Bu gün Azərbaycan
qalib dövlət kimi
yaşayır
Biz bundan sonra qalib
ölkə, müzəffər xalq kimi yaşayacağıq və azad
edilmiş torpaqları quracağıq, bərpa
edəcəyik. O torpaqlara artıq həyat
qayıdır, insanlar qayıdır. Bu qayıdışı ən qısa müddət
ərzində təmin etmək bu gün bizim başlıca
vəzifəmizdir.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Azərbaycan Ordusunun ötən il sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı əks-hücum əməliyyatı ilə başlanan Vətən müharibəsi ölkəmizin tam qələbəsi və düşmənin kapitulyasiyası ilə nəticələndi. Bununla da Azərbaycan bu döyüşdə parlaq qələbə qazandı, işğal altındakı torpaqlarımızı yağılardan təmizlədi. Müzəffər ordumuzun hər bir əsgəri, hər bir zabiti müharibədə qəhrəmancasına döyüşdü, düşmənin torpaqlarımızdan qovulmasında müstəsna xidmətlər göstərdi, yaralandı, öz həyatını risk altına atdı, lakin məqsədi uğrunda inadından dönmədi, əzmlə, cəsarətlə zəfər yürüşünü son nəticəyə qədər davam etdirdi.
Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 27-də Anım Günü ilə əlaqədar xalqa müraciətində bu barədə deyib: “İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Bu qələbə tarixdə əbədi qalacaq. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi. Mən dəfələrlə demişdim ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq. Dəfələrlə demişdim ki, nəyin bahasına olursa-olsun biz öz torpaqlarımızı geri qaytaracağıq. Dəfələrlə demişdim ki, düşmən öz xoşu ilə torpaqlarımızdan çıxmasa, biz onu torpaqlarımızdan qovacağıq və belə də oldu. Biz Birinci Qarabağ müharibəsindəki məğlubiyyətlə barışmadıq, güc topladıq, bütün gücləri səfərbər etdik, ordumuzu gücləndirdik, ölkə iqtisadiyyatını gücləndirdik, ölkəmizin nüfuzunu qaldırdıq və öz tarixi missiyamızı şərəflə yerinə yetirdik. Biz düşməni torpaqlarımızdan qovduq və ədaləti, beynəlxalq hüququ bərpa etdik. Biz milli ləyaqətimizi bərpa etdik. Bu gün Azərbaycan xalqı müzəffər xalq kimi yaşayır. Bu gün Azərbaycan dövləti qalib dövlət kimi yaşayır. Biz bundan sonra müzəffər xalq və qalib dövlət kimi əbədi yaşayacağıq”.
Dövətimizin başçısı müraciətində vurğuladığı kimi, Ermənistan döyüş meydanında məğlub olarkən yenə də ən çirkin əməllərə əl atırdı, mülki şəxslərə qarşı hərbi təxribatlar törədirdi. Bunun nəticəsində yüzdən çox mülki şəxs erməni faşizminin qurbanı oldu. Düşmən şəhər və kəndlərimizi də daim atəş altında saxlayır, qadağan olunan silahlardan–ağ fosforlu bombalardan, ballistik raketlərdən istifadə edərək evləri, infrastrukturu yerlə bir edirdi. Ancaq heç bir təxribat, heç bir dağıntı müzəffər ordumuzu dayandıra, zəfər yürüşünü yarıda saxlaya bilmədi. Xalqımız əzm, iradə, cəsarət göstərərək bütün erməni təxribatlarının, vəhşiliklərinin qarşısından geri çəkilmədi. Prezident İlham Əliyev müharibə dövründə Azərbaycan xalqına dəfələrlə müraciət edərək heç kimin ordumuzun qarşısına sədd çəkməyə gücünün çatmayacağını dedi. Çünki Azərbaycan ədalət, ləyaqət, milli qürur savaşı aparırdı. Bu, müqəddəs savaş idi.
Vətən müharibəsində Azərbaycan xalqı dövlətimizin başçısının qeyd etdiyi kimi, “Öldü var, döndü yoxdur!” şüarı ilə yaşayırdı. Bu, ordumuza mənəvi güc verirdi. Günahsız insanların həlak olması, şəhər və kəndlərimizin vəhşicəsinə dağıdılması da Azərbaycan xalqının iradəsini qıra bilmirdi. Silahlı qüvvələrimiz şücaət, qəhrəmanlıq göstərərək, uğurla irəliləyir, çətin relyef şəraitində 30 il ərzində qurulan güclü müdafiə istehkamlarını yararaq möhtəşəm qələbələr əldə edirdi.
Dövlətimizin başçısı çıxışlarında dəfələrlə bu zəfərin xalqımızın tarixində əbədi qalacağını, Azərbaycanın həm döyüş meydanında, həm də danışıqlar masası arxasında istədiyinə nail ola bildiyini vurğulayıb. Ali Baş Komandan, həmçinin xatırladıb ki, döyüşlərin şiddətli xarakter almasına, düşmənin müqavimət göstərməsinə baxmayaraq Azərbaycan Ordusu 44 gün ərzində peşəkarlıq, şücaət nümayiş etdirib. Bu peşəkarlıq, qəhrəmanlıq nümunəsi sayəsində, cəsarət, hünər, əzm hesabına 44 gün ərzində 300-ə yaxın kənd, 5 şəhər, 4 qəsəbə, çoxsaylı strateji yüksəkliklər azad olunub. Düşmənin texnikası tam məhv edilib, canlı qüvvəsinə ciddi zərbə vurulub. Ermənistan ordusu darmadağın edilib. Atəşkəs ərəfəsində isə artıq vahid komandanlığı olmayan, müqavimət qabiliyyətini itirən, başıpozuq dəstələrə çevrilib.
Azərbaycan Dağlıq Qarabağın incisi olan Şuşa şəhərini, onun ardınca bir gündə 70-dən artıq kəndi, 8 strateji yüksəkliyi işğalçıdan təmizləməklə, Ermənistanı diz çökdürüb və kapitulyasiyaya məcbur edib.
Beləliklə, otuz il ərzində aparılan danışıqlar prosesində düşmən dövlət reallaşdırmaq istədiklərinin heç birini həyata keçirə bilmədi, Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsi gerçəkləşmədi, bu bölgədə yeni erməni dövlətinin yaradılması planları isə tamamilə alt-üst oldu. Halbuki, uzun bir dövrdə sülh danışıqları zamanı hər vəchlə Ermənistanın maraqlarının təmin edilməsinə cəhdlər olunurdu, Azərbaycan Silahlı Qüvvələri keçmiş DQMV-nə, o cümlədən, Şuşa şəhərinə girməsi, ümumiyyətlə, yaxın buraxılmırdı. Hətta keçmiş Şaumyan, indiki Goranboy rayonunun bir hissəsinin ermənilərin nəzarətinə verilməsi tələb edilirdi. Lakin parlaq qələbə ilə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev yeni bir reallıq yaratdı, Şuşa şəhəri də daxil olmaqla, Dağlıq Qarabağın böyük bir hissəsi Azərbaycan Ordusunun nəzarətinə keçdi.
Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu canı-qanı bahasına Ermənistan ordusunun məğlubedilməzliyi barədə illərdən bəri formalaşdırılan mifi 44 günə dağıtdı, bütün qüvvələri Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa vadar etdi, Azərbaycanın ərazi bütövlüyünü gerçəkləşdirdi. Sübut edildi ki, Azərbaycanın razılığı olmadan Dağlıq Qarabağla bağlı heç bir qərar verilə bilməz. İnzibati ərazisi xeyli böyük olan Kəlbəcər, Ağdam və Laçın şəhid vermədən, qan tökülmədən geri qaytarılması da reallaşdı.
Şuşa şəhəri, Xocavənd, o cümlədən, Hadrut qəsəbəsi, Kəlbəcər, Ağdam və Laçının geri qaytarılması isə Dağlıq Qarabağa gedən bütün strateji yolların, yüksəkliklərin, kommunikasiya xəttlərinin tamamilə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçməsi ilə yekunlaşdı.
Onu da vurğulayaq ki, Azərbaycanın möhtəşəm zəfəri ilə Ermənistanın öz müqəddəratını təyinetmə ilə əlaqədar iddiaları qüvvədən düşdü, bütün məsələlərin yalnız respublikamızın ərazi bütövlüyü prinsipinə əsasən həlli gerçəkləşdi.
Ermənistan və onun havadarları tərəfindən hərbi əməliyyatları dayandırmaq üçün Azərbaycana diplomatik və siyasi təzyiqlər göstərildi. Prezident İlham Əliyev qəti siyasi iradəsini nümayiş etdirdi, bütün təzyiqlərə mərdanə şəkildə sinə gərərək onları dəf etdi, öz prinsipial mövqeyindən dönmədi. Dövlətimizin başçısı dünyanın aparıcı mediasına verdiyi 30-a yaxın müsahibə dünya informasiya məkanında ölkəmizə qarşı olan hücumları darmadağın etdi.
Beləliklə, Ermənistanın və onun havadarlarının işğala və tədricən Azərbaycan ərazilərinin ilhaqına əsaslanan planları alt-üst oldu. Regionda Azərbaycanın maraqlarına cavab verən yeni siyasi reallıq yarandı. Yekun nəticədə, Azərbaycan vətəndaşlarının 30 ilə yaxın davam edən torpaq həsrətinə son qoyuldu. Prezident İlham Əliyev nəyi necə və nə zaman etməyi özünün yaxşı bildiyini bir daha nümayiş etdirdi.
Bu qələbə azərbaycanlılar haqqında məğlub xalq sindromunu sındırdı, xalqın inamını özünə qaytardı. Bütün dünya gördü ki, Azərbaycan xalqı heç vaxt məğlubiyyətlə barışmayacaq və gec-tez öz amalına qovuşacaqdır. Prezident İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olunmasının ən başlıca səbəbidir.
Vaqif BAYRAMOV
Xalq qəzeti
2021.- 9 oktyabr.- S.1.