Azərbaycan xalqı öz
qəhrəman oğulları ilə daim fəxr
edəcək
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu “Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert İqor Korotçenkoya müsahibə verib. Müsahibə jurnalın saytında da işıqlandırılıb. Dövlətimizin başçısı müsahibədə İkinci Qarabağ müharibəsinin başlanması, döyüşlərin gedişatı və nəticələri, eləcə də, son vaxtlar regionda yaranmış durum barədə olduqca dəyərli fikirlər səsləndirib. Bu qiymətli fikirlər ölkə ictimaiyyəti tərəfindən dərin razılıq hissilə qarşılanıb. Birinci Qarabağ müharibəsinin veteranı, “Beynəlmiləlçi Əlil Döyüşçülər Fondunun rəhbəri Sərraf Orucov bu barədə fikirlərini bizimlə bölüşərkən bunları dedi:
– Mən dövlətimizin başçısının “Nasionalnaya oborona” jurnalının baş redaktoruna verdiyi müsahibə ilə diqqətlə tanış oldum. Hesab edirəm ki, müsahibədə çağdaş və gələcək tariximiz üçün son dərəcə böyük əhəmiyyət kəsb edən çox sayda mötəbər fikirlər yer alıb. Mən bir vətənpərvər insan kimi çox məmnun qaldım.
Müsahibədə qeyd olunduğu kimi, Azərbaycan xalqı öz əzəli torpaqlarını işğaldan azad etməyə həmişə hazır idi və buna can atırdı. Xoşbəxtlikdən, Azərbaycan hakimiyyəti qısa zamanda ölkənin bütün resurslarını səfərbər etməyi və vahid məqsədə istiqamətləndirməyi bacardı.
Azərbaycan 44 günlük Vətən müharibəsində müzəffər Ali Baş Komandan İlham Əliyevin yüksək qətiyyəti, rəşadətli ordumuzun bütün igid əsgər və zabitlərinin qeyri-adi şücaətləri sayəsində tarixi Zəfər qazanmışdır. Biz qalib xalqıq, biz öz ərazi bütövlüyümüzü bərpa etməyi bacaran dünyanın ən xoşbəxt toplumlarından biriyik.
Bir məqamı da vurğulamaq istəyirəm. Məlumdur ki, Vətənin azadlığı yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilir. Bu, tamamilə ədalətli qərardır.
Möhtərəm Prezidentimizin dəfələrlə qeyd etdiyi kimi, biz Qarabağdakı tarixi qələbəmizə görə, ilk növbədə şəhidlərimizə borcluyuq. Qədirbilən Azərbaycan xalqı öz şəhid övladlarının xatirəsini daim əziz tutacaq. Düşünürəm ki, o xalq, o millət böyükdür ki, Vətən uğrunda canından keçməyi bacarır. Azərbaycan xalqı məhz belə mərd, qəhrəman xalqlardan biridir.
Bəli, Azərbaycan İkinci Qarabağ müharibəsində möhtəşəm uğur qazanmış ölkədir. Belə ki, 44 gün sürən hərbi əməliyyatlar nəticəsində müzəffər Azərbaycan Ordusu Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, Azərbaycan xalqının tarixində, mədəniyyətində və qəlbində xüsusi yeri olan, Qarabağın tacı sayılan Şuşa şəhərini, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələrini, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndlərini, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri daxil olmaqla, ümumilikdə, 300-dən çox yaşayış məntəqəsini, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəklikləri işğaldan azad etmişdir.
Qarabağ cəbhəsində əldə etdiyimiz parlaq qələbələr nəticəsində düşmən Kəlbəcər, Ağdam və Laçın rayonlarını bir güllə belə atılmadan Azərbaycana qaytarmağa məcbur olmuşdur.
İnsan yalnız şərəfli ölkənin vətəndaşı olduğu zaman tam xoşbəxt ola bilər. Biz azərbaycanlılar, həqiqətən, şərəfli bir dövlətin vətəndaşlarıyıq. Bizim çağdaş dünyanın ən görkəmli tarixi şəxsiyyətlərindən sayılan Prezident İlham Əliyev kimi liderimiz var. Azərbaycan xalqı öz müdrik liderinin ətrafında bundan sonra da sıx birləşərək, bütün sahələrdə böyük uğurlar qazanacaq.
Söhbəti qələmə aldı:M.HACIXANLI
Xalq qəzeti.-2021.-2
oktyabr.-S.6.