Azərbaycan gələcəyə barış prizmasından yanaşır

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyənin “Anadolu” agentliyinə müsahibə verib. Müsahibə sentyabrın 27-də agentliyin saytında yayımlanıb. Dövlətimizin başçısı müsahibədə Vətən müharibəsinin başlanmasının səbəbləri, Azərbaycan Ordusu­nun parlaq hərbi əməliyyatları, Qarabağda aparılan bərpa-quruculuq, yenidənqurma işləri, eləcə də Azərbaycan və Türkiyə arasındakı sarsılmaz qardaşlıq əlaqələrinin əhəmiyyəti və digər aktual məsələlər barədə dəyərli fikirlər səsləndirib. Müsahibə həm Azərbaycan, həm də Türkiyə ictimaiyyəti tərəfindən dərin maraq və razılıq hissilə qarşı­lanıb. Bakı Dövlət Universitetinin dosenti, tarix üzrə fəlsəfə doktoru Atamoğlan Məmmədli bu barədə fikirlərini bizimlə bölüşərkən dedi:

 

– Mən möhtərəm Prezidentin Türkiyənin “Anadolu” agentliyinə verdiyi müsahibəsini diqqətlə izləmişəm. Tam əminliklə deyə bilərəm ki, müsahibədə xalqımızın çağdaş və gələcək tari­xi üçün olduqca böyük əhəmiyyət kəsb edən çox sayda qiymətli fikir və mülahizələr yer almışdır.

 

Azərbaycan Prezidenti silahlı qüvvələrimizin əks-hücuma keçməsinin səbəblərini şərh edərkən demişdir: Bir il əvvələ qayıdarkən, əlbəttə, bütün bu prosesləri, bütün bu hadisələri daha da dəqiq təhlil etmək imkanımız olurgörünür ki, Ermənistan rəhbərliyi, hakimiyyətə yeni gəlmiş rəhbərlik han­sısa hərbi uğurla da öyünmək istəyirdi, hansısa hərbi uğur əldə etmək istəyirdi. Ancaq hesablamaları çox səhv apardı­lar, çox böyük xəta törətdilər və bunun nəticəsində acı məğlubiyyətə uğradılar”.

 

Prezident İlham Əliyev Minsk qrupunun yarıtmaz fəaliyyətinə də toxunub. Bildirib ki, əgər Minsk qru­pu Ermənistana vaxtında ciddi təzyiq göstərsəydi, təbii ki, Ermənistan məcbur olub işğal edilmiş torpaqlardan çıxa­caqdı və belə olan halda müharibəyə ehtiyac qalmayacaqdı. Ancaq onlar bu təzyiqi etmədilər. Məlumdur ki, Minsk qrupuna həmsədrlik edən üç dövlət Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının daimi üzvüdür. Onlar dünya miqyasında ən güclü ölkələr sayılır­lar. Sadəcə olaraq, nə hərb, nə sülh siyasətinə üstünlük verdilər.

 

Bu gün Azərbaycan regionda yeni reallıqlar yaradıb. Minsk qrupu da, dünyanın digər güc mərkəzləri regiondakı real vəziyyəti nəzərə almalıdırlar. Hər bir siyasətçi, hər bir dövlət hər bir hadisəyə qiymət verərkən beynəlxalq hüquq normalarından çıxış etməlidir. Bəzi güclərin Cənubi Qafqaz­da vəziyyəti yenidən gərginləşdirmək cəhdləri regionda yaşayan xalqların maraqlarına xidmət etmir.

 

Azərbaycan Prezidenti müsahibədə Ermənistan–Türkiyə münasibətləri ilə bağlı da mövqeyini bildirib. Qeyd edib ki, rəsmi Bakı Ermənistan–Türkiyə münasibətlərinin normallaşmasına müsbət yanaşır. Azərbaycan hesab edir ki, Türkiyə Prezidenti hörmətli Rəcəb Tayyib Ərdoğanın təklif etdiyi 3+3 platforması regionda sülhün bərqərar olunması üçün uğurlu çıxış yolu ola bilər. Ancaq, təəssüf ki, Ermənistan hələ ki, buna razılıq verməyib.

 

Görünən budur ki, Azərbaycan dövləti regionda sülhün təhlükəsizliyin təmin olunmasını arzu­layır bu istiqamətdə bütün lazımi addımları atır. Prezident İlham Əliyev bununla bağlı demişdir: “Biz strate­ji nöqteyi-nəzərdən gələcəyə barış prizmasından yanaşırıq. Çünki mən istəyirəm ki, bir daha müharibə olma­sın. Hər halda biz müharibəyə başla­mayacağıq, əgər Ermənistan tərəfdə revanşist meyillər baş qaldırmasa. Əgər görsək ki, Ermənistanda bizə qarşı hər hansı bir təhdid yaranır, biz o təhdidi məhv etməliyik. Bu, bizim legitim hü­ququmuzdur. Ancaq bu təhdid olmasa, bizim başqa fikrimiz yoxdur”.

 

Məlum olduğu kimi, Qarabağda hazırda 25 min erməni yaşayır, onlar da bölgədə aparılan tikinti-quruculuq işlərində iştirak edə bilərlər. Azərbaycan dövləti, eyni zamanda, gələcəkdə onların yaşadıqları yerlərdə, kəndlərdə onlar üçün lazımi şərait yarada bilər. Ermənistan hökuməti, nəhayət erməni xalqının mənafeyini nəzərə alaraq sülh danışıqlarına getməlidir. Hər bir müharibənin sonu sülhlə qurtarır. Rəsmi İrəvanda bunu qədər tez dərk etsələr, bir o qədər yaxşıdır.

 

Söhbəti qələmə aldı: M.HACIXANLI

Xalq qəzeti.-2021.-2 oktyabr.-S.6.