Şərəfli zabit
ömrü yaşadı...
2020-ci ildə qırx dörd gün davam edən şanlı Vətən müharibəsində yağı düşmənlə ağır döyüşlərdə əsl qeyrət və hünər göstərən xalqımızın qəhrəman oğullardan biri də Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı Ruslan Tağıyev olmuşdur. Döyüş dostları onu olduqca bacarıqlı, cəsur, və qorxmaz bir zabit kimi tanıyır, ona güvənirdilər.
Ruslanın qəlbində hələ uşaqlıqdan namərd düşmənə qarşı sonsuz nifrət hissi vardı. Ürəyi intiqam hissi ilə alışıb yanırdı. Buna görə də çətin və şərəfli hərbçi peşəsini seçmişdi. Ötən il sentyarın 27-də cəbhədə döyüşlər başlananda, döyüşçü dostları ilə bərabər and içdi: “Ya qələbə, ya ölüm! Biz mütləq zəfər çalacağıq!”
Otuz səkkiz illik ömrünün 21 ilini Vətənə xidmətə həsr edən, peşəkar kəşfiyyatçı Ruslan Tağıyev 1982-ci il iyun ayının 12-də İsmayıllı rayonunun Qubaxəlilli kəndində anadan olub. O, 1988-ci ildə İsmayıllı rayonunun 1 saylı orta məktəbinə daxil olub. 1989-cu ildə İsmayıllı rayonunun 3 saylı orta məktəbində təhsilini davam etdirib, 1999-cu ildə həmin məktəbi bitirib. 1999-cu ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olmuş və 2003-cü ildə həmin məktəbi “Qoşun kəşfiyyatı” ixtisası üzrə bitirib.
Zabit Ruslan Tağıyev 2003-2004-cü illərdə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində dinləyici, ardınca müvafiq olaraq Naxçıvan Muxtar Respublikasında “N” saylı hərbi hissədə taqım komandiri, kəşfiyyat bölüyünün komandiri, kəşfiyyat bölmə rəisinin köməkçisi və kəşfiyyat bölməsinin rəisi vəzifələrində xidmət edib.
O, hərb sənətini sevirdi və bu sahəni dərindən öyrənmək niyyətindəydi. Buna görə də 2012-2014-cü illərdə Silahlı Qüvvələrin Hərbi Akademiyasında təhsilini davam etdirdi. 2014-cü ilin iyul ayından 2017-ci ilin fevral ayına qədər Şəmkir korpusunda “N” saylı hərbi hissənin kəşfiyyat rəisinin kəşfiyyatın planlaşdırılması üzrə baş köməkçisi vəzifəsində xidmət etdi.
Ruslan Tağıyev 2017-ci ilin 20 fevral taixindən Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Baş Kəşfiyyat idarəsinin baş zabiti vəzifəsinə təyinat alıb. Polkovnikleytenant Ruslan Fuad oğlu Tağıyev 2019-cu ildə hərbi biliklərini artırmaq məqsədilə ikili razılaşma əsasında Çinin Pekin şəhərində təhsilini davam etdirib və “Çin Xalq Qurtuluş Ordusunun Milli Müdafiə Akademiyası”nın 68-ci ali komandanlıq kursunu uğurla bitirib.
Azərbaycan Ordusunda xidmət etdiyi dövr ərzində hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə və vicdanla yerinə yetirdiyi üçün Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamları ilə bir sıra təltifləri olmuşdur. O, “Qüsursuz xidmətə görə” l, II və III dərəcəli medallarına, eləcə də, digər təltiflərə layiq görülmüşdür.
Azərbaycan Ordusunun kəşfiyatçı polkovnik-leytenantı Ruslan Tağıyev 27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsi zamanı Tərtər, Kəlbəcər, Suqovuşan, Qubadlı, Laçının işğaldan azad edilməsi uğrunda gedən döyüş əməliyyatları zamanı rəhbərlik etdiyi bölmələrə yüksək peşəkarlıqla başçılıq etmiş, düşmənin xeyli sayda canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində fədakarlıq və rəşadət göstərmişdir.
Döyüş şəraitində düşmənin çox sayda strateji obyektlərinin koordinatlarının dəqiq müəyyən olunub vaxtında məhv edilməsində misilsiz xidmətləri olmuşdur. Ruslan Tağıyev noyabrın 4-də Laçın uğrunda gedən gərgin döyüşlər zamanı döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olmuşdur
Vətən uğrunda canını fəda edən, otuz səkkiz illik ömrünün 21 ilini Vətənə xidmət edən igid zabitimiz Ruslan Tağıyev II Fəxri xiyabanda dəfn edilib. Özündən sonra Vətənə Fuad, Polad və Nuray adlı övladlarını əmanət edib. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli sərəncamına əsasən Ruslan Tağıyev "Vətən uğrunda" medalı (ölümündən sonra ), 18 dekabr 2020-ci il tarixli sərəncamına əsasən "İgidliyə görə" medalı (ölümündən sonra), 29 dekabr 2020-ci il tarixli sərəncamına əsasən "Laçının azad olunmasına görə" medalı (ölümündən sonra) ilə təltif edilmişdir
Polkonik-leytenant Ruslan Tağıyev namərd düşmən gülləsinə tuş gəlməsəydi, indi 39 yaşı tamam olacaqdı. Onun cismani yoxluğu ilə, təbii ki, nə atası Fuad kişi, nə anası Lətifə xala, nə də sevimli həyat yoldaşı Günay xanım barışa bilirlər. Şəhidin birbirindən gözəl, tərbiyəli üç övladı möcüzələrə inanaraq atalarının yolunu gözləyirlər.
Məsaim ABDULLAYEV
Xalq qəzeti
.- 2021.- 26 noyabr.- S.10.