Müzəffər xalq, qalib dövlət olmağın qürur və məsuliyyəti

 

Müzəffər xalqımız bu günlərdə 44 günlük Vətən müharibəsindəki möhtəşəm qələbəmizin qürurunu yaşayır, Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın azadlığı uğrunda apardığımız şanlı qurtuluş savaşının qəhrəmanlıq salnaməsini vərəqləyir. Bu zəfər salnaməsinin əsas cizgiləri cənab Prezidentin sentyabrın 27-də Anım Günü ilə əlaqədar xalqa müraciətində konseptual şəkildə ifadə olunub. Müraciətdə İkinci Qarabağ müharibəsinin başlan­ması ərəfəsində Ermənistanın Azərbaycana qarşı sərhəd boyu silahlı təxribatı, döyüş mövqelərimizi və yaşayış məntəqələrimizi atəşə tutması, bu namərd atəş nəticəsində ilk saatlarda mülki şəxslərin və hərbçilərin həlak olması vurğulanır.

 

Bütün sərhəd və cəbhə xətti boyu Ermənistanın hərbi təcavüzünə məruz qalmış Azərbaycan Ordusunun genişmiqyaslı əks-hücuma keçməyə məcbur olduğu qeyd olunur. Ali Baş Komandanın əmri və komandanlığı ilə aparılan bu əks-hücum cəmi 44 gün ərzində namərd düşmənin darmadağın edilməsi, işğalda olan vətən torpaq­larının azad olunması, Ermənistanın tam məğlubiyyətə uğradılaraq kapi­tulyasiya aktına imza atmağa məcbur edilməsi ilə nəticələndi. Otuz il ərzində düşmənin qurduğu saysız istehkam­lar saman çöpü kimi dağılıb yerlə bir edildi, ermənilərin başıpozuq silahlı quldur dəstələri haqqında yaradılmış miflər puç oldu.

 

Bu müqəddəs azadetmə əməliyyatının başlanmasından artıq bir il ötür və ölkə Prezidenti öz müraciətində, ilk növbədə, Vətən müharibəsi cəbhələrində qəhrəmanlıqla döyüşmüş əsgər və zabitlərimizi xatırlayır; “Həlak olmuş qəhrəman şəhidlərimizin əziz xatirəsi qarşısında bu gün bir daha baş əyir, onlara Allahdan rəhmət diləyirik. Biz şəhidlərimizi öz qəlbimizdə əbədi saxlayacağıq”. Eyni zamanda, şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi naminə atacağı yeni addımları – Vətən Müharibəsi Memo­rial Kompleksinin və Zəfər Muzeyinin təməlinin qoyulacağını, Bakının ən gözəl yerlərinin birində İkinci Qara­bağ müharibəsinin qəhrəmanlarının şərəfinə möhtəşəm abidə ucaldılaca­ğını söyləyir.

 

Prezident öz müraciətində, bəlkə də bu müharibənin özü qədər mürəkkəb və çətin prosesiişğal dövründə müharibəyə gərgin hazırlıq işlərini və xalqın qələbə əzminin qorunması uğ­runda fəaliyyəti xatırlayır. Azərbaycan xalqının heç vaxt işğalla barışmaya­cağına, nəyin bahasına olursa olsun, torpaqlarımızı geri qaytaracağımıza bütün bu illər ərzində olan inamını bir daha bəyan edir. Bildirir ki, məhz bu sarsılmaz inam, xalqla rəhbər həmrəyliyi sayəsində “Biz Birinci Qa­rabağ müharibəsindəki məğlubiyyətlə barışmadıq, güc topladıq, bütün gücləri səfərbər etdik, ordumuzu gücləndirdik, ölkə iqtisadiyyatını gücləndirdik, ölkəmizin nüfuzunu qaldırdıq və öz tarixi missiyamızı şərəflə yerinə yetir­dik”. Bu hərtərəfli gərgin zəhmətin, milli həmrəylik və əzm sayəsində müzəffər ordumuz namərd düşməni torpaqları­mızdan qovdu, tarixi ədalət və hüquq bərpa edildi.

 

Təbii ki, bu tarixi qələbə, silsilə müdafiə qurğuları qurmuş, yüksəklikdə yerləşmiş, kənar dairələrdən və dün­yaya səpələnmiş soydaşlarından ianə alan düşmənin döyüş meydanında darmadağın edilməsi və işğala son verilməsi yalnız hərbi-siyasi məzmunlu hadisə deyildi. Xalqımızın müsəlləh əsgər kimi böyük ruh yüksəkliyi ilə qoşulduğu bu savaş misilsiz milli-tarixi, hərbi-siyasi əhəmiyyəti ilə yanaşı, həm də dost və düşmənin, xeyir və şərin arandığı mənəvi sınaq idi, həqiqətin, haqq və ədalətin təntənəsi məqamı idi. Bu müharibə mühüm milli-mənəvi hadisə idi, xalqın öz varlığını təsdiqi məsələsi idi.

 

Buna görə də Azərbaycan xalqı, Azərbaycan əsgəri və Azərbaycan Ordusunun Ali Baş Komandanı düşmənin, erməni faşizminin məkrli təxribatına, qanundankənar silah­lardan istifadəsinə, dinc kənd və şəhərləri bombardman etməsinə, sax­takar təbliğat şəbəkəsinin təxribatına baxmayaraq, geri çəkilmədi, durmadı, ləngimədi, müharibənin hər günü qələbə günü oldu, məntəqələrimizin azad edilməsi günü oldu. Ordu­muz, əsgər və zabitlərimiz yüksək hərbi peşəkarlıq, döyüşçü şücaəti və fədakarlıq nümayiş etdirdi. Eyni zamanda, Azərbaycan əsgəri zəngin mənəviyyat, mərdlik, dürüstlük və əxlaq örnəyi oldu, namərd düşməndən fərqli olaraq, silahını mülki əhaliyə qarşı yönəltmədi, basılanı əzmədi, mühasirəyə düşmüş minlərlə düşmən əsgərinə humanistcəsinə yol açdı. Bu xalqı, bu ordunu, bu komandanı artıq heç kim dayandıra bilməzdi və Azərbaycan xalqı öz sözünü dedi, dünyaya əsgər şücaəti, əsgər ləyaqəti və müharibə əxlaqı nümunəsi göstərdi.

 

Ali Baş Komandan müharibə dövrü çıxışlarında dəfələrlə xalqa bir ali həqiqəti dedi: “Biz ədalət savaşına çıxmışıq. Biz ləyaqət savaşına çıxmı­şıq. Biz milli qürur savaşına çıxmışıq. Biz müqəddəs savaşa çıxmışıq”. Tarix boyu mərdliyi, ləyaqəti, vəfası və fədakarlığı ilə seçilən xalqımız bu mənəvi sınaqdan da şərəflə çıxdı. Ali Baş Komandanın qürurla dediyi kimi, 10 mindən çox fərarisi olan erməni si­lahlı qüvvələrinə rəğmən, Azərbaycan ordusunda bir nəfər də fərari olmadı. Bu özü də ermənilərin bu torpaqlara yad olduğunu göstərdi. Azərbaycan əsgəri öz doğma vətənini azad edirdibu qələbəni də ana yurduna olan övlad sevgisi, cəngavər şücaəti, fədakarlığı, milli ruhu sayəsində, qanı, canı bahasına qazandı və Prezidenti­mizin qürurla söylədiyi kimi, “44 günlük Vətən müharibəsi milli iradə, milli ruh, milli ləyaqət təntənəsi idi. Biz Qələbəni döyüş meydanında qazandıq. 300-dən çox şəhər və kənd döyüş meydanında işğaldan azad edildi. Biz qan tökərək, şəhidlər verərək bu Qələbəni əldə et­dik və düşməni məcbur etdik ki, bizim qabağımızda diz çöksünkapitulya­siya aktına imza atsın”.

 

Havadarlarına arxalanan, terror qu­rumları yaradan, dövlət səviyyəsində faşizm ideologiyasını dəstəkləyən və təbliğ edən Ermənistan bu müharibədə nəinki məğlub oldu, həm də diz çökdü, mənən sarsıldı, əsl simasını, xain və cılız xislətini aşkarladı. Ermənilərin 30 il ərzində sponsor ianəsi ilə yaratdığı cinayətkar silahlı dəstələr pərən-pərən düşdü, məhv edildi. Nəticə etibarilə, İkinci Qarabağ müharibəsi ümummillitarixi əhəmiyyətli mühüm siyasi məsələni də həll etdi – nəinki son 30 ildə, xeyli əvvəldən ortaya atılmış qondarma “Dağlıq Qarabağ” məsələsi ləğv edildi. Ermənilərin Qafqaza ayaq qoyduqları iki yüz il ərzində qonşu olduqları xalqlara qarşı siyasi təxribat, ərazi iddiaları, Anadoludan, Qafqaz­dan başlayaraq, Orta Asiyayadək törətdikləri terror və soyqırımlarının davamı olan bu münaqişə “Dəmir yumruğun zərbəsi ilə tarixə gömüldü.

 

Bu baxımdan, bizim qələbəmiz, bütövlükdə, Qafqazda etnik və dövlətlərarası münasibətlərin tənzimlənməsinə müsbət təsir edəcək. Erməni separatizmimafioz terroru hazırda Şimali Qafqazda, Gürcüstan­da baş alıb gedir. Qeyd edək ki, hələ 1918-ci ildə ərazi iddiaları ilə Gürcüs­tana qarşı dövlət səviyyəsində hərbi təcavüz edən Ermənistan bu gün də Gürcüstanın müxtəlif bölgələrində erməni separatizmini dəstəkləyir, təxribatlar törədir. Azərbaycanın apardığı 44 günlük müzəffər Vətən müharibəsi Cənubi Qafqazda erməni terrorunu, separatçılığını xeyli səngidəcək və bütövlükdə erməni faşizmini sarsıdacaq.

 

Bu baxımdan şanlı Vətən savaşı­mız bizim üçün və bizə dost qonşula­rımız üçün bir daha dost və düşmənin kim olduğunu ayırd etdi. Prezidentimiz öz çıxış və müsahibələrində bu məqamı açıq səsləndirir. Xüsusən, qardaş Türkiyə Cümhuriyyətinin, türk xalqının Vətən müharibəsi dövründə tutduğu ədalətli və həm də beynəlxalq hüquqa uyğun qətiyyətli mövqeyi, ölkəmizə olan mənəvi dəstəyi qeyd edir, bu müharibənin bütün dünyaya Türkiyə–Azərbaycan birliyini bir daha göstərdiyini xüsusi vurğulayır.

 

Azərbaycanın tarixi qələbəsi erməni faşizminin mədəniyyətə, dinə, insanlığa qarşı vandal mahiyyətini də bir daha ifşa etdi. Bu gün işğaldan azad edilmiş ərazilərdəki vəziyyət, ya­şayış məskənlərinin, tarixi abidələrin, mədəniyyət obyektlərinin, kitabxana­ların, ibadət yerlərinin, məscidlərin, məzarlıqların, sosialiqtisadi inf­rastrukturun tamamilə məhv edilməsi, müsəlman ibadətgahlarının təhqir olun­ması həmin yerlərə səfər edən xarici vətəndaşları da pərişan edir. İnsanlığa zidd olan bu hallar yəqin ki, beynəlxalq səviyyədə öz hüquqi və mənəvi qiymətini alacaq. Məscidlərin təhqir olunması, dağıdılması əslində bütün müsəlman aləminə təhqirdir və cənab Prezident bu hallara müsəlman dün­yasının adekvat reaksiya verəcəyinə əminliyini bildirir.

 

Müharibə nəticəsində erməni faşiz­minin məhv edildiyini bildirən Prezident eyni zamanda, onun əlamətlərinin hələ də qaldığını xatırladır və qətiyyətlə bəyan edir: “...Əgər biz görsək ki, erməni faşizmi baş qaldırır, əgər biz görsək ki, xalqımıza, dövlətimizə yeni təhlükə mənbəyi yaranır, heç tərəddüd etmədən erməni faşizminin başını bir daha əzəcəyik. Bunu hər kəs bilsin! Müharibənin və Qələbənin rəmzi olan “Dəmir yumruq” yerindədir, bunu heç kim unutmasın!”

 

Bəli, unutqanlıq böyük faciədir, biz dostu da, düşməni də yaxşı tanımalıyıq və dost vəfasını unutmamalıyıq. Eləcə də Vətən yolunda canını fəda etmiş qəhrəmanlarımızın xatirəsini yaşat­malı, arzularını gerçəkləşdirməliyik. Xalqımız ağır sınaqdan üzüağ çıxdı. Rəhbər və xalq birliyi, milli həmrəylik və təəssübkeşlik tarixi zəfərlə və milli qürurun təntənəsi ilə nəticələndi. Lakin bu tarixi zəfər həm də böyük məsuliyyətdir – qələbəyə aparan yollar, döyüşçü şücaəti, şəhidlik məqamı milli yaddaşda və hər birimizin fərdi yaddaşında daim yaşamalı və bizi ayıqlığa səsləməli, Vətən, xalq, dövlət yolunda hər birimiz öz yerimizdə əzmlə çalışmalı, cümhuriyyətimizin inkişafına töhfəmizi verməliyik. Keçmişini unuda­nın gələcəyi olmaz və ölkə Preziden­tinin verdiyi sərəncamlar, qəbul etdiyi qərarlar məhz milli-tarixi yaddaşımızın qorunmasına və bununla da millət kimi daim müzəffər olmağımıza yönəlib.

 

Cənab Prezidentin Anım Günü münasibətilə xalqa müraciətində dediyi kimi, biz Vətən savaşından müzəffər xalqqalib dövlət olaraq çıxmışıq və bu Qələbəni bizə bəxş edən qəhrəman əsgər və zabitlərimiz bizim qürur mənbəyimizdir. Bu fədakar qəhrəmanlarımızın artıq dastana çevrilən xatirəsinin əbədiləşdirilməsi və zəfəri yaddaşımızın əbədiyyəti naminə Anım Gününün və Zəfər Gününün təsis edilməsi, Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər Muzeyinin təməlinin qoyulması, şəhid ailələrinə və qazilərə qayğı, ordu quruculuğu, azad olmuş torpaqların abadlaşdırılması və digər milli amallı addımlar, regionun lider dövləti olan ölkəmizin yeni tarixi mərhələyə daxil olduğunubundan sonra müzəffər xalqqalib dövlət olaraq əbədi yaşayacağımızı təsdiqləyir. Bu yol haqq yoludurbu yolda xal­qımıza milli həmrəylik və hər birimizə məsuliyyət arzulayıram.

 

Asif HACIYEV,

 

filologiya elmləri doktoru, Azərbaycan Universitetinin professoru,

 

Azərbaycan Yazıçılar Birliyinin üzvü

 

Xalq qəzeti  2021.- 9 oktyabr.- S.5.