Azərbaycanın tarixi qələbəsi qürur mənbəyimizə çevrilib

 

 

Möhtərəm Prezidentimiz cənab İlham Əliyev prezidentlik fəaliyyətinin ilk günlərindən etibarən qarşıya qoyduğu və bəyan etdiyi strateji hədəfləri gerçəkləşdirmək üçün ötən müddətdə istər beynəlxalq miqyasda, istərsə də ölkə daxilində məqsədyönlü, ar­dıcıl, düşünülmüş siyasət həyata keçirərək, xalqımızın bütün istək və arzularını reallaşdırdı. Dövlətimizin başçısı keçən il sentyab­rın 27-də başlanan və 44 gün davam edən Vətən müharibəsində Azərbaycanın qazandığı möhtəşəm qələbə ilə ölkəmizin ərazi bü­tövlüyünü bərpa edən lider kimi adını tarixə əbədi olaraq yazdırdı, xalqımızın zəfər salnaməsinin əsl qəhrəmanına çevrildi.

 

Azərbaycanın İkinci Qarabağ savaşındakı parlaq qələbəsi ölkə Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyevin qətiyyətli sərkərdə fəaliyyətinin, müdrik siyasətinin və ordumuzun qüdrətinin döyüş ruhunun məntiqi nəticəsi idi.

 

Ölkə Prezidentinin Vətən müharibəsində əldə etdiyi möhtəşəm Zəfərin əsası son 17 il ərzində qoyu­lub. Dövlətimizin başçısı bu dövrdə ordumuzun güclənməsinə daim önəm verib, ən müasir döyüş texnikasının alınmasını gerçəkləşdirib. Əsgər və zabitlərimizin sosial şəraitinin yax­şılaşdırılmasını hər zaman diqqət mərkəzində saxlayıb. Məhz bütün bun­ların nəticəsi idi ki, 44 günlük döyüşdə Silahlı Qüvvələrimiz möhtəşəm uğur­lara imza atıb, döyüş meydanında öz üstünlüyünü dəfələrlə təsdiqləyib.

 

Azərbaycan 30 ilə yaxın da­vam edən ədalətsiz siyasi-hərbi mübarizədən qalib çıxdı. Prezident İlham Əliyev müdrik siyasəti ilə status-kvonu dəyişdirdi, təmas xəttini darmadağın etdi. Azərbaycan xalqının birliyi, qalib Prezidentinə və qəhrəman Azərbaycan Ordusuna inamı bu tarixi qələbəmizi reallaşdırdı. Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu bir daha təsdiq etdi.

 

Vətən müharibəsi dövründə və savaşdan sonrakı aylarda dövlətimizin başçısı informasiya mübarizəsində də böyük fədakarlıq göstərdi, dünyanın bir çox nüfuzlu media nümayəndələrinə verdiyi müsahibələrdə Azərbaycanın haqlı mövqeyini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı və Ermənistanın haqdan, ədalətdən nə qədər uzaq bir dövlət olduğunu göstərdi, işğalçı, faşist mahiyyətini ifşa etdi. Ölkə rəhbərinin həmin çıxışları Azərbaycanın haqq səsinin dünya ictimaiyətinə çatdırılmasında və erməni yalanlarının ifşa edilməsində mühüm rol oynadı.

 

Xalqımızın hər bir vətəndaşı kimi, mən də bu gün Vətən müharibəsində qazanılan qələbənin sevinci ilə yaşayıram. Bu qüruru bizə bəxş etdiyinə görə, Ali Baş Komandanımı­za, müzəffər Azərbaycan Ordusuna daim borcluyuq. Qırx dörd günlük döyüşlərdə misilsiz şücaət göstərərək həlak olan şəhidlərimizin qarşısında baş əyirik, qazilərimizə cansağlığı arzulayırıq.

 

Möhtərəm Prezidentimizin rəhbərliyi ilə Anım Gününün keçirilməsi də bizi qürurlandırdı. Hər bir şəhidimizin portretinin dövlətimizin başçısının, Mehriban xanım Əliyevanın, eləcə də hərbçilərimizin əllərində aparması, onların ruhlarına böyük ehtiram nümunəsi idi. Həmçinin şəhidlərin heç zaman unudulmayacağı, müstəqil Azərbaycanın mövcud olacağı yüzillər ərzində onların xatirəsinin daim uca tutulacağı demək idi.

 

Sentyabrın 27-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Bakı şəhəri, 8 Noyabr prospektində Vətən Müharibəsi Me­morial Kompleksi və Zəfər Muzeyinin təməlqoyma mərasimində iştirakları da tarixi hadisə kimi daim yaddaşlarda yaşayacaq.

 

Mən bu gün xəyalən həmin müqəddəs məbədi çox möhtəşəm bir yer təsəvvür edirəm. Bu məkan Azərbaycanda yaşayanların ziyarətgahı, dünya azərbaycanlılarının and yeri olacaq. Bu məkanı ziyarət edənlər bir məsləkdə, bir partiyada­mı birləşəcəklər, bilmirəm. Amma, həmin muzeyin ziyarətçiləri nəinki Azərbaycanda, qoca Qafqazda heç vaxt müharibə olmamasını arzulaya­caqlar.

 

Cənab İlham Əliyev və Mehri­ban xanım bu gün Qarabağı bərpa etmək, Azərbaycanı bütöv halda yenidən qurmaq kimi möhtəşəm fəaliyyətə başlayaraq, ümummilli lider Heydər Əliyevin ölkəmizin XXI əsrdə möhtəşəm yüksəlişinə dair mühüm ide­yalarını həyata keçirirlər. Xalqımız bu müqəddəs və möhtəşəm quruculuğun uğurla başa çatacağına inanır.

 

Şövqi GÖYÇAYSKİ,

 

Bakı Dövlət Universitetinin professoru

 

Xalq qəzeti.-2021.-2 oktyabr.-S.3.