“Dəmir yumruğun Cənubi Qafqazda yaratdığı reallıqlar Rusiya oxucularına da çatdırıldı

 

 

Hətta ermənilər şəhərlərimizi bombalayanda, uşaqlarımızı və qadınlarımızı öldürəndə də biz Ermənistana eyni şəkildə cavab vermədik, biz onların şəhərlərini bombalamadıq. Hərçənd, bizi coşduran emosiyaları başa düşmək olardı. Biz hərbi cinayətlər törətməmişik. Hərbi əməliyyatın elə ilk günündə mən hərbi qul­luqçulara çox sərt göstərişlər vermişdim ki, hərbi cinayətlər törətməyi özünə rəva görənlər ciddi cəzalandırılacaqlar.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiyanın “Nasionalnaya oborona” jurnalına müsahibəsindən

 

23 sentyabr, 2021

 

Torpaqlarımızın işğaldan azad edilməsi ilə nəticələnən, bir qərinəyə yaxın davam edən həsrətimizə son qoyan Vətən müharibəsinin başlanmasından bir il ötür. Aradan keçən bir il ərzində bu barədə istər yerli, istər xarici KİV-lərdə saysız-hesabsız məqalə yazılıb, verilişlər hazırlanıb. Lakin fikrimizcə, 44 günlük Vətən müharibəsinin həm hazırlıq mərhələsini, həm də gedişatını dünya ictimaiyyətinə ən dolğun çatdırılmasına səbəb olan materiallar məhz Preizdent İlham Əliyevin çıxışları, xalqa müraciətləridir. Biz hamımız yaxşı xatırlayırıq, müharibənin başlandığı gündən etibarən, demək olar ki, hər gün xalqa müraciət edən, özünün rəsmi “Twitter” hesabından insanları məlumatlandıran ölkə başçısı bununla şəffaf həqiqətlərin aşkara çıxmasına vəsilə olurdu. Bu çıxışlar müharibənin bitməsindən sonra da davam etdi.

 

Prezident İlham Əliyev bugünlərdə Rusiyanın nüfuzluNasionalnaya obo­rona” jurnalının baş redaktoru, tanın­mış hərbi ekspert İqor Korotçenkoya müsahibə verib. Müsahibə zamanı bir çox önəmli məsələdən bəhs edən ölkə başçısı 44 günlük Vətən müharibəsinin nəticələrindən, bundan sonrakı mərhələlərdən danışıb.

 

Müsahibənin əvvəlində rusiyalı jurnalistin müharibənin başlandığı gün haqqında sualını cavablayarkən ölkə başçısı qeyd etdi ki, müharibə faktiki olaraq davam etməsə də, münaqişə dondurulmuş olsa da, müharibə şəraitində yaşayan ölkə kimi, bütün sahələrdə müharibəyə hazır vəziyyətdə olmalıydıq. Əlbəttə, bu, həm də düşmənin xain xislətinə yaxşı bələd olmağımızdan qaynaqlanır. Belə ki, düşmən bundan əvvəl də dəfələrlə atəşkəs rejimini pozmuş, mövqelərimizi, hətta yaşayış məntəqələrimizi atəşə tutmuşdu. Artıq bütün dünya bunu yaxşı bilir.

 

Torpaqlarımızın azad edilməsindən sonra ortaya çıxan dəhşətli görüntülər bunu deməyə əsas verir ki, erməni lobbisinin və ermənipərəst qüvvələrin uzun illər boyu taxdığı maska artıq yırtılıb. Xalı altını süpürməyə çalışanlar Azərbaycan Ordusunun ayaq səsləri ilə gizləndiyi yerdən çıxmağa məcbur oldu.

 

Ölkə başçısı müsahibə zamanı döyüş əməliyyatları planlarının hazır­lanması və həyata keçirilməsi haqqında geniş danışdı. Yaxşı xatırlayırıq, hələ müharibə vaxtı çıxışlarında bəzi nüans­ların müharibə vəziyyətinin gedişatına xələl gəlməməsi səbəbilə müəyyən müddət gizli qalacağını, vaxtı gəldikdə bütün bunların xalqa açıqlanacağını bildirən dövlət başçısı həm də ordumu­zun qələbəsini şərtləndirən səbəbləri vurğuladı. Prezident İlham Əliyev qeyd etdi ki, döyüşlər zamanı gedi­şata, mövcud reallığa uyğun olaraq, döyüş planlarında lazımi dəyişikliklər edilir, bu dəyişikliklər təsdiqləndikdən sonra həyata keçirilməyə başlanırdı: “Əlbəttə, yeni reallıqlar, Azərbaycanın yeni imkanları, o cümlədən texnoloji imkanları nəzərə alınmaqla bu plana vaxtaşırı dəyişikliklər edilirdi və hər dəfə həmin dəyişikliklər mənim tərəfimdən təsdiq olunurdu. Bu, təbiidir. Mən onu da bilirəm ki, Ermənistan tərəfinin müharibə ilə bağlı fəaliyyət planı vardı. Əslində, sentyabrın 27-də onlar həmin planı reallaşdırmağa başladılar. Beləliklə, müharibə dövründə bizim davranışımızın əsası, təbii ki, keçən il döyüş əməliyyatları başlanandan xeyli əvvəl işlənib hazırlanmışdı, lakin hərbi əməliyyatların gedişində biz buna dəyişikliklər edirdik. Bu, ilk növbədə, onunla bağlı idi ki, uzun illər ərzində in­formasiyanın azacıq da olsa sızmasın­dan yaxa qurtarmaq mümkün deyildi”.

 

Ölkə başçısı “Dəmir yumruq” əməliyyatının gedişatı barədə danışarkən qeyd etdi ki, döyüşlərin ən həlledici məqamı məhz düşmənin 30 il ərzində ərazidə qurduğu müdafiə xəttinin, xaricdən dəstək alınaraq yaradılan güclümüasir istehkam­ların dağıdılması idi. Müharibənin ilk günündəcə düşmənin illər boyu möhkəmləndiyi mövqelərinin yarılması, bəzi kəndlərin, yaşayış məntəqələrinin, eləcə də strateji yüksəkliklərin azad edilməsi ümumi fonda müharibənin gedişatından xəbər verirdi. Əlbəttə, Şuşa şəhərinin işğaldan azad edilməsi də xüsusi əhəmiyyətə malik idi. Bu barədə danışan ölkə başçısı qeyd etdi ki, Şuşanın azad edilməsi düşmənin müqavimətini qıran əsas hadisələrdən biri idi.

 

Prezident İlham Əliyev Şuşa­nın işğaldan azad edilməsi ilə bağlı danışarkən bildirdi ki, artıq noyabrın 7-də Şuşanın işğaldan azad ediləcəyi məlum idi. Və çox keçmədən Şuşa işğaldan azad edildi.

 

Elə həmin gün səhər saatlarında Şəhidlər xiyabanını, ulu öndər Heydər Əliyevin məzarını ziyarət edən ölkə başçısı həmin gün hiss etdikləri barədə də danışıb: “Əslində, artıq noyab­rın 7-də biz əmin idik ki, Şuşa azad ediləcək. Hələ bəzi yerlərdə hərbi əməliyyatlar gedirdi, lakin artıq noyabrın 8-nə keçən gecə biz elan etdik ki, Şuşa azad olunub və səhər mən bu müraciəti etdim. Çünki hər şey hələ çox təzə idi və hisslər qamması aşıb-daşırdı. Əlbəttə, Şəhidlər xiyabanını, atamın məzarını ziyarət edəndə, ilk növbədə, qürur duyurdum, - mən ona əsgəri salam verdimtarixi missiyamı yerinə yetirməyim, onun vəsiyyətinə əməl etməyim barədə məruzə etdim, qürur hissi keçirirdim, həm də təəssüflənirdim ki, atam bunu görmədi. Lakin məndə bir daxili əminlik vardı ki, yəqin onun ruhu bizimlədir və qəlbən sevinir”.

 

Lakin həmin gün heç kəs bilmirdi ki, müharibə tezliklə yekunlaşacaq. Yeni döyüş planları hazırlanır, əməliyyatlar davam etdirilirdi. Şuşanın işğaldan azad edilməsindən bir gün sonra – noyab­rın 9-da rəşadətli ordumuz 70-ə yaxın kəndi, yaşayış məntəqəsini, eləcə də strateji əhəmiyyətə malik nöqtələri erməni qəsbkarlarından azad etdi. Bu, müharibənin sonu, zəfərin və böyük qayıdışın əvvəli idi.

 

O gün gecə saatlarında – noyabrın 9-dan 10-na keçəndə bəzi sosial media və KİV-lərdə çıxan məlumatlar hər biri­mizi həyəcanlandırırdı. “Gecə saatları olmasına baxmayaraq, Ermənistan müdafiə nazirliyində işıqlar sönmür”, “rütbəli şəxslər bir-birinin ardınca müdafiə nazirliyinin binasına daxil olurkimi xəbərlər hərbi kapitulyasiyanın və 30 ildir gözlədiyimiz qələbə xəbərinin yaxın olduğundan xəbər verirdi.

 

Baş verən bütün hadisələrin ümumi nəticələrinə nəzər salsaq, əminliklə söyləyə bilərik ki, Azərbaycan istər siyasi, istər iqtisadi, istər hərbi cəhətdən yarana biləcək hər cür vəziyyətə hazır idi. Əlbəttə, bu hazırlıq mərhələsinin təməlində iqtisadi müstəqillik, ölkə başçısının uzaqgörən siyasi fikirləri, dövlətin daxilixarici məsələlərinin səhmana salınması, sabitliyin təmin olunması və ən əsası düzgün və ədalətli idarəetmə dayanır.

 

Xarici media nümayəndələrinin 44 günlük II Qarabağ müharibəsi və bölgədə yaranan yeni reallıqlar barədə fikirlərinə diqqət yetirsək, görərik ki, Prezident İlham Əliyevin uğurlu xarici siyasəti, ölkəmizdə reallaşdı­rılan layihələr, nüfuzlu beynəlxalq təşkilatlarla olan əməkdaşlıq, o cümlədən hərbi sahədə əldə etdi­yimiz uğurlar dünya ictimaiyyətinin nəzərindən yayınmır. Təbii ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən informasiya siyasəti bunu şərtləndirən əsas amillərdən biridir.

 

Müharibədən sonrakı yenidənqurma və bərpa işləri də dünyanın diqqət mərkəzindədir. Müsahibə zamanı bu mövzuya da toxunuldu. Belə ki, jurnalis­tin “Azərbaycan müharibədən sonra ya­ralarını sağaldır və bu işin sürəti heyrət doğurur” sözləri bir ildir şahidi olduğu­muz yenidənqurma işlərinin qısa şəkildə icmalı idi. Bu barədə danışan ölkə başçısı qeyd etdi ki, minatəmizləmə işləri bölgədə davam edən bərpa prosesini ləngitsə də, layihələrin icrası mümkün olan ən sürətli şəkildə davam etdirilir: “Biz çox böyük sürət götür­müşük və əsas məqsədimiz keçmiş qaçqınları və köçkünləri tezliklə öz yurdlarına qaytarmaqdır, onlar hədsiz çox gözləyiblər. Mən bu barədə demişəm, bir daha demək istəyirəm ki, bizim əsas maneəmiz, əsas rəqibimiz zamandır. Biz bir il ərzində və ya il yarım ərzində bunu, sadəcə, fiziki olaraq edə bilmərik, ona görə ki, siz özünüzgörmüsünüz, orada heçyoxdur, özü də hər yerdə. Mən Bakıdan Füzuliyə, Cəbrayıla, Zəngilana, Qubad­lıya, Laçına qədər və digər istiqamətdə Kəlbəcər və Laçın tərəfdən yüzlərlə kilometr yol qət etmişəm, orada hər şey dağıdılıb. Dağıntıların miqyası elədir ki, insan, sadəcə, mat qalır. Axı, bu ərazi sahəsinə görə Livana bərabərdir.”

 

Sonda Cənubi Qafqazın bun­dan sonrakı inkişaf perspektivləri haqqında danışan ölkə başçısı bil­dirdi ki, bölgənin gələcəyi, əslində, Ermənistanın sərgiləyəcəyi mövqedən asılıdır. Çünki keçmişə nəzər salsaq, Ermənistanın uzun illər bölgədə reallaş­dırılan bütün beynəlxalq layihələrdən, müqavilələrdən, ticarət anlaşmalarından uzaqda qaldığını görərik. Bunun əsas səbəbi Azərbaycanın həyata keçirdiyi təcrid siyasətidir. Ölkə başçısı qeyd etdi ki, biz Ermənistan ilə Azərbaycan ara­sında sülh müqaviləsi üzərində işə baş­lamağa hazırıq. Çünki müharibə bitibqondarma Dağlıq Qarabağ münaqişəsi tarixə qovuşub. Bildiyiniz kimi, hazırda Rusiya, Azərbaycan və Ermənistanın baş nazirlərinin müavinləri səviyyəsində üçtərəfli işçi qrupu işləyir. Yəni, regio­nun gələcəyi ilə bağlı işlər, çətinliklə də olsa, aparılır.

 

İmran ƏLİYEV

 

Xalq qəzeti.-2021.-2 oktyabr.-S.6.