdə Sumqayıt Şəhər Partiya Komitəsində təlimatçı, sənaye və təşkilat şöbələrinin müdiri vəzifəsində çalışıb. 1978-ci ildə Ağsu Rayon İcraiyyə Komitəsinə sədr təyin olunub. 1980–1982-ci illərdə SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin F.Dzerjinski adına Ali Məktəbində təhsil aldıqdan sonra Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsinə məsul vəzifəyə təyin olunub. Qısa müddət ərzində özünü peşəkar zabit kimi tanıdıb, həmçinin Bakı Ali Partiya Məktəbini fərqlənmə diplomi ilə bitirib. 1983-cü ildə Jdanov (indiki Beyləqan) Rayon Partiya Komitəsinə birinci katib təyin olunan M.Əsədovun rəhbərliyi ilə rayonda bütün sahələrdə geniş quruculuq işləri həyata keçirilib. İşgüzar fəaliyyəti, zəngin potensialı, təşkilatçılıq bacarığı yüksək dəyərləndirilən M.Əsədov 1986-cı ildə Azərbaycan KP MK-nın İnzibati orqanlar şöbəsinə müdir təyin olunub.
O, Mərkəzi Komitədə strateji əhəmiyyət kəsb edən sahələrə rəhbərlik etdiyi vaxt Qarabağda separatçı qüvvələr fəallaşır, mənfur qonşularımızın torpaq iddiaları milli zəmində münaqişələrə səbəb olurdu. Mərkəzi Komitədə bu kimi taleyüklü məsələlərə biganə yanaşılsa da, Məhəmməd müəllim ermənilərin məkrli iddialarına qarşı ilk vaxtlardan barışmaz, prinsipial və qətiyyətli mövqe tutdu. Hadisələrin təhlükəli vəziyyət aldığını dərk edən M.Əsədov nankor ermənilərin törətdikləri təcavüzün qarşısını almaq məqsədi ilə tez-tez Qarabağa gedir, vəziyyətin nəzarətdən çıxmaması üçün əlindən gələni edir, ermənilərin özbaşınalıqlarına şərait yaradanlara qarşı kəskin ittihamlar irəli sürürdü.
Qəlbində Vətən sevgisi gəzdirən M.Əsədov 1988–1989-cu illərdə Ağdaş Rayon Partiya Komitəsinin, 1989–1990-cı illərdə Quba Rayon Partiya Komitəsinin birinci katibi işləyəndə də milli ruhu, ziyalı mövqeyi ilə fərqlənmiş, xalqın rifah halının yaxşılaşdırılması, rayonun sosial-iqtisadi inkişafı üçün var qüvvəsi ilə çalışmışdır.
Yenilməz vətənpərvərlik ruhu
Harada işləməsindən asılı olmayaraq üzərinə düşən vəzifəni ləyaqətlə yerinə yetirməsi, ona göstərilən etimadı yüksək səviyyədə doğrultması yuxarılarda da müsbət dəyərləndirilmiş və Məhəmməd Əsədov 1990-cı ilin may ayında Azərbaycan Respublikasının daxili işlər naziri vəzifəsinə təyin edilmişdir.
Lakin o, kabinetdə oturub göstəriş verən yüksək çinli məmurlardan deyildi. Respublikada gərgin ictimai-siyasi vəziyyət, Qarabağ problemi onu narahat edən başlıca məsələlər olduğundan yenə də Qarabağı, sərhəd rayonlarını qarış-qarış gəzir, erməni təcavüzünün qarşısını almaq üçün SSRİ Daxili İşlər Nazirliyinə müraciət ünvanlayaraq silah-sursat tələb edirdi. Qısa müddət ərzində Xüsusi Təyinatlı Milis Dəstəsi yaradan Məhəmməd Əsədov nazirliyin əsas qüvvələrini Xocalı hava limanında səfərbər edərək ermənilərin gediş-gəlişinə nəzarəti gücləndirdi, dağ rayonlarında yerli şəraitə uyğun atlı milis bölmələri yaratdı. Milli ordunun mövcud olmadığı bir vaxtda bu qüvvələr suverenliyimizin qorunmasında, torpaqlarımızın müdafiəsində mühüm xidmətlər göstərdi... Nümunəvi xidmətlərinə görə, 1990-cı il noyabr ayının 5-də ona daxili xidmət general-mayoru rütbəsi verildi.
SSRİ-nin süqutu yaxınlaşdıqca dünyanın müxtəlif yerlərində xüsusi təlim keçmiş erməni yaraqlıları qeyri-qanuni yollarla Dağlıq Qarabağa gələrək təxribatlar törədirdilər. Terror qrupları Xanlar rayonunun (indiki Göygöl) Çaykənd kəndində də möhkəm mövqe tutmuşdular. Belə çətin məqamda daxili işlər naziri xalqın mənafeyi naminə son dərəcə qətiyyətli və mühüm qərar qəbul etdi. Erməni separatçılarının pozuculuq fəaliyyətinin qarşısını almaq üçün general M.Əsədovun rəhbərliyi ilə 1991-ci ilin aprel-may aylarında keçirilən Çaykənd (“Halqa”) əməliyyatı Azərbaycanın müasir hərb tarixinə şanlı səhifələrdən biri kimi həkk olundu. Azərbaycanın güc strukturları, Xüsusi Təyinatlı Milis Dəstəsinin qüvvələri Çaykənddə möhkəmlənən erməni yaraqlılarını tərk-silah edərək zərərsizləşdirmiş, terror qruplarından çoxlu sayda odlu silah, döyüş sursatı, partlayıcı maddə müsadirə edilmişdi. Çaykənddə ermənilərin hərbi bazasının məhv edilməsi bölgədə separatçıların mövqeyini zəiflətdi...
Böyük uğurla həyata keçirilən “Halqa” əməliyyatı general M.Əsədovu qətiyyən arxayın salmır, daxili işlər nazirinin sorağı yenə də respublikanın qaynar nöqtələrindən gəlirdi. O, Azərbaycanın Ermənistanla həmsərhəd bölgələrində əhalinin təhlükəsizliyini təmin etmək üçün 150-dən çox yaşayış məntəqəsində milis işçilərinin sayını artırdı, Dağlıq Qarabağ Muxtar Vilayətinin azərbaycanlılar yaşayan kəndlərində yeni milis bölmələri yaratdı. Respublikanın hüquq-mühafizə orqanlarının pasport rejimini yoxlamaq, qanunsuz silahlı dəstələri tərk-silah etmək məqsədi ilə keçirdiyi əməliyyatlar xalqın inamını özünə qaytarır, qələbələrə ruhlandırırdı. Xalq arasında nüfuzu gündən-günə artan daxili işlər nazirinin separatçı dəstələrə qarşı radikal fəaliyyəti ermənilərin Moskvadakı havadarlarını da narahat edirdi.
O hara gedirdisə yanınca mühafizəçi aparmazdı...
Vertolyot qəzasından bir neçə gün əvvəl Məhəmməd
Əsədov Ermənistanın
daxili işlər naziri ilə görüşə də
tək getmişdi.
Qazax rayonunda maşından enən erməni nazir M.Əsədovu mühafizəçisiz görəndə
heyrətdən karıxıb
qaldı. O, görüşə
böyük mühafizə
dəstəsi ilə gəlmişdi. Qarşısında
qürurla durmuş azərbaycanlı generalın
isə yanında təkcə köməkçiləri
dayanmışdı... Həmin görüşdə
M.Əsədov erməni
naziri təkcə məğrurluğu ilə
deyil, həm də öz dəlil-sübutları, qanuni
işləri ilə heyrətləndirdi.
Bundan bir neçə gün sonra Qarakənd faciəsi baş verdi...
20 noyabr anım günüdür
Hər il noyabrın 20-də
xalqımız Qarakənd
faciəsinin qurbanlarını,
o cümlədən, general Məhəmməd Əsədovun
xatirəsini yüksək
ehtiram, dərin minnətdarlıq hissi ilə yad edir,
onların müqəddəs
ruhu qarşısında
baş əyərək
Uca Yaradandan onlara qəni-qəni rəhmət diləyir!
Həmişə böyük kədər hissi ilə qeyd etdiyimiz anım gününə, ötən dövrlərdən fərqli olaraq, bu il bir qədər pozitiv əhval-ruhiyyə də qarışıb. İndi şəhid generalımızın ruhu şaddır. Onun uzun illər məşğul olduğu Qarabağ problemi xalqımızın böyük zəfəri ilə tarixə qovuşub. Prezidentimiz, yenilməz sərkərdəmiz, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsindəki parlaq qələbəmiz nəticəsində torpaqımız işğaldan azad edilib, Azərbaycanın ərazi bütövlüyü bərpa olunub.
Xalq öz qəhrəmanlarını heç vaxt unutmur. Vətən yolunda müstəsna xidmətləri olan Məhəmməd Əsədovun işıqlı xatirəsi şərəf və qeyrət simvolu kimi qəlblərdə yaşayır, Bakı, Sumqayıt, Zəngilan, Beyləqan, Ağsu, Ağdaş və Qubada bir neçə təhsil ocağı, gəmi, küçə, xiyaban, idarə və müəssisə şəhid generalın adını daşıyır. Onun həyat fəaliyyətini gənc nəslə çatdırmaq məqsədi ilə çoxlu məqalələr, kitablar dərc olunub, sənədli filmlər çəkilib... General Məhəmməd Əsədov yalnız bir amala xidmət edirdi: onun ali missiyası dövlətçiliyimizə, xalqa ləyaqətlə xidmət etmək idi. Tarixin yaddaşında da elə bu cür – bütün mənalı ömrünü xalqın xoşbəxtliyinə həsr edən böyük vətənpərvər insan, unudulmaz dövlət xadim kimi qalıb.
Sadiq ZAMAN,
yazıçı-publisist
Xalq qəzeti
2021.- 20 noyabr.- S.14.