Dünyaya işıq saçan DAHİ NİZAMI

 

Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə 2021-ci il ölkəmizdə “Nizami Gəncəvi ili” elan olunub. Bununla əlaqədar bu il Azərbaycanda bir sıra tədbirlər keçirilib, Nizami Gəncəvi irsinin təbliği, əsərlərinin ölkədə və xaricdə nəşri ilə bağlı mühüm addımlar atılıb. Noyabrın 24-də Bakıda öz işinə başlayan “Nizami Gəncəvi: Mədəniyyətlər arasında körpü” mövzusunda Nizami Gəncəvi Beynəlxalq Forumu da bu sıradan növbəti tədbirdir. Forum “Nizami Gəncəvi ili” çərçivəsində Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə reallaşıb. Bu beynəlxalq görüşdə 15 xarici ölkədən 40-dan çox alim, elm adamı və ekspertlər, eləcə də dövlət rəsmiləri, ali təhsil müəssisələrinin rəhbərləri, beynəlxalq təşkilatların və diplomatik korpusun nümayəndələri iştirak ediblər.

 

Nizami Gəncəvinin anadan olmasının 880 illiyinə həsr edilmiş Beynəlxalq Forum dahi mütəfəkkirin zəngin ədəbi irsini araşdıran beynəlxalq səviyyəli, nüfuzlu elm adamlarını bir araya gətirib. Forum çərçivəsində “Nizaminin Orta əsr Şərqində siyasiictimai ənənələrə təsiri”, “Nizami Gəncəvi: Müasir dünyaya baxış”, “Nizami “Xəmsə”sinin dünya ədəbiyyatına və mədəniyyətinə təsiri”, “Xəmsə” dialoqlarının didaktik rolu”, “Sovet dövründə Nizami tədqiqatları” mövzularına həsr edilmiş panel müzakirələr, təqdimatlar, ikitərəfli görüşlər, kitab təqdimatı və digər tədbirlər keçirilib.

 

Forumun açılışında çıxış edən Baş nazirin müavini Əli Əhmədov Nizami Gəncəvinin Azərbaycan xalqının yetişdirdiyidünyaya bəxş etdiyi böyük şairlərdən biri olduğunu söyləyib: “Nizami Gəncəvinin bütün yaradıcılığı, həyatı bilavasitə Azərbaycanla bağlıdır. O, Gəncədə doğulubbütün həyatını orada keçirib. Onun yaradıcılığı nə dərəcədə Azərbaycanla bağlıdırsa, o dərəcədə də ümumbəşəri dəyərlərə xidmət etdiyindən bütün dünyaya örnəkdir. Nizami Gəncəvi yaradıcılığına xas olan bütün dəyərlər – xeyirlə şərin mübarizəsi, gözəlliyin tərənnümü, ədalətli cəmiyyət problemi, hesab edirəm ki, bütün xalqlarabütün dövrlərə aid ümumbəşəri problemlərdir. Nizami Gəncəvi böyük şair olmaqla yanaşı, eyni zamanda, dahi mütəfəkkir, dərin təfəkkürə sahib filosof idi. Onun əsərlərində xalqlar arasında dostluq ideyalarını tərənnüm edən tezislər də mövcuddur. İndiki dillə desək, Nizami Gəncəvi xalqlar arasında xoşməramlı səfir idi. Ona görə də bütün dünya onu 880 il sonra da böyük hörmətlə yad edir. Onun əsərləri 8 əsrdən çoxdur ki, sevilir, oxunur. Nizami Gəncəvi Azərbaycan xalqının fəxri, iftixarıdır”.

 

Mədəniyyət naziri Anar Kərimov bildirib ki, Azərbaycan dünyada mədəniyyətlərarası dialoq, tolerantlıq, sülh, əməkdaşlıq və dayanıqlı inkişaf kimi mütərəqqi ideyaların fəal təbliğatçısı kimi çıxış edir. Bu da təsadüfi hal deyil. Xalqımızın mədəniyyətinin, multikultural dəyərlərinin və baxışlarının formalaşdırılmasında Nizami Gəncəvi poeziyasının müstəsna rolu olub: “Şərqin böyük şairi və mütəfəkkiri Nizami Gəncəvi təkcə öz doğma Vətənində deyil, bütün dünya ədəbiyyatında dərin iz buraxmış dahi şəxsiyyətlərdəndir. XII əsr Azərbaycan Atabəylər dövlətinin əsas mərkəzlərindən olan Gəncədə dünyaya gəlmiş Nizami ömrünün sonunadək bu qədim şəhərdə yaşayıb, Atabəylər, Şirvanşahlar və digər türk dövlətlərinin hökmdarlarının xahişi ilə dünya mədəniyyəti xəzinəsinə öz misilsiz incilərini bəxş edib. Nizami ümumbəşəri sevgi və fəlsəfənin təkrarsız lirikasını, ən əsası isə – “Xəmsə” kimi şah əsərini yaratmaqla Şərq intibahının banisi oldu. Şairin sonrakı nəsillərə qoyduğu poetik mirası insanları yaxşılığa, mərhəmətə, dostluğa, millətləri sülhün, ədalətin və harmoniyanın ümumbəşəri səltənətinin qurulmasına çağırır”.

 

Nazirin sözlərinə görə, Mövlanə Cəlaləddin Rumi, Əmir Xosrov Dəhləvi, Əlişiri Nəvai, Məhəmməd Füzuli, Əbdurrəhman Cami və Şərqin daha neçə-neçə dahi şairi Nizami yolunun layiqli davamçılarıdır. Ümumbəşəri əhəmiyyət kəsb edən Nizami mövzularının əkssədasını Qərb ədəbiyyatının Dante, Bokaçço, Volter, Göte, Qozzi, Şekspir və digər mütəfəkkirlərinin yaradıcılığında da sezmək mümkündür. XIX əsrdən rus dilinə tərcümə olunmağa başlayan Nizaminin əsərlərinə V.XlebnikovPtitsin kimi rus şairləri də nəzirələr yazıb. Başqa sözlə, Nizami şəxsiyyəti və irsi Azərbaycan mədəni mühitində dünyaya gəlsə də, bütün bəşəriyyətə məxsus universal bir dəyərdir. 

 

A.Kərimov qeyd edib ki, əsrlər ötüb keçsə də, Nizami irsi öz aktuallığını daim qoruyub saxlayır, dahi şairin cəmiyyətdə xoşbəxtlik və tərəqqinin bərqərar olunması üçün XII əsrdə təqdim etdiyi sosial həllər müasir dövrdə də gələcəyi işıqlandırmağa davam edir. Onun insan cəmiyyətinə ensiklopedik yanaşması bugünkü dünyada da parlaq gələcək üçün çalışan müxtəlif din, dil, peşə sahibləri üçün ilham mənbəyi olmağa layiqdir. Məlumdur ki, BMT-nin 2030-cu il üçün Qlobal Gündəliyi çərçivəsində qəbul olunmuş 17 Dayanıqlı İnkişaf Məqsədi (DİM) bütün qlobal problemlərin həllini nəzərdə tutur: “Biz istəyirik ki, BMT ölkələri DİM-lərin təmin edilməsi üçün özünün mədəniyyət siyasətini, məcazi mənada hamı öz “Nizami Gəncəvi”sini tapsın”.

 

Türkiyə Respublikasının mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy Nizamini yaradıcılığı ilə bir çoxlarına ədəbiyyatın qapısını açmaqla yanaşı, astronomiyanı, fəlsəfəni, coğrafiyanı, tibbi və riyaziyyatı, eyni zamanda, 7 dili mükəmməl bilən alim kimi xarakterizə edərək bildirib ki, türk dünyası böyük atasının əmanətlərinə qürurla sahib çıxmağa və nəsildən-nəslə ötürməyə davam edəcək.

 

Özbəkistan Respublikasının mədəniyyət naziri Ozodbek Nazarbəyov vurğulayıb ki, dünya tarixini türk şəxsiyyətləri olmadan təsəvvür etmək mümkün deyil. Onların arasında iki önəmli insanın adını xüsusi vurğulamaq lazımdır: Nizami Gəncəvi və Əlişir Nəvai. Bu günlərdə Özbəkistanda da Əlişir Nəvainin 580 illik yubileyi qeyd edilir.

 

Rusiya Federasiyası Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy deyib ki, Rusiyada iki böyük şəhərdə – MoskvadaSankt-Peterburqda Nizami Gəncəviyə heykəl qoyulub. O, təkcə Azərbaycanın deyil, Şərqin dahi oğludur: “Bu ilin “Nizami Gəncəvi ili” elan olunması əhəmiyyətli hadisədir. Hazırda bu il çərçivəsində Rusiyada Ermitaj Muzeyində Azərbaycan xalçasının nümayişi keçirilir. Nizami Gəncəvi İslam dünyasında maarifləndirmə işığını özündə təcəssüm etdirib. Bu işıq bu günə qədər bizim üzərimizdədir”.

 

Beynəlxalq Forumda Birgə Kommünike qəbul edilib. Kommünikedə deyilir ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2021-ci ilin “Nizami Gəncəvi ili” elan edilməsi ilə bağlı sərəncamı, Mədəniyyət Nazirliyinin forumu Bakıda təşkil etmək təşəbbüsü alqışa layiqdir. Nizami yaradıcılığının şah əsəri – məşhur “Xəmsə” toplusunda ehtiva olunan fikirlər bu günədək qlobal gündəliyin əsas prioriteti olançağdaş dünyamızda da öz aktuallığını itirməyən humanizm, bərabərlik, ədalət, sülh naminə davamlı əməkdaşlıq və mehriban qonşuluq münasibətlərinin təşviqi kimi ümumbəşəri dəyərlərin təbliğində əsas rol oynayıb.

 

Sənəddə daha sonra deyilir: “Biz, həmçinin Mədəniyyət Nazirliyinin BMT-nin 2030-cu il üçün Qlobal Gündəliyində göstərilən Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) həyata keçirilməsini Nizami Gəncəvinin prizmasından izah edilməklə yeni yanaşma ilə gücləndirmək təşəbbüsünü alqışlayırıq. Bu yanaşma DİM-ləri milli mədəniyyət, tarix və adətənənələrin bir hissəsi kimi təqdim edərək daha yaxşı icma sahibliyinə imkan verəcək. İcmalar onları ənənələrinə xas olanonlardan qaynaqlanan dəyərlər və məqsədlər kimi qəbul etmədikcə, DİM-lərə heç vaxt tam nail olunmayacaq. Biz digər dövlətləri DİM-in tam şəkildə həyata keçirilməsində yeni mərhələ kimi xidmət edə biləcək belə bir yanaşmadan istifadə etməyə çağırırıq. Nizaminin böyük mədəni və zəngin fəlsəfi irsinin müasir dünyada güclü əks-səda doğurduğunu nəzərə alaraq, forum iştirakçıları bu tədbirin regional əhəmiyyətli müxtəlif məsələlərin müzakirəsi məqsədilə mühüm dialoq platforması kimi müntəzəm olaraq Azərbaycanda keçirilməsini təklif edirlər”.

 

Paşa ƏMİRCANOV

 

Xalq qəzeti .-  2021.- 28 noyabr.- S.7.