Azərbaycan ərazisində “Dağlıq
Qarabağ” adlı inzibati
ərazi vahidi yoxdur və
olmayacaq
Artıq dünyada “Dağlıq Qarabağ” adlı problem yoxdur. Bu problemi Azərbaycan xalqı öz gücünə həll etdi. Ona görə də bu məsələdə heç bir vasitəçiyə ehtiyac qalmayıb. Bunu Azərbaycan Prezidenti İlham Əliyev bu günlərdə Türkiyənin “Anadolu” agentliyinə müsahibəsində də xatırladıb. Bununla bağlı tarix üzrə fəlsəfə doktoru Məhərrəm Zülfüqarlı bildirdi:
– Qarabağ münaqişəsini Azərbaycanın müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Milli Ordumuz, xalqımızın qeyrətli və qəhrəman oğulları həll etdi. Qardaş ölkələrdən Türkiyə və Pakistan da Azərbaycana siyasi dəstək verdilər. Buna görə Prezident İlham Əliyev dəfələrlə bu ölkələrin liderlərinə minnətdarlığını bildirib.
Amma Minsk qrupu məsələnin həlli istiqamətində heç bir addın atmadı. Prezident İlham Əliyev “Anadolu”ya müsahibəsində də bəyan etdi ki, onlar danışıqlar prosesi dövründə gəlib, təkliflər verib, prezidentlər səviyyəsində keçirilən görüşlərin gündəliyini təsbit ediblər. İndi isə müharibə bitdiyindən bir ilə yaxındır ki, onlardan hər hansı təklif yoxdur: “Mən onlara dedim ki, biz bu məsələni həll etdik, Dağlıq Qarabağ münaqişəsi başa çatdı, “Dağlıq Qarabağ” adlı inzibati ərazi mövcud deyil. Bu günlərdə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının sessiyasında çıxışımda da mən bütün ölkələrə müraciət etdim və dedim, rica edirəm ki, bundan sonra “Dağlıq Qarabağ” ifadəsi işlədilməsin, Azərbaycan ərazisində belə bir qurum yoxdur. Qarabağ zonası var, Şərqi Zəngəzur var”.
Dövlət başçısı əlavə etdi ki, bundan sonra Minsk qrupunun fəaliyyəti etimad tədbirləri, yolların açılması, dəhlizlərin açılması, sülh prosesinə dəstək kimi məsələlər ola bilər. Prezident qeyd etdi: “Yoxsa “Dağlıq Qarabağ”ın– olmayan qurumun statusu ola bilərmi? Əlbəttə ki, yox. Mən demişəm, bir daha demək istəyirəm ki, əgər kimsə “Dağlıq Qarabağ”a status vermək istəyirsə, öz ölkəsində bir ərazi versin, orada bir qurum yaratsın, cümhuriyyət yaratsın, onların müstəqilliyini tanısın, biz də tanıyaq. Amma Azərbaycan ərazisində yox!” Təbii ki, Prezidentin bu mövqeyi Azərbaycan xalqının mənafeyinə tam uyğundur.
Paşa ƏMİRCANOV
Xalq qəzeti.-2021.-2
oktyabr.-S.3.