Ustad memar, gözəl insan
Rasim Əliyev ilə ilk tanışlığım
1970-ci ildə olmuşdu. Mən Azərbaycan Politexnik
İnstitutunun 4-cü kurs tələbəsiydim. Atam vəfat
etmişdi. Anam problemlərimin öhdəsindən gəlsə
də, dostlarımla gəzməyə çıxanda,
özümə siqaret almaq üçün ondan pul istəməkdən
utanırdım. Ona görə atamın dostu, o vaxt Bakı
şəhərinin baş memarı vəzifəsində
çalışan Hənifə müəllim Ələsgərovun
yanına gedib işləmək arzumu bildirdim. Hənifə
müəllim məni dəstəklədi, hətta səbəbini
ona açıq deyərkən bir qədər kövrəldi
də...
O vaxt Rasim Əliyev onun müavini idi.
Cavan idi və cavanlara qarşı da çox
diqqətli idi. Yaş fərqimizə
baxmayaraq mənimlə çox qayğıkeş, səmimi
münasibət qurdu. Sonra mən bir
müddət o idarədən uzaqlaşaraq Leninqradda (indiki
Sankt-Peterburq) “Lenqiproqor” Layihə İnstitutunda şəhərsalma
emalatxanasında çalışdım. Bakıya
qayıtdıqdan sonra yenə də Hənifə müəllimin,
Rasim müəllimin yanına qayıtdım. Məni
çox yaxşı qarşıladılar və az bir zamanda şöbə müdüri vəzifəsinə
təyin etdilər.
Rasim müəllimin
novatorluğu, çevik düşüncəsi mənim bir
mütəxəsis kimi formalaşmağında mühüm
rol oynadı.
Axşam vaxtlarında Rasim müəllim biz
cavanları başına yığıb Bakının
inkişafından söhbət açır, dünya
şöhrətli memarlar haqqında danışır, xarici təcrübədən
bizi məlumatlandırırdı.
Hənifə müəllim
pensiyaya çıxandan sonra hamımız arxayın idik ki,
baş memar vəzifəsinə Rasim müəllim təyin
olunacaq. Bu vəzifəni icra etdiyinə baxmayaraq, nədənsə
təsdiqi uzanırdı. Aylar keçirdi,
biz həyacan keçirirdik. Özündən
soruşanda çox təmkinlə cavab verirdi:
– Görünür, belə gərəkdir.
Amma biz görürdük ki,
çox fikirli və qəmgindir. Axı, o bu idarəyə
müavin vəzifəsinə hələ 1965-ci ildə
Bakının baş memarı vəzifəsində Vadim
Mikayloviç İvanov işləyərkən dəvət
olunmuşdu.
Rasim müəllim onun
haqqında hörmətlə danışardı. V.İvanov
1937 ildən 1967-ci ilə qədər Bakının baş
memarı işləmiş və müasir Bakının şəhərsalma
əsasları məhz o dövrdə qurulmuşdu.
Bir axşam Rasim müəllim
Bakı Şəhər Partiya Komitəsindən qayıdıb
ən yaxın əməkdaşlarını (biz 4 nəfər
idik) yanına çağırdı. Üzü
gülürdü.
– Məni təsdiqlədilər,- dedi.
Sevincimizin həddi-hüdudu
yox idi.
– Nə edək? – soruşdu.
– Bu bizim birgə uğurumuzdur və
bunu sizsiz qeyd etmək istəmirəm.
Axşam saat onun
yarısıydı. Bu təntənəni “İnturist”
mehmanxanasının məşhur restoranında qeyd etdik.
Oradan çıxadan sonra şəhərin
küçələri ilə gəzə-gəzə,
Bakı haqqında düşüncələrimizi
bölüşərək hərə öz evinə istiqamətləndi.
Rasim Əliyevin təşkilatçılığı,
peşəsinə sadiqliyi, Bakıya olan tükənməz məhəbbəti
bizim fəaliyyətimizin, uğurlarımızın əsasını
təşkil edirdi.
Tez-tez Moskvada keçirilən
konfranslara, plenumlara gedərdi. Bir neçə dəfə
belə səfərlərdə mən də iştirak
etmişdim.
Bir dəfə iş vaxtı Rasim
müəllim daxili telefonla zəng vurdu:
– Kabinetimə gəl.
Qış idi.
Kabinetinə getdim.
– Təcili uçuruq Moskvaya, vacib
tapşırıq var,- dedi.
– Gərək evə gedib
yır-yığış edim.
– Vaxt yoxdur. Bu gecə
qayıdacağıq. Heç nə gərək
deyil.
Binə hava limanına 17 dəqiqəyə
çatdıq. O illərin yolları kimin yadındadırsa, başa
düşəcək ki, bu nə deməkdir. Əlbəttə,
təyyarəyə son saniyələrdə çatdıq.
Moskvada tapşırığı uğurla yerinə
yetirib və Bakıya qayıtdıq.
Mən Rasim Əliyevdən
çox şeylər öyrəndim. Düzgün sənəd
hazırlamaq, nitqi düzgün qurmaq, insanlarla davranış,
dövlət mövqeyi və əlbəttə, vəzifə
borcuna diqqətlə, məsuliyyətlə yanaşmaq. Rasim müəllim bizi müdafiə etməyi də
özünə borc bilirdi.
Azərbaycan dəmir
yollarının rəhbəri respublikada nüfuzlu şəxslərdən
idi. Bakı Sovetinin İcraiyyə Komitəsinə
müraciət edib Keşlə dəmir yolunun qoruq
zolağında işçiləri üçün
kiçik tikililər aparmağa icazə istəmişdi.
Məktub mənim şöbəmə
daxil oldu. Dərhal cavab hazırladıq ki, bu təhlükəsizlik
baxımından düzgün deyil. Bakı
Şəhər Soveti İcraiyyə Komitəsi (BŞSİK)
sədrinin müavini adından rədd cavabı
hazırladıq. O isə qorxub imza atmadı.
– Hələlik qoy qalıb. Sonra
baxarıq, – dedi.
Məktub Nazirlər Sovetindən
gəldiyinə görə nəzarətə
alınmışdı və icra müddəti bir ay idi. Bir xeyli vaxt
keçəndən sonra, gördüm vaxtı ötür, məktubu
şöbəmin blankında çap edib, özüm imza
atdım və göndərdim.
Bu, subordinasiya pozuntusu idi. Amma mən vəzifə
borcumu yerinə yetirdim. Bir müddət
keçədən sonra həmin o nüfuzlu məmur şikayət
etdi ki, mənim məktubuma cavab verilməyib. Nazirlər Sovetindən Bakı Şəhər Soveti
İcraiyyə Komitəsindən izahat tələb etdilər.
Gəlib çıxdılar
mənim rəhbərlik etdiyim şöbəyə. Gördülər
ki, əslində, cavab vaxtında verilib və düzgün
verilib. Amma mən buna hüququm olmadan
özüm qol çəkmişəm. Rasim müəllim
məni çağırıb bir az
acıqlandı ki, mən bunu gərək ona deyəydim.
İzah etdim ki, BŞSİK
sədrinin müavini qol çəkmədi, Rasim müəllim
o anda məzuniyyətdə idi, ona görə də
özüm, öz blankımızda məktubu göndərdim.
O vaxt Rasim müəllim məni
müdafiyə etdi və sübut etdi ki, mən bunu işin xətrinə
və Bakının xeyrinə etmişəm. Məsələyə
səhlənkar yanaşdığına görə
BŞSİK sədrinin müavininə töhmət verdilər.
Keşlə dəmir yolunun
qoruq zolağında isə icazə olmadan tikdilər və
indi də bu problemi Bakı yaşamaqdadır.
1975-ci ildə mən layihə
işləri ilə məşğul olmaq üçün
layihə institutuna işə keçdim. Rasim müəllim
buraxmırdı. Mənə öz
müavini vəzifəsini belə söz verirdi. Lakin o vəzifədə
artıq bir adam işləyirdi deyə,
kiminsə işdən azad olunması yolu ilə vəzifə
tutmağı özümə rəva görmədim.
Amma, əlaqəmiz kəsilmədi. Zəngləşirdik.
Bir gün bizə qonaq gəldi. Anamla həyat yoldaşım bizə yaxşı
Bakı düşbərəsi və qutabı
hazırladılar. Gecə yarıdan
keçmiş Rasim müəllim vidalaşanda etiraf etdi ki, bu
yaşına qədər belə dadlı yemək yeməyib.
Və sonralar da hər
görüşümüzdə o axşamı yadına
salırdı.
Üstündən illər
keçdi. Bir gün eşitdim ki, Rasim Əliyev vəzifəsini
tərk edib. 1988-ci il idi. Artıq ölkə siyasi sarsıntılar
yaşayırdı. Qorbaçovun səriştəsiz
siyasəti gülünc formalar alırdı.
Elan olundu ki, Bakının
baş memarı vəzifəsinə Ümumittifaq müsabiqəsi
elan olunub. Artıq nankor qonşularla münasibətlər kəskinləşirdi.
Mən zarafatla dedim:
– Birdən bu müsabiqəyə bir
erməni namizədliyini verdi? Necə olacaq?
Müsabiqədə
iştirak etməkdən imtina etdim. Baxmayaraq ki, mənə
ciddi təkliflər olmuşdur. Hamı məni
Rasim Əliyevin hazırladığı mütəxəssis
kimi tanıyırdı.
Uzun- uzadı proseslərdən
sonra, akademik Mikayıl Üseynovun təklifi ilə, məni bu
vəzifəyə dəvət etdilər.
Təqdimat tədbirində, kollektivə
müraciət edib dedim:
– Mən bu idarədən 14 il öncə ayrılmışam. Amma gördüm ki, kollektivin əsasını
köhnə əməkdaşlar təşkil edir. Söz verirəm ki, heç kimi vəzifəsindən
uzaqlaşdırmayacağam. Hamınızla
işləyəcəyəm. Amma bir şərtim
var. Biriniz gəlib Rasim müəllimin dalınca bir söz desəniz,
vəzifənizi tərk edəcəksiniz.
Bu söhbət 1989-cu ilin
dekabr ayının 4-də baş verib. Həmin
axşam qapı açıldı və otağıma Rasim
müəllim əlində bir dəstə gül və bir
şüşə fransız konyakı daxil oldu.
Məni qucaqladı:
– Gülü Elmira xanıma apararsan,
bunu isə,– konyakı göstərdi,– sənin
və mənim qələbəmizi qeyd etmək
üçün gətirmişəm.
O, mənim bu yüksək vəzifəyə
layiq olduğumu söylədi. Müsabiqədə
iştirak edən adamlar haqqında fikirlərini söylədi.
Mənim müsabiqədə iştirak etmədiyimi
düzgün addım kimi qiymətləndirdi. Bir neçə saat söhbətdən sonra onu evinə
apardım.
1992-ci ildə Rasim müəllim
valideyinlərinin hər ikisini itirdi. O vaxtlar ulu öndər Heydər
Əliyev Naxçıvanda idi və hakimiyyət ona
qarşı nəinki qısqanclıq edir, düşmənçilik
mövqeyində idi. Buna baxmayaraq, Bakı Şəhər
İcra Hakimiyyətinin o vaxtkı başçısı Rauf
Gülməmmədov və onun ətrafına toplaşanlar,
bizim idarənin rəhbərliyi ulu öndərin yaxın
qohumlarının dəfni ilə bağlı bütün
işləri öz üzərimizə götürdük.
Çünki, R. Gülməmmədov da, mən də,
müavinim E. Əsədov da ilk növbədə akademik Həsən
Əliyevin böyük alim olmasını, dahi Heydər
Əliyevin böyük qardaşı olmasını və
dostumuz ağsaqqalımız Rasim Əliyevi
düşünürdük. Biz bilirdik ki, bundan
ötrü başımız ağrıya bilər. Bilirdik, amma borcumuzu da unutmurduq.
Baş memar vəzifəsində
işlədiyim dövrdə Rasim müəllim ilə mütəmadi
görüşürdük. Hərdən axşam
çağı özü gələrdi. Bilirdi ki, mən işdən axşam 11-dən tez
getmirəm. Bəzən zəng vurub deyirdi:
– Sabah səhər yeməyinə bizə
gəl. Dilşad xanım yaxşı süfrə
açacaq.
2001-ci ildə vəzifəmi tərk
edəndə, Rasim müəllim məni yanına
çağırdı və dedi: İsdəyirəm Heydər
Əliyevə müraciət edim ki, səni buraxmasınlar.
– Çox sağ olun, dedim,
Bakının indiki rəhbərliyi ilə işləyə
bilməyəcəyəm. Başqa bir yerə
layiq görərsə, mən hazıram.
Lakin tale elə gətirdi ki,
mən 2012-ci ildə gərək oldum. Buna baxmayaraq,
biz daima əlaqədə idik. Hərdən zəng vurub
danlayırdı:
– Gəlib getmirsən.
Narahat etmək istəmədiyimlə
özümə bəraət qazandırırdım.
Memarlar İttifaqına seçiləndən sonra görüşlərimiz tez- tez olurdu. Böyük həvəslə tədbirlərimizə gəlirdi. Eyni zamanda, Azərbaycan Memarlıq və İnşaat Universitenin professoru idi. Universitenin rektoru, professor Gülçöhrə xanım Məmmədova ona böyük hörmət bəsləyirdi. Rəhbərlik etdiyi kafedrada tələbələrə öz təcrübəsini və biliyini çatdırırdı.
Heç yadımdan çıxmaz. 85 illik yubileyində onun haqqında xoş, səmimi sözlər söyləyənlərin sırasında mən də var idim. Tədbirdən sonra mənə zəng vurub dedi:
– Bilirdim ki, mənə böyük hörmətin var. Amma o sözlərlə ki, sən bunu səsləndirdin, o sözləri bildiyini təsəvvür etmirdim. Düşünmürdüm ki, Azərbaycan dilini belə gözəl bilirsən. Allah atana, Ənvər müəllimə rəhmət eləsin. Onun böyüklüyünə layiqsən.
Son illər ağır xəstəlik keçirirdi. Arada zəng vururdum, evdəkilər deyirdilər halı yoxdur, danışa bilmir. Son ad günündə zəng vurdum. Yenə də danışa bilmədi. Dedilər kövrəlir. Amma sonradan özü zəng vurdu, təşəkkürünü bildirdi.
Zarafatyana dedi:
– Eşitmişəm
Memarlar İttifaqı “Memarlıq və Şəhərsalma. Ensiklopedik
lüğət” hazırlayıb. Mən orda varam?
– Yəni, ola bilərmi ki, olmayasınız, Rasim müəllim? Lüğəti tanınmış alim, elmlər doktoru Şəhla xanım Qəhramanova hazırlayıb, mən elmi redaktoruyam. İnşallah, çapdan çıxan kimi sizə hədiyyə edəcəyik. Orada haqqınızda geniş məlumat var. Şəkliniz də var. Ən çox xoşunuza gələn fotonuzdur.
“Memarlıq və Şəhərsalma. Ensiklopedik lüğət” çapdan çıxdı. Rasim müəllim haqqında məlumat və ən çox xoşuna gələn foto ilə.
Amma dəfnindən 3 gün sonra, həmin foto məzarı başında yerləşdirildi.
Azərbaycanın milli memarlığının təkrarolunmaz bir səhifəsi bağlandı.
Elbay QASIMZADƏ,
Azərbaycan Memarlar İttifaqının sədri
Xalq qəzeti.-
2021.- 25 noyabr.- S.10.