Naxçıvanın 100 illik salnaməsi

 

“Şərq qapısı”-100

 

Ümummilli lider, zəmanəmizin görkəmli siyasətçisi Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qaydışı təkcə ölkəmizin yox, eləcə də, bütün Cənubi Qafqazın və bölgənin taleyində dönüş nöqtəsi oldu. Lakin bundan əvvəlki dövrdə – Azərbaycanın taleyinin hərraca qoyulduğu bir vaxtda Vətəninin harayına yetişən Heydər Əliyevə qarşı Azərbaycanda hakimiyyətdə olanların əli ilə başladılan böhtan kampaniyası səngimək bilmirdi. Dünya şöhrətli siyasət və dövlət xadiminin Azərbaycana qayıtması, doğulub-böyüdüyü Naxçıvana getməsi daxilixarici düşmənləri ciddi təşvişə salmışdı.

 

O dövrün siyasi xronikasına diqqət edəndə də, görünür ki, Heydər Əliyevin Naxçıvana dönüşü (22 iyul 1990-cı il) və mərkəzi meydanda on minlərlə insanın alqışları ilə qarşılanması böyük siyasətçinin siyasi həyatının yeni dövrünün başlanğıcı idi. Tədqiqatçı-alim Ələkbər Cabbarlının “Heydər Əliyev və Naxçıvan tarixi məsələləri” monoqrafiyasında deyildiyi kimi, “Əslində, taleyin ümidinə buraxılan Naxçıvan məhz Heydər Əliyevin dərin zəkası, uzaqgörən siyasəti nəticəsində yaşayıb mübarizə apara bildi”.

 

Müstəqillik ideyalarının fəal mübarizi və carçısı

 

O vaxtlar ölkə mətbuatı, xüsusən də hakimiyyətə bağlı olan mətbuat orqanları bu tarixi hadisə ilə bağlı məlum səbəbdən sussa da, muxtar respublikanın ictimai-siyasi həyatında önəmli rol oynayan “Şərq qapısı” qəzetinin vətənpərvərlik mövqeyi və ədalətli münasibəti heç vaxt yaddaşlardantarixin səhifələrindən silinməyəcək.

 

“Şərq qapısı” 1921-ci ilin noyabrında Naxçıvanda nəşrə başlayan ilk rəsmi dövri qəzet olmuşdur. Adı dəfələrlə dəyişdirilsə də 1989-cu ildən fəaliyyətini “Şərq qapısı” adı ilə davam etdirməkdədir. Nəşrə başlayan gündən Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan diyarının ictimai-siyasi, iqtisadi, sosial və mədəni həyatının güzgüsü olmuş, onun tərəqqi və yüksəlişində fəal və mühüm rol oynamışdır.

 

Qəzetin 75 illik yubileyində Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun redaksiyaya göndərdiyi təbrik məktubunda deyilir: “1991–1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işləyən möhtərəm Heydər Əliyevin şəxsiyyəti və fəaliyyəti ətrafında Azərbaycan Respublikasına o zaman rəhbərlik etmiş şəxslərin yaratdıqları sərt informasiya blokadasının yarılmasında “Şərq qapısı” qəzeti xüsusi rol oynamışdır”. “Şərq qapısı” yaşadığımıız günlərin güzgüsüdür. ...Naxçıvan diyarının ən mükəmməl ensklopediyası da “Şərq qapısı” qəzetidir”, – deyən akademik İsa Həbibbəylinin fikirlərinin nə qədər dəqiq və mükəmməl olduğuna qəzeti vərəqlədikcə bir daha şahidlik edirik. Düzdür, o zamankı hakim dairələrə bağlı olan Vilayət Partiya Komitəsinin mövqeyi bəlli olsa da, onun mətbu orqanı bu məsələdə xalqın və ədalətin tərəfində olduğunu dəfələrlə ortaya qoya bilmişdi. Maraq doğuran bir fakt da var ki, “Şərq qapısı” üçün bu mövqe heçyenilik deyildi. Hələ səksəninci illərin sonlarından “Şərq qapısı” qəzeti ölkəmizdə müstəqillik ideyalarının həyata keçirilməsində fəal mübarizə aparmışdır. Bir müddət qəzetə rəhbərlik etmiş mərhum redaktor Məmməd Məmmədovun yazdığı kimi: “1990-cı ildə Naxçıvan Muxtar Respublikasının Ali Soveti torpaqlarımıza erməni təcavüzü ilə bağlı ədalətsizliklərə etiraz olaraq sovet imperiyasının tərkibindən çıxmaq haqqında qərar qəbul edərkən “Şərq qapısı” həmin qısamüddətli müstəqillik dövründə də əsas mətbu orqan kimi çıxış etmişdi. O ağır və mürəkkəb zamanda müstəqil “Şərq qapısı” qəzetinin 7 nömrəsi işıq üzü görmüşdü”.

 

Təbii ki, ənənə və məslək yoluna sadiq qalan qəzet böyük siyasətçi Heydər Əliyevin Vətənə qayıdışı dövründə də ölkə mətbuatına örnək oldu: respublikada ilk olaraq öz səhifələrində dahi siyasətçiyə tribuna verdi. Tədqiqatçı Surə Seyidin yazdığı kimi, “Şərq qapısı” qəzeti dahi öndər Heydər Əliyevin müstəqillik illərində Naxçıvandakı həyat və fəaliyyətinin güzgüsü olmaqla yanaşı, ulu rəhbərin müharibə şəraitində Naxçıvanda blokadanın yaratdığı ağır sosialiqtisadi durumdan yaxa qurtaran tədbirlərini, imzaladığı fərman və sərəncamları, apardığı beynəlxalq səviyyəli danışıqları dolğun əks etdirmişdir”. Bütün bunlarla yanaşı, Heydər Əliyevin Azərbaycan rəhbərliyinə tarixi qayıdışını salnamələşdirən məqamlardan biri də Azərbaycan ziyalılarının “Şərq qapısı” qəzeti vasitəsilə xalqa etdikləri müraciətlər olmuşdur. “Daha susa bilməzdim...” O dönəm Heydər Əliyev “Şərq qapısı” qəzetinin əməkdaşı Möhsün Möhsünova ilk müsahibəsini verəndə Naxçıvana qayıdışından iki gün keçirdibu qayıdışdan dörd gün sonra – qəzetin 26 iyul 1990-cı il tarixli sayında dərc edilən “Daha susa bilməzdim...” adlı müsahibə cəmiyyətin səbirsizliklə gözlədiyi hadisə idi. Yeri gəlmişkən qeyd edim ki, Naxçvanda “Azərinform”un (AZƏRTAC) müxbiri kimi çalışdığım çox ağır dövr – 1990–1991-ci illər mənə təkcə Naxçıvanı yox, həm də bu qədim diyarın dəyərli ziyalılarını da əyani tanıtdı. Bu sırada yaddaşımda silinməz xatirələri ilə qalan Möhsün Möhsünov publisistik məharəti, satirik qələmi və yazı uslubu ilə başqalarından fərqləndiyi kimi, münasibətlərində də ciddi bir şəxs idi. Xeyli yaş fərqimiz olsa belə, ilk tanışlıqdan münasibətlərimiz alınmış, hətta o dönəm ulu öndər Heydər Əliyevlə təkbətək keçirilən görüşlərin iştirakçısı olmuşduq. Ulu öndərin Möhsün müəllimə isti münasibətlərini həm də mətbuata dəyər və hörmətin dərin ifadəsi kimi xatırlayıram.

 

M.Möhsünov qısa bir ömür– 58 il yaşasa da özündən sonra zəngin ədəbi yadigar qoymuşdur. 1990-cı ilin qanlı yanvarında sovet ordusunun Azərbaycan xalqının başına gətirdiyi müsibətlərə, torpaqlarımızın ermənilər tərəfindən işğalına qarşı qələmi ilə mübarizə aparmışdır. Onun hekayələri, povestləri, felyetonları və məqalələri təkcə Naxçıvanda deyil, Azərbaycan mətbuatında çap olunmuş, türk dünyasında da yayılmışdır. Siyasi fəaliyyəti ilə o, ulu öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyasının ilk fəallarından olmuşdur.

 

Mətbuat tədqiqatçıları tərəfindən Heydər Əliyevin vətənə qayıdışından sonra ölkə mətbuatında dərc olunmuş ilk müsahibə kimi dəyərləndirilən yazının müəllifi də Möhsün müəllim idi. Zamanında “Daha susa bilməzdim...” adlı bu müsahibə maraqlı bir hadisə kimi qarşılandı və obrazlı desək, ulu öndərin söz qapısını bir ilk olaraq cəmiyyətə və mətbuata açdı. “Özümü təqdim etdim, yarızarafat, yarıgerçək dedi: Bir şərtlə müsahibə verərəm ki, olduğu kimi dərc edəsiniz. Mən razılaşdım”. (“Şərq qapısı”, 26 iyul 1990-cı il) girişi ilə başlayan müsahibədə böyük siyasətçi təkcə siyasət pilləsinin ən uca zirvəsinin fatehi olmaqla yanaşı, həm də Vətəninə, torpağına, ailəsinə bütün varlığı ilə bağlı olan sadə bir insantorpaq qeyrəti çəkən vətəndaş kimi təqdim olunur.

 

Dövrün siyasi gedişlərini böyük uzaqgörənliklə dəyərləndirən siyasətçi müxbirə cavabında deyir: “Bir baxın, artıq altıncı ildir ki, keçmişi amansız surətdə söyürük. Altıncı ildir ki, ölkəmiz iqtisadisiyasi cəhətdən dağılır. Bütün bu dövrlərdə bizə vədlər “yedirdirlər”, nə bilim, bu yeni mərhələdir, bu dönüş mərhələsidir, bu kəskin dönüşdüri.a. Axı, nə qədər mərhələ ola bilər? Buna görə də belə hesab edirəm ki, indi hər bir adama, hər bir xalqa, hər bir siyasi təşkilata və siyasi qüvvəyə öz taleyini müstəqil müəyyən etmək imkanı verilməlidir. Bugünkü fikrim budur”.

 

Kifayət qədər əhatəli bir müsahibədə bu cavabları ilə Heydər Əliyev siyasət meydanında yeni olmadığını bir daha sübut etdi. Və maraqlıdır ki, bütün şüurlu taleyini xalqına həsr edən ulu öndər ünvanına söylənilən şər və böhtanlara görə, hətta onu doğma məmləkətinə belə həsrət qoymaq istəyənlərə çox ciddi bir kinayə və nikbinliklə cavab verdi.

 

Amma həyat və yaşananlar göstərdi ki, böyük siyasətçi sonralar da adamlara ciddi bir inamsevgi bəslədi. Milyonlarla insan da Azərbaycanı bəlalardan, fəlakətlərdən xilas edəcək siyasətçi kimi ancaq Heydər Əliyevi gördü. Qəzetin dərc etdiyi digər bir məqalədə keçiriləcək prezident seçkiləri ərəfəsində Azərbaycanın düşdüyü ağır böhrandan xilas yolunun Heydər Əliyev fenomeni və Heydər Əliyev şəxsiyyəti ilə bağlı olduğu təkidlə söylənilirdi: “Bunun üçün qüdrətli şəxsiyyət olmaq gərəkdir. Belə bir şəxsiyyət isə 7 milyonun içində hələlik bir nəfərdir, təkcə bir nəfər: H.Əliyev. Qurtardıq!” (Zeynal Vəfa, “Şəxsiyyət”. “Şərq qapısı, 9 may 1992-ci il).

 

“Azərbaycan Sizin sözünüzü gözləyir”

 

Az keçmədən “Şərq qapısı” qəzetində respublika ziyalılarının Heydər Əliyevə müraciətinin (“Azərbaycan Sizin sözünüzü gözləyir”, “Şərq qapısı”. 14 noyabr 1992-ci il) dərc olunmaşı isə bütün ölkənin həyatında yeni bir dönüş nöqtəsi idi. Bu tarixi müraciəti mətbuat tədqiqatçısı Surə Seyid “Azərbaycan siyasi fikir tarixində xüsusi yer tutmaqla Heydər Əliyev şəxsiyyətinin dərkinə yönəlmiş əvəzsiz siyasi sənəd” adlandırır. Elə həmin nömrədə müraciətə cavab olaraq ümummilli lider Heydər Əliyevin “Yeni, müstəqil Azərbaycan uğrunda” başlıqlı məktubu müstəqil Azərbaycanın xilası oldu. Tarixi reallıqlar sübut etdi ki, Azərbaycan tarixində yeni bir partiyanın – YAP-ın yaradılmasına Heydər Əliyevin razılıq verməsi və 1992-ci il noyabr ayının 21-də Naxçıvan şəhərində partiyanın təsis konfransının keçirilməsi siyasi uzaqgörənlik olmaqla yeni, müstəqil Azərbaycanın xilas yolunun əsasını qoydu.

 

Qəzetin dərc etdiyi məqalə və xəbərlərdə böyük siyasətçinin bu günöz aktuallığını saxlayan fikirləri və ideyaları, olduqca cəsarətli siyasi mövqeyi istər aktuallıq və dövlətçilik baxımından, istərsə də tarixi nöqteyinəzərdən geniş tədqiqat mövzusudur. Bütün siyasi fəaliyyəti dövründə ağlın və zəkanın gücünə inanan böyük siyasətçi Naxçıvan dövrü fəaliyyətində Azərbaycanın işıqlı və xoşbəxt gələcəyi uğrunda mübarizəni özünün həyat amalına çevirmişdir. Kommunist rəhbərlərin uydurduğu “Heydər Əliyev Naxçıvandakı fəaliyyəti ilə Azərbaycanı parçalayır” kimi deyimləri mətbuatda yayan adamlara isə onun cavabı həmişə birmənalı olub. O dönəm respublika mətbuatında nəinki çıxışlarına, hətta adının çəkilməsinə belə qadağalar qoyulan Heydər Əliyev “Şərq qapısı”nda bu kimi məsələlərə mütəmadi olaraq təkrar-təkrar cavab vermişdir: “Mənim başlıca arzum Azərbaycanı siyasiiqtisadi cəhətdən müstəqil, demokratik respublika kimi görməkdir” (Azərbaycan KP Naxçıvan Vilayət Komitəsinin Siyasi Maarif Evində Naxçıvan gəncləri ilə görüş. “Şərq qapısı”, 2 avqust 1990- cı il). “Dünən Bakıda, Azadlıq meydanında keçirilən mitinqdə Azərbaycan Respublikasının Prezidenti Əbülfəz Elçibəy xalqı, milləti birliyə, həmrəyliyə çağırdı. Biz bu çağırışa bir nəfər kimi səs veririk, xalqımızın birliyi üçün əlimizdən gələni edəcəyik (Naxçıvan şəhər şəhidlər xiyabanında keçirilən mitinqdə çıxış. “Şərq qapısı”, 23 yanvar 1993-cü il).

 

Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan dövrünün “Şərq qapısı” qəzetinin səhifələrində işıqlandırılması qəzetin və onun kollektivinin hadisələrə ayıq-sayıq baxışının, vətənpərvər ruhunun nümunəsi olmuşdur. Ulu öndər hələ Azərbaycan Kommunist Partiyasına rəhbərlik etdiyi vaxtlarda mətbuatın rolunu dəyərləndirmiş, təkcə respublikada yox, eləcə də 70-ci illərin əvvəllərində Naxçıvanda redaksiya-nəşriyyat kompleksi inşa olunmuş, muxtar respublikanın söz tribunası olan “Şərq qapısı” qəzetinin gündəlik və böyük formatda nəşri təmin edilmişdir.

 

1972-ci ilin yanvarında Heydər Əliyevin himayəsi ilə qəzetin ilk nömrəsinin çapdan çıxmasının 50 illiyi münasibəti ilə yubiley tədbirləri keçirilmiş, qəzet redaksiyası sovet dövrünün ən yüksək dövlət mükafatlarından olan “Şərəf nişanı” ordeni ilə təltif olunmuşdur. Qəzetin bir neçə əməkdaşı isə fəxri adlara layiq görülmüşdür. Bu ənənənin davamı olaraq, 1981-ci ilin dekabrında qəzetin 60 illik yubileyi keçirilmiş, qəzet Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanı ilə təltif edilmişdir. Qəzetin redaktoru Sənubər Kərimovaya Əməkdar mədəniyyət işçisi, üç əməkdaşa isə muxtar respublikanın fəxri adları verilmişdir.

 

Ölkədə 80-ci illərin sonundan başlanan yeni ab-hava “Şərq qapısı” qəzetinin həyatından da yan keçməmişdir. Ulu öndərin Naxçıvanda tarixi xilaskarlıq missiyasını həyata keçirdiyi dövrdə, eləcə də, səksəninci illərin sonu, 90-cı illərin əvvəlində bu qəzet ölkəmizdə müstəqillik ideyalarının həyata keçirilməsində fəal mübarizə aparmışdır.

 

Ən nəhayət, ulu öndər müsahibələrinin birində “Şərq qapısı” qəzetinə olan münasibətini belə açıqlamışdı: “Mən “Şərq qapısı” qəzetinin təsiri altında tərbiyələnmişəm. Hələ gənc ikən burada orta məktəbdə, pedaqoji texnikumda oxuyanda müxtəlif məsələləri öyrənmək üçün “Şərq qapısı”ndan çox istifadə etmişəm. O vaxtdan nüfuzlu qəzet kimi hafizəmdə qalıb” (“Şərq qapısı”, 26 iyul 1990-cı il).

 

* * *

 

Naxçıvan mətbuatının lideri hesab edilən “Şərq qapısı” müstəqillik dövrümüzdə də fəaliyyətini uğurla davam etdirməkdədir. Qəzetin 75, 85, 90, 95 illik yubileyləri təntənə ilə qeyd edilmiş, kollektivin əməyi yüksək qiymətləndirilmişdir. Azərbaycan milli mətbuatının 135 illik yubileyi günündə Naxçıvan şəhərində 4 mərtəbədən ibarət müasir tipli, ən müsair avadanlıqlarla təmin olunmuş “Əcəmi” Nəşriyyat– Poliqrafiya Birliyinin istifadəyə verilməsi dövlətimizin mətbuatın inkişafına göstərdiyi diqqət və qayğının bariz nümunəsidir. Qəzetlərin ciddi bir böhranla üzləşdiyi 21-ci əsrdə Naxçıvanın canlı salnaməsi adlandırılan “Şərq qapısı” qəzeti tarixi ənənələrdən bəhrələnərək göstərilən dövlət qayğısı sayəsində bu gün də fəaliyyətini uğurla davam etdirir.

 

Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun “Şərq qapısı” qəzetinin 100 illik yubileyinin qeyd olunması barədə” 2021-ci il 1 iyun tarixində imzaladığı sərəncam muxtar respublikada kütləvi informasiya vasitələrinin inkişafına dövlət qayğısı olmaqla, milli mətbuatın cəmiyyətdəki, dövlətçilik tariximizdəki mühüm roluna verilən siyasi qiymətdir.

 

Əminik ki, görkəmli alim Məmmədhüseyn Təhmasibin “Qədim diyarın səsi” adlandırdığı (Məmmədhüseyn Təhmasib. “Qədim diyarın səsi”. “Şərq qapısı”, 14 yanvar 1972) “Şərq qapısı” qəzeti hələ uzun illər doğma Naxçıvanın intibah salnaməsini öz səhifələrində daimi yaşar və örnək olacaq bir tarixə çevirəcəkdir.

 

Namiq ƏHMƏDOV

 

Xalq qəzeti  2021.- 26 noyabr.- S.8.