Xalqına başucalığı gətirən
xoşbəxt lider!
Məlum olduğu kimi, 2003-cü il oktyabrın 15-də ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı İlham Əliyev xalqımızın etimadını qazanaraq, Azərbaycan Prezidenti seçilib və bununla da ölkəmizin inkişafında yeni bir mərhələ başlanıb. Bu, Azərbaycanın çağdaş tarixində son dərəcə böyük əhəmiyyət kəsb edən mühüm hadisədir.
Ümummilli lider Heydər Əliyev sonsuz məhəbbətlə sevdiyi xalqını düşünərək, dövlətin gələcək taleyinə biganə qalmayaraq, eyni zamanda gənc, perpektivli siyasətçi İlham Əliyevin böyük idarəçilik potensialını zamanında görüb və layiqincə qiymətləndirərək, 2003-cu ildə Azərbaycan xalqına müraciət etmişdi. Müraciətdə deyilirdi:
“Üzümü sizə - həmvətənlərimə tutaraq qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, Mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası Sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellekt, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək, Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən Ona Özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.
Bəli, dahi şəxsiyyət cənab İlham Əliyevə özü qədər inanırdı. Möhtərəm Prezidentimiz bu inamı tamamilə doğrultdu. Zaman və tarix göstərdi ki, Azərbaycan xalqı 18 il əvvəl olduqca düzgün və müdrik seçim edibdir. Prezident İlham Əliyev öz müdrik siyasətilə xalqının dərin sevgisini qazana bildi.
2008-ci ilin oktyabrında xalq yenə də “Bizim uğurlarımızın əsas mənbəyi Azərbaycan xalqının fəaliyyətidir, Azərbaycan xalqının iradəsidir”, - deyən Prezident İlham Əliyevə səs verdi. 2008-ci ilin prezident seçkiləri ölkədə və dünyada böyük rezonans doğurdu. Çünki xalqın yenidən İlham Əliyevə etimad göstərməsi onun həyata keçirdiyi siyasətin uğurları ilə bağlı idi.
Yəqin ki, çoxlarınızın yadındadır, 2013-cü il oktyabrın 9-da keçirilən prezident seçkilərində xalq öz seçimini etmək üçün kütləvi şəkildə yenidən məntəqələrə axın etdi. Vətəndaşların səsvermədəki fəallığı seçkiləri müşahidə edən xarici ekspertlərin diqqətindən yayınmadı.
Həmin günlərdə müşahidəçilərin hamısı bu amili yüksək qiymətləndirərək, İlham Əliyevin rəhbərliyi altında son illərdə ölkəmizdə demokratik proseslərin geniş vüsət aldığını və budəfəki prezident seçkilərinin də demokratiyanın inkişafı istiqamətində mühüm addım olduğunu bildirdilər.
Prezident İlham Əliyevin yürütdüyü siyasət Azərbaycanın müttəfiqlərinin və dostlarının sayını artırdı. Azərbaycan beynəlxalq müstəvidə layiqli yerini möhkəmləndirdi. Regional təşəbbüslər Azərbaycanın möhkəmlənməsinə, həm də bölgədəki əməkdaşlığın inkişafına xidmət etdi.
Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi, dünyada beynəlxalq təşkilatlar Ermənistanı işğalçı dövlət kimi tanıdı. Azərbaycan Prezidentinin bu məsələdəki birmənalı mövqeyi təsdiqlədi ki, Dağlıq Qarabağın Azərbaycandan ayrılma mexanizmi yoxdur.
Azərbacyanın iqtisadiyyatı sürətlə inkişaf etməyə başladı. Güclü iqtisadiyyatın hər bir ölkənin inkişafında mühüm amil olduğunu bəyan edən Prezident İlham Əliyev ölkə iqtisadiyyatında qeyri-neft sektorunun çəkisinin artırılması ilə bağlı tədbirlər gördü. Neft-qaz sahəsində qazandığı uğurları davam etdirən ölkəmiz Trans-Anadolu və Trans-Adriatik qaz kəmərlərinin çəkilməsinə start verdi. Bununla da Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayan Azərbaycan Cənub Qaz Dəhlizi layihəsinin aparıcı qüvvəsi kimi çıxış etməyə başladı.
Xüsusi qeyd etmək lazımdır ki, Azərbaycançılıq fəlsəfəsi İlham Əliyev siyasətinin mənəvi dayağına çevrildi. Milli ləyaqət, milli qürur uğurlarımızın əsas şərtləri oldu. Prezident İlham Əliyevin yürütdüyü siyasət müasir Azərbaycanın güclənməsinə, milli-mənəvi dəyərlərimizin ən yüksək səviyyədə qorunmasına xidmət etdi. Dünyada tolerantlıq məkanı kimi tanınan Azərbaycan Prezident İlham Əliyevin xidmətləri sayəsində mədəniyyətlərarası və sivilizasiyalararası dialoq məkanı kimi tanındı.
Hər kəsə bəllidir ki, Prezident İlham Əliyevin apardığı sosial siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Dövlətimizin başçısının iqtisadiyyatın inkişafı və insanların sosial rifah halının yüksəldilməsi istiqamətində atdığı ardıcıl və effektiv addımlar bunu bir daha təsdiqləyir.
2018-ci ilin 11 aprelində Azərbaycan xalqı növbəti dəfə Prezident İlham Əliyevin müdrik siyasətinin lehinə elliklə səs verdi. Xalq inanırdı ki, onun sevimli lideri işğal altında olan torpaqlarımızın yağı düşməndən azad olunmasını mütləq təmin edəcək. Xoşbəxtlikdən, məhz belə də oldu!
Əslində, cənab İlham Əliyevin hakimiyyətə gəldiyi ilk gündən torpaqlarımızın erməni işğalçılardan təmizlənməsi onun qarşısında dayanan ən mühüm və məsuliyyətli vəzifə idi. 2018-ci il iyunun 26-da Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi münasibətilə keçirilən hərbi paradda dövlət başçısı çıxışında demişdir: “Gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orda qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək. Biz bu günü yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq”.
Ötən ilin payızında həmin xoşbəxt, arzuolunan gün gəlib çatdı. Qırx dörd günlük Vətən müharibəsində Azərbaycan işğalçı Ermənistan üzərində möhtəşəm qələbə qazandı. Bu parlaq uğur müzəffər Ali Baş Komandan İlham Əliyevin yüksək qətiyyəti, rəşadətli Azərbaycan Ordusunun qeyri-adi şücaətləri sayəsində mümkün oldu. Qədirbilən Azərbaycan xalqı öz sevimli liderinin tarixi xidmətlərini heç vaxt unutmayacaq.
Azərbaycan XXI əsrin müharibəsini aparmaqla dünyanın ən müasir və yeniliyə açıq dövlətlərdən biri olduğunu sübut etdi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində torpaqlarımızın azadlığı üçün göz qırpmadan canından keçən igid oğulların hər biri qəhrəmanlıq dastanı yazdı.
Xalqımızın yumruq kimi Prezidentin və müzəffər ordunun ətrafında sıx birləşməsi Azərbaycanın gücünü dəmir yumruğa çevirdi. Bu dəmir yumruq düşmənin başını elə əzdi ki, çətin ki, bir də erməni terrorçuları bundan sonra özünə gəlsin. Qoy düşmənlərimiz unutmasın ki, ölkəmizə göz dikənlər, onu talamaq istəyənlər bundan sonra ancaq Azərbaycanın dəmir yumruğunu görəcək.
Milli mədəniyyətimizin tacı olan Şuşanın alınması xəbərini xalqa çatdıran zaman Prezident İlham Əliyevin söylədiyi ifadələr ölkə vətəndaşlarının yaddaşından heç vaxt silinməyəcək: “Mən bu gün, eyni zamanda, ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik!”.
Prezident İlham Əliyev qəlbindən dilinə axan bu sözləri söyləməklə xalqımızın qan yaddaşında formalaşdırdığı və min illər boyu yaşatdığı bu kimi gözəl ənənələrin davamçısı olduğunu da bir daha sübut etdi. Ata vəsiyyətini yerinə yetirməkdən şərəfli nə ola bilər?!
Reallıq budur ki, Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan bu gün dünyanın ən sayılıb-seçilən, qüdrətli dövlətlərindən biridir. Azərbaycan dövlət kimi mövcudluğundan bəri heç vaxt bu qədər güclü, bu qədər müstəqil və azad olmayıb. Azərbaycan Prezidenti Qarabağı azad etməklə xalqına əbədi başucalığı bəxş edibdir. Bütün bunlara görə xalqımız öz sevimli liderinə sonsuz inam və rəğbət bəsləyir və bu səmimi sevgi heç vaxt azalmayacaq.
Məsaim ABDULLAYEV
Xalq qəzeti
2021.- 16 oktyabr.- S.4.