Dövlətçilik tariximizin
qürurverici qələbəsi
Müsahibimiz Demokratiya və
İnsan Hüquqları Komitəsinin sədri,
hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadədir.
Çingiz müəllim, xalqımız, eləcə də, dünya azərbaycanlıları bir ildir ki, tarixi qələbənin sevincini yaşayır. Bu qələbə Azərbaycanın gücünü dünyaya nümayiş etdirdi, həm də Cənubi Qafqazda yeni reallıqlar yaratdı. Sizin də təəssüratlarınızı bilmək maraqlı olardı.
– Azərbaycan xalqının böyük səbirsizliklə gözlədiyi qələbə Cənubi Qafqazda yeni reallıqlar yaratmaqla yanaşı, qəhrəman ordumuzun dünyanın ən güclülərindən biri olduğunu təsdiqlədi. Müzəffər ordumuz işğal altında olan ərazilərimiz öz gücü ilə azad etmək iqtidarında olduğunu dünyaya nümayiş etdirdi. Bir il əvvəl qazanılan bu şərəfli qələbə Ermənistanın 30 illik hegemonluğuna son qoydu və ərazi bütövlüyümüz bərpa olundu. Qələbə Azərbaycanı bütövləşdirdi və ərazi bütövlüyümüz təmin olundu, ölkəmizin dünya birliyindəki nüfuzu daha da yüksəldi. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun torpaqlarımızı azad etməsi dövlətçilik tariximizi qürurlandırdı, hər birimizdə iftixar hissi yaratdı. Haqq- ədalətin bərpası olan bu müharibə xalqımızı bütövləşdirdi, mübariz etdi və milli həmrəyliyimizi gücləndirdi. Ölkəmizdə fəaliyyət göstərən siyasi partiyaların 52-sinin bəyanat verərək dövlət başçımızın siyasi kursunu dəstəklədiyini və Prezidentin ətrafında sıx birləşdiyini bəyan etməsi milli həmrəyliyimizin bariz nümunəsi idi. Siyasi əqidəsindən asılı olmayaraq, hər kəs qalib bir xalqın nümayəndəsi olmasıyla fəxr edir.
İnamla deyə bilərəm ki, bu günə qədər dünyada baş verən müharibələrin heç birində 44 gün ərzində düşmən diz çökdürülməyib və kapitulyasiya aktına imza atılmayıb. Bu tarixi nailiyyəti yalnız Azərbaycan dövləti, qəhrəman ordumuz qazanıb. Azərbaycan XXI əsrdə aparılan müharibədə ilk qalib dövlət kimi öz tarixinə şərəfli səhifə yazdı və Zəfər paradı keçirdi. Bu qələbəyə qədər – 17 il ərzində Prezident İlham Əliyevin düşünülmüş daxili və xarici siyasəti öz bəhrəsini verdi. Dövlət başçısının xüsusi nəzarəti altında həyata keçirilən ordu quruculuğu, hərbi siyasətin səmərəliliyi döyüş meydanında özünü büruzə verdi. Dünya ictimaiyyəti Ermənistanın “məğlubedilməz ordusunun” darmadağın edilməsinin şahidi oldu. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Ermənistanın məğlubedilməzliyi barədə illərdir formalaşdırılmış mifi müharibənin ilk günündən darmadağın etdi. Nəhayət, Ermənistan Azərbaycan xalqının iradəsi ilə hesablaşmaq məcburiyyətində qaldı və ötən il noyabrın 10-da kapitulyasiya aktını imzalamaqla təslim olduğunu rəsmən təsdiqlədi. Prezident, Ali Baş Komandan İlham Əliyev bu qələbə ilə bütün dünyaya sübut etdi ki, Ermənistan heç vaxt güclü Azərbaycanın qarşısında dura və eyni zamanda, heç bir qüvvə Azərbaycanın iradəsinə təsir göstərə bilməz.
Hazırda qarşıda duran əsas vəzifəmiz erməni faşistlərinin yerlə-yeksan etdiyi ərazilərdə bərpa-quruculuq işlərini davam etdirmək və regionda sülhün və təhlükəsizliyin təmin olunmasına öz töhfələrimizi verməkdir.
– Dövlət başçımızın işğaldan azad olunmuş ərazilərimizə mütəmadi səfərləri, Qarabağda aparılan bərpa- quruculuq işlərində, yeni obyektlərin açılşında və bəzilərinin təməlqoyma mərasimlərində iştirakı, o cümlədən nüfuzlu beynəlxalq təşkilatların tədbirlərindəki çıxışları, habelə dünyanın aparıcı kütləvi informasiya vasitələrinə müsahibələri beynəlxalq aləmdə böyük maraqla izlənilir...
– Bu gün dünyanın nəzər-diqqəti Azərbaycana yönəlib. Adətən, müharibədən çıxmış ölkə illərlə özünə gələ bilmir. Çünki müharibə hər bir ölkəyə ağır itkilər, dağıntılar verir. Bu dağıntıları bərpa etmək uzun vaxt tələb edir. Azərbaycan isə müharibə bitdikdən az sonra işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinə başladı. Həmin ərazilərə səfər edən xarici ölkə vətəndaşları, diplomatik korpus nümayəndələri, həmçinin xarici jurnalistlər də ermənilərin törətdikləri vəhşiliklərin şahidi oldular. 30 ilə yaxın müddətdə həmin əraziləri yerlə-yeksan edən ermənilər faşistlərdən geri qalmadıqlarını təsiqləyiblər. Dövlət başçımız istər BMT Baş Assambleyasının 76-cı sessiyasının dövlət və hökumət başçıları səviyyəsində keçirilən illik ümumi müzakirələrdəki nitqində, istərsə də, Rusiyanın nüfuzlu “Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert İqor Korotçenkoya müsahibəsində bu barədə ətraflı məlumat verdi. Prezident, həm də ötən il sentyabrın 27-də məhz müharibənin Ermənistan tərəfindən başlanmasının əsas səbəblərindən – ilk növbədə, işğalçı ölkənin təxribatlarının, atəşkəs rejimini pozmasının son həddə çatmasından, “böyük Erməsintan” dövləti yaratmaq üçün hazırlanan yeni işğal planlarından, habelə işğaldan azad edilmiş ərazilərdə irimiqyaslı tikinti işlərinin həyata keçirilməsindən söhbət açdı.
Möhtərəm Prezidentimiz ötən ilin sentyabrında BMT Baş Assambleyasındakı çıxışı zamanı tədbir iştirakçılarının diqqətini Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalının davam etdirilməsinə, eləcə də, Ermənistan hökumətinin təcavüzkar bəyanatlarına və hərəkətlərinə yönəltdiyini xatırlatdı və bunu bir daha növbəti sessiyada diqqətə çatdırdı. Dedi ki, təqribən 30 il ərzində Ermənistan ölkəmizin ərazisinin 20 faizini işğal altında saxlayırdı. Bu işğal müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlərlə müşayiət olunub. Tədbir iştirakçılarının diqqətinə bir daha Ermənistanın 1992-ci ildə Xocalı soyqırımını törətməsi çatdırıldı. Dünyada analoqu olmayan bu soyqırımında, yüzlərlə dinc insan, o cümlədən 106 qadın və 63 uşaq qətlə yetirilmişdir. 1275 azərbaycanlı əsir götürülmüşdür, onların 150-si hələ də itkin hesab olunur. Hazırda Xocalı soyqırımı 13 ölkə tərəfindən tanınıb. Ermənistan tərəfindən həyata keçirilən etnik təmizləmə nəticəsində bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür.
Prezident İlham Əliyev nüfuzlu beynəlxalq təşkilatların bu ədalətsizliyə laqeyd münasibətini, Ermənistan ordusnun işğal altında saxladığı Azərbaycan ərazilərini qeyd-şərtsiz tərk etmələri barədə qəbul olunan qətnamələrin 27 il ərzində kağız üzərində qaldığını kəskin tənqid etdi. Xatırlatdı ki, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnamə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edirdi. Lakin Ermənistan bu və BMT Baş Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, ATƏT, Avropa Şurası Parlament Assambleyası və Avropa Parlamenti kimi beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş bənzər qərarlara məhəl qoymamışdır. Halbuki, BMT Təhlükəsizlik Şurasının bəzi qətnamələri bir neçə gün ərzində icra edildiyi halda, Azərbaycana gəldikdə, 27 il icra olunmamış qaldı. Bu isə ikili standartların bariz nümunəsidir. Təəssüf ki, dünya birliyi bu ədalətsizliyə göz yummuşdu.
ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistanı Azərbaycana qarşı hərbi təcavüzə son qoymağa məcbur etmək üçün vaxtında qətiyyətli addımlar atsaydılar, üzərlərinə götürdükləri vəzifələrin icrasına nail ola bilərdilər. Münaqişə dövründə Ermənistan öz yanaşması və hərəkətləri ilə çirkin niyyətini açıq şəkildə ortaya qoydu. İşğalçı ölkənin yeganə məqsədi status-kvonu saxlamaq və işğalı möhkəmləndirmək idi. Dövlət başçımız iştirak etdiyi tədbirlərdə, həmçinin xarici ölkələrin rəhbərləri ilə görüşlərində dəfələrlə Ermənistana qarşı sanksiyaların tətbiq edilməsinin vacibliyi məsələsini qaldırmışdı. Təəssüflər olsun ki, dünya birliyi bu ədalətsizliyə biganə qaldı və beynəlxalq hüquq normalarına açıq şəkildə əməl etməyən Ermənistana qarşı beynəlxalq sanksiyalar tətbiq edilmədi. Bu havadarlıq Ermənistanı daha da həyasızlaşdırdı. Nəticədə 2020-ci il sentyabrın 27-də Ermənistan Azərbaycanın hərbi mövqelərinə və mülki şəxslərimizə qarşı irimiqyaslı hücuma başladı. Buna cavab olaraq, Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsində təsbit edilmiş özünümüdafiə hüququndan istifadə edərək, öz ərazisində Ermənistana qarşı əks-hücum əməliyyatına başladı.
44 gün ərzində Ermənistan silahlı qüvvələri cəbhəyanı ərazilərdə yerləşən rayonlarımızı və şəhərlərimizi – Ağdam, Ağcabədi, Beyləqan, Daşkəsən, Goranboy, Tərtər və Gəncəni intensiv şəkildə atəşə tuturdu. Ermənistanın bu hərbi cinayətləri nəticəsində 100-dən çox dinc sakin, o cümlədən 11 uşaq qətlə yetirilib, 450 nəfərdən çox insan yaralanıb. Azərbaycan ərazisində 12 min mülki infrastruktur obyekti, o cümlədən fərdi evlər dağıdılıb və ya onlara ciddi zərər dəyib. Bütün bunlara, həmçinin digər müharibə cinayətlərinə görə düşmən cavabsız qala bilməzdi. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuz işğalçı ölkəyə layiq olduğu yeri göstərdi və Ermənistanı diz çökdürdü.
– Prezident İlham Əliyev Rusiyanın nüfuzlu “Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert İqor Korotçenkoya müsahibəsində də bu barədə ətraflı söhbət açdı...
– Mən jurnalın baş redaktorunun ilk sualında diqqəti cəlb edən bəzi məqamlara və dövlət başçımızın böyük maraq doğuran cavabına münasibət bildirmək istərdim. Hərbi ekspertin “Cənab Prezident, çox böyük geosiyasi nəticələr doğurmuş məlum hadisələrin baş verdiyi gündən, demək olar ki, bir il keçir. Bu, Azərbaycanın hərbi və siyasi qələbəsi, regionda və bütövlükdə dünyada bütün vəziyyətin kökündən dəyişməsi idi. Bununla belə, gəlin, həmin günə – 2020-ci il sentyabrın 27-nə qayıdaq. Həmin gün necə başlandı? Sizə necə məruzə etdilər ki, Ermənistan döyüş əməliyyatlarına başlayıb, ümumiyyətlə, həmin gün hadisələr necə inkişaf edirdi?” – sualını cavablandıran ölkəmizin Prezidenti döyüşün ilk günlərindən qazanılan qələbədən söhbət açdı. Dedi ki, müdafiə naziri mənə məlumat verdi ki, təmas xəttindəki mövqelərimiz və bəzi yaşayış məntəqələrimiz Ermənistan tərəfindən artilleriya atəşinə məruz qalıb. Adekvat cavab vermək qərara alındı və beləliklə, biz müharibəyə qoşulduq. Məlum oldu ki, bu, labüd idi. Hadisələr çox sürətlə inkişaf edirdi. Hərbi əməliyyatların birinci gününün sonunda biz Kəlbəcər rayonunda, Murovdağda və Ağdərə istiqamətində strateji əhəmiyyətli yüksəklikləri, həmçinin 6 kəndi – Füzuli rayonunda 4 və Cəbrayıl rayonunda 2 kəndi azad etdik. Biz elə ilk gündə düşmənin müdafiə xəttini yarmağa nail olduq və bundan sonra bütün 44 gün ərzində yalnız irəli getdik.
Müsahibə zamanı bəlli oldu ki, hərbi əməliyyatların başlanğıcında bizim əməliyyatın heç bir adı yox idi. Ali Baş Komandan buna da aydınlıq gətirdi: “Mən Azərbaycan xalqına müraciətlərim zamanı azad edilmiş şəhərlər və kəndlər barədə məlumat verərkən bir neçə dəfə “dəmir yumruq” ifadəsindən istifadə etmişəm. Mən bu termindən bir neçə dəfə istifadə edir və deyirdim ki, əgər düşmən işğal edilmiş bütün ərazilərdən xoşluqla çıxıb getməsə, bizim “dəmir yumruq” onun başını əzəcək. Bu termin Azərbaycan cəmiyyəti tərəfindən qəbul edildi və sonra mən qərara aldım ki, həmin termin, necə deyərlər, formalaşdırılsın və əməliyyatın adı olsun. Lakin bir daha deyirəm, bu, hərbi əməliyyatların gedişində olub”.
Dövlət başçısı müsahibədə bütün sahələrdən söhbət açdı və hazırda Qarabağ ərazisində aparılan tikinti-quruculuq işləri barəsində də məlumat verdi. Möhtərəm Prezidentimizin dediyi kimi, münaqişə artıq keçmişdə qalıb. Hazırda azad olunmuş ərazilərdə irimiqyaslı tikinti işləri həyata keçirilməkdədir. Azərbaycan müasir şəhərsalma üsullarını, “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarını tətbiq edərək, sıfırdan yeni şəhərlər və kəndlər inşa edir. Bütün bu işlər öz daxili imkanlarımız hesabına həyata keçirilir. Bu fakt bir daha təsdiqləyir ki, Azərbaycan güclü iqtisadiyyata malik dövlətdir. Təkcə cari ildə bu məqsədlə 2,2 milyard ABŞ dolları məbləğində vəsait ayrılıb. Ancaq Ermənistan hələ də faşizmə xas olan xislətindən əl çəkməyərək, həmin ərazilərdə yerləşdirdiyi minaların xəritələrini vermir. Bu da tikinti-quruculuq işlərinin daha sürətlə aparılmasına ciddi problem yaradır. Xatırladım ki, 2020-ci il noyabrın 10-da Ermənistan tərəfindən kapitulyasiya aktının imzalanmasından sonra bu günə qədər 2 jurnalist daxil olmaqla, 30 Azərbaycan vətəndaşı məhz mina partlaması nəticəsində həlak olmuş, 130 nəfər isə yaralanmışdır. Azərbaycan dünyada ərazilərinin ən çox minalandığı ölkələrdən biridir. Bu, azad olunmuş ərazilərdə bərpa prosesini və məcburi köçkünlərin evlərinə qayıdışını ləngidir. Bu vaxta qədər Ermənistanın üç rayon üzrə təqdim etməyə məcbur olduğu mina xəritələrinin dəqiqliyi 25 faizdir. Beynəlxalq ictimaiyyət Ermənistanı məcbur etməlidir ki, azad olunmuş ərazilərimiz üzrə dəqiq mina xəritələrini bizə təqdim etsin.
Prezident İlham Əliyev Azərbaycanın sülh müqaviləsinə hazır olduğunu dəfələrlə bəyan edib. Bu fakt müsahibə zamanı da vurğulandı. Münaqişə başa çatdığından Azərbaycan Ermənistanla sərhədlərin delimitasiyası və demarkasiyası, bir-birinin suverenliyi və ərazi bütövlüyünün qarşılıqlı şəkildə tanınması prinsipi əsasında sülh sazişi üzrə danışıqlara başlamağa hazır olduğunu artıq bəyan edib. Belə bir saziş Cənubi Qafqazı sülh və əməkdaşlıq regionuna çevirə bilər.
– Bu
il sentyabrın 27-də yenidən
dünyanın nəzər-diqqəti Azərbaycana yönəldi.
Prezident, Ali Baş Komandan və Birinci vitse-prezident başda olmaqla Bakıda yürüş təşkil olundu. Bu yürüş sizdə necə təəssürat
oyatdı?
– Vətən müharibəsi zamanı Azərbaycanın ərazi
bütövlüyü uğrunda
döyüşlərdə həlak olmuş əsgər və zabitlərimizə, qətlə
yetirilən mülki vətəndaşlara və
itkin düşmüz
soydaşlarımıza ehtiram
əlaməti olaraq, Bakı şəhərində
yürüş təşkil
edilməsi və möhtərəm Prezidentimizlə
birinci xanımın əllərində şəhid
portreti tutaraq öndə getmələri
şəhidlərimizə, qazilərimizə, Vətən
müharibəsinin iştirakçılarına
diqqət və qayğının bariz nümunəsidir. Buna qədər dövlət başçımızın sərəncamları
ilə şəhidlərin
ailə üzlərinin
və qazilərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində
müxtəlif tədbirlər
həyata keçirilib.
İstər Birinci, istərsə
də İkinci Qarabağ müharibələrində
canından keçmiş
mərd oğul və qızlarımızın
xatirəsi daim uca tutulur, onların
ailələrinin və
qazilərin sosial müdafiəsinin gücləndirilməsi
istiqamətində müvafiq
tədbirlər görülür.
Dövlət bu gün hər bir qazi
və şəhid ailəsinin yanındadır.
Ehtiyacı olan bütün
qazilərə, şəhid
ailələrinə dövlət
tərəfindən daim
lazımi köməklik
göstərilməkdədir. İndiyədək 9200-ə yaxın şəhid ailəsi, müharibə əlili dövlət tərəfindən
mənzillərlə təmin
edilmişdir. Həm
Birinci, həm də İkinci Qarabağ müharibəsi
şəhidlərinin ailələrinə
Bakıda, Sumqayıtda,
Abşeron rayonunda bu ilin sonuna
qədər növbəti
mənzillər veriləcəkdir.
Əlavə olaraq, müharibə
əlillərinə 7200-ə yaxın minik avtomobili verilib.
Vətən müharibəsində qəhrəman-casına döyüşmüş, Azərbaycan bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq Prezident İlham Əliyev 27 sentyabr – Vətən müharibəsinin başladığı günün Azərbaycan Respublikasında Anım Günü kimi qeyd olunması ilə bağlı sərəncam imzalamışdır. Bu addım şəhidlərin ruhuna, onların doğmalarına, ailə üzlərinə ali ehtiramın göstəricisidir. Vətən uğrunda canını qurban verənlər heç vaxt unudulmur. Məlum olduğu kimi, həmin gün respublikamızın bütün rayonlarında tədbirlər keçirilmiş, saat 12-00-da ölkə ərazisində bir dəqiqəlik sükutla şəhidlərimizin xatirəsi yad edilmişdir. Ən başlıcası isə Bakı şəhərində yürüş təşkil olunmuşdur.
Yürüşdə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin və Bakı Qarnizonunda yerləşən hərbi hissələrin 3000 nəfərdən çox kursant və hərbi qulluqçusu iştirak edib. Prezident, Ali Baş Komandan İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva, gənc kursantlar və hərbçilər Vətən müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan igidlərimiz, itkin düşən hərbçilərimiz və Ermənistan dövləti tərəfindən törədilən insanlıq əleyhinə və müharibə cinayətləri nəticəsində qətlə yetirilmiş mülki əhalimizin hər birinin fotolarından ibarət plakatlarla yürüş edərək, xalqın birliyinin və həmrəyliyinin əbədi və sarsılmaz olduğunu, Vətənə sevgi, şəhidlərimizə ehtiramın sonsuzluğunu bir daha nümayiş etdirdi.
Xatırladım ki, 44 günlük Vətən müharibəsi zamanı 2907 nəfər şəhid olub, 7 nəfər itkin düşüb, Ermənistanın dinc əhaliyə qarşı cinayətləri nəticəsində həlak olan 94 mülki şəxsə şəhid statusu verilib. Onların hər biri böyük ehtiramla yad edilir.
Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun şanlı qələbəsi sayəsində vaxtı ilə işğal altında olan, düşmən tərəfindən yerlə-yeksan edilən torpaqlarımızda həyat yenidən canlanır. Yaxın illərdə həmin ərazilər cənnətə çevriləcək və soydaşlarımız doğma yurdlarına qayıdacaq. Böyük qayıdış gününə lap az vaxt qalıb.
Müsahibəni qələmə aldı: Əliqismət
BƏDƏLOV,
Xalq qəzeti.-2021.-2
oktyabr.-S.4.