Ən böyük arzumuz dağıdılan və talan edilən yurd yerlərimizin
tezliklə bərpa olunmasıdır
Bir il öncə Azərbaycan 44 günlük Vətən müharibəsində şanlı tarix yazdı. Bu gün isə azad edilmiş ərazilər bərpa olunur, minalardan təmizlənir və əhalinin öz torpaqlarına qaytarılması ilə bağlı sürətli işlər həyata keçirilir. Dünyanın gözü, qulağı, sözün bütün mənalarında, ölkəmizdədir. Təsadüfi deyil ki, müharibənin başlanmasının ildönümü ərəfəsində cənab Prezident dörd ölkənin televiziya kanalına müsahibə vermişdir. Qalib Ali Baş Komandan, Prezident İlham Əliyev Azərbaycan həqiqətlərini dünya birliyinə nəinki çatdırır, hətta qəbul olunmasını təmin edir.
Bu günlərdə cənab Prezident bir daha xarici informasiya agentliklərinə müsahibələrində postmüharibə dövründə regionda yaranmış yeni reallıqlar və Azərbaycan dövlətinin tutduğu mövqe haqqında ətraflı məlumat verərək bildirdi ki, artıq Azərbaycan və Ermənistan arasında danışıqlar başlanmışdır. Azərbaycan, Ermənistan və Rusiyanın Baş nazirlərinin müavinləri səviyyəsində əməkdaşlığın formatı mövcuddur və bu format kommunikasiyaların açılması məsələsinə həsr olunub. Eyni zamanda, BMT Baş Assambleyasının sessiyası çərçivəsində Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşü baş tutub və bu görüş konstruktiv olmuşdur. Aparılacaq danışıqlar regionun tarixində yeni inkişaf mərhələsinin başlanmasının təməli olmalıdır.
Azərbaycanın mövqeyi müharibə bitəndən sonra da dəyişməz olaraq qalmışdır. Rəsmi Bakı Ermənistanla hər iki ölkənin ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında normal münasibətlər qurmaq istəyindədir. Dövlətimiz sərhədlərin delimitasiyasına və dərhal sonra demarkasiyasına başlanmasına və gələcək sülh sazişi üzərində Ermənistanla işləməyə başlamağa da hazırdır. Bütün bu təşəbbüslər dövlətimiz tərəfindən dəfələrlə vurğulanmışdır. Ölkəmiz qalib tərəf olaraq sülhün təfərrüatlarını müəyyən etməyə və danışıqların aparılmasına hazırdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanla istənilən zaman danışıqlara hazır olduğunu bildirmişdir. Lakin Ermənistan hələ də müsbət cavab verməyib.
Münaqişə Azərbaycanın hərbi-siyasi yolla, beynəlxalq hüquq normaları çərçivəsində təsbit olunmuş ərazi bütövlüyünü təmin etməsi ilə başa çatmışdır. Artıq mövcud olmayan “Dağlıq Qarabağ” adlandırdıqları “qurum”un statusu haqqında danışmağın yeri yoxdur. Çünki Dağlıq Qarabağ mövcud deyil. Azərbaycanın ərazisində belə inzibati vahid yoxdur. Cari ilin 7 iyul tarixində Prezident İlham Əliyev tərəfindən imzalanmış fərmanla Azərbaycanda Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonaları yaradılmışdır.
Hazırda birgəyaşayışın regionun aydın gələcəyi olduğu getdikcə qaçılmaz prosesə çevrilir. Qarabağda yaşayan etnik ermənilərin fərqli dini və ya etnik mənşəyi olan istənilən digər Azərbaycan vətəndaşı kimi eyni hüquqları, imtiyazları və öhdəlikləri olacaq, ancaq status məsələsinə qayıtmaq mümkün deyil. Azərbaycan ərazisində yaşayan digər xalqlar kimi Qarabağ ermənilərinin də normal həyat şəraitinin təmin olunması üçün həmin ərazilərin qısa müddət ərzində bərpa olunması olduqca vacib məsələdir.
Cənab Prezident bildirib ki, ərazilərin qısa müddət ərzində bərpa olunması kimi mühüm məsələlərdə beynəlxalq təşkilatların fəallığı və obyektiv mövqeyi vacibliyini mütləqdir. Mina xəritələri kimi mövzular Avropa İttifaqı nümayəndələri arasında çoxsaylı təmaslarda müzakirə edilir. Avropa İttifaqı yenidənqurma və dinc mühitin yaradılması kimi müxtəlif sahələrdə təcrübəyə malikdir. Avropa İttifaqı delimitasiya prosesində iştirak etmək və hər iki tərəfi razılığa gətirməklə bağlı niyyətini ifadə etdi. Azərbaycan bu cür təşəbbüsləri dəstəkləyir. Avropa İttifaqı bu və ya digər məsələlərin həllində böyük təcrübəyə malikdir və bu işdə öz töhfəsini verə bilər.
Qarabağ münaqişəsinin sona çatmasında şübhəsiz ki, Türkiyə və Rusiyanın rolu danılmazdır. Müharibənin ilk vaxtlarından qardaş Türkiyə hər zaman siyasi və mənəvi cəhətdən Azərbaycanın yanında oldu. Qarabağda Rusiya ilə Türkiyə birlikdə Monitorinq Mərkəzi yaradıb və bölgənin təhlükəsizliyinin təmin edilməsinə birlikdə nəzarət edirlər. Azərbaycan regionda 3+3 əməkdaşlıq prinsiplərini dəstəkləyir. Üç Cənubi Qafqaz dövlətləri ilə birlikdə Rusiya, Türkiyə və İran region dövlətləri olaraq əməkdaşlığa və sülhə böyük töhfə verə bilər. Bununla da regionda yeni bir iqtisadi format yaranar. Əgər regionun altı ölkəsi arasında bu cür əməkdaşlıq formatı yaransa, yeni təhdidlərin qarşısı alınacaqdır.
Bu platforma regional əməkdaşlığın mühüm amilinə çevriləcək və çox fayda gətirəcək. Bu əməkdaşlıqlar 27 il ərzində böyük dağıntılara və talana məruz qalan işğaldan azad edilmiş torpaqlarımızda bərpa-quruculuq işlərinin də sürətlə aparılmasına öz töhfəsini verə bilər. Bizim ən böyük arzumuz odur ki, dağıdılan və talan edilən yurd yerlərimiz tezliklə bərpa olunsun və məcburi köçkünlərimiz öz doğma torpaqlarına qayıda bilsinlər. İnanırıq ki, cənab Prezidentin apardığı uğurlu daxili və xarici siyasət nəticəsində tez bir zamanda bunun da şahidi ola biləcəyik.
Tamam Cəfərova,
Milli Məclisin
deputatı,
tarix üzrə fəlsəfə doktoru
Xalq qəzeti
2021.-
9 oktyabr.- S.7.