Azərbaycanı dünyaya
tanıdan böyük sənətkar
Dərin təəssüf hissi ilə bildirmək istəyirəm ki, bu il Xalq rəssamı Tahir Salahovun ad gününü onsuz qeyd edəcəyik. Xalqımızın böyük oğlu, təsviri sənətimizin görkəmli nümayəndəsi, dünya şöhrətli rəssamın haqq dünyasına qovuşması milli mədəniyyətimiz üçün ağır itkidir.
Əsərləri dünyanın nüfuzlu muzeylərinin daimi eksponatına çevrilmiş Tahir Salahovun zəngin yaradıcılığı mədəniyyət tariximizdə xüsusi bir mərhələ təşkil edir. T.Salahovun rəngkarlıqda nümayiş etdirdiyi orijinallıq və müasirlik onu bənzərsiz, fərqli rəssam kimi böyük sənətin geniş meydanına çıxarmışdır.
Bu böyük sənətkarın rəngkarlıqda açdığı sərt realizm üslubu tamamilə orijinal olub, Azərbaycan təsviri sənətini yeniləşdirmiş və daha da müasirləşdirmişdir. Haqlı olaraq, bu görkəmli sənətkarı əsərlərinin orijinallığına və böyük xidmətlərinə görə dünyanın ən məşhur rəssamları ilə bir cərgəyə qoyurlar.
Hələ sovet illərindən etibarən böyük fırça ustası Tahir Salahov rəssamlıq sənəti üçün təsəvvür edilməyən çətin mövzularla həyatın görünməyən və ya az görünən tərəflərini tünd boyalarla sənətdə ifadə etmək vəzifəsini ciddi bir iradə ilə həyata keçirmişdir. Onu sərt realizm cərəyanının yaradıcısı kimi qəbul edirlər.
Tahir Salahovun yaradıcılığı, əsasən, üç rəngin harmoniyası üzərində qurulmuşdur: qara, qırmızı və ağ. Doğrudur, o, digər rənglərdən də yerli-yerində istifadə etmişdir. Lakin əsərlərindəki digər rəng effektləri köməkçi funksiya daşımış, ayrı-ayrı əsərlərdə aparıcı rənglərin ifadə etdikləri mənaların daha aydın və cəlbedici şəkildə çatdırılmasına yardımçı olmuşlar.
1957-ci ildə Surikov adına Rəssamlıq İnstitutunda tələbə ikən diplom işi kimi çəkdiyi “Növbədən qayıdarkən” adlı rəsm əsərində tündvari açıq rənglərdən istifadə olunmuşdur. Əslində, diplom işi kimi əla qiymətə layiq görülmüş “Növbədən qayıdarkən” rəsmi Tahir Salahovun yaradıcılığı üçün xarakterik olan bir çox keyfiyyətləri özündə cəmləşdirir.
Məşhur “Səhər qatarı” (1958), “Neftçi” (1959), “Təmirçilər” (1960), “Qara Qarayev” (1960), “M.Ə.Sabir” (1962), “Qız qalası” (1969), “Nardaran kəndi” (1974), “Venetsiya. Böyük kanal” (1979), “Babək” baletinə eskiz” (1983), “Dmitri Şostakoviçin portret” (1987), “Çikaqo” (1987), “Parisin payız görkəmi” (1989), “Firudin Şuşinskinin portreti” (1994) və sair kimi rəsm əsərlərində qara və ya tünd rənglər mövzunun bədii həllində aparıcılıq təşkil etmişdir. Nəticə etibarilə qara rəng Tahir Salahov sənətində həyatın dərinliklərinin təsvirinə, cəmiyyət hadisələrinə sərt sənətkar mövqeyinin ifadə olunmasına münasib şərait yaratmışdır. Qara rəngin yaratdığı ovqat Tahir Salahov sənətində sərtlik, ciddilik, gerçəklik kimi mətləbləri ifadə edir. Ağ rəngdən isə Tahir Salahov qara rəngdə çəkilmiş əsərləri üçün təzad yaratmaq məqsədilə məharətlə istifadə etmişdir.
Onun “Neftçi” əsərində (1959) bütün cizgiləri mazut rəngində olan Bakı neftçisinin yalnız müştüyünün qırmızı rəngdə olması, əslində, məcazi mənada sovet dövründə Azərbaycan neftinin sümürülüb aparılması mətləbini çox dolğun şəkildə ifadə edir. Və yaxud sərt rənglərlə və cizgilərlə çəkilmiş “Xalq şairi Rəsul Rzanın portreti”ndə (1971) onun kitabının cildinin qatlanan hissəsində yerləşdirilmiş kiçik qırmızı qələm azadlığa, müstəqilliyə meyilli sənətkarın əsərlərində örtülü şəkildə qan qoxulu ciddi mətləblərin, ictimai fikirlərin ifadə olunduğunu nəzərə çarpdırır.
Ulu öndər “Heydər Əliyevin portreti” əsərində Tahir Salahov rənglərin mütənasib harmoniyasından şəxsiyyətin qüdrətini əks etdirmək üçün bacarıqla istifadə etmişdir. Bakı şəhərinin seçilmiş fraqmentlərinin fonunda çəkilmiş portretin ətrafındakı pəncərədən nəzərə çarpan tündvari Xəzər görüntüləri ulu öndərin Azərbaycan üçün çətin bir dövrdə hakimiyyətə gəldiyini göstərir. Çox qətiyyətli duruşu və iti baxışlarının təsviri onun Xəzərin bulanıq səmasını dəyişib açmağa qadir dövlət başçısı olması fikrini ifadə edir. Prezident Heydər Əliyevin tünd qırmızı qalstuku isə onun dönməz mövqeyini, istənilən çətin mübarizədə qalib gəlmək əzmini mənalandırır.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev də həmişə Tahir Salahovun sənətini və şəxsiyyətini yüksək qiymətləndirmiş, ən çətin məqamlarda ona dəstək olmuşdur.
Tahir Salahov Fikrət Əmirovun portretini çəkərkən (1967) də bu görkəmli sənətkarı qırmızı köynəkdə təqdim etməsi səbəbsiz olmayıb. Bununla onun yaradıcılığının qayəsini, xüsusən vətəndaş sənətkarın zamanla mücadilədə olması mətləbini mənalandırmışdır. Abşeron motivləri silsiləsində keçən əsrin altmış-səksəninci illərində çəkilmiş çoxsaylı rəsmlərin mütləq əksəriyyətində də cüzi şəkildə istifadə olunan, bəzən hətta nöqtə boyda qeyd edilən qırmızı rəngdən Azərbaycanın sərvətlərinin özünə qismət olmaması, yaxud zor dönəmdə xalqın öz sərvətlərinə sahib olmasının çətinlikləri örtülü vasitələrlə öz əksini tapmışdır.
Geniş dünyagörüşə malik Tahir Salahovun beynəlxalq mövzularda çəkdiyi əsərlər ilk növbədə Azərbaycan xalqını Yer kürəsinin müxtəlif guşələrində yaşayan insanların həyatı ilə tanış etməyə hesablanmışdır.
Onun əsərlərinin əksəriyyətində mütləq bir parça Xəzər effekti, bir cizgi Abşeron rəngi, ovqatı təsvir edilmişdir. Tahir Salahov milli təsviri sənətimizdə möhtəşəm bir Xəzər epopeyasının, yaxud Abşeron dastanının yaradıcısıdır. Mahir rəssamın fırçasından çıxmış “Təmirçilər” (1960), “Növbədən qayıdarkən” (1957), “Səhər eşelonu” (1958), “Abşeron qadınları” (1967), “Xəzərdə” (1967), “Nardaran kəndi” (1974), “Dənizdə buruqlar” (1968), “Xəzərdə qayalar” (1969), “Xəzərdə axşam” (1972), “Eyvanda” (1977), “Mərdəkan qalası” (1978), “Xəzərdə tufan” (1978), “Nardaranda küçə” (1978), “Xəzər sahilləri” (1980) və sair kimi əsərlərindən hər biri təsviri sənətimizdə hadisə kimi qarşılanmışdır.
Müstəqillik illərində Tahir Salahov ölkəmizin yeni dövranını və müasir insanı ilhamla vəsf etməyə üstünlük vermişdir.
Azərbaycan Respublikasının Xalq rəssamı, Sosialist Əməyi Qəhrəmanı Tahir Salahov uzun illər Azərbaycan və SSRİ Rəssamlar İttifaqına sədrlik etmiş, Rusiya İncəsənət Akademiyasının vitse-prezidenti kimi elmi-pedaqoji fəaliyyətini uğurla davam etdirmişdir. Qüdrətli fırça ustası ustad bir müəllim kimi, yeni nəsil rəssamların yetişib formalaşdırılmasına misilsiz töhfələr vermişdir. O, Azərbaycanın və dünyanın bir çox ölkələrində, o cümlədən Rusiyada, Fransada, Almaniyada, İspaniyada, Bolqarıstanda, Avstriyada və başqa ölkələrdə beynəlxalq akademiyaların, elmi və yaradıcılıq qurumlarının üzvü seçilmiş, yüksək mükafatlara layiq görülmüşdür. SSRİ və Azərbaycan Ali sovetlərinin deputatı olmuşdur. Tahir Salahov dünya təsviri sənətinin ən görkəmli və böyük nüfuza malik nümayəndələrindən biri idi.
Azərbaycanda onun çoxcəhətli elmi-pedaqoji və rəssamlıq fəaliyyəti dövlət səviyyəsində yüksək qiymətləndirilmişdir. Prezident İlham Əliyevin sərəncamı ilə Tahir Salahov ölkəmizin ən yüksək mükafatı olan “Heydər Əliyev” ordeni ilə təltif olunmuşdur. Müstəqil dövlətimizin “İstiqlal” ordenini daşıyan bu böyük sənətkar, həm də Azərbaycan Respublikası Prezidentinin fəxri təqaüdçüsü idi. Dövlət mükafatlarıı laureatı Tahir Salahov, eyni zamanda, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi fəxri adlarına layiq görülmüşdür.
Tahir Salahovun əsərləri də cəmiyyətin dərin qatlarına və mühüm mətləblərinə gur işıq salır, həyata, insanlığa, düşüncəyə, dünyaya və ölkə reallıqlarına aydınlıq gətirir, həmişə işığa və inkişafa çağırır.
Xalq rəssamı Tahir Salahovun parlaq adı Azərbaycan incəsənətinin tarixində və xalqımızın yaddaşında milli təsviri sənətin əfsanəsi kimi əbədi yaşayacaqdır.
Elçin ORUCOV
Əməkdar mədəniyyət işçisi,
rəssam
Xalq qəzeti
.- 2021.- 30 noyabr.- S.10.