Xatirələrdə yaşayacaq
insan
İnsana verilən ömür payı çox qısa olsa da, bu qısa ömrün şanı-şöhrəti əbədi ola bilir. Şöhrət ölməz əməllərin bəhrəsidir. Beşiklə məzar arasındakı sınaq müddətini – Uca Yaradanın bəxş etdiyi ömrü gərək elə yaşayasan ki, səndən sonra ya insanların əqlinə, ruhuna qida verən əməllərin, ya da cəmiyyətə fayda verən nəcib övladların qala. Aqillər deyib ki, doğumla ölümdən qaçmaq olmaz, bizə bu diametral zaman kəsimində həyat yolunu ləyaqətlə keçmək qalır.
40 gün əvvəl haqq dünyasına qovuşmuş unudulmaz insan – Azərbaycan Dövlət Pedaqoji Universitetinin Elmi-təşkilati şöbəsinin müdiri, iqtisad elmləri doktoru, professor Əli Qulu oğlu Allahverdiyev 69 illik ömrünü şərəflə və ləyaqətlə yaşayaraq xatirəyə çevrilən belə ziyalılardan biridir.
Əli müəllim 22 mart 1952-ci ildə Qərbi Azərbaycanın Göyçə mahalının Cil kəndində Qulu kişinin və Ayna xanımın ailəsində anadan olub. 7 qardaş və bacının böyüyü idi.
Əsrarəngiz təbiəti
ilə seçilən Cil kəndi
Göyçə gölünün
sahilində yerləşir. Bir zamanlar Dədə Qorqud qəhrəmanlarının at çapıb qılınc
oynatdığı əzəli türk yurdunda. 1988-ci ildə erməni quldurları kəndi
yağmalayanda burada
1500-dən artıq əhali yaşayırdı. Kənddə ondan çox sosial-mədəni
obyekt fəaliyyət göstərirdi.
1923-cü ildə təşkil edilmiş ilk ibtidai məktəb sonralar 7 illik, daha sonra 8 illik,
nəhayət, orta məktəbə çevrilmişdi. Əli müəllim orta təhsilini 1959-1969-cu illərdə Cil kənd orta məktəbində
almışdı. Təhsil illərində
çalışqanlığı, istedadı ilə
seçilən Əli orta məktəbi
bitirəndən sonra arzularının qanadında Bakıya gəlir və Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna
qəbul olunur. 1969- 1974-cü illərdə
həmin institutun Ümumiqtisad
fakültəsində siyasi iqtisad ixtisası üzrə təhsil alır.
İnstitutu iqtisadçı, siyasi iqtisad müəllimi
ixtisası ilə başa vuran
Əli müəllim Azərbaycan Ali
və Orta İxtisas Təhsili
Nazirliyinin göndərişi ilə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun Siyasi iqtisad kafedrasına laborant vəzifəsinə təyin olunur. 1975–1976-cı illərdə ordu sıralarında hərbi xidmətdə olur. Zabit kimi
ehtiyata buraxılan Əli Allahverdiyev
Pedaqoji İnstitutda elmi-pedaqoji fəaliyyətini davam
etdirir. Siyasi iqtisad kafedrasında laborant (1976-1980), assistent, baş müəllim
(1980-1991), dosent (1992-2011), professor
(2011-2012) vəzifələrində işləyir. Pedaqoji fəaliyyəti ilə
yanaşı sistemli elmi araşdırmalarla məşğul olur.
1978–1981-ci illərdə Bakı Dövlət Universitetinin Siyasi iqtisad kafedrasının aspiranturasında təhsil
alır. “İctimai istehsalın iki bölməsi arasındakı nisbətin
təkmilləşdirilməsi və səmərəliliyin
artırılması” mövzusunda
namizədlik dissertasiyası
üzərində çalışır.
Dissertasiya işini vaxtından
əvvəl başa çatdırsa da, müdafiə prosesində
xeyli çətinliklərlə
üzləşməli olur.
Əsəri müdafiə etmək
üçün qədim
türk yurdu İrəvana ezam olunur. Dissertasiya işini İrəvan
Dövlət Universitetinin
nəzdindəki Dissertasiya
şurasına təqdim
edir. Dissertasiya dəfələrlə müzakirə edilərək
bəyənilsə də
müdafiəsi təşkil
edilmir. 1988-ci ildə azərbaycanlıların
qədim türk torpaqlarından – indiki Ermənistan ərazisindən
deportasiyasından sonra
münaqişə daha
da kəskinləşir,
qanlı müharibəyə
çevrilir. Bu səbəbdən də Əli müəllim namizədlik dissertasiyasını
1988-ci ildə Daşkənd
Universitetində müdafiə
etməli olur. 22 fevral 1989-cu ildə
SSRİ AAK tərəfindən ona iqtisad elmləri
namizədi elmi dərəcəsi, 17 fevral
1992-ci ildə İqtisadi
nəzəriyyə kafedrası
üzrə dosent elmi adı verilir.
Pedaqoji və elmi uğurları ilə fərqlənən
Əli müəllim az sonra
Azərbaycan Dövlət
Pedaqoji Universitetinin İqtisadi və sosial fənlər kafedrasının müdiri
vəzifəsinə seçilir,
1997-2012-ci illərdə həmin
kafedraya rəhbərlik
edir. Bu illər
ərzində elmi-pedaqoji
fəaliyyətində böyük
uğurlar əldə
edir, Bakıda və xarici ölkələrdə keçirilən
elmi konfranslarda dəyərli elmi məruzələrlə çıxış
edir, ölkəmizdə
nüfuzlu iqtisadiyyat mütəxəssislərindən biri kimi tanınır,
iqtisad elmi sahəsində səlahiyyətli
söz sahiblərindən
birinə çevrilir.
Rəhbərlik etdiyi kafedra
ölkədə iqtisadi
və sosial fənlərlə bağlı
müdafiə edilən
dissertasiyalar üçün
aparıcı təşkilata
çevrilir. Kafedrada yüksək
elmi mühit, respublikanın tanınmış
iqtisadçı alimləri
ilə səmərəli
əməkdaşlıq şəraiti
formalaşdırılır.
2005-ci ildə
Əli müəllim
AMEA-nın İqtisadiyyat
İnstitutunun ixtisaslaşdırılmış
Dissertasiya Şurasında
"Bazar iqtisadiyyatının
təşəkkülü prosesində makroiqtisadi dinamik və struktur dəyişikliklərinin
tənzimlənməsi problemləri"
mövzusunda doktorluq dissertasiyası müdafiə
edir. Elmi-nəzəri və
praktik əhəmiyyəti
ilə seçilən
dissertasiya işində
bazar iqtisadiyyatının
təşəkkülü prosesində makroiqtisadi dinamik və struktur dəyişikliklərinin
tənzimlənməsinin mühüm
problemlərinin nəzəri-metodoloji
aspektləri araşdırılır,
makroiqtisadi inkişafın
mənbə və mexanizmləri tədqiq edilir, iqtisadi sistemdə üzə çıxan qarşılıqlı
təsirlər müəyyənləşdirilir,
makroiqtisadi əlaqələrin
hərtərəfli liberallaşdırılmasına
dair konseptual müddəalar irəli sürülür, Azərbaycan
iqtisadiyyatında struktur
dəyişikliklərinin xarakterini
müəyyən edən
amillər şərh
olunur, struktur deformasiyaların aradan qaldırılması və
səmərəli strukturun
formalaşdırılması, makroiqtisadi dinamikanın tənzimlənməsi və
sabitləşməsinin əsas
yolları göstərilir.
Respublikamızın tanınmış iqtisadçı
alimlərinin təqdir
etdiyi dissertasiya işinə görə Əli Allahverdiyevə 12 yanvar 2007-ci ildə Azərbaycan Respublikasının
Prezidenti yanında AAK
tərəfindən iqtisad
elmləri doktoru elmi dərəcəsi, 30 sentyabr 2011-ci ildə isə İqtisadi və sosial fənlər kafedrası üzrə professor elmi adı verilir. Əli müəllim
bir dərsliyin, üç monoqrafiyanın,
dörd dərs vəsaitinin, 100-dən artıq
elmi məqalənin, iqtisadi nəzəriyyə
ilə bağlı proqram və metodik vəsaitlərin müəllifidir. Pedaqoji və
iqtisadçı kadrların
hazırlanmasında mühüm
xidmətləri var. Uzun
müddət Təhsil
Nazirliyinin iqtisadiyyat üzrə metodiki komissiyasının, Azərbaycan
Respublikasının Prezidenti
yanında Ali Attestasiya
Komissiyasının iqtisadiyyat
bölməsinin ekspert
şurasının üzvü
olub.
Yaşanan ömür insanı heç də asanlıqla şan-şöhrətə çatdırmır. Əli müəllimin qazandığı şöhrət payı onun zəhmətsevərliyindən, istedadından və inadkar xarekterindən güc alırdı. Əli müəllim möhkəm iradəsi, yeniliyə can atması, azadfikirliliyi, xeyirxahlığı, təşəbbüskarlığı, həssaslığı, bəlağətli nitqi və yüksək idarəetmə qabiliyyəti ilə seçilirdi. Bu keyfiyyətlərinə görə o, 2012-ci ildə daha yüksək vəzifəyə – Azərbaycan Müəllimlər İnstitutunun Quba filialına direktor təyin edildi. Qısa bir müddətdə filialda infrastrukturun təkmilləşdirilməsi, maddi-texniki bazanın və elmi-pedaqoji potensialın gücləndilməsi, tədrisin keyfiyyətinin yüksəldilməsi, effektiv təhsil mühitinin yaradılması sahəsində uğurlara nail olundu. 2015-ci ildə Azərbaycan Müəllimlər İnstitutunun Quba filialı ADPU-nun filialına çevrildi. Əli müəllim 2019-cu ilin sentyabr ayına kimi gənclik enerjisi ilə filiala rəhbərlik etdi. Səhhəti ilə bağlı olaraq 18 sentyabr 2019-cu ildə ADPU-nun rektoru, professor Cəfər Cəfərovun əmri ilə universitetin elmi-təşkilati şöbəsinin müdiri vəzifəsinə təyin olundu.
Geniş ürək sahibi olan Əli müəllimin böyüklüyü onun səmimiliyində, sadələyində və təvazökarlığında idi. O, insanlığı, ədəb-ərkanı, əxlaq və fəziləti ilə seçilən nikbin insan idi. Amansız ölüm əvvəl bacısını, sonra anasını əlindən alsa da, ölüm haqqında deyil, həyat haqqında düşünürdü, böyük arzularla yaşayırdı. Ailənin, qohum-qardaşın, elin-obanın onun üzərinə qoyduğu ağsaqqallıq missiyasını ləyaqətlə yerinə yetirirdi.
İnsan
ömrü yarpaq
üstündəki şeh damlasını
xatırladır. Günəş çıxan kimi yox olur. Gec-tez əcəl
şərbətini içəcəyini
hamı bilsə də heç kəs ölümü özünə yaxın buraxmaq istəmir. Arzularla yaşayır, yaş artdıqca arzuların sayı da artır.
Əli müəllimin də arzuları saysız-hesabsız
idi, çoxunu başa çatdıra bilmədi. Əcəl mane oldu. İnsanların
çoxu ailədən,
az bir
hissəsi eldən gedir. Görkəmli alim, böyük
ziyalı, tanınmış
pedaqoq, professor Əli
Allahverdiyev eldən getdi. Belə insanların yeri
həmişə görünür
və görünəcək.
Allah Əli müəllimə
rəhmət eləsin.
Qəbri
nurla dolsun.
Fərrux RÜSTƏMOV,
ADPU-nun İbtidai təhsil fakültəsinin dekanı,
pedaqoji elmlər doktoru, professor,
Əməkdar elm xadimi
Xalq qəzeti.-2021.-2
oktyabr.-S.9.