Hüseyn Cavid,
“Şərqin Şekspiri”
qırğız dilində
“Azərbaycan ədəbiyyatının əfsanəvi klassiki, böyük humanist şair, romantik dramaturq və müdrik filosof – Hüseyn Cavidin irihəcmli
əsərlər toplusu ilk
dəfə qırğız dilində nəşr olunub”.
Qırğız Respublikasının kütləvi informasiya vasitələrində kitabın çap olunması böyük əks-səda doğurub və “NEXT TV”, “ELTR” televiziya kanallarında, ən populyar “Veçerniy Bişkek”, dövlət “Slovo Qırğızstana” (“Qırğızıstanın Sözü”), ictimai və siyasi “Barometr” qəzetlərində, "Kabar" Milli İnformasiya Agentliyində, “01.kg”, “Today.kg”, “Akmedia.kg” informasiya portallarında və digər KİV-də kitab barəsində geniş məlumat verilmişdir.
Əksər rus və qırğızdilli nəşrlərin manşetində yer alan informasiyada Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən birinin, Azərbaycan və ümumilikdə, Şərq romantizmində parlaq səhifələrin yaradıcısı Hüseyn Cavidin dramaturgiya və poeziyası barədə məlumat verilərək qeyd olunur: “Çıqarmalar” (“Əsərlər”) adlı kitabda şair-dramaturqun “Xəyyam”, “Topal Teymur”, “Şeyx Sənan”, “Əzazil” dramları, həmçinin “Çiçək sevgisi”, “Solmayan çiçək”, “Başqasının dərdində sevinmə”, “Ağam”, “Görmədim”, “Kometa”, “Çəhrayı çarşab”, “Get”, “Qaçqın” və başqa şeirləri yer alıb”.
Qırğız Respublikasının yazılı və elektron informasiya vasitələrində yerləşdirilən yazıda filosof şair-dramaturqun qırğız dilində təqdimatında görkəmli şair-dramaturq, əməkdar incəsənət xadimi Hidayətin xidmətləri qeyd olunur və bu addımın strateji məqsədləri xatırladılır: “Topluya Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Hidayət “Şərqin Şekspiri” adlı ön söz yazıb. “Ön Söz”də Hüseyn Cavid yaradıcılığının qırğız dilində təqdimatının iki qardaş ölkə xalqları arasındakı mövcud mədəni əlaqələrin daha da genişlənməsinə xidmət edəcəyi şübhəsizdir”.
“Ön Söz”də Cavidin bir çox dünya xalqlarının dillərinə tərcümə olunduğunu qeyd edən Hidayət qardaş qırğız xalqına, onun tarixi mənəvi qaynaqlarına hörmət və ehtiramını ifadə edir: “Çox şadam ki, bu gün onlar böyük Manasın, eləcə də qırğız xalqının şanlı oğlu Çingiz Aytmatovun dilində nəşr olunub.
Hüseyn Cavid Azərbaycan və Şərq poeziyasının şöhrətini daha da artıran, ona türkçülük ideyalarını gətirən görkəmli şəxsiyyətdir. Məhz o, milli ədəbiyyatımızda romantizmin banisi, poetik dram və faciə janrının yaradıcısı olub.
Qüdrətli söz sənətkarının mənəvi zənginliyi ilə seçilən əsərləri bir çox nəsillərin estetik zövqünü formalaşdırıb. Onun fəlsəfi lirikasında Tanrıya məhəbbət və gözəllik, xeyirlə şər, işıq və qaranlıq qüvvələrin mübarizəsi, rəğbət, humanizm və xeyriyyəçilik kimi yanan problemlərə və bu kimi mühüm, əbədi mövzulara toxunulur.
Sağlığında şöhrət qazanan unikal şairin Şərqin Şekspiri adlandırılması təsadüfi deyildi. Onun bütün əsərlərinə hopdurulan dərin fəlsəfi məna hansı dilə tərcümə olunmasından asılı olmayaraq oxucunu biganə qoymur və buna görədir ki, Cavid yaradıcılığı bu gün də öz aktuallığını saxlayır.
Son dərəcə istedadlı şair və mütəfəkkir çox parlaq, lakin faciəli həyat yaşadı. O, Azərbaycan ədəbiyyatı və dramaturgiyasında yeni səhifə açdı, milli teatrın inkişafına güclü təsir göstərdi. Hüseyn Cavid özündən sonra zəngin bədii irs qoyub və onun istedadının qiymətli bəhrələri əsl milli sərvətə çevrilib”.
“Ön Söz”də ancaq Azərbaycan deyil, türk xalqları ədəbiyyatının təkrarsız nümayəndəsi üçün qırğızdilli oxucuların şəxsində yeni auditoriya yaradan insanlar ehtiramla qeyd edilir: “Şair Kojoqeldi Kulteginin, eləcə də filoloq-türkoloq Kalmamat Kulamşayevin mahir tərcüməsi və böyük əməyi sayəsində qırğız oxucuları Azərbaycanın ən yaxşı və dünya şöhrətli şairlərindən birinin yaradıcılığına qədəm basacaq, onunla yaxından tanış ola biləcək, zəngin daxili aləmi və dərin fəlsəfi düşüncələrinə daha yaxından bələd olacaqlar”.
Kitab
“Turar” mətbəəsində yüksək
keyfiyyətli rəngli illüstrasiyalar və
nəfis poliqrafik səviyyə ilə çap olunub.
Xalq qəzeti
.- 2021.- 30 noyabr.- S.11.