Ağdamın tarixi-dini abidələri bərpa ediləcək

 

Azərbaycanın Ermənistan tərəfindən dağıdılmış, məhv edilmiş maddi-mədəniyyət abidələri tariximizin daş yaddaşı kimi əvəzolunmaz milli sərvətimizdir. Bu abidələr təkcə maddi-mədəniyyət nümunələri deyil, həm də mənəviyyat tariximizin səhifələridir. Qarabağın tarixi abidələrinin darmadağın edilməsi isə mədəniyyət və mənəviyyat tariximizin daşlaşmış yaddaşının silinməsi kimi ağrılı-acılıdır.

 

Ağdam rayonu ərazisində dağıdılmış qədim tarixə malik çoxsaylı dini abidələr də bu cəhətdən diqqəti cəlb edir. XX əsrin 50-ci illərindən sonra aparılan tədqiqat işləri Ağdamın qədim insanların yaşayış məskənlərindən olduğunu sübut etmişdir. Üçoğlantəpə adlanan ərazidə aparılan tədqiqatlar nəticəsində qədim insanların bu ərazidə eneolit dövründə (e. ə. IV–VI minillik) məskunlaşmağa başladığı müəyyən edilmişdir.

 

Xaçındərbətli kəndində 1314-cü ildə inşa edilmiş Qutlu Musa oğlu türbəsi, Kəngərli kəndində XIV əsrə aid türbə, Ağdam şəhərində XIX əsrdə memar Kərbəlayi Səfixan Qarabaği tərəfindən inşa olunmuş məscid, Boyəhmədli kəndində dua edən insan şəklində daş heykəl, Çəmənli kəndində məşhur övliyalardan olan Seyid Lazım ağanın məqbərəsi, Üzərliktəpə abidəsi, Kəngərlidəki (XIV əsr) türbə və daş abidələr, Papravənddəki XVII əsrdən qalan Xanoğlu türbəsi, XVIII əsrə aid məscid, Xan qızı Natəvanın və oğlunun şərəfinə tikilmiş türbə (XIX əsr), Şahbulaq qalası... kimi tarixi-memarlıq abidələri işğal zamanı dağıdılıb. Buradakı tarixi memarlıq abidələri müxtəlif dövrləri əks etdirən nadir nümunələr idi. Bu abidələr qruplaşdırılaraq, “Azərbaycan Respublikasının ərazilərində dövlət mühafizəsinə götürülmüş daşınmaz mədəniyyət abidələrinin əhəmiyyət dərəcəsinə görə bölgüsü” adlı kitaba daxil edilib.

 

Qeyd edək ki, ötən il noyabrın 23-də Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Ağdam şəhərində yerləşən Ağdam Cümə məscidini ziyarət ediblər. Prezident İlham Əliyev Məkkədən gətirdiyi “QuraniKərim”i Ağdam məscidinə bağışlayıb. Prezident deyib: “Bu gün burada, vandallar tərəfindən dağılmış məscidin önündə deyirəm ki, xoşbəxt adamam. Bir daha Allaha şükür edirəm ki, mənim dualarımı eşidib, bu gücü mənə verib. Biz gücümüzü səfərbər edərək bax, bu tarixi günləri yaşayırıq. Bu, həqiqətən də tarixi günlərdir. Bəlkə də çoxəsrlik Azərbaycan tarixində buna bənzər şərəfli və qürurlu günlər olmayıb. Biz bunu birliyimiz sayəsində qazanmışıq, gücümüz sayəsində qazanmışıq”.

 

Ağdam Cümə məscidi 1868–1870-ci illərdə tikilmişdir. Memarı Kərbəlayi Səfixan Qarabaği olan məscid iki minarəli və ikimərtəbəlidir. Məscid binası daşdan, binanın fasad hissəsinin künclərindən qalxan minarələr isə kərpicdən hörülmüşdür. Mərkəz gümbəzə dayaq olan dörd sütun daxili məkanın həm tən ortasında kvadrat, həm də yan tərəflərdə ikimərtəbəli eyvanlar yaradır. İbadət zalına baxan və qadınlar üçün nəzərdə tutulan bu eyvanlar da, öz növbəsində, yuxarıdan gümbəzlərlə örtülür. Burada da az qala hər detalda İslam incəsənəti üçün mühüm olan mürəbbe (dördbucaqlı) və dairə münasibətlərinə rast gəlmək olar.

 

Məlumat üçün bildirək ki, memar Kərbəlayi Səfixan Qarabaği 1817-ci ildə doğulmuş, 1910-cu ildə vəfat etmişdir. Onun Azərbaycanın Şuşa, Ağdam, Bərdə, Füzuli şəhərlərində, eləcə də Ukraynanın Odessa və Türkmənistanın Aşqabad şəhərlərində ucaltdığı məscidlər bu gün də memarlıq nümunələri hesab olunur. Kərbəlayi Səfixan Qarabaği sayəsində “Qarabağ məscid memarlığı” adlı üslub formalaşmışdır.

 

Azərbaycan memarlığının incilərindən sayılan Ağdam Cümə məscidi də erməni təcavüzü nəticəsində ciddi ziyan görmüşdür. Məscidin minarələri daxildən sökülmüş, tavanı bir neçə yerdən uçurulmuş, dizayn və yazıları pozulmuşdur. 

 

KürAraz çaylarının arasında XIV əsrin başlanğıcında tikilmiş daş türbələrə daha çox rast gəlmək olur. Onlardan biri Ağdam rayonunun Xaçındərbətli kəndində yerləşən türbədir. Bu abidə nisbətən alçaq bir kürsü üzərində yüksələn səkkizbucaqlı piramidaşəkilli günbəzlə örtülüdür

 

Abidənin istər daxili səthlərinin, istər günbəzin və istərsə də xaricindəki səthlərin işlənməsi binaya təkrarolunmaz bir fərdi xüsusiyyət verir. Xaçındərbətli abidəsinin giriş qapısı üzərindəki kitabə, onun 1314-cü ildə ustad Şahbənzər tərəfindən Musa oğlu Qutlunun məzarı üzərində tikildiyini göstərir.

 

Prezident İlham Əliyev Ağdama səfəri zamanı Qiyaslı məscidində də olub. Qeyd edək ki, bu məscid də erməni vandalizminə məruz qalan tarixidini abidələrdən biridir. Ağdam rayonunun Qiyaslı kəndindəki bu dini abidə XVIII əsrə aiddir.

 

Təkcə mədəniyyətimizin deyil, tariximizin bir parçasını sinəsində saxlamış abidələr də (Xanoğlan türbəsi, Qarabağ xanı Pənahəli xanın imarəti də (XVIII əsr) daşnak quldur dəstələri tərəfindən dağıdılıb.

 

Qoca tarix çox belə talanların və dağıntıların şahidi olub. Qarabağın bütünlüklə tarixini, onun maddi-mənəvi sərvətlərini özündə minilliklər boyu qoruyub saxlayan Ağdam işğaldan azad olundu. Dağıdılmış, talan edilmiş qədim yaşayış məntəqələrindəki tariximizin, mədəniyyət və mənəviyyat abidələrimizin bərpası vətəndaşlıq borcu kimi bugünkü nəslin üzərinə düşür.

 

Hazırladı: M.MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti .-  2021.- 26 noyabr.- S.8.