Azərbaycan regionda sülhün, təhlükəsizliyin zəruriliyini
daim yüksək dəyərləndirir
Prezident İlham Əliyev fəaliyyətinin bütün mərhələlərində hər zaman barışın, əmin-amanlığın tərəfində olub. Hətta Ermənistan 30 ilə yaxın bir zaman ərzində torpaqlarımızı işğal altında saxlayanda da dövlətimizin başçısı bu haqsızlığı, ədalətsizliyi müharibə, döyüş yolu ilə deyil, sülh danışıqları vasitəsilə aradan qaldırmağa çalışıb. Təəssüf ki, dünya birliyinin bu işğal siyasətinə laqeyd, biganə münasibət bəsləməsi, eyni zamanda, havadarlarının mənəvi-siyasi dəstək göstərməsi düşmən ölkəni daha da azğınlaşdırdı və onu “yeni müharibə ilə yeni ərazilər əldə etmək”, “Qarabağ Ermənistandır və nöqtə” kimi təxribat xarakterli məsuliyyətsiz bəyanatlar səsləndirməyə sövq etdi. Ermənistan bu məkrli niyyəti ötən il sentyabr ayının 27-də reallaşdırmaq qərarına gələrək ölkəmizə qarşı hücum əməliyyatlarına başladı. Lakin unutdu ki, Azərbaycan ötən əsrin 90-cı illərindəki respublika deyil. Anlamırdılar ki, qarşılaşacaqları ordu haqqında, onun gücü, təcrübəsi, peşəkarlığı, döyüş əzmi, taktikası və qəhrəmanlığı haqqında hələ çox danışılacaq, təhlillər aparılacaq. Şübhəsiz ki, belə təqdirdə düşmən ordusunun hücumun ilk günlərindən darmadağın edilməsi, acı məğlubiyyətlə üzləşməsi təsadüfi deyildi. Bu fikri Milli Məclisin deputatı, YAP-ın İdarə Heyətinin üzvü Rəşad Mahmudov söyləyib.
Deputat daha sonra deyib: “Təkrar edirəm, Azərbaycan torpaqlarının döyüşlə, qan tökməklə azad olunmasının yox, sülh danışıqları vasitəsilə düşməndən təmizlənməsinin tərəfdarı idi. Lakin Ermənistanın təxribatları Azərbaycanı güc amilini önə çəkməyə məcbur etdi. Prezident İlham Əliyev sentyabrın 28-də “France-24” televiziya kanalına müsahibəsində də bu barədə ətraflı söhbət açıb. Dövlətimizin başçısı müharibədən əvvəl olduğu kimi, savaşdan ötən bir il ərzində də sülh və regionun inkişafı naminə daim Ermənistanla danışıqların aparılması zəruriliyini diqqətə çatdırıb. Hətta Azərbaycan artıq bir neçə dəfə açıq şəkildə onunla dialoqa başlamağa hazır olduğunu da bildirib. Belə bir məqsəd isə təbii ki, müharibə bitməsindən, münaqişənin artıq öz həllini tapmasından irəli gəlib. Ancaq Ermənistan yenə də, necə deyərlər, haqq yoluna gəlməkdən boyun qaçırıb.
Əlbəttə, Vətən müharibəsindən sonra ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi, sülh danışıqlarına tərəfdar olması Azərbaycanın sülhpərvər xarakterindən irəli gəlməklə bərabər, həm də Cənubi Qafqazı sabit və təhlükəsiz regiona çevirmək istəyi ilə bağlı olub. Çünki rəsmi Bakı, eləcə də bölgənin digər dövlətləri Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasının bu regionun inkişafı, tərəqqisi üçün yeni imkanlar yaradacağına əmindirlər”.
Rəşad Mahmudov açıqlamasında dövlətimizin başçısının müsahibədə vurğuladığı fikrə istinadən bildirib ki, regionda sülhün bərqərar olması zəruriliyi Azərbaycanın rəsmi mövqeyini əks etdirir. Sülh müqaviləsi mütləq reallaşdırılmalıdır. Şübhəsiz ki, burada sərhədlərin delimitasiyası və demarkasiyası üzərində işlərin aparılmasının gerçəkləşdirilməsi də mühüm önəm daşıyır. Ermənistanın bu istiqamətdə tez bir zamanda fəaliyyətə başlaması, sülh sazişi üzərində danışıqlara qoşulması bu ölkəni həm üzləşdiyi daxili siyasi və iqtisadi böhrandan xilas edə, həm də regionda sülhün inkişafına mühüm töhfə verə bilər. Təəssüf ki, Ermənistanın indiki siyasi isteblişmentinin bəzi dairələrində revanşizm tendensiyalarının mövcudluğu bu əmin-amanlıq missiyasının reallaşmasına imkan vermir. Təbii ki, belə hal işğalçı ölkənin sadə insanlarının rifahının, sosial şəraitinin getdikcə pisləşməsi ilə nəticələnir.
Deputat qeyd edib ki, Ermənistanın sülh danışıqlarına qoşulmasına bu ölkəyə dost dövlətlər də təkan verə bilər. Lakin, təəssüf ki, hazırda bu, çox zəif müşahidə olunur. Belə bir halı Minsk qrupunun həmsədrlərindən olan Fransanın timsalında aydın görə bilərik. Bu məsələ ilə bağlı, ilk növbədə, qeyd edilməlidir ki, Azərbaycan Fransaya hər zaman dost ölkə kimi münasibət bəsləyib. İki dövlət arasında bir çox iqtisadi, ticari və infrastruktur layihələr reallaşdırılıb. Amma Fransa nə işğal dövründə, nə də Vətən müharibəsi günlərində özünü tərəfsiz göstərə bilməyib. Xüsusilə Ermənistanın Azərbaycana savaş açdığı zaman dürüst vasitəçi missiyasından kənar dayanıb. Prezident İlham Əliyevin sözügedən müsahibədə bildirdiyi kimi, Vətən müharibəsində Fransa Ermənistan tərəfini seçdi, işğalçıya dəstək göstərdi, onu qəsbkarlıqdan çəkindirməyə cəhd etmədi: “Bizim Fransa ilə Ermənistanın tarixi əlaqələrindən, Fransada fəal erməni icmasının olmasından və onların qərar qəbul edən şəxslərə mümkün təsirindən xəbərimiz var. Münaqişə boyunca Fransa özünün hərəkət və bəyanatlarında Azərbaycanı açıq şəkildə ittiham etdi və qərəzli yanaşma nümayiş etdirdi. Təbii ki, bu məsələ narahatlıq doğurdu. Fransa vasitəçi ölkə kimi ATƏT-in mandatına sahibdirsə, bitərəf olmalıdır”.
Sonda vurğulamaq istərdim ki, ölkəmiz Fransa ilə əməkdaşlığa hər zaman önəm verib və hazırda da bu prinsipə sadiqdir. Azərbaycan dünyanın aparıcı dövlətlərindən biri olan Fransa ilə normal münasibətlərin, səmərəli əməkdaşlığın tərəfdarıdır və xarici siyasətində bu, prioritet istiqamətdir. Fransa kimi Azərbaycan da regionda sülhün, sabitliyin, təhlükəsizliyin zəruriliyini daim yüksək dəyərləndirir.
Xalq qəzeti.-2021.-2
oktyabr.-S.6.