Zəfər tarixinin
xronikası: 16 oktyabr 2020-ci il
Həmin gün:
– Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev özünün rəsmi “Twitter” səhifəsində bildirib: “Rəşadətli Azərbaycan Ordusu tərəfindən Xocavənd rayonunun Xırmancıq, Ağbulaq, Axullu kəndləri işğaldan azad edilib. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!”;
–Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyənin “A Haber” televiziya kanalına müsahibəsində qeyd edib: “Biz haqq yolundayıq. Biz öz torpağımız uğrunda vuruşuruq. Ermənistan tərəfindən aparılan müharibə şər qüvvələrin müharibəsidir”;
–Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün “Twitter” səhifəsində yazıb: “Ermənistan Naxçıvanın Ordubad rayonuna raket zərbəsi endirib. Bu, göstərir ki, Ermənistan bütün vasitələrlə münaqişənin coğrafi miqyasını genişləndirməyə çalışır. Ermənistan Azərbaycanın döyüş zonasından kənardakı şəhərlərinə raket atəşi açır. Bütün məsuliyyət Ermənistanın üzərinə düşür;
–Azərbaycan Respublikası Xarici İşlər naziri Ceyhun Bayramov Bosniya və Herseqovinanın Xarici İşlər naziri xanım Bisera Turkoviçlə telefon danışığında Ermənistanın ölkəmizə qarşı yeni təcavüzü, işğalçı silahlı qüvvələri tərəfindən mülki şəxslərin və infrastrukturların, o cümlədən, münaqişə zonasından uzaqda yerləşən şəhər və rayonların atəşə tutulması, Gəncə şəhərinə edilən raket zərbələri barədə məlumat verib;
–Türkiyə Xarici İşlər Nazirliyi açıqlama yayıb: “Ortaq sərhədimiz olan Naxçıvan Muxtar Respublikasına hücum münaqişənin Ermənistanın işğal altında saxladığı Azərbaycan torpaqlarından kənara çıxarmaq cəhdinin yeni və təhlükəli nümunəsidir. Ermənistan bu təhlükəli təxribatlardan əl çəkməlidir.
Humanitar atəşkəsi pozan Ermənistan mülki əhaliyə hücumlar edərək müharibə cinayətləri törədir, eyni zamanda, döyüşləri başqa sahələrə çıxarmağa cəhd göstərir. Ermənistan bu təcavüzkar hərəkətlərinin nəticəsini yaxşı dərk etməlidir”;
–Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç AZƏRTAC-a müsahibəsində bildirib: “Ermənistan işğalçı, terrorçu və insan qanına susamış cinayətkar dövlətdir. Otuz ildir ki, bu ölkəni idarə edənlər Azərbaycana qarşı açıq düşmənçilik ediblər. Ermənistan Tərtərdə qəbiristanlıqda dinc azərbaycanlıları kütləvi şəkildə qətlə yetirməklə “məni cinayət törətmək üçün yaradıblar” deyir. Azərbaycanlıların qanını tökmək bu vandallar üçün sanki hobbiyə çevrilib”;
–Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib: “Azərbaycan Respublikasının işğal olunmuş ərazilərindəki qeyri-qanuni oyuncaq rejimin Milan Şəhər Şurası tərəfindən “tanınma”sı ilə bağlı iddialar Ermənistan tərəfinin növbəti təxribatı və saxtakarlıqlara əsaslanan təxribatının tərkib hissəsidir”;
– Azərbaycan Respublikasının ATƏT yanında Daimi nümayəndəliyi tərəfindən ATƏT-in Daimi Şurasının iclasında səsləndirilən çıxışda Ermənistanın guya ki, atəşkəsi dəstəkləməsi ilə bağlı bəyanatlarının onun riyakar siyasətinin növbəti təzahürü olduğunu bildirib;
***
Azərbaycan Müdafiə Nazirliyinin məlumatında bildirilib:
Gecə cəbhənin Ağdərə-Ağdam və Füzuli-Hadrut istiqamətlərində əməliyyat şəraiti yenə də gərgin olaraq qalıb. İşğaldan azad edilmiş Cəbrayıl və Hadrut istiqamətlərində yerləşən bölmələrimizin mövqelərini, eləcə də cəbhə xəttinə yaxın kəndləri düşmən raket, artilleriya və minaatanlardan atəşə tutub.
Cəbhənin bəzi istiqamətlərində düşmən fəallaşmağa cəhd göstərib. Qoşunlarımız tərəfindən bunun qarşısı alınıb, işğalçı ciddi itki verib.
Azərbaycan Ordusu tərəfindən həyata keçirilən fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, 2 ədəd T-72 tankı, 1 ədəd BM-21 “Qrad” YARS, 5 ədəd D-30 haubitsa topu, 2 ədəd ZSU-23-4 “Şilka” özüyeriyən zenit qurğusu və döyüş sursatı ilə yüklənmiş 8 ədəd avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.
Əldə olunan məlumata əsasən Ermənistan silahlı qüvvələrinin 18-ci motoatıcı diviziyasının müdafiə zolağında hərbi qulluqçular və ehtiyatdan çağırılmış hərbi vəzifəlilər arasında kütləvi şəkildə fərarilik halı qeydə alınıb. Bunun qarşısını almaq məqsədilə Ermənistan rəhbərliyi Gorus və Turşsu yaşayış məntəqələrinin avtomobil yollarında hərbi polisin komendant postlarını qurub.
***
Azərbaycan Respublikasının Baş Prokurorluğu Ermənistanın təxribatları nəticəsində sentyabrın 27-dən oktyabrın 16-sı saat 11:00-dək dinc əhaliyə qarşı törədilmiş cinayətlərin statistikasını təqdim edib: “Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından və raket sistemlərindən atəşə tutması nəticəsində mülki şəxslərdən 47 nəfər həlak olub, 222 nəfər isə xəsarət alıb. Həmçinin Ermənistanın ordusunun intensiv ağır artilleriya və raket atəşi nəticəsində 1669 ev, 84 çoxmənzilli yaşayış binası və 301 mülki obyekt yararsız vəziyyətə düşüb”.
Məlumatda daha sonra qeyd edilib ki, rəşadətli Azərbaycan Ordusunun sarsıdıcı cavab zərbələri qarşısında sürətlə geri çəkilən düşmən beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə konvensiyaları və onların Əlavə protokollarını, BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrini kobud şəkildə pozaraq, Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla döyüş əməliyyatlarının aparıldığı bölgədən uzaqlıqda yerləşən Azərbaycan şəhərlərini və əhalinin sıx yaşadığı məntəqələri intensiv atəşə tutur.
Xalq qəzeti
.-2021.- 16 oktyabr.- S.4.