Zəfər tarixinin
xronikası
2 oktyabr
2020-ci il
Həmin gün:
– Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Konya vilayətində inşa olunan şəhər xəstəxanasının açılışında bildirib: “Ermənistan Dağlıq Qarabağ problemi həll edilmədən yenidən Azərbaycan torpaqlarına hücumlara başlayıb. Lakin bu dəfə Ermənistan ordusu çox ağır cavab aldı. Qardaş Azərbaycan Qarabağı işğaldan azad etmək üçün genişmiqyaslı əməliyyata başladı. İndiyədək uğurla irəliləyən Azərbaycan Ordusu bir çox əraziləri işğaldan azad edib”.
Qarabağ işğaldan azad edilənədək bu mübarizənin davam edəcəyini vurğulayan Rəcəb Tayyib Ərdoğan daha sonra Türkiyənin bütün imkanları ilə Azərbaycanın yanında olacağını vurğulayıb;
– İtaliyada rəsmi səfərdə olan Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu italyan həmkarı Luici Di Mayo ilə birgə mətbuat konfransında bildirib ki, əgər beynəlxalq ictimaiyyət nəsə etmək istəyirsə, o zaman Ermənistanı dərhal Azərbaycan torpaqlarından çıxarsın.
Ermənistanla Azərbaycan arasındakı Dağlıq Qarabağ münaqişəsinin indiyədək həll olunmamasının Ermənistanı cəsarətləndirdiyini və hücumlara ruhlandırdığını deyən M. Çavuşoğlu bu dövlətin həmçinin işğal edilmiş ərazilərdə qeyri-qanuni şəkildə başqa ölkələrdən gələn erməniləri yerləşdirmək istiqamətində də səylər göstərdiyini diqqətə çatdırıb;
– Rusiya və Belarus prezidentləri Vladimir Putin və Aleksandr Lukaşenko arasında telefon danışığı zamanı bir sıra beynəlxalq məsələlər, o cümlədən Dağlıq Qarabağ məsələsi müzakirə olunub;
– Ukrayna Prezidenti Vladimir Zelenski Çernovitskaya vilayətində jurnalistlərlə söhbət zamanı Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsini bəyan edib;
– Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov və Fransa Respublikasının Xarici İşlər naziri Jan İv Lö Drian arasında telefon danışığı olub.
Ceyhun Bayramov bu ilin 27 sentyabr tarixində Ermənistan tərəfinin əl atdığı yeni hərbi təcavüzə cavab olaraq, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin öz beynəlxalq tanınmış sərhədləri çərçivəsində əks həmlələri həyata keçirdiyini bildirib. Nazir Ermənistan silahlı qüvvələrinin azərbaycanlı mülki şəxslərin və mülki infrastrukturun məqsədli şəkildə hədəfə alınmasına və mülki insanlar arasında itkilərin olması faktına diqqəti cəlb edib. Bunun Ermənistan tərəfindən növbəti dəfə beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması olduğunu vurğulayan nazir, dinc əhalinin atəşə tutulmasının Ermənistan rəhbərliyinin terrorçu mahiyyətini göstərdiyini qeyd edib. Nazir bölgədə gərginliyin hələ də davam etdiyini bildirərək, yaranmış vəziyyətin tam məsuliyyətinin Ermənistan siyasi-hərbi rəhbərliyinin üzərinə düşdüyünü qeyd edib;
–Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar bildirib ki, Ermənistan qardaş Azərbaycanın torpaqlarının 20 faizini, o cümlədən Dağlıq Qarabağ və ətrafındakı 7 rayonu artıq 30 ilə yaxındır ki, işğal edib. Bu işğal nəticəsində 1 milyondan çox azərbaycanlı doğma yerlərindən didərgin salınıb, 20 min insan şəhid olub, 5 min nəfərin taleyi barədə hələ də xəbər yoxdur. Xocalı soyqırımının da yaddaşlarımızdakı yeri hələ çox təzədir.
Beynəlxalq hüquq çərçivəsində qəbul edilən qərarlara, Azərbaycanın bütün diplomatik və sülhyönümlü səylərinə baxmayaraq, problemin hələ də həll olunmadığına diqqət çəkən nazir deyib: “Ermənistan BMT-nin də qərarları daxil olmaqla beynəlxalq hüququ tapdayaraq işğalı və Azərbaycana qarşı hücumlarını hələ də davam etdirir. Törətdikləri cinayətlərə görə cəza almayan, əksinə, zaman keçdikcə daha da simasızlaşan Ermənistan müxtəlif vaxtlarda Azərbaycana qarşı bir çox təxribatlar törədib”.
Türkiyənin hər zaman zülmə qarşı çıxış edən dövlət olduğunu bildirən nazir, həmçinin diqqətə çatdırıb: “Can qardaşlarımızın haqlı davasında, öz torpaqlarını geri qaytarmaq mübarizəsində sonuna qədər yanında olmağa davam edəcəyik. Bizim tək dərdimiz sülh, qardaşlıq və yaxşı qonşuluq əlaqələri, qonşularımızın da eyni şəraitdə yaşamasına töhfə verməkdir. Bu əzm və qətiyyətlə işğalçı Ermənistanın hücumlarına qarşı da sonadək azərbaycanlı qardaşlarımızın yanındayıq. İllərdir Azərbaycanın Dağlıq Qarabağdakı haqlı davasına həll yolu təklif etməyənlərin atəşkəs çağırışları səmimi olmadığı kimi, inandırıcı da deyil”.
Erməni faşizmi dağıntılar törədir
Döyüş meydanında sarsıdıcı zərbələr alan Ermənistan silahlı qüvvələri qəhrəman Azərbaycan əsgərinin dəmir iradəsi qarşısında tab gətirə bilməyib geri çəkilərkən, mülki obyektləri, dinc əhalini, yaşayış məntəqələrini artilleriya atəşinə tutmaqda davam edir.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev düşmənin acizliyi fonunda Ermənistan ərazisindən Azərbaycanın mülki yaşayış məntəqələrinə qarşı raket hücumu həyata keçirildiyini, bununla da Cenevrə Konvensiyasının pozulduğunu diqqətə çatdırır.
Prezidentin köməkçisi qeyd edir ki, ilkin olaraq Vardenis rayonu istiqamətindən Daşkəsən rayonuna raket zərbəsi endirilib. Azərbaycan tərəfi həmin atəş hədəfini sıradan çıxarıb. Eyni zamanda, Ermənistan Füzuli istiqamətində “Smerç” sistemindən istifadə edərək Cocuq Mərcanlı kəndini atəşə tutub, 20-yə yaxın evə ziyan dəyib. Gorusdan isə “Toçka-U” raketi vasitəsilə Şəmkirə raket atəşi olub.
Müharibənin başladığı ötən günlər ərzində təkcə Ağdam rayonunun yaşayış məntəqələrinə atılan mərmilər 100-dən çox evə, mülki tikiliyə müxtəlif dərəcəli zərər vurub. Lakin düşmənin bu vandalizmi əhalini qorxutmur. Cəbhədən gələn qələbə soraqlı xəbərlər insanlarda yüksək əhvali-ruhiyyə yaradır. Qısa vaxtda müqəddəs torpaqlarımızın düşmən tapdağından azad ediləcəyinə hamı inanır.
Baş Prokurorluğun mətbuat xidmətinin oktyabrın 2-nə olan məlumatında bildirilir ki, düşmənin silahlı qüvvələrinin dinc Azərbaycan əhalisinin sıx yaşadığı əraziləri növbəti dəfə ağır artilleriyadan atəşə tutması nəticəsində hazırkı vaxtadək ümumilikdə mülki əhalidən 55 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdirilib, 19 nəfər isə həlak olub.
İşğalçı ölkənin silahlı qüvvələrinin mülki infrastruktur obyektləri atəşə tutması nəticəsində 175 evə, həmçinin 41 mülki obyektə külli miqdarda ziyan vurulub, eləcə də dinc sakinlərə məxsus nəqliyyat vasitələri yararsız vəziyyətə düşüb, çoxlu sayda xırda və iribuynuzlu heyvanlar tələf olub.
Gənclər cəbhəyə tələsir
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rayon şöbələrinin qarşısında hər gün qələbəlik müşahidə olunur. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin səfərbərlik çağırışı gənclərdə vətənpərvərlik hissini daha da gücləndirir, kənd və şəhərlərdən hərbi mükəlləfiyyətli gənclər axın-axın çağırış məntəqəsinə gəlirlər.
Müharibəyə getmək, döyüşlərə atılmaq, Qarabağı yağı caynağından xilas etmək bu oğulların hər birinin müqəddəs arzusudur. Ona görə də suyunu içdiyi, havasını udduğu, torpağına qədəm qoyub gəzdiyi Vətənin bütövlüyü naminə döyüşə inamla, qələbə eşqi ilə, düşməndən qisas almaq ehtirası ilə gedirlər.
“Ali Baş Komandanın arxasındayıq”
Azərbaycan Ordusunun Ermənistanın təxribatına cavab verməsi, əks-hücuma keçməsi və işğal altında olan torpaqlarımızın azad edilməsi istiqamətində ciddi irəliləyişlərə nail olması, düşmənə ağır zərbə vurması son 30 ilin ən böyük tarixi hadisələrindən biridir.
Prezident, Ali Baş Komandan İlham Əliyevin əks-hücum əmri bütün Azərbaycan cəmiyyətində, siyasi partiyalarda, qeyri-hökumət təşkilatlarında birmənalı olaraq müsbət qarşılanır. Ölkədə fəaliyyət göstərən siyasi partiyaların birgə bəyanatında göstərilir ki, Ermənistanın genişmiqyaslı hərbi əməliyyatlara başlaması, mülki əhalinin yaşadığı kəndləri və infrastrukturu hədəf kimi seçərək ağır silahlarla bombalaması beynəlxalq hüquqa ziddir və qarşısı qətiyyətlə alınmalıdır. Siyasi təşkilatlar Ali Baş Komandan, Prezident İlham Əliyevin terror təxribatlarının qarşısının alınması məqsədilə həyata keçirdiyi bütün siyasi və hərbi tədbirləri yekdilliklə dəstəkləyir və dövlətimizin başçısının yanında olduğunu bildirirlər.
Dünya mətbuatı Azərbaycanın haqq savaşından yazır
Cəbhədə gedən döyüşlərlə bağlı dost və qardaş ölkələrin kütləvi informasiya vasitələri, eləcə də Azərbaycanın bu müharibədə haqq yolunda olduğunu ifadə edən bir sıra xarici qəzetlər və xəbər agentlikləri tərəfindən məlumatlar operativ şəkildə oxuculara təqdim edilir. Prezident İlham Əliyevin mesajları, cəbhə bölgəsindən birbaşa hazırlanan xəbərlər ölkə ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanır və sosial şəbəkədə paylaşılır.
Türkiyədə nəşr olunan “Sabah” qəzetinin “Azərbaycan tarix yazır” başlıqlı xəbərində Azərbaycan Ordusunun apardığı gərgin döyüşlərdə sentyabrın 30-dək Ermənistanın 2300 nəfərədək canlı qüvvəsinin məhv edildiyi və yaralandığı ,130-dək tank və digər zirehli texnikasının, 200-dən artıq artilleriya qurğusunun sıradan çıxarıldığı bildirilib. Eyni zamanda, Ermənistanın silahlı qüvvələrinin yaşayış evlərini, xəstəxanaları, tibb məntəqələrini, məktəb və uşaq bağçalarını, dövlət qurumlarının inzibati binalarını, təsərrüfat təyinatlı əraziləri ağır artilleriya qurğularından intensiv atəşə tutduğu vurğulanıb.
“Hürriyet” qəzeti “İlham Əliyevdən tək şərt: çəkilin!” başlıqlı xəbərində qeyd olunub ki, təcavüzkar Ermənistanın təxribatlarına Azərbaycan Ordusu layiqincə cavab verir. Sivil Azərbaycanın dünyaya verdiyi töhfələrdən uzaq olan Ermənistan təcavüzkarlığı və terrorçuluğu ilə bölgənin təhlükəsizliyinə təhdiddir.
“BBC World Radio”nun “Newsday” proqramında Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanovun müsahibəsi yayılıb. Səfir Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərindən öz qoşunlarını BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq geri çəkməli olduğunu, regionda davamlı sülhün yalnız Ermənistanın işğala son qoymasından sonra mümkünlüyünü diqqətə çatdırıb. O, ərazisinin 20 faizi işğal edilmiş Azərbaycanda Ermənistan tərəfindən etnik təmizləmə siyasətinin həyata keçirildiyini bildirib.
Avstraliyanın nüfuzlu “Herald Sun” portalının yaydığı videosüjetdə Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Ermənistanın sentyabrın 27-dən başlayan hərbi təxribatları zamanı yaralanan və Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan hərbçilərlə görüşü barədə məlumat yer alıb. Qeyd edilib ki, hərbçilərin müalicəsinin gedişi ilə maraqlanan dövlətimizin başçısı yaralı əsgər və zabitlərimizin tezliklə sağalaraq cəbhəyə qayıtmaq arzusunda olduqlarını bildiyini söyləyib.
Materialda Azərbaycan Silahlı Qüvvələrinin cəbhə bölgəsində apardığı uğurlu əməliyyatlar, Ermənistan ordusunun evləri, mülki obyektləri iriçaplı silahlardan atəşə tutması barədə kadrlar da yer alıb.
Düşmənə qarşı əks-hücum əməliyyatı davam edir
Müdafiə Nazirliyinin keçirdiyi brifinqdə çıxış edən Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev silahlı qüvvələrimizin çətin iqlim və istehkam şəraitində düşmənə qarşı əks-hücum əməliyyatını davam etdirdiyini bildirib: “Ermənilər 30 il ərzində işğal olunmuş ərazilərdə dərin istehkam sistemləri qurub. Bəzi yerlərdə bu istehkamların uzunluğu 8-10 metrə çatır. Relyef şəraiti də ağırdır. Həmin yerlər, əsasən dağlıq ərazilərdir. Lakin bu çətinliklərə baxmayaraq, Azərbaycan Silahlı Qüvvələri addım-addım irəliləyir, düşmənin atəş nöqtələrini susdura-susdura, bəzən də atəş altında irəli gedir. Ermənistanın uzun illər ərzində qurduğu istehkam sistemləri sıradan çıxarılır. Hazırda Murovda qar var, qış şəraitidir. O çətin iqlim şəraitində, 3300-3500 metr yüksəklikdə əsgərlərimiz torpaqlarımız uğrunda rəşadətlə döyüşür, torpaqlarımızı azad edir. Biz onlarla fəxr edirik”.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin mətbuat katibi polkovnik-leytenant Anar Eyvazov isə oktyabrın 2-də keçirilən brifinqdə deyib ki, mülki əhalini və yaşayış məntəqələrimizi atəşə tutmamaları barədə Ermənistan tərəfinə dəfələrlə edilən xəbərdarlığa baxmayaraq, bu gün Şəmkirin Sabirkənd, Tovuzun Ağdam, Bərdənin Əmirli, Ağdamın Quzanlı, Xındırıstan, Əlibəyli, Əhmədağalı və Səfərli yaşayış məntəqələri düşmən tərəfindən intensiv artilleriya atəşinə məruz qalıb. Mülki əhali arasında ölən və yaralananlar var. Müəyyən olunub ki, yaşayış məntəqələrinin bəziləri məhz Ermənistan ərazisindən raket və artilleriya atəşinə tutulub.
Brifinqdə məlumat verilib ki, ordumuz uğurlu əməliyyat nəticəsində Ağdərə istiqamətində Madagiz ətrafındakı hakim yüksəklikləri düşməndən azad edib. Cəbrayıl-Füzuli istiqamətində qoşunlarımız düşmənin müqavimətini qıraraq onu geri çəkilməyə məcbur edib və irəliləyib. Murov dağı istiqamətində də əməliyyat şəraiti qoşunlarımızın tam nəzarəti altındadır. Əməliyyatın gedişində düşmənin 5 zirehli və avtomobil texnikası, 3 hərbi infrastruktur obyekti və xeyli sayda şəxsi heyəti məhv edilib. Bundan başqa, dayaq məntəqəsinə silah-sursat çatdıran texnikalar bölmələrimiz tərəfindən sıradan çıxarılıb.
Vaqif BAYRAMOV
Xalq qəzeti
2021.- 2 oktyabr.- S.1;8.