Qalib Komandanın Zəfər yürüşü
Torpaqlarımızı 30 ilə yaxın müxtəlif
yollarla işğal
altında saxlamağa can
atan düşmən bu
işğalı əbədi etmək istəyirdi, biz danışıqlar yolu
ilə də heç bir
nəticə əldə edə bilməzdik. Biz
bu müharibəni şəhidlərimizin
canı-qanı bahasına, hərbçilərimizin rəşadəti
hesabına, dövlətimizin siyasəti hesabına
qazanmışıq...
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Ötən il sentyabrın 27-də Ermənistanın növbəti hərbi təxribatından sonra başlanan Vətən müharibəsində Azərbaycan Ordusu peşəkarlıq, qəhrəmanlıq nümayiş etdirdi, hər bir əsgər, hər bir zabit savaşda mərdliklə, şücaətlə döyüşdü, işğalçının torpaqlarımızdan qovulmasında müstəsna xidmətlər göstərdi, yaralandı, öz həyatını risk altına atdı, lakin məqsədi uğrunda inadından dönmədi, əzmlə, cəsarətlə zəfər yürüşünü son nəticəyə qədər davam etdirdi. Bunun nəticəsində 300-ə yaxın kənd, 5 şəhər, 4 qəsəbə, çoxsaylı strateji yüksəkliklər düşməndən azad olundu. İşğalçının texnikası tamamilə məhv edildi, canlı qüvvəsinə ciddi zərbə vuruldu. Qəsbkar ordu darmadağın edildi, atəşkəs ərəfəsində isə artıq vahid komandanlığı olmayan, müqavimət qabiliyyətini itirən, başıpozuq dəstələrə çevrildi.
Silahlı Qüvvələrimiz Qarabağın incisi olan Şuşa şəhərini, onun ardınca isə bir gündə 70-dən artıq kəndi, 8 strateji yüksəkliyi düşməndən təmizləməklə, Ermənistanı diz çökdürdü və kapitulyasiyaya məcbur etdi və 44 gün davam edən əks-hücum əməliyyatı noyabrın 10-da tarixi qələbəmizlə başa çatdı. Həmin gün Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri tərəfindən imzalanan birgə bəyanatla ordumuzun cəbhədəki möhtəşəm qələbəsi diplomatik sahədə də rəsmiləşdi.
Ötən il noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciətində imzalanan üçtərəfli bəyanatın tarixi əhəmiyyətindən bəhs edərək, bildirdi ki, bu mühüm sənədlə Ermənistan-Azərbaycan münaqişəsinə son qoyulur: “Bu bəyanat Ermənistanın hərbi kapitulyasiyası, Azərbaycanın isə şanlı qələbəsi deməkdir. Şadam ki, bu gün bu müjdəni Azərbaycan xalqına verirəm. Hesab edirəm ki, bu bəyanatın imzalanmasının səbəblərindən biri də dünən qeyd etdiyimiz parlaq qələbəmizdir, tarixi qələbəmizdir, Şuşanın işğaldan azad edilməsidir, Şuşa Qarabağın tacıdır! Şuşanın azad edilməsi həm böyük siyasi, həm böyük strateji, eyni zamanda, çox böyük mənəvi məna daşıyır...”.
Beləliklə, üçtərəfli bəyanatın imzalanması ilə erməni faşizminin doğma yurd-yuvalarlndan didərgin saldığı insanların 30 illik Vətən həsrətinə son qoyuldu, ədalət bərpa olundu. Eyni zamanda, Prezident, Ali Baş Komandan İlham Əliyev qalib sərkərdə, Azərbaycan Ordusu ən güclü ordu, xalqımız isə ən böyük, məğrur, yenilməz xalq olduğunu bir daha təsdiqlədi.
Dövlətimizin başçısı yuxarıda adı çəkilən müraciətdə kövrək bir məqama da toxundu. Bildirdi ki, Vətən müharibəsinin gedişində hər dəfə işğal altında olan hansısa rayon, şəhər düşməndən təmizlənəndə həmin yaşayış sahələrinin sakinlərini təbrik edir və bu zaman o insanların verdiyim müjdədən nə qədər böyük sevinc hissi yaşadıqlarını təsəvvür edirdim. Bu xəbərin onların həyatında nə demək olduğunu yaxşı bilirdim. Axı yurd-yuvalarından didərgin düşənlərin bəziləri, bəlkə də bir çoxları görəndə ki, uzun illər ərzində məsələ öz həllini tapmır, artıq ümidlərini itirmişdilər: “Mən son 17 il ərzində köçkünlərlə çoxsaylı görüşlərimdə, onlar üçün yeni evlərin təqdimat mərasimlərində görürdüm ki, ildən-ilə onların ümidləri azalır. Görürdüm, ürək ağrısı ilə bunu görürdüm. Görürdüm ki, artıq onların bəziləri ümidlərini itirib. Bəli, təşəkkürünü bildirirdilər, təbii ki, onlara yaxşı şərait yaradılırdı, onların problemləri həll olunurdu. Bilirsiniz ki, məcburi köçkünlər üçün Azərbaycanda görülən işlər heç bir başqa ölkədə görülmür. Dünyanın bir çox ölkələrində köçkünlər var, amma bizim köçkünlərimizin vəziyyəti o biri ölkələrdə yaşayan köçkünlərlə müqayisəedilməz dərəcədə müsbətdir. Amma onların əsas arzusu doğma torpaqlara qayıtmaqdır və məndən xahiş edirdilər, cənab Prezident, qaytar bizi...”.
Dövlətimizin başçısı çıxışında bu insanlarla hər dəfə görüşəndə onlarda güclü iradə, yenilməzlik, dövlətə sədaqət, eyni zamanda, gözlərində nisgil, həsrət gördüyünü bildirdi və artıq bu nisgilə son qoyulduğunu, Vətənə dönüşün başlandığını, beləliklə, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunduğunu diqqətə çatdırdı.
Azərbaycan Prezidenti ölkəyə rəhbərliyə başladığı ilk gündən Qarabağ və ətraf bölgələrin işğaldan azad edilməsini qarşıya prioritet vəzifə kimi qoymuşdu. Ona görə də dövlətimizin başçısı xalqa hər müraciətində haqqa, ədalətə söykənərək tapdaq altındakı bütün torpaqlarımızın tezliklə yağılardan alınacağını, üçrəngli bayrağımızın bu ərazilərdə dalğalanacağını böyük inamla, əminliklə bildirirdi.
Ali Baş Komandan ötən il noyabrın 10-da xalqa müraciət edəndə də necə böyük sevinc, fərəh hissi yaşadığını, tarixi ədalətin bərpa edildiyindən necə qürur hissi keçirdiyini görmək elə də çətin deyildi. Bu, təbii idi. Əvvəla bu möhtəşəm qələbə ilə dövlətimizin başçısı Ali Baş Komandan olaraq dahi öndər Heydər Əliyevin ata vəsiyyətini gerçəkləşdirmişdi.
Yeri gəlmişkən, Prezident İlham Əliyev Şuşanın işğaldan azad edilməsi xəbərini Şəhidlər xiyabanından xalqa çatdırarkən bu fikri xüsusi vurğulamışdı: “Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim”.
Digər tərəfdən, Ali Baş Komandan İkinci Qarabağ müharibəsində qazanılan möhtəşəm zəfərlə Azərbaycanın ərazi bütövlüyünü təmin etmişdi, 30 il Vətən dərdini ürəklərində gəzdirən insanların həsrətinə son qoymuşdi. Nəhayət, Azərbaycan Prezidenti 17 il ərzində yürütdüyü müdrik siyasət, bu istiqamətdə göstərdiyi yorulmaz fəaliyyət öz bəhrəsini vermişdi: qəsbkar torpaqlarımızdan acı məğlubiyyətə uğrayaraq çıxmışdı, “dəmir yumruq”la erməni faşizminin işğalçı ordusu darmadağın edilmişdi.
Bu müharibədə dahi Heydər Əliyevin əsasını qoyduğu, Prezident, Ali Baş Komandan İlham Əliyevin möhkəmləndirdiyi müzəffər ordumuz misilsiz şücaət, qəhrəmanlıq göstərdi, Azərbaycanın incisi sayılan mədəniyyət paytaxtımızı–Şuşa şəhərini dünya hərb tarixində görünməyən, bənzəri olmayan bir şücaətlə, canı-qanı bahasına, tank-top atəşi olmadan geri aldı. Prezident İlham Əliyev ötən il noyabrın 10-da xalqa müraciətində bununla bağlı dedi: “Mən noyabrın 8-də Şuşanın azad edilməsi ilə əlaqədar xalqıma müjdə verərkən bildirmişdim ki, şəhidlərin ruhu qarşısında baş əyirəm. Birinci Qarabağ və İkinci Qarabağ müharibələrinin şəhidləri bizim qəlbimizdə əbədi yaşayacaq. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların qəhrəmanlığı, fədakarlığı nəticəsində biz torplaqlarımıza qayıdırıq. Allah bütün yaralı hərbçilərimizə şəfa versin, onlar tezliklə sağalıb normal həyata dönsünlər, onların sağalması üçün də əlimizdən gələni edirik və edəcəyik. Hətta ən ağır vəziyyətdə olan yaralı əsgərimiz, zabitimiz bilməlidir, əlimizdən gələni edəcəyik ki, onu normal həyata qaytaraq. Biz bu Qələbəyə görə onlara borcluyuq. Onlar torpağımızı işğalçılardan qarış-qarış azad edib, onlar bizim bayrağımızı işğal edilmiş və işğaldan azad edilmiş torpaqlarda qaldırıb, bayrağımızı orada dalğalandırıb. Bu, bizim hamımızın qələbəsidir, bütün Azərbaycan xalqının. Azərbaycan xalqı bir daha göstərdi ki, nə qədər böyük xalqdır, nə qədər vətənpərvər xalqdır, nə qədər dəmir iradəyə malik olan xalqdır...”
Beləliklə, Vətən müharibəsində əldə edilən parlaq qələbəmiz sayəsində inzibati ərazisi xeyli böyük olan Kəlbəcər, Ağdam və Laçın rayonlarının şəhid verilmədən, qan tökülmədən geri qaytarılması da reallaşdı.
Şuşa şəhəri, Xocavənd, o cümlədən Hadrut qəsəbəsi, Kəlbəcər, Ağdam və Laçının geri qaytarılması isə Qarabağa gedən bütün strateji yolların, yüksəkliklərin, kommunikasiya xəttlərinin tamamilə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçməsi ilə yekunlaşdı.
Onu da vurğulayaq ki, Azərbaycanın zəfəri ilə Ermənistanın öz müqəddəratını təyinetmə ilə əlaqədar bütün iddiaları qüvvədən düşdü, bütün məsələlərin yalnız respublikamızın ərazi bütövlüyü prinsipinə əsasən həlli gerçəkləşdi.
Bəli, Azərbaycan bütün bu uğurlara müharibədə, döyüşdə əldə etdiyi möhtəşəm qələbə ilə nail oldu. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev çıxışlarının birində bu barədə deyib: “Düşmən işğal edilmiş torpaqlardan öz xoşu ilə çıxmaq istəmirdi və siz – bu döyüşlərdə fəal iştirak edən insanlar yaxşı bilirsiniz ki, 30 il ərzində hansı istehkamlar qurmuşdular. O istehkamları yarıb keçmək, o müdafiə xətlərini dəf etmək çox böyük qəhrəmanlıq və hərbi peşəkarlıq tələb edirdi. Bir də ki, o bölgənin coğrafiyası özlüyündə bir istehkamdır. Şuşa alınmaz qala sayılan bir şəhərdir. Pənahəli xan o şəhəri elə salmışdır ki, Şuşa sakinlərini düşməndən maksimum dərəcədə mühafizə edə bilsin. Şuşanı bir neçə gün ərzində az itkilərlə və şəhərə böyük zərər vurmadan almaq böyük peşəkarlıq, rəşadət rəmzidir. Düşmən 30 il bu torpaqlarda hazırlıq işləri görüb. Bu hazırlıq işləri onu göstərir ki, öz xoşu ilə torpaqlarımızdan çıxmaq istəmirdi. Əgər istəsəydi, bu məsələlərə nə üçün bu qədər vəsait ayırırdı? Bu, onu göstərir ki, bütün bu dövr ərzində - 30 ilə yaxın dövr ərzində düşmən, sadəcə olaraq, bizi aldadırdı, vasitəçiləri aldadırdı ki, onlar bizim torpaqlarımızdan çıxacaqlar. Bu, yalan idi və döyüş meydanında mövcud olan mənzərə bunu təsdiqləyir…”
Vətən müharibəsində Silahlı Qüvvələrimiz tarixi zəfəri ilə azərbaycanlılar haqqında məğlub xalq sindromunu sındırdı, xalqın inamını özünə qaytardı. Bütün dünya heç vaxt məğlubiyyətlə barışmayan Azərbaycan xalqının, nəhayət, öz yurduna, öz torpağına qovuşduğunu gördü. Dövlətimizin başçısı İlham Əliyevin prezidentlik fəaliyyəti dövründə həyata keçirdiyi “güclü dövlət, güclü ordu” strategiyası torpaqlarımızın işğaldan azad olmasının ən başlıca səbəbidir.
Bu gün Azərbaycan işğaldan azad edilən ərazilərdə nəhəng quruculuq işləri həyata keçirməklə bir daha bu torpaqların əsl sahibi olduğunu dünyaya göstərir. Belə olan halda rəsmi İrəvanın yenə də dinc dayanmaması, dövlət sərhədimizdə təxribatlar törətməsi işğalçı ölkənin hər şeydən əvvəl xalqının taleyi ilə oynadığını göstərir. Ancaq Ermənistan hakimiyyəti bilməlidir ki, əgər Azərbaycan yeni bir antiterror əməliyyatına başlayarsa, bunun nəticəsinə qatlanmaq onun üçün ikiqat çətin olacaq. Çünki yeni bir müharibə hərbi-iqtisadi baxımdan tükənən Ermənistanın bir dövlət kimi sonu deməkdir.
Vaqif BAYRAMOV
Xalq qəzeti
2021.- 16 oktyabr.- S.1;2.