Tarixi zəfərlə başlanan yeni inkişaf mərhələsi

 

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə ordumuz Ermənistanın ardıcıl təxribatlarının və yeni işğal planlarının qarşısını almaq, tapdaq altındakı torpaqlarımızı azad etmək məqsədilə 2020-ci il sentyabrın 27-dən başladığı zəfər yürüşündə böyük uğurlar qazandı, parlaq qələbə əldə etdi.

 

Azərbaycanın hərbi sahədə qazandığı möhtəşəm uğurlar, xüsusilə Şuşanın düşməndən təmizlənməsi Vətən müharibəsinin gedişində həlledici rol oynadı. Ən başlıcası isə Ermənistanın öz məğlubiyyətini etiraf etməsini və kapitulyasiyasını şərtləndirdi.

 

Dövlətimizin başçısı münaqişənin davam etdiyi illərdə çox böyük uzaqgörənlik və təmkinlə həm də diplomatik sahədə təxirəsalınmaz tədbirlər reallaşdırırdı. İştirakçısı olduğu ən yüksək beynəlxalq mərasimlərin tribunalarından Qarabağ həqiqətlərini dünyaya bəyan edir, aparıcı dövlətlərin rəhbərlərinin diqqətinə bu bölgənin ölkəmizin əzəli torpağı olduğunuişğaldan azad edilməsinin labüdlüyünü çatdırırdı.

 

Beləliklə, Prezident İlham Əliyevin qətiyyətli siyasəti Ermənistan və onun havadarlarının acı məğlubiyyəti ilə nəticələndi, Azərbaycan uzun illər çəkən bu ədalətsiz siyasi-hərbi mübarizədən qalib çıxdı. Dövlətimizin başçısı müdrik siyasəti, qətiyyəti ilə status-kvonu dəyişdirdi, təmas xəttini darmadağın etdi. Haqq işində Azərbaycan xalqının birliyi, qalib Prezidentinə və qəhrəman Azərbaycan Ordusuna inamı bu tarixi qələbəni reallaşdırdı. Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu bir daha təsdiq etdi.

 

Prezident İlham Əliyev müharibənin davam etdiyi günlərdə xarici ölkələrin nüfuzlu kütləvi informasiya vasitələrinə, telekanallarına verdiyi müsahibələri ilə də respublikamızın haqq səsini dünya ictimaiyyətinə tutarlı arqumentlərlə çatdırdı, həmçinin Azərbaycanın beynəlxalq hüququn tələblərinə uyğun öz torpaqlarında savaş apardığını sübut etməklə ermənipərəst xarici dairələrin döyüşlərin gedişinə müdaxilələrinin qarşısını böyük məharətlə aldı.

 

Hərbi əməliyyatların aparılmasında Ali Baş Komandan İlham Əliyevin müntəzəm olaraq çatdırdığı qələbə xəbərləri, işğaldan azad olunan yaşayış məntəqələri, düşmənin məhv edilən canlı qüvvəsi və hərbi texnikası barədə məlumatları ölkəmizin hər bir vətəndaşında qürur, fərəh hissi doğururdu, xalqın dövlətimizin başçısına, rəşadətli ordumuza inamını gücləndirirdi.

 

Müharibə getdiyi günlərdə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana böyük siyasi və mənəvi dəstək göstərirdi. Savaş dövründə ordumuzun zəfər yürüşündən fərəh hissi keçirən, “Azərbaycandan xoş xəbərlər aldıqca çox qürurlanırıq, sevinirik” – deyən qardaş ölkə rəhbəri bu sözləri ilə istər ağır, istərsə də xoş günlərimizdə Azərbaycanın yanında olduğunu, sevincimizi bölüşdüyünü bütün dünyaya nümayiş etdirirdi.

 

Türkiyə və Azərbaycanın möhkəm, sarsılmaz birliyi Vətən müharibəsi günlərində özünü qabarıq büruzə verdi, Türkiyə həmişəki kimi, yenə də Azərbaycanın yanında oldu, tarixi Zəfər sevincini bizimlə birgə yaşadı. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan: “Qarabağda qazanılan zəfər həm beynəlxalq hüquq, həm diplomatik, həm də hərbi baxımdan Azərbaycana ana südü kimi halaldır”, – bildirdi. Daha sonra “Azərbaycan kimsənin torpağına əl uzatmadı, göz dikmədi, kimsəyə hücum etmədi. BMT və ATƏT qərarlarına rəğmən 30 il işğal altında saxlanan torpaqlarını azad etdi. Bunu da ermənilər kimi dinc insanların yaşadığı yeri hədəf almaqla deyil, qanun çərçivəsində gerçəkləşdirdi”,-deyə vurğuladı.

 

Bu qələbə ilə Azərbaycan pozulmuş hüquqlarını özü bərpa etmək iqtidarında olduğunu bütün dünyaya sübut etdi, ərazi bütövlüyünün bərpası uğrunda vuruşub qələbə əldə etmək gücünü göstərdi. Eyni zamanda, bizi haqq işimizdən heç bir qüvvənin çəkindirə bilməyəcəyini təsdiqlədi.

 

Azərbaycan parlaq, möhtəşəm Zəfərlə yeni inkişaf, tərəqqi mərhələsinə daxil oldu. Dövlətimizin başçısı İlham Əliyevin çıxışlarının birində vurğuladığı kimi, döyüş meydanında, siyasi müstəvidə qazanılan bu qələbə ilə ölkəmiz üçün yeni dövr açıldı.

 

Bu gün Qarabağda, Şərqi Zəngəzurda tikinti-quruculuq layihələrinin uğurlu icrası ölkə iqtisadiyyatının inkişafına güclü təkan verir. Bu, eyni zamanda, işğaldan azad edilən ərazilərə xarici ölkələr tərəfindən investisiya qoyuluşunu sürətləndirir. Cari ilin 10 ayında düşməndən təmizlənən torpaqlarda bir sıra yeni istehsalsosial obyektlərin tikilib istifadəyə verilməsi də bunun bariz ifadəsidir.

 

Yeri gəlmişkən, ekspertlər bildirirlər ki, 30 ilə yaxın müddətdə işğaldan azad edilmiş ərazilər urbisidə (şəhər və kəndlərin məhv edilməsi), kultosidə (mədəniyyət abidələrinin məhv edilməsi) və ekosidə (təbiətin və ekologiyanın məhv edilməsi) məruz qalıb. Bu faciələri aradan qaldırmaq üçün isə Azərbaycan dövləti tərəfindən sürətli işlərə başlanıb və qısa müddət ərzində torpaqların minalardan təmizlənməsi, bərpa və yenidənqurma işlərinin aparılması, lazımi infrastrukturun yaradılması istiqamətlərində xeyli görülüb. Şuşada mədəniyyət abidələrinin bərpası, Füzuli beynəlxalq aeroportunun tikilib istifadəyə verilməsi, yol infrastrukturunun işə düşməsi ilə Azərbaycan dövlətinin quruculuq niyyəti və gücü dünyaya nümayiş etdirilib.

 

Ötən il ərzində 3 faizdən çox azalan qlobal ÜDM-in 2021-ci ildə 5,9 faiz artacağı proqnozlaşdırılır. Azərbaycanda rəqəmsal transformasiyanın, Qarabağ və Şərqi Zəngəzurda “yaşıl iqtisadiyyat”ın inkişaf prioriteti kimi seçilməsi ölkəmizə xeyli üstünlük qazandıracağını şərtləndirir.

 

Cari il üzrə dinamik artım tempinin, eləcə də büdcə gəlirlərinin və xərclərinin icrasında qarşılıqlı nisbətin qorunub saxlanması, büdcə kəsirinin proqnozlaşdırılan səviyyədən xeyli aşağı olması, tədiyə balansı hesablarında müsbət dinamikanın qorunması, qeyri-neft ixracının və qeyri-neft vergi daxilolmalarının əhəmiyyətli dərəcədə artması, makro-iqtisadi sabitlik 2022-ci ilin dövlət büdcəsinin planlaşdırılmasında mühüm baza rolunu oynayıb.

 

Hazırda mənfur düşmənin uzun illər ərzində viran qoyduğu yurdlarımıza yeni nəfəs verilir, avtomobil və dəmir yolları çəkilir, elektrik, qaz, su təchizatı və kənd təsərrüfatı infrastrukturları qurulur, tarixi, mədəni, dini irsimiz bərpa olunur, beynəlxalq hava limanları tikilir. Böyük qayıdışın təmin edilməsi, işğaldan azad olunmuş ərazilərimizin bərpa və yenidənqurma işləri ilə ölkə iqtisadiyyatına reinteqrasiyası, bununla əlaqədar dövlətimizin müdafiə qabiliyyətinin möhkəmləndirilməsi, milli təhlükəsizliyinin gücləndirilməsi məsələsi Azərbaycan Prezidentinin ölkəmizin 2030-cu ilədək sosial-iqtisadi inkişafına dair cari ilin fevral ayında müəyyənləşdirdiyi 5 illik inkişaf prioritetlərindən biridir.

 

Cari iqtisadi vəziyyət də ürəkaçandır. Belə ki, bu ilin yanvar-sentyabr aylarında ÜDM 4,8 faiz artıb. Qeyri-neft sənayesində əlavə dəyərin orta illik artım tempi bu ilin 9 ayında 20 faizdən çox yüksəlib. Ölkənin strateji valyuta ehtiyatlarının həcmi cari ilin oktyabr ayının sonuna kimi 53 milyard ABŞ dollarını ötüb.

 

Bu ilin 10 ayında qeyri-neft ixracının həcmində 42 faizlik artım müşahidə olunub ki, bu da ən yüksək tarixi göstəricidir. Bütövlükdə, 2021-ci il üzrə qeyri-neft ixracının həcminin 2,4 milyard ABŞ dollarından yüksək olacağı gözlənilir. Azərbaycan Prezidentinin bilavasitə rəhbərliyi altında hazırlanmış və reallaşdırılan antiböhran proqramı, testləşdirmə, vaksinləşdirmə resurslarına tezadekvat çıxış, səhiyyə infrastrukturunun gücləndirilməsi, iqtisadiyyata miqyaslı yardım proqramlarının reallaşdırılması ölkəmizdə ötən ilin iqtisadi tənəzzülünün qarşısını alıb, cari ildə iqtisadiyyatın bərpa və artımını təmin edib.

 

Nəhayət, bu ilin yanvar-oktyabr aylarında respublikanın iqtisadisosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 10 milyard 568,5 milyon manat vəsait qoyulub. Ümumi sərmayənin 41,8 faizi dövlət, 58,2 faizi qeyri-dövlət sektorları tərəfindən yönəldilib. İnvestisiya qoyuluşunun 66,5 faizindən tikinti-quraşdırma sahəsində istifadə edilib.

 

Vaqif BAYRAMOV

 

Xalq qəzeti .-  2021.- 26 noyabr.- S.1;6.